Sözün qiymətini biləndən soruş
Bəşər tarixindən məlumdur ki, hər dövrün öz ədəbi simaları, elmi korifeyləri və sayılıb-seçilən böyük ziyalıları olubdur. Bunları dövrümüzün fenomen şəxsiyyətlərindən olan böyük ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yüksək təşkilatçılıq bacarığına malik olan akademik İsa Həbibbəyli şəxsiyyətinə də şamil etmək olar. İsa Həbibbəyli dərin zəkalı, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də insan qəlbini duyan, oxuyan qüdrətli psixoloqdur, əsl pedaqoqdur, böyük humanist şəxsiyyətdir. Ünsiyyətdə olduğu insanların hər birinin yerini və dəyərini çox gözəl bilir. İnsanlarla tez dil tapmaq bacarığına malikdir. Ağa ağ, qaraya qara deməyi bacarır. Olduqca xeyirxah bir ürəyə malikdir. Kim imdad diləsə, ona köməkliyini əsirgəmir. Onu insanlara sevdirən məhz bu yüksək insani keyfiyyətləridir.
İsa Həbibbəyli 1949-cu il oktyabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professor, akademikdir. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvüdür, Əməkdar elm xadimidir. 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış, dünya standartları səviyyəsində müasir universitet quruculuğuna imza atmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru kimi də 2013-cü ildən Akademiyada keçirilən islahatların əsas hərəkətverici qüvvələrindən biridir.
Akademik İsa Həbibbəyli ölkəmizdə və xarici ölkələrdə elm adamı kimi böyük imic qazanmışdır. O, bir sıra beynəlxalq elmi qurumlarda ölkəmizi uğurla təmsil edir. Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun, Moskvada nəşr edilən «Beynəlxalq elmi jurnal»ın redaksiya heyətinin və bir çox digər elmi və siyasi təşkilatların üzvüdür. Bütün bunlarla yanaşı, İsa müəllim həm də Azərbaycan Respublikası Milli Məclisin deputatı (2003), 2015-ci ildən isə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, habelə Milli Məclisin Toponomiya Komissiyasının sədridir. Akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Elm və təhsil komitəsində onun bilavasitə rəhbərliyi və zəhməti sayəsində “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” ölkəmizin qanunları təsdiq olunmuşdur. Eyni zamanda, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının sədri kimi müstəqillik dövründə Akademiyanın birinci Nizamnaməsini hazırlamışdır. İsa Həbibbəylinin ssenarisi əsasında və onun özünün rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası haqqında film çəkilib nümayiş etdirilmişdir. Bundan başqa, İsa müəllim Akademiya tarixində ilk dəfə yazılmış “Akademiya marşı”nın da müəllifidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Müstəqillik yollarında” kitabı da onun yaxından iştirakı və müəllifliyi ilə hazırlanmışdır. Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrində yeni elmi-tədqiqat institutlarının, şöbələrin və sektorların yaradılmasının da əsas təşəbbüsçülərindən və əsas icraçılarından biridir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda köklü islahatların aparılması, yeni şöbələrin açılması, beynəlxalq elmi konfransların keçirilməsi onun adı ilə bağlıdır. İsa müəllim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun «Azərbaycan ədəbiyyatşünaslığı», «Poetikamız», «Müqayisəli ədəbiyyatşünaslıq» jurnallarının Baş redaktoru, Ədəbiyyat İnstitutu Dissertasiya Şurasının sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, respublika Dövlət Mükafatları Komissiyasının üzvü kimi də ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. Elm xadimi kimi də çox məhsuldar şəkildə çalışır. O, 89 kitabın, 1428 məqalənin, habelə 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 29 elmlər namizədi, bir çox elmlər doktorları yetişdiribdir. Akademik İsa Həbibbəyli 12 monoqrafiya, habelə bir sıra dərslik və dərs vəsaiti kitablarını çap etdirib oxuculara çatdırmışdır. Əsərləri ingilis, fransız, rus, türk, ərəb, fars, bolqar, macar və bir neçə digər xalqların dillərində çap olunubdur. Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsidir. Hər iki elmi istiqamət üzrə sanballı xidmətləri vardır. İsa müəllim bir çox ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustan və digər ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda müstəqil Azərbaycan elmini, onun hərtərəfli inkişafını ləyaqətlə təmsil və təbliğ etmişdir.
İsa müəllim öz elmi yaradıcılığında və çoxsahəli təşkilatçılıq yolunda daim yeniliyə can atır. O, hər sahədə yenilik etməyə səy göstərir. Elə son illər məhz İsa Həbibbəylinin təşəbbüsü ilə yaranan «Fizika və lirika» elmi-ədəbi konfransı mütəmadi şəkildə keçirilir. Məhz bu yolla saysız-hesabsız elm korifeylərimizin bədii yaradıcılıqları işıq üzü görmüş və geniş oxucu auditoriyasına çatdırılmışdır. İsa müəllimin böyük zəhmətlə ərsəyə gətirdiyi bu tədbirlər olduqca təqdirəlayiqdir və geniş ümumxalq məhəbbəti qazanmışdır. O, Azərbaycan ziyalılarının çox istedadlı olduğunu bir daha diqqətə çatdırır. “Fizika və lirika” konfransları dəqiq elmlər, təbiət elmləri və yer elmləri ilə humanitar və ictimai elm sahələri arasında əlaqələri elmi müstəviyə çıxarıb möhkəmləndirən və genişləndirən mötəbər elm körpüləridir. “Fizika və lirika” artıq beynəlxalq miqyasda da alimlərin böyük marağına səbəb olub.
Görkəmli alim, müdrik şəxsiyyət, böyük ziyalı, gözəl təşkilatçı, tanınmış ictimai xadim, akademik İsa Həbibbəyli Azərbaycanımızın sevilən ən dəyərli ziyalı şəxsiyyətlərindəndir. O, əsl bədii sözün və real elmin qiymətini bilən, onu qiymətləndirən, irəli aparan böyük alim və bacarıqlı elm təşkilatçısıdır.
Azərbaycanımızın akademik İsa Həbibbəyli kimi böyük qüdrət sahibi olan ziyalılarıyla fəxr etməyə tam haqqı vardır. İsa müəllimi anadan olmasının 70 illiyi münasibətiylə aşağıdakı misralarla bir daha təbrik edirəm, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
ADI ALƏMDƏ GƏZƏR SÖZƏ QİYMƏT VERƏNİN
Akademik İSA HƏBİBBƏYLİNİN 70 illiyinə
Sən elm aləmində bir canlı dağsan,
Sənət dünyasını demirəm hələ.
Söhbət kürsüsündə odsan-ocaqsan
Səni o Yaradan yaratdı belə.
Xeyirxahlıq oldu xislətin sənin,
Tanrıdan yazıldı bu qismət sənə.
Gəzir dil-dodaqda şöhrətin sənin,
Hər yerdə bəslənir bil, hörmət sənə.
O qədər odlusan, alovlusan ki,
Hər eldə sanki bir od-ocağın var.
Sən elə yüksəlib ucalmısan ki,
Sənə həsəd çəkir zirvəli dağlar.
Sevinir dost-tanış, sevinir elim,
Gəlir əllərində dəstə gül-çiçək.
Yetmişi haqladın, ay İsa müəllim,
Səni yüz yaşında təbrikə gələk.
Hikmət MAHMUD,
geologiya-mineralogiya elmləri
doktoru, professor, şair
Tarix: 6-11-2019, 19:34