Valideyn - övlad münasibətlərinin pedaqoji əsasları
Nərmin Bədirova,
Şirvan şəhər 1 nömrəli tam orta
məktəb-liseyin psixoloqu
Ailə cəmiyyətin kiçik bir hissəsidir. İnsanın doğulduğu gündən təməli, özünə məxsus şəxsi psixoloji xüsusiyyətləri, tərbiyəvi cəhətləri, xarakteri məhz ailədə qoyulur. Ailədə hər mənada sağlam psixoloji mühitin olması çox vacibdir. Sağlam psixoloji mühit olan ailədə düzgün qarşılıqlı münasibət, anlayış hörmət, mədəniyyət, ünsiyyət çox yüksək səviyyədə olur.
Ailədə valideynlər bir-birləri ilə düzgün ünsiyyət qurmalı, bir-birilərinə qarşı anlayış, hörmət göstərməlidir. Bəs ailə mühitinin psixoloji baxımdan sağlam olması üçün hansı şərtlər lazımdır?
Ailə quran zaman tərəflər bunun ciddi məsuliyyət olduğunu bilməlidir. Ailə həyatı çox məsuliyyətli bir vəzifədir. Burada hər iki tərəfin ən birinci bir-birinə qarşılıqlı hörməti və dəyəri olmalıdır. Ailənin sağlam psixoloji mühitə sahib olması qadın və kişidən çox asılıdır. Xarakter baxımından tərəflər arasında fərqlər ola bilər, ancaq qadın və kişinin özünə aid bəzi ortaq cəhətləri olmalıdır ki, bir-biriləri ilə düzgün səviyyədə anlayış göstərərək ünsiyyət qursunlar. Ortaq cəhətlərdə ən vacib mənim fikrimcə tərbiyəvi cəhətlərin, əxlaqın olması, mədəniyyətin olmasıdır. Əgər hər iki tərəfdə bu cəhətlər üstünlük təşkil edirsə, ailəni sağlam formada formalaşdırmaq olar. Amma qadın ilə kişidə sadalanan cəhətlər bir-birinə uyğun gəlmirsə, ailədə nə vaxtsa bəzi problemlər yarana bilər, məsələn, boşanma, xəyanət və s. Ona görə ailə həyatı quran zaman qadın və kişi tələsməməlidir, bir-birlərini yaxından tanımalıdırlar və qərarlarını düzgün şəkildə verməlidirlər.
Ailədə övladın sağlam psixologiyaya sahib olması üçün nə lazımdır? Bunun üçün valideynlər nə etməlidir?
Ailədə sağlam psixoloji mühitin olması valideyn üçün vacib olması ilə yanaşı həmçinin övladın da psixoloji durumuna çox təsiri olur. Sağlam psixoloji mühit olan ailədə uşağın tərbiyəsinin yaxşı olması ilə bərabər onun davranışları, insanlara olan münasibətinə də təsiri yaxşı olur. Belə uşağın davranışı sakit olur, etik qaydalara uyğun hərəkət edir. Dostları ilə müəllimləri ilə yanaşma və ünsiyyət tərzi fərqli olur. Ailədə ən birinci növbədə ana və atanın övladla ünsiyyəti düzgün səviyyədə olmalıdır. Ünsiyyət quran zaman valideynlər övladlarına qarşı sevgi ötürməli, onlarla anlayışlı şəkildə söhbət etməlidirlər. Söhbətin məzmununda övlad nəsihətlərinə aid kitablardan, həyatda olan təcrüblərdən, uşaq ikən yaşadıqları maraqlı xatirələrdən danışmaq faydalı olar bilər. Söhbət edərkən uşağın sizə ən birinci növbədə güvənməsi çox vacib şərtdir. Güvən olan zaman sevgi də yaranacaq. Nəticədə övladınız sizə çətinə düşdüyü məqamlarda fikirlərini, problemlərini sizinlə paylaşmaq istəyəcək. Övladı hər şeydən öncə dəyərli hesab etmək lazımdır. Onlarla danışarkən empatiya qurun yəni, övladınızın nə his etdiyini anlamağa çalışın. Övladınızın hislərini öz hislərinizlə eyniləşdirin. Bu sizə daha yaxşı anlayış yaratmağınıza və müsbət mənada təsirli nəticələr göstərəcəyinizə köməklik göstərəcək.
Övladınızla danışdığınız zaman “mən sənə inanıram”, “sən mənim üçün dəyərlisən”, “sən bizim ən dəyərli övladımızsan”, “biz səninlə fəxr edirik”, “yaxşı ki varsan” və s. bu sözləri onlara deyə bilərsiz. Övladınızın sıxıntılarını hiss etdiyiniz zaman mütləq onu danışdırmağa çalışın və bacardığınız qədər onu dinləyin. Əgər səhvi varsa anlayışlı qəbul edin.
Keçid dövrlərində uşaqlar emosional sıxıntı keçirirlər. Dəstəyə, qayğıya ehtiyac duyurlar. Ən çətin dövr yeniyetməlik dövrü hesab olunur. Ona görə bu dövrü bəzi uşaqlar çətin keçirə bilərlər. Yeniyetmənin psixoloji durumunda depressiya meyllilik, qapalılıq, aqressiya, kobudluq, səbrsiz olmaları və s yaranır. Valideynlər çox diqqətli olmalarıdır. Hər valideyn yeniyetməlik yaş dövründə olan övladının davranışlarına diqqət etməli, əgər ciddi durum varsa, mütləq şəkildə aradan qaldırılmasına köməklik göstərməlidir. Bəzi valideynlər işləri çox olduğu üçün övladına kifayət qədər zaman ayıra bilmir. Bəzi hallarda isə valideynlər övladlarına qarşı çox aşırı aqressiya göstərir, hər hərəkətini təhlil edir, nəticədə uşağın psixoloji durumunda qorxu yaranır, problemini paylaşa bilmir. Bəzən də uşaq problemini valideyninə danışarkən valideyn bunu düzgün qarşılamır, aşırı aqressiya göstərir. Övladında səhv olmadığı halda günahlandırır, yaxud fiziki zorakılıq göstərir. Hər bir valideyn bu hallarda övladını düzgün şəkildə dinləməli, problemin həlli yollarını düzgün istiqamətdə uşağına psixi travma yaşatmadan həll etməlidir.
Bu gün cəmiyyətdə yaranan problemlərin əksəri ailədən qaynaqlanır. İntihar, erkən nigahlar, narkomaniya, spirtli içkilərə meyllilik. Bu problemlərin kökü mən düşünürəm ki, ailə mühitindən, ailə münasibətlərindən yaranır. Ailədə əvvəldə qeyd etdiyim kimi sağlam mühit yoxdursa, mübahisələr tez-tez olursa, ailədə zorakılıq halları varsa uşağın psixologiyası sağlam olmayacaq. Nəticədə uşaq ailədə gördüklərini cəmiyyətdə icra edəcək və həmin tərbiyəyə sahib olacaq. Uşaq ailədə şiddət gördüyü halda onun psixoloji durumunda bəzi narahat hallar yaranır.
Beyin mərkəzi sinir sistemi sayılır. Əsəb, gərginlik yaşadığımız zaman beyində qan dövranı pozulur, orqanizmdə halsızlıq, ruh düşkünlüyü yaranır. Bədən ruhsal olaraq zəifləyir. Nəticədə psixoloji sağlamlıq pozulur. Psixoloji sağlamlıqla fiziki sağlamlıq bir-birilə əlaqəlidir. Biz güldüyümüz, sevindiyimiz zaman beyin xoşbəxtlik hormonlarını qəbul edir. Əvvəlkindən fərqli şəkildə orqanizm canlanır, beyində qan dövranı normal vəziyyətinə qayıdır, orqanizmdə müsbət emosiyalar yaranır. Bu zaman insan əylənmək, ünsiyyət qurmaq, gələcək barədə işlər görmək istəyir. Necə dəyərlər: “Gülmək ömür uzadır”
Əziz valideynlər, övladlarınızı sevin, onlar həyatınızın günəşidir. Həyatda sizə dayaq, dəstək olan sehirli qüvvələrdir. Allahın yaratdığı heç bir bəndə pis ola bilməz. Pis hesab edilənlər sağlam davranışla dünyaya gələn, ancaq səhv istiqamətdə verilən davranışların nəticəsidir.
“Hər uşaq kəşf olunmağa hazır bir ulduzdur”. Əgər övlada sahibsizsə siz dünyada möcüzəli bir nemətə sahibsiz. Övladın hər valideyn üçün dəyəri olur. İnanıram ki, uşaqların gələcəyi üçün zəhmət çəkən valideynlər çoxdur. Hal-hazırda maddi imkanı zəif olan, ancaq təhsilə üstünlük verən valideynlər də çoxdur. Onlar zəhmət çəkərək, övladlarına parlaq gələcək verirlər.Əziz valideynlər, övladlarınıza ən birinci təhsil verin. Təhsil cinsindən asılı olmayaraq hər övlad üçün böyük bir dəyərdir. Təhsil alan uşağın davranışı, xarakteri və gələcəyi uğurlu olur. Təhsil uşağın mənəviyyatını zənginləşdirir, həyatı təcrübə qazandırır.
Həyat gözəlliklərlə doludur. Gözəl olan insanın ruhudur, qəlbidir, hissləridir. Ruhunuzun, qəlbinizin, hisslərinizin hər zaman sevgi ilə dolu olmağını arzulayıram!
Tarix: 26-10-2020, 12:01