Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans



Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir TÜRKSOY, Yunus Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov konfransın elmi və tarixi əhəmiyyətini vurğulayıb. Bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay yalnız dilçilərin toplantısı deyil, türk xalqlarının ortaq gələcəyi naminə formalaşan mühüm fikir və mədəniyyət platforması idi. Qurultay türk xalqlarının ortaq dil, əlifba, mədəniyyət və milli kimlik məsələlərinin müzakirə olunduğu tarixi mərhələ kimi yadda qalıb.
Qeyd olunub ki, bu gün böyük ehtiramla xatırlanan Bəkir Çobanzadə, Əli bəy Hüseynzadə və digər görkəmli ziyalılar həmin qurultay çərçivəsində Türk dünyasının elmi və mədəni inkişaf perspektivlərini müzakirə edirdilər.
Rektor diqqətə çatdırıb ki, Birinci Türkoloji Qurultayın iştirakçıları 1926-cı il martın 2-də milli dildə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan Ali Pedaqoji İnstitutun qonağı olublar. Həmin dövrdə institutun direktoru və qurultayın təşkilat komitəsinin üzvü olan Cəlil Məmmədzadə bu tarixi prosesin əsas təşkilatçılarından biri kimi mühüm rol oynayıb.
Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər çıxış edənlər Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi inteqrasiyası və ortaq mədəni yaddaşının formalaşmasında mühüm rol oynadığını bildiriblər.
Tədbirdə həmçinin Türkiyə, Özbəkistan və digər ölkələrdən gəlmiş alim və tədqiqatçıların məruzələri dinlənilib, türk dillərinin inkişaf perspektivləri, ortaq terminologiya, əlifba və müasir dilçilik məsələləri ətrafında müzakirələr aparılıb.
Tarix: Bu gün, 14:27
