Təhsil prosesinin təşkilinin təhsilin keyfiyyətinə təsiri
Nazilə MƏMMƏDOVA,
Abşeron Rayon Təhsil Şöbəsinin müdiri
Hamıya bəllidir ki, ənənəvi qaydalara əsaslanaraq tədris edilən fənlər tam orta məktəbin sinifləri üzrə illərə, aylara, həftələrə və günlərə bölünür, ona uyğun təlim-tərbiyə prosesi təşkil edilir və çalışılır ki, təhsildə keyfiyyət əldə edilsin. Həmçinin təhsilin keyfiyyəti eyni zamanda təhsil prosesinin təşkili qaydalarından da asılıdır.
Bu proses tədris və təqvim planları və tədris cədvəlləri əsasında həyata keçirilir. Tədris planı özündə hər bir fənn üzrə həftədə hansı fənlər və onların neçə saat olduğunu müəyyənləşdirir.
Təqvim planları ilboyu təhsil müddətini və tətilləri, tədris ilinin başlanğıcını və sonunu müəyyənləşdirir. Tədris məşğələlərinin cədvəli dərslərin ardıcıllığını, onların başlanması və bitməsi vaxtını, tənəffüsün müddətini müəyyənləşdirir. Bu ənənəvi qaydaları bugünkü baxımdan təhlil edəriksə, bu onların təlim- tərbiyə prosesinə, xüsusən də təhsilin keyfiyyətinə mənfi təsiri üzə çıxar.
Məlum olduğu kimi, müasir tədris planı respublika fənn kurikulumları əsasında hazırlanır. Aydındır ki, milli və fənn kurikulumlarında bu və ya digər fənlərə minimum dərs saatları ayrılır. Ona görə də təsadüfi deyil ki, yaxın keçmişdə məktəb kollektivləri, xüsusən, məktəb rəhbərləri tədris planlarını müxtəlif yeni fənlər hesabına genişləndirməyə çalışırdılar. Bu da, əlbəttə ki, həftəlik tədris yükünü artırır ki, şagirdlər elə bunun nəticəsində yüklənir, onlarda yorğunluq yaranır, dərslərə həvəs azalır.
Hələ keçən əsrdə Avropa alimlərindən Piaje apardığı tədqiqatlarla sübut etmişdi ki, şəxsiyyətin fərdi xüsusiyyətlərindən asılı olaraq, əgər ona komfort şərait yaradılarsa, o, müəyyən bir vaxt çərçivəsində 5-10 şərti vahid həcmində müstəqil informasiya və ya bir-birindən asılı olmayan informasiya toplusunu mənimsəmə imkanına malikdir. İnformasiyanın orta mənimsəmə miqdarı yeddi rəqəminə bərabərdir. Uşaq və gənclər üçün hələlik bu rəqəm müəyyənləşməmişdir. Ancaq aydındır ki, şagirdlər bu yaş dövründə tam şəkildə formalaşmadığına görə müstəqil informasiyanın şərti vahidi uşaqlarda daha da az olur.
Əgər məktəblərin tədris planlarını paralel siniflər üzrə təhlil etsək, görərik ki, şagirdlərə orta hesabla birinci siniflərdə 7 fənn, ikinci, üçüncü və dördüncü siniflərdə 9 fənn, beşinci sinifdən yuxarılarda 13-14 fənn tədris olunur. Bu qədər fənlərin həftə boyu keçilməsi uşaqlar tərəfindən alınan informasiyaların mənimsənilə bilən müstəqil informasiya axınının sayını iki dəfə artırır. Tədris planının fənlərlə belə doldurulması təhsil prosesinin keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir.
Tədris edilən fənlərin həftədə 2 saat ardıcıllığı ilə keçilməsi uşağın inkişafı baxımından öz əhəmiyyətini itirmiş olur. Bəlkə də inkişafın qarşısını alır.
Təhsil prosesini optimallaşdırmaq məqsədilə fənlərin sayını azaltmaq, tədris məşğələlərinin həftəlik sayını artırmaq haqqında düşünmək yerinə düşərdi.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin bəzilərində fənlər iki bloka bölünür. Bir blokun fənləri bütün tədris ili boyu öyrənilir. İkinci blokun fənləri də saatların artırılması şərti ilə tədris edilir. Birinci yarımildə keçirilən fənn ikinci yarımildə digəri ilə əvəz edilir. Məsələn, ana dili və riyaziyyat blok şəklində bütün il boyu, biologiya və coğrafiya blok şəklində saatların artırılması şərti ilə birinci və ikinci yarımilliklərdə bir-birini əvəz edir. Burada digər variantlar haqqında da düşünmək olar. Məsələn, iki cədvəl hazırlanır: biri alt, digər isə üst həftə üçün (qeyd edək ki, bu variant ali məktəblərdə istifadə olunur). Alt həftədə riyaziyyat biologiya ilə, üst həftədə isə coğrafiya ilə il boyu tədris edilir. Belə hallarda müəllim həftə boyu bütün mövzunu tədris etmə imkanını əldə edir. Beləliklə, hər yarımildə bir-birini əvəz edən həftəlik tədris planı formalaşır ki, onlar da il boyu bir-birini ardıcıllıqla tamamlayır. Hər iki modul-blokun fənlərindən ikili tədris cədvəli üçün fənlər qrupu formalaşır. Bu da imkan verir ki, müxtəlif fənlər sinxron şəkildə öyrənilsin.
Tədris fənlərinin modul blokdan qruplaşdırılması tədris yükünün siniflər və müəllimlər üçün həftələr və yarımilliklər üzrə simmetrik bölgüsünü tarazlamaq imkanı yaradır. Fənlərin modulda qruplaşdırılması humanitar, ictimai, riyazi, təbiət və digər fənləri qruplaşdırmağa imkan yaradır.
Modul tədris planına uyğun modul təqvim planı hazırlanır. Modul tədris planı hazırlanarkən tədris ilinin altı tədris müddətindən ibarət olduğu bəllidir.
Hər dövrün müddəti - başlanğıcı və qurtarması tədris ilinin başlanması, qurtarması və qış tətilinin müddətindən asılı olur.
Modul xarakterli dərs cədvəli illik tədris planını ixtisar etmədən tədris həftələri boyu 2 dəfə öyrədilən tədris fənlərinin azalmasına imkan yaranır, həftəlik dərslərin fənlər üzrə sayını 2-4 dəfə artırmaq imkanı yaradır.
Qonşu ölkələrdə bu sistemin tətbiqi və məktəblərin təcrübəsi göstərir ki, tam orta məktəblərin buraxılış siniflərinin şagirdləri, ali məktəblərə qəbul imtahanlarına hazırlaşanlar (xüsusən, repetitorlarla məşğul olanlar) həftədə qısaldılmış cədvəllərdən müəyyən saatlar əldə edirlər. Bu da onlara repetitorlarla çalışmaq şəraiti yaradır. Bu eksperiment müəyyən üstünlüklərə malikdir. Ancaq müəyyən çətinliklərlə rastlaşılır, məsələn, cədvəllə daha çox məşğul olan təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin çətinlikləri, xüsusən, cədvəlin hazırlanmasında, müəllimlərin dərs bölgüsündə (dərs saatlarının ayrılmasında) və s. olur.
Ənənəvi dərs sistemində şagirdlərin bu və ya digər fənnə münasibəti eyni olmur, bu da onların psixoloji xüsusiyyətləri ilə izah olunur. Onlar təlimə, məktəbə müxtəlif cür yanaşır, onlarda motivləşmə müxtəlif olur, istedadların istiqaməti bir-birindən fərqlənir. Belə olduqda, şagirdlərin sayı çox olan siniflərdə fərdi münasibət çətinləşir. Şagirdlər öz imkanlarından aşağı səviyyədə oxuyurlar. Bu siniflərdə digər mənfi hallara da rast gəlinir: bir-irindən köçürmə, ev tapşırıqlarından bir yerdə istifadə, nizam-intizamın zəif olması, nadinc, zəif uşaqların yaxşı oxuyan, istedadlı uşaqlara mane olması və s. Əgər müəllim istedadlı uşaqlarla məşğul olursa, sinifdə digər uşaqlara vaxt çatışmır və s.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, differensiallaşmış təlim prosesində müxtəlif səviyyəli təlim üsulları tətbiq edildikdə bu çətinlik aradan qalxa bilir. Belə olduqda, təlim prosesinin idarə olunmasının təşkilati strukturu dəyişilməlidir. Burada təlim-tərbiyə prosesinin təşkilində şagirdlərin imkan və maraqları nəzərə alınmalıdır. Bu zaman başlıcası təlim prosesində şagirdlərin biliklərə yiyələnmə səviyyəsinin müxtəlifliyi və onların real imkanları nəzərə alınır.
Bu yeniliklər təhsilin idarə olunmasında azad seçim, demokratik üsul-idarə, idarə edənlə idarə olunanların arzu-istəklərinin nəzərə alınmasına üstünlük verilməsi ilə yanaşı təlim prosesinin metodik təminatına da diqqəti cəlb edir. Bu problem pedaqoji kadrlara metodik işin forma və məzmununa diqqətin artırılmasını tələb edir. Bu zaman müəllimlər valideynlərlə işə diqqətlə yanaşmalı, onları məktəbin yeniləşmə fəaliyyətinə cəlb edilməsini diqqət mərkəzində saxlamalıdır.
Şagirdlərlə iş məktəbin fəaliyyətində önəmli yer tutmalıdır. Unutmaq olmaz ki, uşaqlar təlim-tərbiyə prosesinin fəal subyektidir. Əgər onlar innovasiya proseslərinə könüllü qoşularlarsa, nəticə müsbət olar.
Bu gün məktəbdə yeniləşmə gedir - proqramlar təkmilləşir, fənn kurikulumları tətbiq edilir, xarici təcrübə öyrənilir. Məlumdur ki, modernləşmə, optimallaşma, təlim-tərbiyə prosesinin yenidən qurulması təhsilin keyfiyyətinə təsir etməyə bilməz. Ancaq qeyd edilməlidir ki, təhsil müəssisələrinin rəhbərləri və pedaqoji kollektivləri yeniliklərə üz tutmalıdır.
Tarix: 15-04-2021, 16:07