Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

STEAM təlim texnologiyasının tədris prosesində tətbiqi


 

Rəna BORAYEVA,

Bakıdakı  234 nömrəli   tam orta məktəbin ibtidai sinif 

müəllimi, “Təhsildə yeni inqilab - ROBOTIS STEM LV 2 

Robototexnika avadanlığı ilə tədris prosesinin qurulması” 

Layihəsi üzrə təlimçi

 

STEAM nədir? 

STEAM  elm, texnologiya, mühəndislik, in­cəsənət və riyaziyyat elmlərini və konsepsiyalarını əhatə edir. Bütün bu elmlərin inteqrasiyası ilə birlikdə uşaqlarda analitik düşüncə və problem həlletmə bacarıqlarını təmin etməyi hədəfləyir. Bu çərçivədə STEAM daha çox performans tələb edən təlim proqramlarında, musiqi və rəsm kimi bədii dərslərdə istifadə edilə bilər. Performans tələb edən təlimləri açsaq, idman fəaliyyətləri, teatr tamaşaları və eksperimental fəaliyyətlərdən danışmaq olar. STEAM problemləri həlletmə qabiliyyətinə sahib, qarşılaşdıqları vəziyyət qarşısında analitik düşünən, şərh gücünə sahib, həll yönümlü araşdırma edə bilən, yenilikçi və geniş təsəv­vürə sahib olan şəxsləri yetişdirmək məqsədi daşıyır.

STEAM təlim texnologiyası - texniki və təbiət fənlərin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, “layihə əsaslı öyrətmə” vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara aşılayır.

STEAM  termini   Science (təbiət elmləri), Technology (texnologiya), Engineering (mühəndislik), Art (incəsənət)  və Mathematics (riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni  təlim texnologiyalarından biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənlərinin tədrisinin ayrılıqda yox, birlikdə əlaqəli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Finlandiya, Koreya və Almaniyadır. Bu təlim texnologiyasının əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqları”nı formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəklində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həlletmə bacarıqlarını inkişaf etdirirlər.

STEAM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız  XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEAM-ı əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEAM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tədqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu.

STEAM təhsil metodu düşünülənin əksinə, şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:

- Toxunaraq öyrənmə. 

Əksər fənlərin tədrisi zamanı məlumatlar şagirdlərə bir neçə öyrənmə üsullarından biri formatında - adətən vizual (oxu mətnləri, təsvirlər) və audio formatında (mühazirə) təqdim olunur. STEAM tədris metodunda məlumatlar isə vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;

- Yaradıcılıq. 

«Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq».  Bu fikirləri Dünya İqtisadi Forumunda çıxışı zamanı hazırkı təhsil siSTEAMı haqqında öz narahatçılığını bildirən Alibaba şirkətlər qrupunun rəhbəri Cek Ma səsləndirmişdir. Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən əsas bacarıq hesab edilir və STEAM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır;

- Səhvlərdən öyrənmə.

Tədris zamanı şagirdlərin kiçikmiqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələri təkrar qurma imkanı olur. Bu üsulla əldə edilən məlumatlar daha qalıcı olur;

- Tənqidi təfəkkür.

STEAM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərində qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar;

- Ünsiyyət bacarığı.

Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır;

- Liderlik.

STEAM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə, şagirdlərdə liderlik bacarıqları inkişaf edir;

- İş mühitinə hazırlıq.

STEAM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirdləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.

İlk öncə bildirmək istərdim ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 4-cü ildir ki, keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin ölkəmizin təhsil sistemində xüsusi bir yeri və çəkisi vardır. Bu, biz müəllimlərin öz innovativ ideyalarını həyata keçirmək üçün bir trampilin rolunu oynayır.

Təlimçi kimi əməkdaşlıq etdiyim layihələr haqqında bildirmək istərdim ki, bu layihələrin əsas məqsədində STEAM texnologiyaları durur. Təlimdə müdavimlərə Micro:bit, Robotkodlaşma və Tinkercad proqramlarından istifadə edərək, iki istiqamətdə şagirdlər və gələcəkdə təlimçi kimi bu layihələrdə işləyə bilən müdavimlərin hazırlanmasını həyata keçirirəm. Bu təlimlər zamanı maraqlı məqamları özüm üçün kəşf etmiş oldum. 

Təlimlər zamanı ilk apardığım diaqnostik qiymətləndirmə zamanı İKT bilikləri zəif olan, STEAM texnologiyalarından tam anlayışı olmayan müəllim və şagirdlər təlimin sonunda olduqca yüksək nəticələr əldə etmiş oldular. Robotiks dərslərində uşaqlar sadə və daha mürəkkəb strukturlu robotları yığır və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənmiş oldular. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdırmanın əsas anlayışlarını öyrətməyə çalışırdım.

Pedaqoqlar  üçün həyata keçirdiyim təlim modulunun nəticəsi olaraq, onlar uşağa ona təhlükəsiz şərtlər yaradaraq müstəqil hərəkət etməyi öyrətmiş oldular. Bu təlimdə nəticə olaraq, müdavim pedaqoqlarımız öyrəndilər ki, əşyalar və inkişafetdirici oyunlarla müəyyən vaxt ərzində məşğul olmaqla, uşaqda özünün qiymətləndirməsini artırmaq, həmyaşıdları ilə və böyüklərlə birgə fəaliyyət göstərmək istəyi yaradacaq. Hər bir uşağın fərdi xüsusiyyətlərinin və psixo-fiziki imkanlarının nəzərə alınması əsasında ümumtəhsil müəssisələrinin bütün mütəxəssislərinin birgə əməkdaşlığı tədris prosesini fərqləndirməyə imkan verir. Bununla da bu layihə öz qarşısına qoyduğu məqsədə nail olmuş olacaq.

Fikirlərimi yekunlaşdıraraq demək istərdim ki, STEAM Hərəkatı və uşaqların öz istehsal hissəsini xarakterizə edən Maker Hərəkatı araşdırılmalı və bilinməlidir.


Tarix: 8-07-2021, 16:50

Xəbəri paylaş