Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sağlam məktəb - sağlam gələcək

 
 
Səbinə MƏMMƏDOVA,
Füzuli rayon 5 nömrəli orta məktəbin direktoru

Məlumdur ki, hər bir cəmiyyət malik olduğu bir sıra problemlərlə insanların mənəvi, psixoloji, əxlaqi dünyagörüşünə təsir göstərir. Bu təsirlər, şübhəsiz ki, cəmiy­yətin əsas sütunu olan məktəbdən də yan keçmir. Cəmiyyətdə baş verən proseslərin məktəbə təsiri şübhəsizdir. Odur ki, məktəb öz fəaliyyətini valideynlərlə, cəmiyyətlə birgə elə təşkil etməlidir ki, baş verə biləcək problemləri aradan qaldırmaq mümkün olsun, yaxud da cəmiy­yətin problemləri məktəbə ayaq açmasın.
Müasir dövrün yaratdığı problemlərə nəzər saldıqda onların əsasən bir neçə istiqamət üzrə məktəbə yol tapdığını görmək mümkündür. Bunlardan birincisi zərərli vərdişlər, digəri isə xəstəliklərdir. Narkomaniya, siqaret aludəçiliyi kimi zərərli vərdişlər böyüməkdə olan nəslin yoluxa biləcəyi çox ciddi bir sosial bəladır. Bu sosial bəla insanları gənc yaşlarından məhvə məhkum etməklə millətin genefonduna ciddi zərbə vurur. Narkomaniyanın cəmiyyətə vurduğu zərbə təbii fəlakətlərin, müharibələrin vurduğu ziyandan daha ağırdır. Narkomaniya insanların könüllü olaraq aludə olduq­ları, uzaqlaşa bilmədikləri, sağalması olduqca çətin, bəzən isə mümkün olmayan, cəmiyyətin bu gününü, gələcəyini məhvə aparan xəstəlikdir. Son vaxtların statistikası göstərir ki, narkomaniyaya qurşananların sayı artır və bu, cəmiyyətin sağlam qüvvələrini düşünməyə vadar edir ki, bu istiqamətdə məqsədyönlü iş aparılsın.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra BMT-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Vyana Konvensiyasına, “Psixotrop maddələr  haqqında” Konvensiyaya, “Narkotik maddələrin qeyri-qanuni dövriy­yəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Paris Sazişinə qoşulmuşdur. 1996-cı ildən başlayaraq narkomaniya ilə mübarizə istiqamətində islahatlar aparılmağa başlanmışdır.
Lakin bununla yanaşı, prob­lem heç də öz həllini tapmamış və narkomaniya bu gün də gündəmdədir. Daxili İşlər Nazirliyinin   2013-cü il üçün verdiyi hesabatda narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2835 nəfərdən 2591-i (91%-i) əmək qabiliyyətli işləməyən və oxumayan, 628-i (22,1%-i)  əvvəllər cinayət törətmiş şəxs, 97-i (3,4%-i) qadınlardır.  Nəzərə alsaq ki hətta inkişaf etmiş ölkələrdə belə bu tipli cinayətlərin üstü çətinliklə açılır, o zaman situasiyanın daha acınacaqlı olduğu məlum olar.  Acınacaqlı hal odur ki, narkomaniyanın qurbanları arasında son illər gənclərə və qadınlara daha çox rast gəlmək olur.
ABŞ Dövlət Departamentinin “Narkotiklərə nəzarət strategiyası 2010” adlı illik hesabatının Azərbaycana aid hissəsində ölkənin Əfqanıs­tandan və Orta Asiyadan, həmçinin də İrandan Rusiya  və Avropaya narkotik daşınan yolun üzərində yerləşdiyi qeyd olunur. İran yolu ilə narkotiklərin 95 %-i daşınır. Sənəddə qeyd edilir ki, Azərbaycanda tranzit əsas problem olsa da, narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı durmadan artır.
Rəsmi məlumata görə, Azərbaycanda 23,254 nəfər nakoman qeydiyyatdadır. Amma qeyri-rəsmi məlumatlara görə, narkomanların sayı əslində 300000 nəfərə yaxındır. Bu təbəqələrdən olan insanların narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası, sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.
Yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasına bir çox hallarda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər səbəb olur. Bu prosesi doğuran digər səbəb isə onların narkotik vasitələrə əyləncə vasitəsi kimi baxmasıdır. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə-HİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır ki, bunun nəticəsi hamıya məlumdur. Narkotik vasitələr və prekursorlar barədə geniş təbliğat işinin aparılmasına çox ciddi ehtiyac vardır. Təbliğatın kütləvi aksiyalarla aparılması, yeniyetmə və gənclərin təbliğat materialları ilə təmin edilməsi, şagirdi narkomaniyanın fəsadları ilə məlumatlandırmaq, kütləvi informasiya vasitələrində geniş maarifləndirici iş aparmaq, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən internet saytların yaradılması və bütün saytlarda bu barədə məlumatların verilməsi, kütləvi şəkildə antinarkotik proqramlara qoşulmaq narkomaniya ilə bağlı müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb ola bilər.
Sağlam məktəbin təməli şagird, sağlam cəmiyyətin təməli sağlam vətəndaşlardır. Bu günün şagirdi cəmiyyətin sabahkı inkişafında öz əməlləri ilə iştirak edəcək, onun tərəqqisinə öz töhfəsini verəcək vətəndaşdır. Odur ki, cəmiyyətimizin xoşbəxt gələcəyini arzulayırıqsa, bu xoşbəxtliyin təməllərini bu gün məktəbdə həm fiziki, həm də mənəvi cəhətdən sağlam şagird tərbiyyə etməklə qoymalıyıq.
Müasir dövrdə şagirdləri əhatə edən problemlərdən biri skolioz xəstəliyinin yayılmasıdır. Bu xəstəliyin yeniyetmələr arasında yayılmasının əsas səbəblərindən biri də müəllim və valideynlərin uşaqlarda baş verən dəyişiklikləri vaxtında müəyyən edə bilməmələri və yaxud müəyyən etsələr belə, laqeyd yanaşmalarıdır. İnkişaf edən skolioz xəstəliyi orqanizmdə bir sıra orqan və sis­temlərin patoloji dəyişikliklərinə səbəb olur. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, skolioz xəs­təliyinin yaratdığı patologiyalar bu xəstəliyin daşıyıcıları olan yeniyetmə və gənclərdə psixoloji problemlərə də yol açır. Bu da, öz növbəsində, mənəvi sarsıntıya, təhsildən yayınmaya, daha ciddi xəstəliklərin yaranmasına, gənclərin cəmiyyətə, həyata inteqrasiyasına maneçilik törədir. Bütün bunların qarşısını almaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam, fiziki və mənəvi ruhda təqdim etmək üçün qeyd olunan problemlərə məktəb-valideyn-cəmiyyət əlaqələri prizmasından, pedaqoji-psixoloji əsaslarla yanaşmaq tələb olunur. Düşünürük ki, bu yanaşmalar sayəsində problemin aradan qaldırılmasına töhfə vermək mümkündür.  


Tarix: 12-06-2019, 12:43

Xəbəri paylaş