Azərbaycan Prezidentinin yeni sərəncamı dövlət dilinin inkişafına yeni töhfədir
Nizami CƏFƏROV,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı,
Azərbaycan Atatürk Mərkəzinin müdiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 13 noyabr 2017- ci il tarixli sərəncamı Azərbaycanda dövlət dilinin qorunub qloballaşan dünyanın çağırışlarına uyğun daha da inkişafı sahəsində yürüdülən və azərbaycançılıq ideologiyasına əsaslanan məqsədyönlü siyasətin məntiqi davamıdır.
Həmin siyasətin əsaslarını ümummilli lider Heydər Əliyev, ilk növbədə, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli məşhur fərmanında təqdim etmişdir.
Əlbəttə, rəsmi dövlət sənədində bu və ya digər orijinal elmi konsepsiyanın irəli sürülməsi qeyri-adi hadisədir. Bununla belə, həmin “qeyri-adiliy”i ən azı aşağıdakı səbəblərə görə qəbul etmək lazım gəlir:
1) Azərbaycan dilinin (və xalqının mənşəyi barəsində bir neçə on il idi ki, davam edən mübahisələri yekunlaşdırmaq, tarixi faktların (və sağlam tarixi düşüncənin) mövqeyindən əsaslı bir konsepsiya vermək artıq yalnız elmi deyil, həm də milli, ictimai-siyasi bir zərurət idi;
2) Azərbaycan dilinin dövlət dili kimi yaşamaq, daha da inkişaf etmək üçün etnososial, mədəni-mənəvi potensialının olmasını göstərmək məqsədilə tarixdən, daha dərin köklərdən gəlməyə ehtiyac duyulmuşdu;
3) haqqında söhbət gedən fərman bir dövlət sənədi olaraq bütövlükdə Azərbaycan dövlətinin (və xalqının) marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna (və konseptual səciyyə daşıdığına) görə xüsusi elmi-metodoloji mövqe ifadə edə bilərdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda irəli sürülmüş ideyalar içərisində aşağıdakılar diqqəti daha çox cəlb edir:
1) Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması;
2) Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanla Azərbaycan dilinin kiril əlifbasından latına keçid prosesi sona çatdırılmış oldu. Və ümumiyyətlə, fərmanda həlli nəzərdə tutulan problemlərin mühüm bir hissəsi ötən illər ərzində ya tamamilə aradan qaldırıldı, ya da həmin istiqamətdə çox təsirli tədbirlər görüldü... Bununla belə, dil, eləcə də onun tərkib hissəsi olan nitq mədəniyyəti məsələləri zamanın çağırışlarından irəli gələrək özünün müxtəlif tərəfləri ilə həmişə dövlətin diqqəti mərkəzindədir.
Ulu öndərin milli (və müstəqil) dövlət quruculuğu missiyasını uğurla davam (və inkişaf) etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan dilinin (və nitq mədəniyyətinin) daha da yüksəlişi üçün zəruri tədbirlər görmüş və görməkdədir.
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncam, əslində, Azərbaycanda kiril əlifbasından latına keçid prosesinin başa çatdırılmasını keyfiyyətcə təmin etmiş oldu. Belə ki, Azərbaycan və dünya ədəbiyyatının, elminin ən zəruri nümunələri yeni əlifba ilə (və kütləvi tirajlarla) qısa bir zamanda nəşr edilib ölkə kitabxanalarına hədiyyə olundu.
Ümumiyyətlə, ölkədə latın əlifbasına keçidin üç mərhələdə aparıldığını demək mümkündür:
1) təhsil sistemi, dövlət idarələri, ictimai qurumlar və s. kimi mobil təşkilatların yeni əlifbaya keçməsi;
2) kütləvi informasiya vasitələrinin yeni əlifbaya keçməsi;
3) latın əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” yeni tarixi şəraitdə Azərbaycan dilinin ictimai, siyasi, mədəni mövqeyinin gücləndirilməsinə təkan verən, həqiqətən, tarixi sənəddir.
“Dövlət Proqramı”nın “Giriş”ində, tamamilə təbii olaraq, müstəqillik əldə edildikdən sonra Azərbaycan dövlətinin, onun qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət dilinin inkişafı sahəsindəki xidmətləri qeyd olunur. Və göstərilir ki, bu xidmətlər konseptual ideya-məzmun daşıyır:
“Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmandan sonra Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi istiqamətində ikinci çox mühüm (tarixi!) dövlət sənədi olan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na konkret müddəaların əks olunduğu “Tədbirlər Planı” da əlavə edilmişdir ki, onlar aşağıdakı sahələri əhatə edir:
1. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi.
2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi.
3. Azərbaycan dilinin tədqiqinin genişləndirilməsi.
4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi.
5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği.
“Dövlət Proqramı”nın tətbiqindən keçən bir neçə illik təcrübə göstərir ki, ölkənin dil-ünsiyyət mədəniyyəti ilə bağlı həyatında ciddi canlanma yaranmış, “Proqram”da qarşıya qoyulan vəzifələrin bir hissəsi artıq uğurla həyata keçirilmişdir.
Azərbaycan dilinin qorunub daha da inkişaf etdirilməsi, eləcə də Azərbaycan nitq mədəniyyətinin yüksəldilməsi üçün görülən (və görüləcək) tədbirlər, əlbəttə, həm yerli şəraitin özünəməxsusluqlarının, həm də beynəlxalq praktikanın nəzərə alınmasını tələb edir. Və əslində, qloballaşan dünyanın “çağırışlar”ı da, hər sahədə olduğu kimi, dil-ünsiyyət mədəniyyəti sferasında da milli olanla transmilli olana qarşılıqlı əlaqədə baxılmasını təkidlə ortaya çıxarmaqla özünün universal prinsiplərini gerçəkləşdirməkdədir.
Heç bir şübhə yoxdur ki, Prezidentin Sərəncamı ilə təsdiq edilmiş yeni tərkib ölkədə dövlət dil siyasətinin bundan sonra da uğurla həyata keçirilməsinə öz töhfələrini verəcəkdir.
Tarix: 6-02-2018, 12:09