XİLASKAR
Azərbaycan xalqı tarixinin ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürməyi bacaran xeyli sayda dahi şəxsiyyətlər yetişdirmişdir. Hələ XVI əsrin əvvəllərində Şah İsmayıl Xətai nəinki parçalanmış vəziyyətdə olan Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmiş, həm də Yaxın və Orta Şərqin tarixində dərin izlər buraxmış nəhəng Səfəvi imperiyasını yaratmışdı. Oxşar missiyanı XVIII əsrin 30-40-cı illərində hakimiyyətdə olmuş Nadir şah Əfşar da yerinə yetirmişdi. O, əvvəlcə Azərbaycanı ələ keçirib öz aralarında bölüşdürmüş rus və Osmanlı işğalçılarını torpaqlarımızdan çıxarmış, sonra isə sərhədləri Hindistana qədər uzanan böyük Əfşar imperiyasının əsasını qoymuşdur.
XX əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycan xalqı öz tarixinin ən çətin günlərini yaşayırdı. Doğrudur, 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdi. Lakin, ulu öndər Heydər Əliyevin sonralar göstərdiyi kimi, müstəqilliyi saxlamaq, onu əldə etməkdən daha çətin vəzifə idi. Müstəqilliyin ilk illərində Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr nəinki yenicə əldə edilmiş müstəqilliyin itirilməsi, hətta torpaqlarımızın parçalanıb bölüşdürülməsi təhlükəsi yaradırdı. Bir tərəfdən 1991-1993-cü illərdə hakimiyyət başında olmuş iqtidar nümayəndələrinin səriştəsizliyi, digər tərəfdən isə bütün bu müddət ərzində hakimiyyət uğrunda mübarizənin fasiləsiz olaraq davam etməsi sabitliyin yaranması yolunda ciddi əngələ çevrilmişdi. Əksəriyyəti xarici kəşfiyyata işləyən üzdəniraq “liderlər” öz məqsədlərinə çatmaq üçün ən iyrənc vasitələrdən belə çəkinmirdilər.
Yaranmış ağır vəziyyətdən ermənilər Azərbaycan torpaqlarını işğal etmək üçün istifadə etməyə başladılar. 1992-ci ilin yanvarında Kərkicahan, Malıbəyli və Quşçular işğal olundu, fevralda dəhşətli Xocalı qətliamı törədildi. Həmin il mayın 8-də uzun müddət Azərbaycanın alınmaz qalası hesab edilən Şuşa şəhəri xəyanət nəticəsində düşmən əlinə keçdi. On gün sonra eyni aqibəti Laçın rayonu da yaşadı. Həmin dövrdə Azərbaycanda baş verən hadisələri bütün çılpaqlığı ilə xarakterizə edən ulu öndər söyləmişdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri hakimiyyətdən saldı, xalq özü saldı”. Belə bir ağır vəziyyətlə üzləşmiş Azərbaycan xalqı 1991-ci il sentyabrın 3-dən Naxçıvan MR Ali Məclisinin sədri işləyən Heydər Əliyevin fəaliyyətini diqqətlə izləyirdi. Heydər Əliyev Ermənistanın yaratdığı blokada nəticəsində olduqca ağır vəziyyətə düşmüş Naxçıvanı, sözün həqiqi mənasında, xilas etmək üçün bir sıra qətiyyətli addımlar atdı. Bütün Naxçıvan əhalisini səfərbərliyə alan ulu öndər erməni quldur dəstələrinin torpaqlarımızı ələ keçirməsinə imkan vermədi. Türkiyə və İran rəhbərliyi ilə əlaqə yaradan Heydər Əliyev bu ölkələrdən alınan kömək sayəsində Naxçıvan əhalisinin olduqca ağır olan sosial-iqtisadi durumunun xeyli yaxşılaşdırılmasına nail oldu.
Heydər Əliyevin müdrikliyinə və zəngin dövlətçilik təcrübəsinə əmin olan, onun Naxçıvandakı fəaliyyətini böyük uğur kimi qiymətləndirən xalqımız aydın şəkildə başa düşürdü ki, ölkəni düşdüyü ağır vəziyyətdən yalnız bu dahi şəxsiyyət xilas edə bilər. Heç də təəccüblü deyildir ki, xalqın müxtəlif təbəqələrinə məxsus insanlar - alimlər, yazıçılar, sadə xalqın nümayəndələri Heydər Əliyevə müraciət edərək ondan Azərbaycan rəhbərliyinə qayıtmağı, xalqı düşdüyü bu ağır vəziyyətdən xilas etməyi xahiş edirdilər. Ən çətin günlərdə xalqı ilə bir yerdə olmağı özünün siyasi fəaliyyətinin başlıca qayəsi seçmiş ulu öndər bu təkidli müraciətlərə laqeyd qala bilməzdi. 1993-cü il iyunun 9-da xalqın tələbi ilə məcburiyyət qarşısında qalan prezident Elçibəyin dəvətilə o, Bakıya gəldi və ilk günlərdən qızğın siyasi fəaliyyətə başladı. İyunun 13-14-də Gəncə şəhərinə səfər edərək, qiyam qaldırmış hərbi müxalifətlə danışıqlar apardı və ölkədə vətəndaş müharibəsinin alovlanmasının qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Vəziyyətin olduqca mürəkkəb olmasına baxmayaraq, Heydər Əliyev xalqı düşdüyü ağır vəziyyətdən xilas etmək missiyasını öz boynuna götürdü. O, Milli Məclisin fövqəladə sessiyasındakı çıxışında demişdir: “Bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram. Və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”.
15 iyun Azərbaycan xalqının dövlətçilik tarixində fövqəladə əhəmiyyəti olan bir gündür. Həmin gün Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizi məhv olmaqdan, xalqımızı yenidən kölə vəziyyətinə düşməkdən xilas etdi. Qədirbilən Azərbaycan xalqı 1997-ci ildən başlayaraq iyunun 15-ni Qurtuluş günü kimi bayram edir. Həmin günü Azərbaycan xalqının ən şərəfli bayramlarından biri kimi rəsmiləşdirən Azərbaycan Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi”.
Ulu öndər Heydər Əliyevin xidməti yalnız Azərbaycanı iflasdan xilas etməklə bitmir. Onun qətiyyəti və uzaqgörənliyi sayəsində ölkə sosial–iqtisadi böhrandan və hakimiyyət uğrunda çəkişmələrdən birdəfəlik xilas oldu. Xalqımızın milli birliyi təmin olundu, sosial-iqtisadi və mədəni quruculuqda güclü və davamlı inkişafın əsası qoyuldu. Heydər Əliyevin və onun layiqli davamçısı olan İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Mustafa Babanlı,
ADNSU-nun rektoru,
professor
Tarix: 4-08-2017, 09:26