Azərbaycan romantik poeziyasinin Hüseyn Cavid mərhələsi
İsa Həbibbəyli,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Azərbaycanda romantik ədəbiyyatın qədim tarixi və böyük ənənələri vardır. Qədim dövr və orta əsrlər Azərbaycan poeziyası romantik istiqamətdə yaranıb inkişaf etmiş və özünün qüdrətli yaradıcılarını, böyük şedevrlərini yaratmışdır. Nizami Gəncəvi (1141-1209), Əfzələddin Xaqani (1126-1199), Məhsəti Gəncəvi (1089-1160 ), İzzəddin Həsənoğlu (XIII əsr), İmadəddin Nəsimi (1369-1417), Şah İsmayıl Xətai (1487-1524), Məhəmməd Füzuli (1494-1556), Saib Təbrizi (1601-1676) və başqaları Azərbaycan romantik poeziyasını ümumşərq ədəbiyyatı səviyyəsinə qaldırmışlar. Azərbaycan poeziyasındakı romantik tərənnüm insanın mənəvi ucalığını və hadisələrin vüsətini əks etdirməyə xidmət etmişdir. Uzun əsrlər ərzində ədəbiyyatda geniş yayılmış aşiqanə məzmun da Azərbaycan romantik poeziyasının əsasını təşkil edir. Əsasən əruz vəznində yaranmış klassik romantik poeziya üçün qəzəl, qəsidə, rübai, qitə janrları və məsnəvi forması səciyyəvidir.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biri də görkəmli şair və dramaturq Hüseyn Caviddir. Onun ölməz əsərləri Azərbaycanda romantik ədəbiyyatını yeni ideyalar və orijinal bədii formalarla zənginləşdirmişdir.
Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan mahalının Şahtaxtı kəndində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi Naxçıvan şəhərinə köçən Hüseyn Rasizadə burada mədrəsədə oxumuşdur. Gənc Hüseyn Rasizadənin taleyində Məhəmməd Tağı Sidqinin Naxçıvan şəhərində açdığı məşhur «Tərbiyə» məktəbi mühüm rol oynamışdır. O, bu məktəbdə dünyəvi təhsil almaqla bərabər, həm də ilk şeirlərini yazmışdır. Tanınmış maarifçi şair və pedaqoq Məhəmməd Tağı Sidqi istedadlı şagirdinin «Gülçin» təxəllüsü ilə yazdığı şeirləri bəyənmiş, onu bədii yaradıcılığa daha da həvəsləndirmişdir.
Müalicə məqsədilə 1898-1903-cü illərdə Cənubi Azərbaycanın Təbriz və Urmiya şəhərlərində yaşamış Hüseyn Rasizadə Təbrizdəki «Talibiyyə» məktəbində təhsilini davam etdirib, biliklərini möhkəmləndirmişdir.
Hüseyn Cavid 1905-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır. Burada Rza Tofiq və Tofiq Fikrət kimi görkəmli şairlərdən dərs alan cavan tələbə Avropa ədəbiyyatından Türkiyəyə keçmiş romantizm ədəbi cərəyanının xüsusiyyətlərinə yiyələnmiş, bu yolu özünün bədii yaradıcılığı üçün əsas ədəbi istiqamət olaraq qəbul etmişdir. Hələ 1903-cü ildə «Şərqi-Rus» qəzetində çap olunan məqalələrində, İstanbuldan Bakıya göndərib «İrşad» və «Füyuzat» vasitəsilə oxuculara çatdırdığı şeirlərində romantik xüsusiyyətlər özünü göstərmişdir.
İstanbul Universitetini bitirdikdən sonra Hüseyn Cavid Naxçıvanda, Tiflisdə və Gəncə şəhərində əsasən müəllimliklə məşğul olmuş və bədii yaradıcılığını davam etdirmişdir. «Keçmiş günlər» adlı ilk şeirlər kitabı 1913-cü ildə Tiflis şəhərindəki «Şərq» mətbəəsində çapdan buraxılmış və bu dərgi onu romantik şair kimi tanıtmışdır. Bundan sonra 1918-ci ildə nəşr etdirdiyi «Bahar şəbnəmləri» şeirlər kitabındakı orijinal poetik nümunələr Hüseyn Cavidin istedadlı bir romantik şair olduğunu qəti olaraq təsdiq etmişdir.
Hüseyn Cavidin şeir yaradıcılığı çoxəsrlik Azərbaycan lirikasının inkişafında yeni mərhələ sayılmağa layiqdir. Hüseyn Cavid XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin adlı-sanlı yaradıcılarından biridir. Cavidin «Keçmiş günlərdən» və «Bahar şəbnəmləri» adlı şeir kitablarında XX əsrin ilk onilliklərində yaranmış ən yaxşı lirik şeirlər toplanılmışdır.
Hüseyn Cavid şeirinin fərdi üslubu romantik-fəlsəfi mahiyyət daşıyır. İdealla varlıq arasındakı ziddiyyət, real gerçəkliyin inkarından doğan və ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin əksər nümunələrinin başlıca məzmununu təyin edir və lirik qəhrəmanın fərdi sifətlərini tamamlayır. Şairin lirik «mən»i də qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan, nəfəs alan, sevən filosof xarakterli aşiqdir:
Əsiri-eşqini lakin
unutma, insaf et!
O bir təbəssümə qane,..
o bir xəyala qoşar:
Xəyal!.. Əvt, yaşadan
yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox
xəyal içində yaşar.
Janr baxımından Hüseyn Cavidin lirikasında bir sıra digər yeniliklər müşahidə olunur. Belə ki, Cavid Azərbaycan şeirinə ilk dəfə olaraq sonet, marş, şərqi-türkü kimi janrları gətirmişdir. Şairin yaradıcılığında Avropa sonetinin hər iki formasına - ingilis və italyan soneti formalarına rast gəlirik, Cavidin «Qəmər» şeiri ingilis soneti formasına çox yaxındır. Onun «Çəkinmə gül» şeiri italyan forması qəlibində yazılmışdır. «İbtilayi-qəram» şeiri ilə Cavid ədəbiyyatımızda ilk dəfə olaraq quyruqlu sonet yaratmağa müvəffəq olmuşdur. «Neçin» şeirində isə «sonet əklili» poetik formasının müəyyən prinsiplərinə əməl olunmuşdur. Hətta əvvəlki iki bəndi 5 misradan, sonrakı iki bəndi isə 4 misralıq bəndlərdən ibarət olan “Bu gecə” şeiri ilə Hüseyn Cavid sonet janrının Azərbaycan formatını yaratmışdır. Bu şeirdə italyan şeirindəki 4 misralı katrenləri müxəmməs janrından gələn 5 misralıq bəndlər, 3 misradan təşkil olunan tersetləri isə qoşmalardan alınmış 4 misralıq bəndlər əvəz etmişdir. Bu, Azərbaycan poeziyasında Qərb janrlarını (soneti) milli şeirin xüsusiyyətlərinə uyğunlaşdırmaqla yeni poetik forma yaratmağın mükəmməl bir örnəyidir.
Hüseyn Cavidin «Şeyda» pyesində marş ruhlu şeirlər vardır. Uzun əsrlər ərzində Azərbaycan ədəbiyyatında marş janrında şeir yazılmamışdır. XX əsrin əvvəllərində baş vermiş milli oyanış və azadlıq uğrunda mübarizə prosesləri marş və himn kimi janrların yaranmasına tələbat yaratmışdır. Hüseyn Cavidin “Şeyda” pyesindəki marşlar Azərbaycan şeirində bu janrın ilk nümunələridir. Cavidin marşlarında bu poetik formanın tələblərinə uyğun olaraq milli oyanış və səfərbərlik ruhu ifadə olunur:
Arkadaş, göz aç, aman,
Qalax ölüm uyğusundan.
Zülmə çox əydin boyun,
Çox əzildin, qalx, oyan!
Arkadaş, ayıl bir an,
Haqsıza olma qurban.
Yetər miskinlik, yetər,
Oyan! Oyan, oyan, oyan!
Hüseyn Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur ki, əruzşünaslar həmin növü «Cavid həzəci» adlandırırlar.
Hüseyn Cavidin romantik-fəlsəfi üslubunda dialoqlarının da özünəməxsus funksiyası vardır. Dialoqlar şairin lirikasına müəyyən süjet əlamətləri daxil etmişdir. Hətta onun bəzi şeirləri kiçik səhnəciyi xatırladır. «Öksüz Ənvər», «Çiçək sevgisi» şeirlərində lirik vəziyyətlər şeirin müəyyən hissəsindəki yığcam dialoqlarla ifadə olunmuşdur. Başdan başqa dialoqlar əsasında yaranan «Qız məktəbində» şeirindəki poetik mükalimə Gülbaharın nəciblik və ülviliyini mənalandırmağa xidmət edir. Əsl zinəti təmizlik və bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin mənəviyyatı ilə fərdiləşən Gülbahar romantik lirikadakı öksüz ənvərlərin, kiçik sərsərilərin bir növ davamıdır. «Qız məktəbində» şeirindəki dialoqlar dramatik mükalimədən çox təbii şeir misraları kimi səslənir, düşündürücü poetik etirafları ifadə edir:
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altın bilərziklərin?
- Söylə, yavrum! Heç sıkılma...
- Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yok qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Pək doğru söz...
Bu dünyada sənin ən çox sevdiyin -
Kimdir, quzum, söylərmisin?
- Ən çox çevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yokmu?
- Var...
- Kimdir onlar?
- Anam, babam, müəlliməm,
Bir də bütün insanlar...
Azərbaycan romantizminin əsas xüsusiyyətlərini dolğun şəkildə özündə əks etdirən «Qız məktəbində» şeiri təkcə Hüseyn Cavidin yaradıcılığında deyil, ümumən Azərbaycan şeirində süjetli lirikanın ən mükəmməl nümunəsi sayılmağa layiqdir.
Hüseyn Cavidin yaradıcılığında poema janrı da fərqli bir mövqeyə malikdir. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik- fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarından yoğrulmuşdur. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir. «Bir ahi-məzlumanə» (1907), «İştə bir divanədən bir xatirə» (1912), «Hübuti-Adəm» (1913) poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapmışdır. İlk poemalarından olan «Bakıda» əsərində mətləb Məsudla Şəfiqənin dialoqu vasitəsilə ifadə olunur. Ona görə də bu poema «Məsud və Şəfiqə» də adlanır. Poemada Məsudun və Şəfiqənin «mazutlu ormanı», ehramları xatırladan Balaxanı neft buruqları ətrafındakı düşüncələri, sadə, kasıb insanlara və «sərvətü-saman içində» yaşayan zənginlərə dair qənaətləri öz əksini tapmışdır. Şairin fikrincə, mövcud fərqli yaşayış tərzini yalnız istiqbala qovuşmaqla həll etmək mümkündür.
Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema «Azər» əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlamış, nəhayət, 1928-ci ildə tamamlamışdır.
Azərin simasında Hüseyn Cavid keçən əsrin iyirminci illərindən gəncliyin nümayəndəsi kimi ədəbiyyatda geniş təbliğ olunan «komsomol» obrazlarına alternativ olan yeni tipli Azərbaycan gəncliyinin obrazını yaratmağa nail olmuşdur. Bu mənada Azərin aşağıdakı monoloqu onun mənəvi aləmini və sosial mövqeyini çox dolğun ifadə edir:
...Bir aşiqim, feyz alırlar
Məndən irfan çobanları.
Bir çobanam, qaval çalar,
İnlətirəm vicdanları.
Bən əbədi hürriyyətin,
Sevdalı bir cilvəsiyəm.
Anlaşılmaz bir xilqətin
Parlar, sönər şöləsiyim.
Hüseyn Cavidin poemaları Azərbaycan ədəbiyyatında romantik-fəlsəfi poemanın inkişafında mühüm rol oynamışdır.
Dramaturgiya ilə də məşğul olan Hüseyn Cavidin yazdığı «Ana» (1910), «Maral» (1912), «Şeyx Sənan» (1914), «Şeyda» (1916), «İblis» (1918), «Uçurum» (1919) dramları onun ədəbiyyatın bu istiqaməti sahəsində də fərqli bir romantik sənətkar olduğunu təsdiqləmişdir. Xüsusən, XX əsrin əvvəllərində tamaşaya qoyulmuş «Şeyx Sənan» və «İblis» pyesləri ədəbi-mədəni mühitdə geniş əks-səda doğurmuşdur.
Hüseyn Cavidin şah əsəri 1918-ci ildə yazılmış «İblis» faciəsidir. Bu əsərdə sənətkarın şeir yaradıcılığının və dramaturgiyasının bütün vüsəti mükəmməl şəkildə ifadə olunmuşdur. Lirikasındakı «Hərb və fəlakət» motivlərini XX əsrin əvvəllərində dünyada gedən hərbi-siyasi proseslərdən çıxardığı nəticələrlə daha da zənginləşdirən Hüseyn Cavid müharibə mövzusunda «İblis» kimi qiymətli bir sənət əsəri yaratmağa müvəffəq olmuşdur. Görkəmli ədib bu əsərində ilk növbədə müharibələrin səbəblərini aydınlaşdırmış, qan tökməklə, məhv etməklə nəyəsə nail olmağın faciəsini açmışdır. Pyesdə Mələyin müharibələrin törədilmə səbəbini bəşəriyyətin İblisə uymasında, İblisin isə insanın özündə axtarmasında görməsi dramatik əsərə fəlsəfi mahiyyət gətirir. Əsərdə müharibəyə iblislərin, şər qüvvələrin dəhşətli oyunu, hakimiyyət ərlərinin varlanmaq və səltənət ehtiraslarının həyata keçirilməsi kimi baxan Arif müəllifin humanist düşüncələrinin daşıyıcısı kimi çıxış edir. Cavid yaratdığı Arif obrazı vasitəsilə müharibələri qətiyyətlə pisləyir, insanlığı iblisləri tanımağa və İblisə uymamağa çağırır:
İblis!... O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət!
...İblis nədir? - Cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir? - İblis!
«İblis» mənzum faciəsi müharibələrə uymuş insanlığın faciəsini əks etdirən və nəticə etibarilə bəşəriyyəti dəhşətli müharibələrdən xilas olmağa çağıran əhəmiyyətli dramatik əsərdir.
Hüseyn Cavidin dramaturgiyası ehtiraslar və xarakterlər dramaturgiyasıdır. Bu mənzum dramaturgiya şeirlə yazılmış dram əsərlərinin klassik nümunələridir. Hüseyn Cavid əruz vəznində mənzum dram əsərləri yazan qüdrətli sənətkardır. Dramlarında yaradıcı şəkildə istifadə olunan şərqilər, türkülər, bayatılar, rübailər, marşlar, digər lirik vasitələr Cavid dramaturgiyasını daha da zənginləşdirmişdir. Cavid dramaturgiyası əqidələr, mənəviyyatlar, mütəfəkkirlər dramaturgiyasıdır. Bu, Azərbaycan dramaturgiyasının tarixində orijinal sənət hadisəsidir.
Azərbaycan teatrlarında Hüseyn Cavidin dram əsərləri böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Azərbaycanda özünəməxsus ənənələrə malik Cavid teatrı mövcuddur. Cavidin romantik mənzum dramaturgiyası milli mədəniyyətimizin inkişafına böyük töhfə vermişdir. Rejissorların, aktyorların bir neçə nəsli Cavid teatrı əsasında yetişib formalaşmışdır.
Hüseyn Cavidin dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında yeni və xüsusi bir mərhələ təşkil edir. Cavidin romantik mənzum faciələri ədəbiyyat tariximizdə Mirzə Fətəli Axundovun komediyaları, Cəlil Məmmədquluzadənin tragikomediyaları ilə bir sırada dayanır. Hüseyn Cavid Məhəmməd Füzulidən sonra və Səməd Vurğundan əvvəl Azərbaycan romantik ədəbiyyatının ən böyük zirvəsidir. Mirzə Fətəli Azundzadənin realist ədəbiyyata yol açmaq üçün böyük çətinliklə arxa cərgəyə keçirdiyi romantik poeziyanı Hüseyn Cavid yenidən bərpa etmiş və ədəbiyyatın ön mövqeyinə çıxarmışdır. XX əsr boyu Azərbaycan romantik şeiri və dramaturgiyası Hüseyn Cavidin simasında Azərbaycan realist ədəbiyyatı ilə paralel şəkildə davam və inkişaf etmişdir.
Hüseyn Cavidin sovet dövrü həyatı keşməkeşli olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hüseyn Cavid Bakı Teatr Texnikumunda və Müəllimlər İnstitutunda dərs demişdir. Eyni zamanda, daha fəal surətdə bədii yaradıcılığını davam etdirən şair-dramaturqun yazdığı «Afət» (1922), «Peyğəmbər» (1923), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), «İblisin intiqamı» (1936) pyesləri və dram əsərlərinin müvəffəqiyyətlə tamaşaya qoyulması görkəmli sənətkara böyük şöhrət qazandırmışdır. Bakıda təşkil olunmuş «Hüseyn Cavid axşamı» (1922), dövlət tərəfindən müalicə olunmaq üçün Almaniyaya göndərilməsi (1926), ona fərdi təqaüdün müəyyən olunması (1927), əsərlərinin Azərbaycanla yanaşı Zaqafqaziya və Orta Asiya teatrlarında böyük uğurla səhnəyə çıxarılması, kitablarının nəşri ədibin nüfuzunu artırmaqla bərabər, sənətinə və şəxsiyyətinə paxıllıqla yanaşanların da meydana çıxmasına rəvac vermişdir. Nəticədə 1931-ci ildən etibarən dövri mətbuatda haqqında tənqidi ruhlu məqalələr görünməyə başlanmışdır; əsərlərinə qurulmuş ədəbi məhkəmələrdə, 1934-cü ildən üzvü olduğu Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarında o, «burjua yazıçısı», yaxud «müasir həyatı əks etdirməyən» sənətkar kimi damğalanmışdır. Bütün bunların nəticəsində Hüseyn Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunmuş, «gizli millətçi əksinqilabi təşkilat»da iştirakı bəhanəsi ilə səkkiz illik həbs cəzasına məhkum edilmişdir. Qocaman ədib 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və soyuq həbs düşərgəsi olan Maqadan şəhərində cəza çəkmişdir. Hüseyn Cavid 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində həbsdə ikən vəfat etmişdir.
Hüseyn Cavidə 6 mart 1956-cı ildə bəraət verilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və köməyi ilə Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Sibirdən vətənə gətirilmiş, Naxçıvanda torpağa tapşırılmışdır.
“Cavid” sözünün mənası əbədiyyət deməkdir. Hüseyn Cavid ölməz əsərləri ilə əbədiyyət qazanmışdır.
Tarix: 2-04-2018, 10:08
Xəbəri paylaş