Ümumtəhsil məktəblərində psixoloji xidmətin səmərəliliynin artırılması yolları
Nərmin Bədirova,
Şirvan şəhər S.Hüseynov adına
1 nömrəli tam orta məktəb-liseyin praktik psixoloqu
İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərə ehtiyac duyulmasın.XXI əsr psixologiya əsri olduğu üçün psixoloji xidmət insanların ən çox ehtiyac duyduğu sahələr sırasındadır. İşçilər arasında qarşılıqlı münasibətlərin pozulması, kollektiv üzvlərinin bir-birini narahat etməsi, mübahisələrin olması və s. bu kimi problemlərin aradan qaldırılmasında psixoloji xidmətin böyük rolu vardır.
Psixoloji xidmət bir çox müəssisələrdə fəaliyyət göstərir. Hər müəssisədə psixoloji xidmət üzrə fəaliyyət göstərən şəxslər (məktəb psixoloqu, klinik psixoloq, hərbi psixoloqlar və s.) vardır. Məktəbdə şagirdlərin təlimə münasibətinin və tərbiyəlilik səviyyəsinin yüksəldilməsi, müəllim-şagird, müəllim-valideyn, müəllim-müəllim münasibətlərində çətinliklərin aradan qaldırılması psixoloji xidmətin üzərinə düşür.
Təlim-tərbiyə prosesinə mane olacaq psixoloji problemlərin aşkarlanıb aradan qaldırılmasında professional psixoloji yardım göstərmək, təhsilin normal gedişinə təsir edəcək stressogen(stressin doğurduğu-N.B.) faktorların aradan qaldırılmasına köməklik göstərmək məktəbdə psixoloji xidmət işinin məqsədidir.
Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim-tərbiyə sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir ki, bu işləri də məktəbin praktik-psixoloqu həyata keçirir.
Psixodiaqnostikada şagirdlərin əqli və fərdi imkanları aşkar olunur, şagirdlərin təlim sahəsində nailiyyətsizliyinin, intizamsızlılığının, sinif yoldaşları və müəllimləri ilə şəxsiyyətlərarası münasibətlərin pozulmasının səbəbləri öyrənilir. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır. Praktik psixoloq diaqnostik işləri psixoloji test və sorğuların köməyi ilə həyata keçirir.Test və sorğular problemin səbəbinin öyrənilməsində əsas rol oynayır.
Psixoloji xidmətin digər bir istiqamətini psixoprofilaktika təşkil edir. Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların aradan qaldırılmasında mühüm rol oynayır. Psixoloqun psixoprofilaktik işləri dedikdə bunlar nəzərdə tutulur:
-birinci sinfə qəbul olan şagirdlərin zəif, normalara uyğun gəlməyən cəhətlərinin aşkara çıxarılır.
-keçid dövründə şagirdlərin adaptasiyası ilə bağlı problemlər araşdırılır. Keçid dövrü dedikdə, IV və VII siniflərin növbəti siniflərə keçidi nəzərdə tutulur.
Praktik psixoloq psixoprofilaktik tədbirlərin həyata keçirilməsində müşahidə, anket-sorğu, psixoanaliz (söhbət, təhlillər), sosiometriya, testləşdirmə və psixoqrafiyadan istifadə edir.
Psixokorreksiya bu və ya digər çətinliyi və onun səbəbini aşkara çıxarmaqla yanaşı şagirdlərin şəxsiyyətində, əqli inkişafında, müəllim-valideyn və sinif yoldaşları ilə münasibətlərində özünü göstərən qüsurların aradan qaldırılmasını həyata keçirir.
Psixoloji xidmətin digər sahələrindən biri də psixokonsultasiyadır. Psixokonsultasiyaya müəllim, şagird və valideynlərlə aparılan məsləhət işləri aiddir. Psixokonsultasiya fərdi və qrup şəklində həyata keçirilə bilər. Burada əsas məqsəd problemin mahiyyətini öyrənib, onun aradan qaldırılması üçün müvafiq məsləhət və tövsiyələrin verilməsidir.
Həmçinin problemli şagirdlərlə vaxtaşırı aparılan söhbət və konsultasiyalar; onların probleminin aradan qaldırılması istiqamətində sinif rəhbəri, fənn müəllimləri və valideynlərlə müntəzəm olaraq əlaqə yaratmaq; şagirdlərin davranışını, onların sinif müəllimləri və sinif yoldaşları ilə qarşılıqlı münasibətini müşahidə etmək üçün vaxtaşırı dərs dinləmələrində iştirak etmək; valideyn iclaslarında lazımı psixoloji yardıma ehtiyac olduğu halda iştirak edərək qeydlər götürmək; istedadlı şagirdləri aşkar etmək və onların qabiliyyətini yoxlamaq məqsədi ilə ictimai işlər və intellektual bilik yarışlarına cəlb olunmasına məktəb rəhbərləri ilə birlikdə müvafiq köməklik göstərmək; psixoloji dəstəyə ehtiyacı olan şagirdlərə xidmət göstərmək; psixoloji problemi, davranış problemi olan uşaqlara ciddi nəzarət etmək və tez-tez psixoloji metodlardan istifadə edərək problemin aradan qaldırılmasına köməklik göstərmək psixoloqun əsas işləri sayılır.
Psixoloji xidmət işinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün praktik psixoloqlar işində məsuliyyətli və diqqətli olmalıdırlar. Ona müraciət edən müəllim,valideyn və şagirdlərin problemləri barədə söylənilən məlumatın məxfiliyi mütləq qorunub saxlanılmalıdır.
Məktəb psixoloqunun fəaliyyətində diqqət aşağıdakı prinsiplər diqqət mərkəzində saxlanılmalıdır:
1. Heç kimə zərər toxundurmamaq: praktik psixoloq öz işini elə nizamlamalıdır ki, həyata keçirdiyi işlərin nəticələri insanların sağlamlığına, mənəvi-psixoloji aləminə zərəri dəyməsin.
2. Məxfiliyin qorunması: psixoloqun gördüyü hər bir işin məxfiliyi qorunmalıdır.
3. Özününümayişin yolverilməzliyi: psixoloq özünün bilik və bacarıqları ilə qürrərələnməməli, özünü başqalarında sübut etməyə çalışmamalıdır.
4. İnsanları olduğu kimi qəbul etmək:insanların hiss və düşüncələrinə hörmətlə yanaşmaq.
5. Həmkarlarının iş fəaliyyətinə, iş metodlarına hörmətlə yanaşmaq:aparılan müəyyən müzakirə və diskussiyalarda həmkarlarla münasibətləri qarşılıqlı hörmət əsasında qurmaq, başqalarının yanında tənqidə, iradlara yol verməmək vacibdir.
Məktəbdə psixoloji xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün aşağıda göstərilənlər həyata keçirilməlidir.
1. Uşaqların məktəbə qəbul zamanı onların hazırlıq səviyyəsini müəyyən etmək, sinif müəllimlərinə köməklik göstərərək şagirdlərin məktəbə adaptasiyasına nail olmaq.
2. Şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərini, intellektual, emosional, iradi və şəxsiyyət göstəricilərini diaqnozlaşdıraraq, onların düzgün təlim-tərbiyəsinə mane olan səbəblərin aradan qaldırılması üzrə tədbirlər görmək
3. Şagirdlərin təlim nailiyyətsizliyi yaradan səbəbləri müəyyənləşdirib, onların aradan qaldırılması üzrə tədbirlər görmək.
4. Şagirdlərə həmyaşıd, müəllim və valideynlərlə qarşılıqlı münasibətlərin pozulması səbəblərini izah etmək
5. Davranış və şəxsiyyətində problemi olan şagirdləri müəyyənləşdirmək və onların problemi üzrə psixoloji kömək göstərmək.
6. Xüsusi qabiliyyəti ilə seçilən şagirdlərin istedadının üzə çıxarılması sahəsində məktəb rəhbərləri ilə birgə müəyyən işləri həyata keçirmək.
Uşağın məktəbə psixoloji hazırlığın diaqnostikası dedikdə onun məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək, həmin sahədəki qüsurların aradan qaldırılmasına köməklik göstərmək nəzərdə tutulur. Psixodiaqnostika işi sinif müəllimi ilə birlikdə görülür.
Şagirdlərin məktəbə qəbulu zamanı onların davranışı və psixoloji durumu ilə psixoloq məşğul olmalıdır. Onlarla fərdi söhbətlər aparılmalı, valideyn və sinif rəhbərləri ilə əlaqə yaradılmalıdır. Məktəbə psixoloji hazırlıq zamanı şagirdlər əvvəlcə psixoloji müayinədən keçməlidir. Psixoloji müayinə zamanı “Kern Yerasek testi”, “Seqen lövhəsi” metodundan istifadə olunması məsləhətlidir.
Kern Yerasek testi vasitəsi ilə şagird haqqında həm ümumi məlumatlar əldə olunur, həm də onun bilik ehtiyatı, məktəbə münasibəti, təfəkkür və nitqi, hafizə və diqqəti, ətrafdakı adamlara münasibəti, ailəsi haqqında məlumatlar əks olunur.
Seqen lövhəsi bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir, onların gərginliyini aradan qaldırır. Bununla da uşağın uğur qazanması üçün şərait yaradır. Seqen lövhəsi bir neçə topludan ibarətdir. Bu metodda, fəaliyyət metodlarından (fiqurlardan) oyun xarakteri daşıdığı üçün istifadə olunur. Uşaqlar fiqurları vaxt əsasında toplayırlar. Nəticədə uşağın hərəkətləri, fəallığı, diqqəti, işgüzarlığı, maraqları öyrənilir.
Psixoloji yoxlamaları valideynin iştirakı ilə aparmaq da məqsədəuyğundur. Yoxlamanı yoxlayarkən valideynlərə izah olunur ki, yoxlamanın məqsədi uşağı imtahan etməkdən ibarət deyildir. Burada əsas məqsəd uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir.
Psixoloji xidmət işinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən ən vacibi məktəbdə psixoloji cəhətdən (davranış, yaxud şəxsiyyətində psixoloji pozuntusu olan şagirdlərin psixoloji sağlamlığının bərpa edilməsində psixoloji köməkliyin göstərilməsidir. Məlumdur ki, bu gün problemli uşaqların sayı getdikcə çoxalır. Eləcə də məktəb mühitində daha çox rast gəlinir. Ünsiyyət, davranış problemi olan, aqressiv və nevrotik problemli şagirdlərə daha çox diqqət yetirmək lazımdır. Ünsiyyət yaratmaqda çətinlik çəkən şagirdlərə V, VII siniflər arası keçid dövründə rast gəlmək olur. Belə şagirdlərdə özünəinam aşağı səviyyədə olur. Uşaq özünə digərlərindən aşağı qiymət verir, ailəsinin ona dəstəyinin az olması, ailədə sağlam psixoloji mühitin olmaması uşaqlarda qorxu, tənhalığa, eqoizmə digər psixoloji problemlərə yol aça bilir. Aparılan müşahidələrdən belə qeyd olunur ki, ünsiyyət problemi və digər problemlərin kökü məhz ailədən, ailədə rol oynayan genetik faktorlar, ailə mühitindən yaranır.
Ailə mühitində isə sağlam qarşılıqlı münasibət, tərəflərin bir-birinə qarşılıqlı anlaşma və hörməti çox vacib şərtlərdəndir. Sağlam və ahəngdar ailə mühitində formalaşan şagird təbii ki, psixoloji baxımdan sağlam olur, tərbiyəli, mədəni və özünəinamlı olur.
Aqressiv ve nevrotik problemi şagirdlərlə diaqnostik və profilaktik işlər görülməlidir. Əvvəlcə həmin şagirdləri müayinə etmək üçün psixodiaqnostik testlərdən istifadə olunur. Məsələn, Ayzenkin “Temperament” testləri, xarakterin öyrənilməsi, şagirdin psixoloji durumunu öyrənmək üçün anket və testlərdən istifadə olunur. Sonra psixoprofilaktik metodlar (vaxtaşırı söhbət, müşahidə yolu ilə) probleminin aradan qaldırılmasına köməklik göstərilir. Belə şagirdlərin müəllim və şagirdlərlə qarşılıqlı münasibətlərində də çətinlik olur. Onlar müəllimlər, sinif yoldaşları və valideynləri ilə düzgün şəkildə ünsiyyət yarada bilmirlər, hər bir məsələdə öz fikirlərini haqlı sayır, başqalarının fikirlərini düzgün qiymətləndirməyi bacarmırlar. Belə uşaqlarla psixoloq müntəzəm olaraq fərdi söhbətlər aparmalıdır. Onlara psixoloji tövsiyələr verilməli və nəzarət olunmalıdır.
Şagirdlərin bəzilərində davranış, bəzi şagirdlərdə isə şəxsiyyət pozuntusu olur. Davranış pozuntusu olan şagirdlərdə yalan söyləmə, icazəsiz kiminsə əşyasını götürmə, diqqət dağınıqlığı, kəkələmə,özünə və başqalarına zərər vurma halları olur.
Şəxsiyyət pozuntusu olan şagirdlərin xarakterik xüsusiyyətləri isə fərqli olur. Şəxsiyyət pozuntusu bir neçə növdə olur. Paranoid, şizoid, şizotipal, antisosial, isterik, narsisistik, obsessiv-kompulsiv, utancaq, asılı şəxsiyyət pozuntuları aiddir. Hər bir şəxsiyyət pozuntusu növləri bir-birindən fərqlənir. Xarakterik xüsusiyyətlərində eqoizm, şübhəçi, utancaqlıq, fərqli düşüncə və qəribə fikirləri olan, başqalarına ziyan və zərər vurmağı sevən və s. aiddir. Belə şagirdlər evdə valideynlər, məktəbdə isə müəllim və pedaqoji kollektiv tərəfindən xüsusi nəzarət altında saxlanılmalıdır. Problemlərin aradan qaldırılması üçün valideynlər, fənn müəllimləri və sinif rəhbərləri ilə qarşılıqlı şəkildə iş aparılmalıdır. Burada lazım olan əsas məqamlar belə şagirdləri digər şagirdlərdən fərqləndirməməli, əksinə xüsusi qayğı verilməsi, onların dərsə diqqət və meylinin artırılması üçün həvəsləndirmək, tərbiyəvi keyfiyyətlər aşılamaq, daha çox uğur qazanmaları üçün ətrafında onu sevən və onlara ehtiyacı olan insanların olmasını, həyatda dəyərli varlıq olduqlarını hiss etdirmək lazımdır.
Şagirdlərin təlim nailiyyətsizliyinin aradan qaldırılması psixoloqun vacib işlərindən sayılır.Təlim nailiyyətsizliyini yaradan səbəblər çoxdur. Ailə mühitinin sağlam olmaması, ailə münaqişələrinin çox olması, uşağa qarşı diqqət və qayğının az olması, ailədə uşağa qarşı edilən zorakılıq, şagirdin qavrama və diqqət pozğunluğunun olması, uşağın keçirdiyi travma və nevrotik əlamətlər təlimdə uğur qazanılmasına mane olur. Bunun səbəbini öyrənmək üçün həmin şagirdlər psixoloq tərəfindən psixoloji müayinə ilə yoxlanılmalıdır. Psixoloji müayinədə təlim nailiyyətsizliyini yaradan səbəbləri bilmək üçün anket sorğularından istifadə olunur.
Uşaqların təlimə, oxumağa və öyrənməyə meylinin yaranması onun ən birinci istəyi və iradi səviyyəsindən asılıdır. İnsanın arzuladığı hər bir şey istək əmələ gələndə gerçəkləşir. Şagirdin təlim prosesində uğur əldə etməsi üçün ən birinci ona psixoloji dəstək olmaq lazımdır. Tez-tez belə şagirdlər ilə fərdi söhbətlər aparmağın faydası çoxdur. Onların həyatda güclü bir insan olmaları və uğur qazanmaları üçün oxumağın qiymətli bir vasitə olduğunu aşılamaq lazımdır. Çünki hər bir uğur kiçik addımlardan başlayır. Belə şagirdlərin kiçik uğurunu qiymətləndirmək çox vacibdir. Bu onlar üçün həvəsləndirici bir üsuldur. Belə şagirdlərə dərs zamanı daha çox diqqət və qayğı göstərilməlidir. Digər şagirdlərin yanında onların səhv cəhətlərini bildirməməli, digər şagirdlərdən fərqləndirməmək lazımdır. Belə rəftar nəticəsində onlarda dərsə olan həvəs yaranacaq və getdikcə təlimdə uğur qazanmağı bacaracaqlar.
Məktəbdə psixoloji xidmətin səmərəliliyinin artırılması üçün, fikrimcə, məktəblərdə psixologiya dərsləri də təşkil olunmalıdır. Dərslər vasitəsi ilə şagirdlərlə daha sıx əlaqə yaratmaq mümkündür. Dərslərin şagirdlər üçün psixoloji əhəmiyyəti böyükdür. Psixoloji biliklərə yiyələnməklə uşaqlar psixologiya elminə aid məlumatlara malik olur. Düzgün davranış qaydalarına yiyələnir, sinif yoldaşları və müəllimlərlə düzgün ünsiyyət yaratmağı öyrənirlər.
Tarix: 10-07-2019, 13:54