SARICA
Povest
(Əvvəli ötən nömrəmizdə)
İlin sonları idi. Bu vaxta kimi xarici ölkələrdə məskunlaşaraq fəaliyyət göstərən daşnaksütyun partiyasının nümayəndələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın hər bir güşəsində təbliğat aparmaq üçün bura göndərilmişdilər. Bu nümayəndələr şəhərbəşəhər, kəndbəkənd gəzir, erməni icması arasında fəallar toplayır, yerli azərbaycanlıların doğma torpaqlarından qovulması üçün təbliğat aparırdılar.
Bir həftə olardı ki, bu kəndə gəlmiş Akopyan familiyalı birisi kəndin fəalı sayılan Surengildə məskunlaşmışdı. Rayon mərkəzində gizli fəaliyyət göstərən daşnaksütyun partiyasının qərargahında bölgü aparılarkən Akopyana Sureni nişan vermiş, onlarda qalmasını ona tövsiyə etmişdilər.
Daşnaksütyun partiyasının fəal və sadiq üzvlərindən olan Akopyan ona həvalə olunan bütün tapşırıqların öhdəsindən "layiqincə" gələn səriştəli mütəxəssis kimi partiyalarında ad çıxarmışdı. Beynəlxalq aləmdə bir neçə terrorun hazırlanmasında və həyata keçirilməsində onun xüsusi əməyi olmuşdu. Daz başlı, şişman gövdəli bu adamın balaca, qıyıq, göy gözləri, enli və ətli sifətinə yaraşmır, onu olduğundan da eybəcər göstərir, insan cildinə girmiş şeytana bənzədirdi.
Akopyan Sureni bir neçə gün sınaqdan keçirdi. Onun sırf millətçi olduğunu, azərbaycanlılara qənim kəsildiyini yəqinləşdirəndən sonra ona inandı. Ona özü kimi bir neçə inamlı gənci başına toplamağı tapşırdı. Partiya tərəfindən ona verilmiş qundaq pulun bir hissəsini səxavətlə Surenə verib:
-Hara lazımdır, xərclə dedi -Puldan korluq çəkmə, ətrafına toplayacağın adamlara da xərclik ver, qoy başları pul qazanmaq üçün işə-gücə deyil, müqəddəs amalı həyata keçirməyə qarışsın. Lazım olarsa deyərsən, yenə verərəm.
Bir tərəfdən Surenin ona cani-dildən qulluq göstərməsi, digər tərəfdən aparılacaq söhbətlər, keçiriləcək iclaslar üçün bu evdə olan şərait Akopyanı razı salmışdı. Bircə xoşuna gəlməyən Surenin həyətində təzəcə balalamış iti idi. Keçiriləcək iclaslardan kənar adamlar xəbər tutmamalıdır. Həyətə gəlib gedənlərə hürərək it başqalarını duyuq sala bilərdi. Elə buna görə də iti həyətdən uzaqlaşdırmaq lazım gələcək. Lakin bu haqda hələlik Surenə bir söz deməməyi qərara almış, işin gedişatını izləməyi üstün tutmuşdu.
Akopyanın işləri gözlədiyindən də yaxşı gedirdi. Surenin köməkliyi ilə artıq on beşə yaxın erməni gənci bu işə cəlb edilmişdi. Akopyanın səxavətlə payladığı pullar onları daha da şirnikləşdirmiş, öz yaxın dostlarını, qohumlarını bu işə cəlb etməyə başlamışdılar. Artıq keçirilmiş üç kiçik yığıncaq öz xeyrini verməkdə idi. Akopyanın ciddi tapşırığına görə bu məsələdən heç kim xəbər tutmamalı idi. Əgər kimsə ağzından qaçırıb azərbaycanlıları duyuq salarsa, həmin an partiyadan xaric ediləcək və verilmiş pullar geri alınmaqla cəzalandırılacaq. Partiyanın qərarı belə idi.
Kəndə gəlişinin on beşinci günü münasibətilə Akopyan ətrafına topladığı gənclərə xüsusi qonaqlıq vermişdi. Surenin evində təşkil edilmiş bu qonaqlıqda içilmiş şərabların sayı-hesabı olmamış, hamının beyni dumanlanmış, rəhbərlərinin ətrafında daha sıx birləşərək tutduqları bu "müqəddəs" yolda lazım gələrsə canlarından belə keçməyə hazır olacaqlarına and içmişdilər. Məclisdən məmnun qalan Akopyan onlara yenidən cib xərcliyi paylamış, gələcəkdə daha yüksək mükafatlara layiq görüləcəklərini vəd vermişdi. Günortadan başlanan məclis axşama yaxın dağılmışdı. Akopyanın tapşırığına əsasən məclisin iştirakçıları heç kim duyuq düşməsin deyə gəldikləri kimi, məclisdən iki-bir, üç-bir getmişdilər.
Hamı dağılışandan sonra Akopyan Sureni yanına çağırıb hasarın dibində bağlanmış yanı balalı iti ona göstərdi və dedi:
-Sən bilirsən ki, indi bu həyətdə it saxlamaq işimizin xeyrinə deyil?
Ayaq üstə zorla dayanan Suren əvvəlcə Akopyanın nə dediyini başa düşmədi. İçkinin təsirindən qızarmış gözlərini ona dikdi.
-Niyə, nə olub ki? -deyə soruşdu.
Birinci dəfə idi ki, Suren Akopyana belə sərt cavab qaytarırdı. Həmişə Akopyanın hər bir sözünə bəli, baş üstə deyən, bütün arzusunu əlüstü yerinə yetirən Surenin bu cavabı daşnakın xoşuna gəlmədi.
-Sualıma sualla cavab verirsən?! - deyə səsinin tonunu qaldıran Akopyan az qala bağıracaqdı. - O olub ki, -dedi, -həyətə gəlib-gedənlərə sənin o qancığın hürür, ətrafdakıları duyuq salır. Bu həyətə gəlib-gedənlərdən heç kim xəbər tutmamalı, xüsusilə azərbaycanlılar heç nə bilməməlidilər. Yoxsa işimiz baş tutmaz, planımız alt-üst olar, partiya tərəfindən ciddi cəza alarıq. İndi bildin nə olub?!
Suren Akopyanın hirsli danışığından səhvini anladı, ona verdiyi cavabın yersizliyini dərk elədi. Ondan alıb xərclədiyi pulları gözünün qabağına gətirdiyi üçün sərxoşluğu çəkilib getdi. Tamam ayıldı. Səhvini düzəltmək üçün məzlum görkəm alaraq,
-Akopcan, -dedi, -mən elə demək istəmədim. Sizi başa düşməmişdim, çaşmışdım. Bu itə gəlincə isə, qəribə cinsi var bu heyvanın. Törəmələri düşüncəli, ağıllı, hissiyyatlı olduğu üçün yaxşı pula gedir. İndi balaları on beş günlükdür, ayları tamam olan kimi satacağam.
-Kimlərə satırsan bu küçükləri?
-Əsasən azərbaycanlılara satıram. Onlar bu heyvanın balalarına yaxşı qiymət verirlər.
Surenin bu cavabından sonra Akopyan qəzəbini gizlətmədi:
-Sən müqəddəs erməni xalqına mənsub olan itin küçüklərini türklərə satmaqla alçalırsan?! Belə, özün dediyin kimi, ağıllı heyvanları düşmənlərimizə xidmət etməyə məcbur edirsən?! -dedi, - Sənin yerinə olsam o iti küçükləri ilə birlikdə tikə-tikə doğrayıb quyuya tökər, üstünü də torpaqla basdıraram. Ancaq milyon da versələr düşmənə satmaram.
Belə qəzəblə, kinlə danışan Akopyan bir tərəfdən Sureni yenidən sınağa çəkirdisə, digər tərəfdən onda azərbaycanlılara olan nifrət hissini daha da alovlandırmağa çalışırdı. Ümumiyyətlə o, həmişə danışığında, hərəkətlərində erməni xalqını müqəddəsləşdirir, türk millətinə nifrət hissi oyatmaq üçün hər cür cildə girməyi bacarırdı.
Dediklərinin necə təsir etdiyini yəqinləşdirmək üçün qəzəbli baxışlarla Surenin gözlərinin içinə baxdı və:
- Mən səni yaxşı tanımamışam, sənin haqqında səhv fikrə düşmüşəm. Bu səhvi düzəldərəm -deyərək iti addımlarla Surendən aralanıb onun üçün məxsusi ayrılmış istirahət otağına getdi.
Arxadan həyəcanlı səslə Suren onu səslədi,
-Ara, Akopcan səhvimi düzəldərəm. Belə küçüyün, belə itin biri yox, mini sənə qurbandı. Dediklərini bu saat yerinə yetirməsəm heç atamın oğlu olmaram. Adımı dəyişib elə it qoyaram,-dedi.
Akopyana da elə bu lazım idi. Özünü eşitməməzliyə vurub hirslə qapını arxasınca bağladı. Bundan qorxuya düşən və həyəcan keçirən Suren dəli bir hərəkətlə yaxınlıqdakı odun parçalarının üstünə atılmış ağzı oxarlı, ülgüc kimi iti baltanı götürüb hasarın dibində bağlanmış itə yaxınlaşdı. Baltanı qaldırıb var gücü ilə balalarını əmizdirdikdən sonra mürgü vuran qoca itin başına endirdi. Kəlləsi iki yerə bölünən, beyni dağılan heyvan dəli bir fəryadla qışqırıb çabalamağa başladı. Səsə həyətə çıxan arvadı və altı yaşlı qızı Siranuş Surenə yaxınlaşmağa cürət etmədilər. Belə sərxoş vəziyyətində ona yaxın durmaq, istəyinə, etdiklərinə müdaxilə etmək faydasız idi. Otağına çəkilmiş Akopyanı da köməyə çağırmağa çəkindilər. On gün bundan qabaq gözləri açılmış, analarının iri, südlü yelini əmib totuxlaşmış küçüklər bir an nə baş verdiyini başa düşmədilər. Yerdə uzanmış, al-qan içində çapalayan analarını görüncə qaçıb gizlənməyə yer axtardılar. Suren yaxınlıqdakı qamış səbəti gətirib hələ çaşqınlıq içində olan küçükləri səbətə yığdı. Aradan sivişib çıxan qızılı rəngli küçük qaçıb ot tayasının altına girdi və ordan bu dəhşətli mənzərəni seyr etməyə başladı. Suren elə hasarın dibindəcə quyu qazdı. Hələ canı tam çıxmamış iti sürüyüb quyuya saldı. Sonra səbətin içindəki küçükləri diri-diri quyuya, anasının üstünə ataraq üstünü torpaqla basdırdı. Quyu torpaqla doldurulduqca küçüklərin zarıltıya bənzər səsləri daha dərindən gəlirdi. Xeyli müddətdən sonra səs zəifləyərək tamam kəsildi.
Bu ağlasığmaz mənzərəyə tamaşa e dən balaca Siranuş anasına qısılıb ağlamaqdan başqa heç nə edə bilmirdi. Qaçıb tayanın altında gizlənmiş qızılı rəngli küçüyü görmüşdi. "Kaş o bayıra çıxmayaydı, yoxsa atası onu da qəddarlıqla öldürəcəkdi", —deyə düşündü.
Bayaqdan anasının, bacı və qardaşlarının dəhşətli şəkildə qətlə yetirildiyini görən küçük ot tayasının altından çıxmağa cürət etmir, Surenə nifrətlə baxırdı. Həmişə üzü tüklü olan Surenin nifrətlə alışıb-yanan gözləri, badımcana oxşar, yekə çopur burnu, iri sallaq dodaqları küçüyün gözlərinə əbədi həkk olmuşdu. Bu şeytana oxşar, iblisə bənzər sifət heç vaxt, lap ölən gününə qədər küçüyün yadından çıxmayacaq, bu ana qədər özünə doğma saydığı Surenə nifrət edəcək.
Suren əməlindən razı adamlar kimi rahat nəfəs aldı. Artıq o, Akopyanın dediklərinə sədaqətlə əməl etmişdi. Ot tayasının arxasında çinlənmiş odun yarmacalarının üstündə oturub siqaret çəkirdi.
Bayaqdan pəncərə arxasında dayanıb bu mənzərəni xəlvəti seyr edən Akopyan əməlindən məmnun qalaraq dodaqaltı qımışdı. Deməli, istədiyi kimi Surenə təsir edə bilmişdi. Hələ ki özünü bu hadisədən xəbərsiz kimi aparmalı, səhər isə tutduğu bu işə görə Sureni danlamalı, canlı heyvanı belə qəddarlıqla məhv etmək olmaz, deməli, humanist erməni xalqına məxsus olan hər bir canlıyla və hətta əşya ilə də mədəni davranmaq lazım olduğunu ona başa salmalıdır.
Surenin evə girdiyini yəqinləşdirən küçük tayanın altından çıxaraq bir az bundan qabaq üstü torpaqla basdırılmış quyuya yaxınlaşıb hələ də isti qan iyi verən torpağı iyləməyə başladı və ağlar bir səs çıxardı. Səsə diksinən Suren hövlnak yerindən qalxıb quyuya yaxınlaşdı. Küçüyü görüncə dəhşətə gəldi,
-Sən hardan çıxdın! -deyə bağırdı və küçüyə bir təpik ilişdirdi. Küçük top kimi yuvarlanaraq təsadüfən yenə ot tayasının altına düşdü. Ot tayası yerə düzülmüş 10-15 santimetrlik kötüklərin üstünə vurulduğu üçün Suren əlini uzadıb küçüyü oradan çıxara bilmədi.
-Səhər sənin də canını alaram -deyib evə girdi.
Axşamın düşməsinə lap az qalırdı. Siranuş həyətdə gəzinib küçüyün tayanın altından kənara çıxmasını gözləyirdi. Xeyli gözlədikdən sonra küçüyün çıxmadığını görüb səbri tükəndi. Evə girdi, atasının xorna çəkdiyini görüb rahat nəfəs aldı. Bayıra çıxıb ot tayasının yanına gəldi, əyilib küçüyü səsləməyə başladı. Xeyli vaxtdan sonra küçük tayanın altından burnunu kənara çıxarıb Siranuşa baxdı. Siranuş yenidən onu səslədi. Küçük əzildiyindən, zədə aldığından səndələyə-səndələyə qızcığaza yaxınlaşdı. Vaxtı itirmək olmazdı. Siranuş cəld onu qucağında gizlədib həyətlərindən çıxdı. Birbaş Azərgilə qaçdı. Azərgilin darvazasına çatıb dayandı, əvvəlcə onu çağırmaq istədi, kiminsə duyuq düşəcəyindən ehtiyatlanıb fikrindən daşındı. Küçüyü onlara verməsini heç kim bilməməli idi. Yoxsa atası Siranuşu cəzalandıra bilərdi. Bala qapını açıb həyət keçdi. Rəcəb kişi malları alafladıqdan sonra gecə yandırmaq üçün odun tədarükü görürdü. Axır zamanlar kənddə qaz zəiflədiyindən, xüsusən qış aylarında oduna ehtiyac duyulurdu. Həmişəki kimi balaca Azər babasına kömək edirdi. Siranuşun həyətə girdiyini görüb qucağındakı peçboyu doğranmış odun parçalarını evə, sobanın yanına boşaldıb geri qayıtdı. Altı yaşlı bu uşaqların aralarında səmimi dostluq vardı. Siranuş tez-tez Azərgilə gələr, saatlarla onunla oynamaqdan doymazdı. Elə Azərin babası Rəcəb kişi də Siranuşa nəvəsi qədər mehribanlıq göstərir, onunla söhbət etməkdən xoşhallanardı. Siranuş balaca olsa da, onun yaşına uyuşmayan ağıllı mühakimələri vardı. Xasiyyət və xaraktercə nəvəsi Azərə oxşayırdı. Elə onu nəvəsi qədər sevirdi Rəcəb kişi.
-Ay qızım, orda niyə dayanmısan, yaxın gəlsənə -deyə Rəcəb kişi onu səslədi.
-Yox, baba, qoy Azər gəlsin ona söz deyib gedəcəm, tələsirəm, bura gəldiyimi evdən heç kəs bilmir.
Qızın səsindəki titrəyişi duyan Rəcəb kişi onun kədərli olduğunu başa düşdü. Üstünü vurmadı. Surenin yenidən nəsə bir həngamə qaldırdığını fikirləşdi. "Zalım oğlu heyvan qədər içir, arvad-uşağa göz verir, işıq vermir"deyə düşündü. Bu yaxınlarda Siranuşla olan söhbəti xatırladı. Qızcığaz ehtiyatla:
-Rəcəb baba, sizə bir söz desəm heç kimə deməzsiz?-deyə soruşmuşdu.
-Yoox qızım, heç kimə demərəm. O nə sözdü elə?
-Baba, ay baba, türklər pis adamdı?
-Bunu sənə kim deyib qızım?
Siranuş ehtiyatla ətrafa göz gəzdirdi, kimsənin eşitməyəcəyini yəqinləşdirib.
-Bunu mənə atam deyib, baba. Bir də deyib ki, Azərlə oynamayım, sizə gəlməyim. Siz də türksüz -dedi.
Rəcəb kişi fikrə getdi. Surenin nadürüstlüyünü bir daha anladı.
Uşaq qəlbini belə fikirlərlə çuğlamaq, beynini zəhərləmək onları məhv etmək demək idi. Gələcəkdə münaqişə ocaqlarının yaranması üçün şərait yaratmaq idi. Xalqları qırğına aparan bu haqsız münaqişələr heç kimə yaxşı heç nə verməyəcək.
-Qızım, atan düz deyir, biz azərbaycanlılar türk mənşəli millətik. Kökümüz türkdür. İndi özün fikirləş, biz pis adamlarıq?
-Yox, baba, atam düz demir. Siz yaxşı adamlarsız. Mən sizi çox istiyirəm. Siz türksünüzsə, deməli, türklər də pis deyil. Onlar da yaxşı adamlardı. Ancaq atam onlar haqqında tamam başqa sözlər deyir. Mənsə heç vaxt ona inanmamışam, sizə inanıram, baba.
-Sən öz ağlınla, gördüyün, tanıdığın, bildiyin kimi fikirləş qızım. Bax gör sənə qarşı kim pis, kim yaxşıdır.
-Hə, baba, həmişə fikirləşmişəm, siz yaxşısız, çox yaxşı...
...O söhbətdən sonra Rəcəb kişinin Siranuşa məhəbbəti daha da artmışdı...
Azər Siranuşa yaxınlaşdı, qucağındakı küçüyü görüncə,
-Bu kimindir? -deyə soruşdu.
-Sənə gətirmişəm. Atam sərxoş idi, balta ilə vurub bu küçüyün anasını öldürdü. O biri balaları da sağ-sağ, hələ can verən anaları ilə birlikdə qazdığı quyuya töküb üstünü torpaqla basdırdı -dedi və ağladı. -Bu küçük qaçıb gizlənmişdi, bizdə qalsa sabah atam bunu da öldürəcək. Sənin üçün gətirmişəm, saxla, böyüt. Ancaq heç kimə deməyin, atam xəbər tutsa öldürər məni.
Azər küçüyü Siranuşdan alıb; - Heç kimə deməyəcəm, arxayın ol. Özün də ağlama. Babama da tapşıracam, o da heç kimə deməsin -dedi. Küçüyü diqqətlə nəzərdən keçirdi. -Nə qəşəng küçükdür, bəs bunun adı nədir? -deyə soruşdu.
-Adını hələ qoymamışıq, istədiyin adı özün qoyarsan.
Siranuş küçüyün rahatlığından arxayınlaşdı. Gülümsəyərək ağ, toppuş əllərinin arxasıyla gözünün yaşını sildi və mehirban bir təbəssümlə Azərə baxıb ondan ayrıldı, yeyin addımlarla evlərinə tələsdi.
Azər qucağında küçük, babasına yaxınlaşdı.
-Baba, ay baba, bunu mənə Siranuş gətirib. Görürsən nə qəşəngdir -dedi.
Bayaq Siranuşun Azərə dediklərini eşitmiş Rəcəb kişi məsələdən hali idi.
-Ay bala, heç bizə it saxlamaq düşmür. Bu həyətdə neçə it saxladıq, heç birindən bir xeyir görmədik. Biri toyuq-cücəyə sataşdı, biri yumurtaları oğurlayıb yedi, digəri qonum-qonşuda ayaqqabı qalmadı, dişinə alıb həyətimizə gətirdi, başqa birisi gəlib-gedənə hücum çəkərək dişləyib ziyanlıq törətdi, bizi el arasında xəcalətli qoydu. Hansını deyim ay oğul. Bu da onların biri olacaq -dedi.
-Yox, baba, yox. Bu ağıllı it olacaq, Özün də görəcəksən. Görürsən adama necə mehriban baxır. Lap elə bil adamla danışmaq istəyir eee. Buna harda yer düzəldək?
Rəcəb kişi istədi desin ki, özgə malından adama mal olmaz, apar, kimə istəyirsən ver, qoy başqa birisi saxlasın. Ancaq nəvəsinin xətrinə dəymək, qəlbini qırmaq istəmədi.
-Sənin bir sözünü iki eləmək olmur, dediyindən dönmürsən, istədiyini eləyirsən. İndi sənə desəm ki, bu heyvanı saxlama, qaytar ver yiyəsinə, inciyəcəksən. Çünki nadincsən, şuluq uşaqsan.
-Elə sən də şuluqsan, baba.
Rəcəb kişi əlini əlinə vurub şaqqanaq çəkdi,
-Mən niyə şuluğam, qırışmal, -deyə soruşdu.
-Ona görə şuluqsan ki, iti qaytar deyirsən.
-Mən heylə demədim ki, dedim ki, qaytar desəm inciyəcəksən.
-Nə fərqi, ya dedin, ya da demək istədin. Hər ikisi eyni şey deyil? Görürsən, sən məndən də şuluqsan. Şuluq olmasaydın deyərdin ki, iti evə aparaq, yedizdirək, içizdirək, sonra da sobanın yanında ona yer düzəldək. Yazıqdı, çöldə qalsa ona soyuq olar, canı var axı.
Nəvəsinin mühakiməsindən məmnun qalan Rəcəb kişi əyilib Azərin üzündən öpdü;
-Mənim ağıllı balam, -dedi -nə təhər deyirsən heylə də eliyərik. Heç sənin sözündən çıxaram? Mən səninlə zarafat edirdim. Sənin çölə atılmış, kimsəsiz, yiyəsiz qalmış bu heyvana olan münasibətini öyrənmək istəyirdim. Sən mənim düşüncəli balamsan. Sənin ağlınla, hərəkətlərinlə həmişə fəxr edirəm oğul.
-Sən də mənim bu dünyada hamıdan yaxşı babamsan - deyən Azər atılıb Rəcəb kişinin boynunu qucaqladı. Cod tüklü üzündən öpdü, sol əli ilə sinəsinə sıxdığı küçüyün yerə düşməsindən ehtiyatlanaraq tez də babasının boynunu buraxdı.
-Yaxşı, baba, bu itə nə ad qoyaq-deyə soruşdu.
-Nə bilim, fikirləş də, toplandan, bozdardan, alabaşdan birini qoy. İstədiyin adı özün seç.
-Yox, baba bu adların heç biri buna yaraşmır. Görürsən nə təhər, sapsarı rəngi var, elə bil qızıldı.
Nəvəsinin fikrini yəqinləşdirən Rəcəb kişi,
-İtə qızıl adı verməzlər, -dedi.
-Bəlkə bu itin adını sarı qoyaq?
-Onda Sarı dayı inciyər, adımı itə qoyublar, deyər.
-Doğrudan aa, elə isə sarışın qoyaq.
Rəcəb kişi güldü;
-Bu lap pis olar.
-Niyə?
-Ona görə ki, Nazlı xalanın sifəti sarı, saçları isə qızılı rəngdə olduğu üçün hamımız onu Sarışın deyə çağırırıq.
-Hə, tamam yadımdan çıxmışdı ki, Nazlı xalaya Sarışın deyirik. Yoxsa hirslənib yenə üstümə çımxıracaqdı. Baba, bəs nə edim ee, buna nə ad qoyum, -deyərək qucağında əzizlədiyi küçüyü kişiyə göstərdi. Və birdən axtardığını tapıbmış kimi sevincək bir səslə,
-Tapdım, baba, tapdım. Bu itin adını Sarıca qoyuram. Elə rənginə, özünə yaraşan addı, -dedi Azər.
-Bu, başqa məsələ. Necə deyərlər, adıyla böyüsün. Yiyəsinə layiq bir it olsun,-deyən Rəcəb kişi xeyir-duasını belə verdi.
Söhbətə başları necə qarışmışdısa Azadın nə vaxt həyətə girdiyindən xəbər tutmamışdılar. Azad onlara yaxınlaşıb salam verdi.
-Baba-nəvə yenə mübahisə edirsiz? -dedi.
Rəcəb kişi başını qaldırıb oğlu Azadın salamını mehribanlıqla aldı.
-Nə gec gəldin, ay oğul? -deyə soruşdu.
-Xəstə vardı, dədə. Qazın azalması camaatı zinhara gətirib. Tapdıqla Aşot bu gün səhər meşədən odun gətirərkən maşını aşırıblar. Aşotun sağ qıçıyla sağ qolu iki yerdən sınıb, özü də bərk əzilib. Səhərdən onunla məşğul olmuşam. Vəziyyəti yaxşı deyildi, ağır idi. Cərrahiyyə əməliyyatı apardım. Allaha şükür ki, əməliyyat uğurla keçdi. Bir az bundan qabaq ayıldı, özünə gəldi. Hələ bir az yemək də yedi. Anası əllərimi öpmək istəyirdi, qoymadım.
İxtisasca cərrah olan Azad bu kəndin tibb məntəqəsinin həm müdiri, həm də həkimi idi. Bacarığına görə hətta rayon mərkəzindən də müalicə olunmaq üçün onun yanına gələnlər çox olur, cərrahiyyə əməliyyatına ehtiyacı olanlar ona müraciət edirdilər.
-Tapdığın vəziyyəti necədir? -deyə Rəcəb kişi soruşdu. -Onun da çıxığı, sınığı varmı?
-Yox, elə bir şey yoxdur, sol qolu çatlamışdı. Gipsə saldım, bir-iki iynə vurub evlərinə göndərdim. Aşota isə yerindən tərpətmək olmaz. Tibb bacısına tapşırmışam, Saleh həkim də ordadır. Bir azdan özüm də gedib baş çəkəcəyəm.
-Görürsən, oğul, deyirsən çıxıb şəhərə gedək. Sən burda daha çox lazımsan bala. Şəhərdə xəstəxanalar çox, həkim də ondan çoxdur. Oğul odur ki, bu ucqar yerlərdə qalıb elinə-obasına xeyir versin. Bir demişəm, bir də deyirəm, mən bu torpaqdan, ana yurdumdan heç yerə gedən deyiləm. Mən gedib o şəhərdə kibrit qutularında yaşaya bilmərəm. İnsanın gərək bir ayağı həmişə torpaqda olsun. Atam, anam, ulu babalarım, bütün nəslim bu torpaqda yaşayıb, bu torpaqda da uyuyurlar. Onların ruhu inciyər məndən can bala. Elə sənin də getməyini istəmirəm. Bilmirəm o şəhərdə nə görmüsüz, məhlə məhləyə girir, ev evə söykənir. Qapıları üz-üzə açılsa da bəzən qonşu-qonşunu tanımır, salam verib salam almırlar.
-Biz də böyük bina mənzillərində yox, xüsusi həyət evlərində yaşayarıq -deyərək Azad atasını yola gətirmək, razı salmaq üçün yenə cəhd elədi.
-Yox, oğul, həyət evi ondan da pis, hara baxırsan darısqallıq, natəmizlik. Bir ayaq yolu, bir hamam tikməyə, şərait yaratmağa yer tapmırsan. Tapanda da uçastkovu, upravdom, daha nə bilim kimlər kəsdirir başının üstünü. Bu dediklərim Siracın başına gəlmədi? Yazıq axırda az qaldı başını götürüb şəhərdən qaçsın. Mənim şəhərdə işim yoxdu oğul. Sənə də rəva bilmirəm. Yolunu da bağlaya bilmərəm. Yaxşı fikirləş, yenə özün bilən yaxşıdır. Bu boyda ərazini, belə münbit torpağı qoyub getmək, gedib o darısqallıqda yaşamaq ağılsızlıq olar. Qonşuyla-qonşunun arasında 150-200 metrlik məsafə var. Bağ-bağatda can dərmanı yetişir. hələ təmiz havasını, saf suyunu demirəm.
-Dədə, gündə adamın qulağı bir şey eşidir. Deyirlər Surengildə məskunlaşan o şişman kişi xaricdən gəlib, Daşnaksütyun partiyasının fəal üzvlərindəndir. Bura gəlməkdə məqsədi erməni icması arasında təbliğat aparmaqdan ibarətdir.
-Elə şeylərə aldanma oğul. Dediyin o partiyadır, nə zibildir, əsrin əvvəlindən fəaliyyətdədir. Lakin bir qələt eliyə bilmirlər. O partiyanın üzvləri də Suren kimilərin tayıdır, ürək bulandırmaqdan başqa əllərindən bir şey gəlmir. Qohumları da, hətta atası da Surendən üz döndəriblər, onu adam yerinə qoymurlar. Düzdür, atası da bir köpək oğlu döyül. Onlar bu kəndə gələndə cındırlarından cin hürkürdü. Yeməyə çörək tapmırdılar, geyməyə də paltar. Bu gördüyün ərazinin hamısı babamın torpaqları idi, başqa ermənilərlə yanaşı, onlara da yer ayırdı, torpaq verdi. İndi gəlib kişi olublar, bizi bəyənmirlər. Ancaq əməllərinə görə axırda peşman olacaqlar. Suren kimilərini zaman özü tənbeh edəcək. Əkdiklərini biçəcəklər. Necə deyərlər, nə tökərsən aşına, çıxacaq qaşığına. Bir də oğul, yaxşı yadında saxla, bu Sovet hökuməti ki var, dovşanı arabayla tutur, şeytana papuş tikir. Onun qabağında Suren kimilər bir qələt eləyə bilməzlər.
-Qorbaçovun siyasətindən xoşum gəlmir, dədə. Hər yerdə milli zəmin əsasında münaqişələr çözələnməkdədir. Qorxuram bunun axırı pis qurtarar, qırğınlar törənər, günahsız insanlar qətlə yetirilər, ölkələr arasında müharibələr başlayar.
-Heç nə olmaz, oğul. Qorbaçov özbaşına deyil ki, o boyda Kommunist Partiyası var, dünyanı lərzəyə salan Siyasi büro var. Lazım gələrsə onu beş dəqiqənin içində yerinə oturdarlar. Bir də belə boş söz-söhbətə görə torpağı qoyub getmək qaçmaq deməkdir. Qaçmaq da kişilikdən döyül, nadürüstlük əlamətidir. Burda doğulmuşam, burda da öləcəm. Sənə çoxdan demək istəyirdim. Məni öləndə rəhmətlik ananın sağ tərəfində basdırarsan, bala.
Azərin səbri lap tükənmişdi. Bayaqdan atası ilə babasının söhbətini kəsmək istəsə də, buna cürət etməmişdi. Bunu ona atası öyrətmişdi. Babanla danışanda bizim sözümüzü heç vaxt kəsmə, yoxsa baban inciyər demişdi. Söhbətə ara verdiklərini görüb Azər cürətləndi,
-Ata -dedi -bu küçüyün adı Sarıcadır. Onu mənə Siranuş verdi. Ancaq sən heç kimə demə ki, bu iti mənə o verib. Yoxsa atası onu da öldürər. Atası bu gün anasını da öldürüb, balalarını da.
-Necə yəni anasını da öldürüb? Kimin anasını öldürüb, Siranuşun?! Surendən hər şey gözləmək olar.
-Yox ee, niyə başa düşmürsən, Siranuşun atası bu gün bu küçüyün anasını da öldürüb, o biri balalarını da. Sonra hamısını quyuda basdırıb. Ancaq balaları diri-diri basdırıb. Görürsən, nə insafsızdı. Siranuş elə ağlayırdı ki, lap ona yazığım gəldi. Yazıq qız.
-Elə atası olan ömrü boyu ağlayacaq, bala, -deyən Rəcəb kişi küçüyü Azərdən alıb o tərəf, bu tərəfinə baxdı:
-Bu küçük möhkəm əzilib -dedi. -Bunu evə apar. Anana de südlü doğramac yedizdirsin. Çörəyi xırda-xırda doğrasın. Əgər yeməsə əmziklə süd içirin. Balaca meyvə qutularından da birini apar evə içinə köhnə döşəkçədən, əskidən zaddan sal, küçüyü də qoy içinə. Qutunu qoyarsan sobanın yanına, qoy yeri isti olsun, hələ körpədi.
Azər sevinəcək halda küçüyü evə apardı.
-Dədə, səndən çıxmayan iş, küçüyü evə apartdırırsan? Son vaxtlar nə yaman kövrək olmusan, -dedi Azad.
-Oğul, əvvəla Azərin qəlbinə toxunmaq istəmirəm, sonrası da ki, anasız, yetim qalmış hər bir canlıya nəvaziş lazımdır. Bir də ki, əgər Suren əclaf adamdırsa, o yazıq heyvanın günahı nədir.
-Düz deyirsən, dədə.
-Bir də ay oğul, bu həyətdə bir hənirti salan lazımdı, ya yox. ətrafa qurd-quş dolansa hürüb səs-küy salar, bizi xəbərdar edər də.
Nə fikirləşdisə dodaqaltı qımışdı. Üzünü oğluna tutub,
-Azad, oğul -dedi - bu dünyanın işləri əzəldn belədir, nə təhər deyərlər, kişini üç şey saxlar, yaxşı arvad, yaxşı oğul, yaxşı at, pis olsalar birin boşa, birin ayır, birin sat. Lap elə bura iti də əlavə eləmək lazımdır. Yaxşı it kişinin arxa-dayağıdır, həyətini, məhlə-bacasını qoruyanıdır.
Azadın şəhərə köçmək istəyi Qarabağ ərazisində yaranmış sözsöhbətdən irəli gəlməmişdi. Hələ bir il bundan qabaq Bakıda, mərkəzi klinikaların birində işləmək üçün dəvət almışdı. Professor Kərimbəyli Azadın savadlı həkim, bacarıqlı cərrah olduğunu bilərək ona yanında işləməyi təklif etmişdi. Şəhərə gedərsə işlə təmin olunar, dissertant kimi mövzu götürüb üzərində işləyər, müdafiə edib elmlər namizədi olardı. Gələcəkdə elmlər doktoru adına qədər qalxa bilərdi. Bunları həyata keçirmək üçün onda bilik, bacarıq, başlıcası isə həvəs vardı. Yaranmış bu imkanı əldən vermək istəmirdi. Lakin atasını da bu yaşında tək qoyub getməyi vicdanına sığışdırmırdı. Bayaq yaranmış söz-söhbəti bilərəkdən ortaya atmaqla atasını fikrindən daşındırmaq, birlikdə şəhərə köçmək üçün razı salmaq istəyirdi. Bu son cəhdinin də boşa çıxdığını görüb şəhərə köçmək fikrindən birdəfəlik daşındı. Canından çox istədiyi atasını yaxşı işə, vəzifəyə, şan-şöhrətə, təmtəraqlı yaşayışa qurban verə bilməzdi.
-Nə fikrə getdin, oğul? -deyə Rəcəb kişi soruşdu.
-Dədə, mən sənsiz şəhərə köçmərəm. Sən harda, mən də orda. Ancaq fikirləşmə ki, bayaq dediklərimi torpaqlarımızın, elimizin-obamızın ağır vəziyyətə düşəcəyindən qorxub dilimə gətirmişəm. Biz buralara yurdun ağır günündə daha çox lazımıq. O sözləri də səni yola gətirmək üçün deyirdim.
-Sağ ol oğul, mən elə belə də bilirdim. Ancaq yenə doğru sözümdür, istəyirsiniz yığışın gedin. Mənə bənd olmayın, can bala. Ələyim ələnib, xəlbirim də göydə fırlanıb, bir ayağım burdadır, bir ayağım da gorda. Siz də cavansınız, gələcəyiniz hələ qabaqdadır.
-Bu söhbətlə qurtardıq, dədə. Səni tək qoyub heç yerə gedən deyiləm.
Payızın axırı olsa da, havalar çox soyuq keçirdi. Axşamlar düşən şeh gecələr qrov bağlayırdı. Hava qaralsa da, axşama hələ xeyli qalmışdı. Azad üşüdüyünü hiss edib,
-Keçək evə dədə, deyəsən üşüdüm. Hava soyuqdu -dedi.
-Hə oğul, bu il qış sərt keçəcək.
-Nədən bilirsən, dədə?
-Küçənin o biri başından boylanan o iri, qollu-budaqlı çinar ağacını görürsən, bu gün fikir vermişəm, agac yarpaqlarını ətəyindən tökür, deməli qış sərt keçəcək. Yadında saxla oğul, əgər payızda çinar yarpağını ətəkdən tökürsə qış sərt, yox əgər başdan tökürsə qış mülayim keçəcək.
Evə girdilər. Gəlin onları görən kimi ayağa qalxdı, əlinin arxasıyla gözlərinin yaşını silib şam yeməyi üçün tədarük görməyə başladı. Bu, Rəcəb kişinin gözündən yayınmadı.
-Qızım Səlminaz, ağlamısan deyəsən. Sənə nə olub? -deyə təəccüblə soruşdu.
-Yox, ay dədə, elə-belə kövrəldim bir az.
-Niyə qızım, nə olub ki, Allaha şükür?
-Bu heyvancığaza -əli ilə küçüyü göstərdi -doğramac verdim, yemədi, qabağına qabda bişmiş süd qoydum, içmədi. Başını tumarlayırdım, birdən balaca barmağımı ağzına salıb əmməyə başladı. Yazığın bu halına dözə bilmədim dədə, ağlamaq tutdu məni. Sonra, yalan olmasın, bir böyük stəkan südü əmziklə içirtdim ona.
Rəcəb kişi vaxtında ailə qursa da, uzun müddət züryəti olmamışdı. Ona yenidən evlənmək təklif etsələr də, -Mən həyat yoldaşım Gülnazı heç kimə dəyişmərəm. Allah-Təalanın qismətindən çıxan deyiləm ki, necə məsləhət bilir elə də olmalıdır,-demişdi. 45 yaşında olarkən Azad dünyaya gəlmişdi. Qızı olmadığından mehrini gəlini Səlminaza salmışdı. Onu doğma qızı kimi sevir, qəlbinə dəyməyə heç kimə imkan vermirdi. Səlminaz da qayınatası Rəcəb kişini doğma atasından az istəmirdi. Hətta bir dəfə Azada -Dədəsiz mən şəhərə getməyəcəyəm -demişdi.
Üç il bundan qabaq arvadı Gülnaz dünyasını dəyişəndə Rəcəb kişinin 72 yaşı olsa da, hələ canı sulu idi. Onu evləndirmək istəsələr də, daş atıb başını tutmuş, -Gülnazın yerini heç kim verməyəcək -demişdi.
-Hə, qızım, ananın yerini heç kim verə bilmir, heç nə əvəz etmir. İstər insan olsun, istərsə də heyvan, həmişə anaya möhtacdır. Xüsusən də balacalığında.
-Baba, ay baba, bilirsən nə istyirəm? -deyə Azər Rəcəb kişiyə müraciət etdi.
-Deyərsən, bilərəm.
-İstəyirəm ki, Sarıcanı çimizdirim. Olar?
-Sən it çimizdirənsən? Belə şuluq işlərinlə həmişə babanı incidirsən,-deyə Azad dilləndi.
-Şuluq elə özünsən, hələ beş də artıq. İt çimizdirmək nə vaxtdan şuluqluq olub? -deyən Azər atasına cavab qaytardı.
Rəcəb kişi əlini-əlinə vurub yenə bərkdən güldü.
-Bayaq da mənə dedi ki, elə sən də şuluqsan, "iti həyətdə saxlama, qaytar ver yiyəsinə"demək istəyirsən. Bu uşaqdan arada elə gülməli və ağıllı sözlər çıxır ki, adama lap ləzzət eləyir.
-Günah özündədi, dədə, özün öyrətmisən. Bir söz deyib, danlayanda da üstümüzə çımxırır, dayanın, babama deyəcəm deyir, bizi hədələyir, -deyən Azad üzünü oğlu Azərə tutdu -Sənə deməmişəm babanın üzünə qayıtmaq, bir sözünü iki eləmək olmaz -dedi.
-Babam əgər düz danışmırsa, mən susmalıyam, özünüz həmişə demirsiz yalan danışmaq, kimisə aldatmaq olmaz. Babam niyə ürəyində bir cürə fikirləşmiş, mənə başqa cürə demişdi. Hıy..., cavab verə bilmirsən?
Rəcəb kişi bu dəfə qəh-qəhə çəkib lap ürəkdən, gözləri yaşarana qədər güldü. Əyilib balaca Azəri bağrına basdı, saçlarını oxşayıb üz-gözündən öpdü.
-Qurban olum mənim igid oğluma -dedi.
-Görürsən, dədə, göz görəsi üzünə qayıdır. Sənsə onu danlamaqdansa, tənbeh etməkdənsə, daha da tərifləyib qoltuğuna verirsən. Ərköyünləşdirirsən.
-Ayə, ay Azad, bu uşağın nə günahı var axı. Düz sözə nə deyəsən. Əgər bu it ətə-qana gələnə kimi bu evdə, bizimlə bir yerdə qalacaqsa, çimizdirilib təmizlənməli deyil? -deyən Rəcəb kişi öz sualına özü də cavab verdi. -Əlbəttə, çimizdirilsə, təmizlənsə, daha yaxşı olar.
Rəcəb kişi nəvəsini özü belə öyrətmişdi. Uşaq qorxunun nə oldugunu bilməməlidir. Qorxan uşaq hər şeydən çəkinər. Çəkinən uşaq utancaq olar. Utanan uşaq fikrini açıq-aydın deyə, mülahizəsini irəli sürə bilməz. Müstəqilliyini, sərbəstliyini itirə bilər. Bu amillər də insanın insan kimi yetişməsinə, tərbiyə olunmasına həmişə mənfi təsir götərmişdir. Azəri bu amillərdən çəkindirməyə, ona tam sərbəstlik verməyə çalışan Rəcəb kişi artıq bunun bəhrəsini görür, nəvəsinin sərbəst fikir yürütməsindən, ağıllı mühakimələrindən sonsuz qürur hissi duyurdu.
Səlminaz isitdiyi bir vedrə suyu tasa boşaldıb hərarətini yoxladı, Sarıcanı götürüb ehmalca tasa, suyun içinə saldı. Ömründə ilk dəfə suya girən küçük əvvəlcə çapalayıb tasdan çıxmağa can atdı. Bir az keçəndən sonra öyrəşdi. Azərin sabunlu, balaca toppuş əlləriylə sürtülüb, tumarlandıqca xoşhallandı, bir rahatlıq tapdı. Bir az bundan qabaq Surenin təpiklə vurub əzdiyi böyrünün, içalatının ağrıları istinin təsirindən azaldı, yumşaldı, səngidi. Azər Səlminazın köməkliyilə Sarıcanı çimizdirib, quruladı, həyətdən, quraqlığın altından bayaq gətirib sobanın yanında qoyduğu kiçik meyvə qutusunu təmizlədi, köhnə, balaca döşəkçələrdən birini yerinə sərib küçüyü içinə qoydu, qutunu sobaya çox da yaxın olmayan, rahat bir yerdə yerləşdirdi.
Elə bu ara qapı döyüldü. Azər küçüyün dalınca gəldiklərini düşünüb narahat oldu. Həyət darvazasının bala qapısı açıq olduğundan (Rəcəb kişi həmişə yatana kimi gəlib-gedən üçün çətinlik yaranmasın deyə bala qapını açıq qoyardı) həyətə girənlər birbaşa evə qalxmışdılar.
Azad qapını açıb gələnləri evə dəvət etdi. Aşotun atası ilə əmisi idi. Arşaq kişi Azadı qucaqlayıb üzündən öpdü.
-Ara, Azad, sana qurban olsun manim bu qoca canim. Sanki, bir oğlumu olmağa qoymadın, onu tazadan mana qaytardın. Eli, vallax sana demaqla söz tapmıram - dedi - sonra Rəcəb kişiyə yaxınlaşıb onu da bağrına basdı.
-Ara, Racab kişi, Allax sizi biza çox gormasın, yoxsa neyniyardıx, ara. -Dəsmal çıxarıb yaşaran gözlərini sildi. -Racab qardaş -dedi -massab haqqı sanin bu oqlundan olmaz. Ha, doktur doyul, vallax logmandır. Aşot bayaqdan danışır, ha, hala bir az çoraxda yedi. Allax sani da, sanin balalarını da saxlasın, ha.
Ara Racab kişi Aşot olsaydı, neylayardın. Bu gün sabah qızım Klarika elçi gəlir. Klarik da erməni balalarını bayanmadı ha. Dedi, onlardan çaxır iyi gəlir. Sapanin oğlu Payiqa verdi konlunu ha. Ara bizim qızlar sizin oğlanları çox sevir ha.
Sumbat kişi də ağlamsına-ağlamsına qardaşı oğlu Aşotun xilaskarı Azada minnətdarlıq elədi. Sonra nə xatırladısa birdən üzünü Rəcəb kişiyə tutdu.
-Ara, Racab qardaş biz bir şey eşitmişıx. Ara, deyirlar ha, sanin bu oğlun ha, -barmağını Azada tuşladı -bizi burda qoyub Bakıya, boyuk xastaxanada işlamaxa gedir, ha. Ara, masab haqqı qoymarıx, ha. Yazacağıq raykoma, qarkoma ha, ancaq Azadı burdan heç yana buraxmarıq. Bela doxtur hardan taparıx, ha.
Oğlunun şəninə deyilənlərdən sevinən Rəcəb kişi daxili bir qürur hissi keçirdi;
-Mən də demişəm, demişəm bu kəndin camaatını qoyub hara gedirsən. Neçə illərdir bir yerdə, bir torpaqda yaşayırıq. Üz-gözümüz öyrəşib, biri-birinin xeyir-şərinə yarımışıq, dost olmuşuq, qohumqardaş olmuşuq,-dedi.
-Ara, Racab kişi sanin dilina qurban olum, ha, vallax qardaşımdan sani az istamiram,-deyən Arşaq kişi yenidən Rəcəbi qucaqlayıb öpdü.
Minnətdarlıqlarını beləcə bildirib getmək istəsələr də, Rəcəb kişi onları buraxmadı.
-Oturacaqsız, çay-çörək yeyib-içəndən sonra gedəcəksiniz, -dedi.
Etiraz etmək istəsələr də, Rəcəb kişinin sözündən çıxa bilmədilər.
Həmişə qonaq-qaralı olan bu evdə qəfil gələni layiqli yola salmaq üçün ehtiyatı üzməzdilər.
Səlminazın bişirdiyi yarpaq dolması ilə bir litrlik şüşədə olan tut arağını boşaltdlar, üstündən də bir neçə stəkan təzə dəm çaydan içdilər. Getməyə hazırlaşarkən Azad da paltarını geyinib Aşota baş çəkmək, səhhətini yoxlamaq üçün məntəqədə yerləşdirilmiş kiçik, ikipalatalı xəstəxanaya gedəcəyini bildirib onlarla birlikdə evdən çıxdı.
Səlminaz süfrəni yığışdırıb, bulaşmış qabları yuduqdan sonra adəti üzrə kiçik süfrəni sərdi, təzə süzdüyü bir stəkan çayı gətirib qaynatasının qabağına qoydu.
Çimizdiriləndən sonra xumarlanmış Sarıca mışıl-mışıl yatırdı...
(Ardı gələn nömrəmizdə)
Tarix: 11-04-2017, 09:56