Cümhuriyyət dövründə məktəb islahatı
Nurlanə Əzimova,
Qax şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Müsəlman Şərqinin ilk parlamentli respublikası, türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə önəmli rol oynamış, 23 aylıq mövcudluq dövründə bir çox önəmli addımlar atmış və öz missiyasını şərəflə yerinə yetirmişdir. Bu addımlar içərisində Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun yaradılması və hərbi nazirliyin təsis edilməsi, dövlət bayrağı və Azərbaycan vətəndaşlığı haqqında qanunların qəbul edilməsini, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun tanınması, milli valyutanın dövriyyəyə buraxılması, Dövlət Bankının və Arbitaj orqanının yaradılması, Xəzər Donanmasının qurulması, mətbuat sahəsində senzuranın ləğvi, mədəni-maarif işinin yüksəlişinə böyük qayğının təzahürü olan ilk dövlət muzeyinin yaradılması, Dövlət Müdafiə Komitəsinin təşkili və s. addımları qürur hissi ilə qeyd edə bilərik.
Təsadüfi deyil ki, Cümhuriyyət hökuməti istər Azərbaycan, istərsə də xarici ölkə tarixçiləri tərəfindən “maarifçi hökumət”, “ziyalıların hökuməti”, “ziyalıların əsəri” kimi dəyərləndirilir. Çünki bu prosesi idarə edənlər Qərb və Şərq mədəniyyətlərini dərindən mənimsəmiş yüksək intellekt sahibi olan şəxslər idi. Onlar üçün çağdaş milli təhsil, maarif və mədəniyyətin qurulması dövlətin əsas atributlarından, təməl ünsürlərindən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən başlayaraq xalqın maarifləndirilməsi, milli kadrların yetişdirilməsi, millətin mədəni və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində görülməli işləri özünün ali məqsədlərindən biri elan etmiş, maarifin və mədəniyyətin inkişafını müstəqil dövlətçiliyin təməl prinsiplərindən başlıcası kimi irəli sürmüşdür.
Təhsilin inkişafına yönələn xüsusi diqqətin nəticəsidir ki, ilk müvəqqəti milli hökumətin kabinetinin tərkibindəki 9 nazirlikdən biri Xalq Maarif Nazirliyi idi. I, II və III hökumət kabinetlərində Nəsib bəy Yusifbəyli, IV hökumət kabinetində Rəşid Xan Kaplanov, V hökumət kabinetində isə Həmid bəy Şaxtaxtinski və Nurməmməd bəy Şahsuvarov maarif naziri vəzifəsini yerinə yetirmişdilər. AXC-nin 17 iyun 1918-ci il müraciətində deyildiyi kimi, hökumətin atacağı ilk addımlardan biri təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında tədrisin Azərbaycan dilində aparılması, ana dilli məktəblər şəbəkəsinin genişləndirilməsi oldu. Belə ki, 22 iyun 1918-ci il qərarı ilə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülür və bu şöbənin əsasında Qazax Müəllimlər Seminariyası yaradılır. Ardınca 1918-ci il 27 iyun tarixli qərarla Azərbaycan dili dövlət dili elan edilir. Bu qərar məktəb və bütövlükdə maarif sahəsinin milliləşdirilməsinin bir növ başlanğıcı olur. Hökumət təhsildə milliləşdirmə sahəsində işlərə Fətəli Xan Xoyskinin imzaladığı “İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” 28 avqust 1918-ci il tarixli qərar ilə başladı. Qərara əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər. Məhz bu qərarla milli maarifçilərin yüzillərlə arzusunda olduqları ideya gerçəkləşdi. Azərbaycan dilində təhsil xalqın milli özünüdərk şüurunun formalaşmasına təkan verdi. Bununla yanaşı, ölkədə yaşayan azsaylı xalqların dil və mədəniyyətinin qorunub saxlanılmasını təmin etmək üçün xüsusi qərar qəbul edilmişdir. Qərarla müəyyən edilirdi ki, əgər sinifdə 10 nəfərdən çox azlıqda olan xalqın nümayəndəsi oxuyursa, onlara öz dillərində ana dili və ilahiyyatdan dərs keçilməlidir. Bu fakt AXC hökumətinin hələ o dövrdə demokratik dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına necə hörmətlə yanaşdığını göstərir.
AXC hökuməti ümumi təhsil müəssisələrini milliləşdirməklə yanaşı, onların şəbəkəsini ildən-ilə genişləndirilməsi məsələsini də diqqət mərkəzində saxlayırdı. Xalq Maarifi Nazirliyinin təhsil müəssisələrinin açılmasına dair 1919-cu ilin oktyabrında hökumətə ünvanladığı məktubda hər il təxminən yeni 35 məktəbin açılması nəzərdə tutulurdu. Hökumətin təhsil sahəsində ən əsas planlarından biri də əvvəlcə ibtidai təhsilə, sonra isə ümumi icbari təhsilə keçidin nəzərdə tutulması idi. Tezliklə qabaqcıl müəllimlərdən, görkəmli pedaqoqlardan ibarət həm məktəb islahatı, həm də yeni dərsliklərin hazırlanması üzrə müvafiq komissiyalar yaradıldı. Bu sahədə ən uğurlu addımlardan biri ümumitəhsil məktəblərində əsas fənlər sırasına “Türk xalqları tarixi” kursunun salınması idi. Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək məqsədilə Bakıda müəllimlərin qurultayı çağırılır. Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və təhsilin məzmunca milliləşdirilməsi yönündə proqram və dərsliklərin hazırlanması məqsədi ilə hökumət komissiyası yaradılır. Azərbaycan hökuməti dərslik sahəsində bütün məsələləri tez bir zamanda həll etməyə çalışırdı. Hökumət hələ Gəncədə fəaliyyət göstərdiyi dövrdə 22 iyun 1918-ci il qərarı ilə Əhməd bəy Ağayevi Azərbaycan məktəbləri üçün dərslik tədarükü görmək və müəllim dəvət etmək üçün Türkiyəyə ezam etmişdi. 1919-cu ildə dərsliklər üzrə komissiyanın təklifləri əsasında “Son türk əlifbası”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Rəhbəri-sərf”, “Tərzi elmi-hesab”, “Yeni məktəb” və “Tarixi- təbii” kimi yeni dərsliklər hazırlanaraq məktəblilərin istifadəsinə verildi. “Son türk əlifbası” dərsliyinin hazırlanması faktı göstərir ki, hökumət əlifba islahatı sahəsində də müəyyən əməli addımlar atmış, lakin Azərbaycan milli hökumətinin devrilməsi nəticəsində bir çox milli maarifçilik ideyaları kimi onu da gerçəkləşdirmək mümkün olmamışdır.
AXC hökumətinin təhsildə milliləşdirmə siyasətini çətinləşdirən amillərdən biri də milli müəllim kadrlarının çatışmaması amili idi. Bu məsələnin həlli üçün hökumət yeni müəllimlər seminariyaları yaratmaq, müəllimlər üçün hazırlıq kursları təşkil etmək, Türkiyədən müəllimlər dəvət etmək və s. istiqamətlərində iş aparılırdı. 1919-cu ilin əvvəlində Azərbaycanda Qazax müəllimlər seminariyası ilə yanaşı Bakı və Gəncədə müəllimlər seminariyaları fəaliyyət göstərirdi. Cümhuriyyətin təhsil sahəsində ən uğurlu addımlarından biri də dövlət səviyyəsində məktəbəqədər təhsil müəssisələrinin ilk nümunəsini yaratmaq oldu. Həmçinin bu dövrdə təhsildən yayınmış uşaqlar üçün uşaq evləri açılmışdı, “Uşaqlara yardım büro”sunun köməyi ilə uşaqlar toplanaraq bu evlərə yönləndirilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran ən təxirəsalınmaz vəzifələrdən biri də ali təhsil müəssisələrinin təşkili məsələsi idi. Cümhuriyyətin mövcudluğu dövründə bir neçə ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Dövlət Konservatoriyasının açılması üzrə müəyyən hazırlıqlar görülmüş və bəzilərinin təsis olunmasına dair sənəd Parlamentə təqdim edilmişdir. Lakin o dövrdə yaranmış tarixi-siyasi şərait yalnız Məmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi, “Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq” kimi müqəddəs missiyanı öz üzərinə götürən Bakı Dövlət Universitetini təsis etməyə imkan verdi. 1919-cu ilin 1 sentyabr tarixində BDU-nun açılması ilə bağlı qanunla yanaşı xaricə oxumağa göndərilən tələbələrlə bağlı qanun da qəbul edilmişdir. M.Ə.Rəsulzadənin sədrliyi ilə fəaliyyət göstərən komissiyanın gərgin əməyi nəticəsində xaricə ali təhsil almağa göndəriləcək 100 tələbə seçilərək parlament üzvləri, tanınmış xeyriyyəçilər, iş adamları, din xadimlərinin və s. iştirak etdiyi böyük bir tədbirdə təntənə ilə yola salınmışdır. Cümhuriyyətin süqutundan sonra çox böyük çətinliklərlə üzləşərək təhsilini başa vuran həmin gənclərin, təəssüf ki, böyük əksəriyyəti sonralar bolşeviklərin “qırmızı terror” siyasətinin qurbanına çevrilir...
Cümhuriyyətin banilərindən biri olan M.Ə.Rəsulzadə Milli hökumətin sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutunun ilk günlərində qələmə aldığı “Əsrimizin Səyavuşu” əsərində maarifçilik hərəkatı ilə bağlı fikirlərində qeyd edirdi ki, “Maarif işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya və liseylərdən biri tamamilə milliləşdirilmiş, qız ibtidai məktəbləri açılmış, hamısına da qızlar cəlb olunmuşdu. Həmçinin məktəb yaşından böyük vətəndaşlar da unudulmamış, onlar üçün gecə kursları açılmışdır. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz kursları açılmış və müvafiq ilgili dərslər tərtib edilmişdir. Cümhuriyyətin təhsilə verdiyi önəmi bir faktla da təsdiq etmək mümkündür ki, 1919-cu il dövlət büdcəsində təhsilə ayrılan vəsait az qala milli orduya ayrılan vəsaitə bərabər olmuşdur. Belə ki, cəmi 665 milyon vəsaitdən 80 milyon manat milli orduya, 75 milyon manat isə təhsilə ayrılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-iqtisadi bazanın, intellektual potensialın möhkəmləndirilməsində, Avropa tipli yeni məktəblər uğrunda mübarizə hərəkatının reallaşmasında H.Z.Tağıyevin, M.Nağıyevin, Ş.Əsədullayevin, M.Muxtarovun və s. əvəzsiz xidmətləri olmuşdur. Məhz onların maliyyə yardımı ilə fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin himayəsi ilə bir sıra məktəb şəbəkələri yaradılmış, gənclərin xaricdə təhsil almalarına şərait yaradılmışdır. Xalq Cümhuriyyətinin rəhbərlərindən Ə.Topçubaşov, F.Xoyski, N.Yusifbəyli, H.Ağayev, İ.Ziyadxanov, X.Xasməmmədov, A.Səfikürdski və başqaları böyük mesenat H.Z.Tağıyevin yardımı ilə ali təhsil almışdılar.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. Belə ki təhsildə, maarif və mədəniyyət sahəsində bu müqəddəs amalları həyata keçirən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli tariximizə ilk çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli hərbi məktəblər şəbəkəsi yaradan, ümumi icbari ibtidai təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, Azərbaycan türkçəsini dövlət dili elan edən və dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, dövlət himayəsində ilk məktəbəqədər müəssisələrin əsasını qoyan, dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sonrakı nəsillər üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsr Azərbaycan təhsili, maarifi, elmi və mədəniyyəti bu zəmin üzərində formalaşıb inkişaf etdi. Bu tarixi həqiqətlərlə sadəcə qürur duymaq olar!
Tarix: 11-07-2018, 11:00