Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MÜASİR TƏHSİLİMİZ VƏ DƏRSLƏRİMİZ

   
 
Sevil Əliyeva,
Bakıdakı Heydər Əliyev adına liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
əməkdar müəllim

Müstəqilliyimizi möhkəmlətmək, qorumaq, irəliyə aparmaq üçün hərtərəfli, müstəqil düşünən, vətənpərvər, demokratik ruhlu gənclər yetişdirmək hər bir müəllimdən yüksək qabiliyyət, savad tələb edir. Ona görə də müəllimin üzərinə yüksək məsuliyyət düşür.
Buna görə də dərslərimdə fəal təlimdən, yeni interaktiv təlim metodları və üsullarından istifadə edir, şagirdlərin yaradıcı, tənqidi təfəkkürə yiyələnməsinə, sərbəst mühakimə yürüdüb öz fikirlərini söyləməsinə nail olmağa çalışıram.
Artıq bir neçə ildir ki, biz müəllimlər yeni fənn kurikulumunun tələbləri ilə işləyirik. Təlim nəticələrinə nail olmaq üçün uyğun strategiyalar seçilməsində, interaktiv dərslərin qurulmasında, planlaşdırma və şagird nailiyyətlərinin qiymətləndirilməsi işlərində təlimlər zamanı əldə etdiyim bilikləri iş təcrübəmə yaradıcılıqla tətbiq edirəm. Üzərimə düşən bələdçilik vəzifəsini, şagirdləri axtarışlara sövq etmək, onlarda olan bacarıqları, məntiqi təfəkkürü üzə çıxarmaq, əldə etdiklərini yoldaşları ilə bölüşdürə bilmək, birgə işləmək, ünsiyyət qurmaq, öz mövqeyini müdafiə etmək, fərqli fikirlərə hörmətlə yanaşmaq və s. bacarıqlarımı şagirdlərə aşılamaq üçün interaktiv dərslərə, təlim metodlarına önəm verir, dərslərimi günün tələblərinə uyğun qurmağa çalışıram.
İnteraktiv təlimlə keçilən dərslər ciddi elmi-metodik struktura malikdir. Burada hər bir addımda görülən işlər məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Bu dərsin gedişatı elədir ki, həmin mərhələləri bir-birindən ayırmaq və ya bəzisini ixtisara salmaq mümkün deyildir. Dərslərimdə əsas diqqəti materialın sinifdə araşdırılmasına və qarşıya qoyulan təlim məqsədlərinin yerinə yetirilməsinə yönəldirəm. Çalışıram ki, dərsin bütün mərhələləri − motivasiya, tədqiqatın aparılması, məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili, nəticələrin çıxarılması, yaradıcı tətbiqetmə, qiymətləndirmə, ev tapşırıqları şagirdlər üçün maraqlı olsun, onların diqqətini cəlb etsin.
Kurikulumlarda təlim forması və üsullarına təlim strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılmışdır. Onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər əsasında şərh edilmişdir.
İnteraktiv təlim metodları ilə işləmək üçün aşağıdakıların nəzərə alınmasının böyük əhəmiy­yəti vardır:
1. Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi.
2. Fəal dərsin mərhələləri.
3. Fəal dərsin strukturu.
Dərslərimdə fəal təlimin fərdi iş, cütlərlə iş, böyük qruplarla və kiçik qruplarla iş formalarından istifadə edirəm.
Fəal dərsin aşağıdakı mərhələlərinin səmərəliliyinə diqqət yetirirəm:
1. Düşünməyə yönəltmə − şagird mövzu ilə əlaqədar biliklərini xatırlayır, fəallaşır. Onlarda möv­zuya maraq yaradıram.
2. Dərketmə − yeni biliklərin öyrənilməsi kimi başa düşülür.
\3. Düşünmə − yeni biliyi möhkəmləndirmək üçün testlər, tapşırıqlar, əvvəlcədən hazırladığım kartoçkalar (üzərində maraqlı sxem, cədvəllərdən ibarət çalışmalar) verirəm.
Fəal dərsin birinci və ən vacib mərhələsi bünövrə rolu oynayan motivasiya mərhələsidir. Bu mərhələdə müxtəlif texniki vasitələrdən − televizordan, maqnitofondan, kompüterdən, maraqlı lent yazılarından istifadə edir, müxtəlif fənlərlə inteqrasiya yaradıram. Anarın “Keçən ilin son gecəsi” əsərini tədris edərkən pyesdən Qəzənfərin səsi yazılmış maqnitofon yazısı səhnəsinə − kiçik fraqmentə televizor vasitəsi ilə həvəslə baxırlar. “Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsillərə aparsın. Həyat da elə budur”. Tədqiqatın təşkilində problemin həlli istiqamətində sinfə iş tapşırıram, əvvəlcədən hər qrup üçün işçi vərəqləri hazırlayıram. İş formasını özüm seçirəm. Məlumatın mübadiləsində verilən tapşırıqla əlaqədar şagirdlər öz aralarında fikir mübadiləsi aparırlar, müstəqil fikirlər irəli sürürlər. Təbii ki, hansı qrupun cavabının daha dəqiq, dolğun olduğunu qeyd edirəm. Məlumatın müzakirəsi və təşkilində qrupun lideri işçi vərəqini lövhəyə yapışdırır, ümumi fikri müəllim və şagirdlərə çatdırır. Nəticənin çıxarılması mərhələsində dinlədiyim fikirlərə, nəticələrə münasibətimi bildirirəm, əgər yanlış fikir varsa, düzəliş edirəm, istiqamət verirəm, sonra ümumi nəticə çıxarırıq. Tətbiqetmə mərhələsində əldə olunan biliklərə əsaslanaraq sinifdə və ya evdə verdiyim tapşırıqlar yerinə yetirilir.
“Nə qədər yaxşı müəllim varsa, bir o qədər də yaxşı təlim metodları mövcuddur”. (D.Poya)
Metod müəllimin əsas silahlarından biridir. Həm Azərbaycan dili, həm də ədəbiyyat dərslərində müxtəlif metodlardan istifadə edirəm. Eyni metoddan istifadə, mənə elə gəlir ki, şagirdin fənnə marağını azaldır. Dərslərin maraqlı keçməsi üçün BİBÖ, şaxələndirmə, ikihissəli gündəlik, Venn diaqramı, konseptual cədvəl, anlayışın çıxarılması, söz assosiasiyası, əqli hücum, debat, layihə, rollu oyun və s. kimi metod priyomlardan geniş istifadə edirəm. Qruplarla iş aparan zaman müqayisə apararkən, oxşar anlayışların, fikirlərin, obrazların və s. fərqləndirilməsi üçün Klaster, Konseptual cədvəl, Venn diaqramı və s. kimi üsullar faydalıdır. Azərbaycan dili dərslərində ən çox aşağıdakı anlayışların mənimsədilməsində: 1) çoxmənalı sözlər və omonimləri; 2) – ı4 şəkilçisinin omonimliyini; a) isimdən sifət düzəldən şəkilçi kimi-şabalıdı torpaqlar; b) təsirlik hal şəkilçisi kimi-hekayəni oxudum; c) mənsubiyyət şəkilçisi kimi-evi görünür; d) feildən isim düzəldən şəkilçi kimi-cəki; 3) –ın4 şəkilçisinin omonimliyini; a) II şəxs tək mənsubiyyət şəkilçisi ilə yiyəlik hal şəkilçisini; b) feildən isim düzəldən şəkilçi kimi - əkin; 4) feillərdə omonim şəkilçilər (məchul növ, şəxssiz növ və qayıdış növ şəkilçisi –ın4, icbar növ və təsirli feil –dir4 şəkilçisi; 5) tabesiz mürəkkəb cümlələrin məna əlaqələri; 6) tabesiz mürəkkəb cümlələrlə həmcins xəbərli sadə cümlələrin bəzi oxşar və fərqli cəhətlərini aydınlaşdırmaq üçün təlim metodlarından səmərəli istifadə etməyə çalışıram. Hər qrupun müqayisəsinin daha düzgün, daha dəqiq aparılmasını xüsusi qeyd edirəm.
Ədəbiyyat dərslərində də bu metodların böyük əhəmiyyəti vardır. Bəzi obrazların mənimsədilməsində: məsələn, “Xeyir və Şər” mənzum hekayəsində Xeyir və Şərin müqayisəsi (“Yeddi gözəl” poemasından); “Dədə Qorqud” və “Koroğlu” dastanında oxşarlıqlar və fərqlər (X sinif); C.Cabbarlının süjet xətti, mövzu və üslub etibarı ilə oxşar əsərləri (“Ədirnə fəthi” və “Trablis müharibəsi” dramları, XI sinif); Aydınla Oqtay Eloğlunun müqayisəsi (“Aydın” və “Oqtay Eloğlu” dramları, XI sinif); Vaqif və xalq, Natəvan və xalq- hər ikisinin müqayisəsi (S.Vurğunun “Vaqif” dramı və İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” dramı) və s.
“Konseptual cədvəl” - müqayisə ediləcək obyektlər müəyyən edilir və sütunun birində yazılır. Digər sütunda isə onları hansı keyfiyyətinə görə müqayisə etmək lazım gəldiyi qeyd olunur. Ədəbiyyat dərslərində xüsusən də təhlil prosesində surətlərin səciyyəsini həmin cədvəl əsasında aparmaq olar. Məs: VIII sinifdə N.Gəncəvinin “Sultan Səncər və qarı” əsəri.
Müzakirələr. (Diskussiya) Hər hansı bir məsələyə dair fikir mübadiləsi aparıram. Nəyin müzakirə ediləcəyini müəyyən edirəm, reqlament təyin edirəm. Debatdan fərqli olaraq, dərsi müəyyən qərarın qəbul edilməsi ilə yekunlaşdırıram. Müzakirə olunan məsələ ilə bağlı hərə öz fikrini, öz mövqeyini ifadə verir, yoldaşlarının fikirlərinə münasibət bildirirlər. Məs: C.Cabbarlının “Oqtay Eloğlu” əsərində anasının, bacısının vəziyyətini xatırladan Səməd bəyə Oqtayın cavabını necə qiymətləndirirsiniz? Oqtayın xasiy­yətindəki hansı cəhətlər diqqəti cəlb edir? Onu yaxşı oğul, vətəndaş, fədakar adlandırmaq olarmı? Oqtay yalnız milli teatr yaratmaq uğrundamı mübarizə aparır? Onu cəmiyyətdəki pul, var-dövlət hərisliyinə, haqsızlığa, rəzalətə etiraz edən üsyançı bir qəhrəman hesab etmək olarmı?
Söz assosiyası: Mövzunun tələbinə uyğun olan bir sözü səsləndirirəm. Şagirdlər həmin sözlə daha çox bağlı olan digər sözləri səsləndirirlər. Məs: Cümlə üzvləri dedikdə nə başa düşürsünüz? Şagird cavab verir: mübtəda, xəbər, təyin və s. Baş üzvlərlə ikinci dərəcəli üzvlərin fərqi nədir? Sonra uyğun gələn anlayışı seçirəm və dərsdə nədən danışılacağını şagirdlərə elan edirəm.
Ədəbiyyat dərslərində əsərin məzmununu yaxşı mənimsətmək məqsədilə əsərdəki hadisələri qarışıq şəkildə yazıram. Hadisələri ardıcıllıqla sıralamağı hər qrup üçün ayrıca tapşırıq kimi verirəm. Məsələn: Ə.Haqverdiyevin “Bomba” hekayəsində hadisələri ardıcıllıqla sıralayın:
( ) Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb evin altını üstünə çevirdilər.
( ) Kərbəlayı Zal “Qanlı gecə” ilə “Zavallı” küçəsinin küncündə durub pristavın sözlərini fikir edirdi.
( ) O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
( ) Kərbəlayı Zal çuvalları görən tək qışqırdı:
- Barin, vot, vot bomba!
Anlayışın çıxarılması: Müəyyən əlamətlərə görə əşyanın, anlayışın tapılmasını tələb edirəm. Belə ki, tapılacaq anlayışı bir vərəqə yazıram və üstünü sual işarəsi yazılmış başqa bir vərəqlə örtürəm. Onun altında isə həmin anlayışa dair bir neçə (azı iki) əlamət qeyd edirəm. Şagirdlər həmin əlamətlər əsasında anlayışı tapırlar. Əlamətlərə istinad edərək anlayışı tapa bilməsə, başqa əlamətləri buraya daxil edirəm. Ta ki, şagirdlər əlamətlər əsasında anlayışı ortaya çıxara bilsinlər.
İrihissəli gündəlik: Şagirdlər mətni oxuyurlar. Tapşırıq verirəm ki, sizi cəlb edən misra, bənd və ya sözləri (cümlə, epizod və s.) seçərək birinci sütunda qeyd edin, o biri sütunda qarşısında niyə onu seçmənizə dair şərhinizi verin, yəni seçiminizə bir aydınlıq gətirin. Şagirdlər fərdi şəkildə cədvəli doldurmağa başlayırlar. Sonra yazılar dinlənilməyə başlanır. Məs: M.Ə.Sabirin “Əkinçi”, İ.Nəsiminin “Ağrımaz”, Ə.Haqverdiyevin “Bomba” və s. əsərlərini tədris edərkən ikihissəli gündəlik üsulundan istifadə faydalıdır.
Qiymətləndirməni müxtəlif formada - qrupların işini təlim məqsədlərinin nə dərəcədə reallaşdığını göstərmək üçün hazırladığım cədvəllərdən istifadə edirəm. Elə təşkil edirəm ki, bəzən qruplar digər qrupların fəaliyyətini, bəzən şagirdlər özləri özlərini qiymətləndirirlər.
Beləliklə, fəal interaktiv dərsin səmərəliliyi müəllimin planlaşdırma və bələdçilik bacarıqlarından asılı olan bir işdir. Müəllim dərsin bütün mərhələlərində görüləcək işləri əvvəlcədən dəqiq planlaşdırmalı, ciddi hazırlıq işləri görməlidir. Öyrəniləcək proqram materialının məzmununu, hansı təlim metodlarından istifadə edəcəyimi, motivasiya, dialoq, diskussiya, əməkdaşlıq, tədqiqat mühitini necə yaradacağımı, dərsdən əvvəl maraqlı, müxtəlif formada iş vərəqləri, testlər, sual və tapşırıqlar, qiymətləndirmə vərəqi və cədvəllərini hazırlamalı, hansı texniki və əyani vəsaitdən, əlavə mənbədən istifadə edəcəyini planlaşdırmalıdır.
Onu da qeyd edim ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 23 may tarixli sərən­camı qarşımızda olduqca mühüm vəzifələr qoymuşdur. Sənəddə deyilir: “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbay­canlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müs­təqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.
Bəli, biz öz dilimizi, öz ədəbiy­yatımızı, milli-mənəvi dəyərlərimizi qorumalıyıq. İnsan cə­miy­yətinin tərəqqi etməsi, hər şeydən əvvəl, dil və ədəbiyyatın tərəqqisi ilə bağlıdır.
   


Tarix: 4-08-2017, 09:39

Xəbəri paylaş