Biologiyadan fəal dərs nümunəsi
Məlahət Həsənova,
Dəmir Yolu və Metropoliten üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzinin
biologiya müəllimi
Fənn: Biologiya
Mövzu: Canlılarda qidalanma
Standart: 2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: Müxtəlif canlılarda qidalanmanın mexanizmini şərh edir, təqdimat hazırlayır.
İş forması: Kollektiv və qruplarla iş.
İş üsulu: Beyin həmləsi, müzakirə, şaxələndirmə, cədvəllərlə iş.
Resurslar: Dərslik, iş vərəqləri, elektron təqdimat
İnteqrasiya: F.t: 4.1.1.
Dərsin mərhələləri
1. Motivasiya
Tədqiqat sualı
2. Tədqiqatın aparılması
3. İnformasiya mübadiləsi və müzakirəsi
4. Nəticənin çıxarılması və təşkili
5. Yaradıcı tətbiqetmə
6. Ev tapşırığı
7. Qiymətləndirmə
Motivasiya: Videomaterial nümayiş etdirilir. Sonra müəllim sinfə müraciət edir:
- Siz canlıların - hörümçəyin, böcəklərin, ilanın, kərtənkələnin torpaq üzərində sürətli hərəkətini, ağac gövdəsinə, divara necə dırmaşmağını müşahidə etmisiniz. Kərtənkələnin divardan qopub düşməməsinə səbəb yapışdığı yerlə caynaq arasında möhkəm elektrostatik qüvvənin olmasıdır. Bu zaman dayaq-hərəkət və sinir sisteminin əlaqəli işləməsinə nə sərf olunur?
Lövhədə sxem nümayiş etdirilir. Bu slayd şəkildə də ola bilər.
Müəllim yönəldici suallarla sinfə müraciət edir:
- Canlılarda gedən bioloji proseslər hansılardır?
- Bu bioloji proseslərin həyata keçirilməsi nəyin sayəsində mümkündür?
- Canlılar enerjini haradan alır?
- Sizcə söhbət hansı bioloji prosesdən gedir?
Şagirdlər söhbətin qidalanma və həzm prosesindən getdiyini deyirlər.
Müəllim: Uşaqlar bu bizim dərsimizin mövzusudur.
Tədqiqat sualı: Müxtəlif canlılarda qidalanma necə həyata keçirilir?
Tədqiqatın aparılması: Şagirdlərin fikri dinlənilir və aşağıdakı sxem təqdim olunur.
Tədqiqatın aparılması üçün şagirdlər 4 kiçik qrupa bölünür. Qruplar lazımi resurslarla təmin olunur.
I qrupun (“Günəş”) tədqiqat sualı: Avtotrof canlılar necə qidalanır?
İş vərəqi №1 Dərslikdən və paylama materialından istifadə etməklə fotosintezedici və xemosintezedici canlıları müqayisə edin və Venn diaqramını tamamlayın.
II. qrupun (“Həyat”) tədqiqat sualı: Heterotroflar necə qidalanır?
İş vərəqi № 2 Tapşırıq: paylama materialından istifadə etməklə saprofit və parazit canlıları müqayisə edin və Venn diaqramını tamamlayın.
III qrup (“Canlı”) tədqiqat sualı: Əksər çoxhüceyrəlilərdə həzm prosesinin mexanizmi nədən ibarətdir?
İş vərəqi №3. Tapşırıq: Paylanma materialından istifadə etməklə həzm mexanizminə aid sxemi tamamlayın.
IV qrupun (“Qida”) tədqiqat sualı: İnsanda həzm sisteminin quruluşu necədir?
İş vərəqi №4 Tapşırıq: Verilmiş şəkildə insanın həzm orqanlarını göstərin.
Məlumatın mübadiləsi və müzakirəsi: Təqdim olunan işlər lövhədən asılır. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini təqdim edir. Qrup işinin nəticəsinə görə iştirakçılar təkliflərini müzakirə edir, fikirlərini bölüşürlər.
Ümumiləşdirmə və nəticə: Müəllim şagirdlərin fikirlərini, həm də öz əlavələrini edərək ümumiləşdirmə aparır. Bu zaman o, diqqəti tədqiqat sualına yönəldib məqsədə nail olduğunu nümayiş etdirir. Bu mərhələdə əyani vəsaitlərə, şəkillərə, elektron təqdimatlara istinad olunur və mövzu belə ümumiləşdirilir:
Bütün canlılar xarici mühitdən mənimsənilən qida hesabına böyüyür, inkişaf edir və çoxalır.
Qidalanma formalarına görə canlıları əsasən iki qrupa ayırırlar: Avtotrof və heterotrof
Avtotroflar qeyri-üzvi maddələrdən üzvi maddə sintez edirlər. Onlar üzvi maddə istehsalçılarıdır və iki qrupa bölünür: Fotosintezedicilər, xemosintezedicilər. Fotosintezedicilər xlorofilə malik canlılardır. Bunlara əksər bitkilər, bəzi heyvanlar və bəzi bakteriyalar aiddir. Fotosintez prosesi zamanı günəş enerjisindən istifadəsi olunduğu üçün işıqda gedir. Fotosintezedicilərin əksəriyyəti karbon qazı və sudan istifadə edərək üzvi maddə hazırlayır.
Xemosintezedicilərə bəzi bakteriyalar aiddir. Bunlar kimyəvi enerjidən istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edirlər.
Heterotroflar isə hazır üzvi maddələrlə qidalanır və bu maddələrin istehlakçılarıdır. Heterotroflar da iki qrupa bölünür: Saprofitlər, parazitlər. Saprofitlər hazır üzvi maddələrlə qidalanır, ancaq canlılara ziyan vermirlər. Parazitlər canlı orqanizmlərdə yaşayır. Onlar sahibin orqanizmində qidalanır, ona zərər verərək xəstəlik törədir. Belə qidalanma üsuluna bakteriyalarda, göbələklərdə, bitki və heyvanlarda rast gəlinir.
Təbiətdə bəzi canlılar həm avtotrof, həm də heterotrof yolla qidalana bilir. Belə qidalanma forması miksotrof adlanır (yaşıl evqlena, nepentes, milçəktutan və s).
Heyvanlar bitkilərdən fərqli olaraq hazır üzvi maddələrlə qidalanır. Həzm sistemində həzm prosesləri gedir. Orqanizmə daxil olan qida maddələri həzm yolunda parçalanır, hüceyrənin mənimsəyə biləcəyi formaya salınaraq hüceyrələrə çatdırılır. Həmin qida maddələri həm orqanizmin qurulmasına sərf olunur, həm də orqanizmin enerjiyə olan tələbatını ödəyir. Çoxhüceyrəli heyvanların əksəriyyətində həzm qastral boşluqda gedir. Burada həzm zamanı qida maddələri fiziki və kimyəvi cəhətdən dəyişikliyə uğrayır, parçalanır ki, hüceyrə daxilə keçə bilsin.
Qida tipindən asılı olaraq, heyvanların bəzi orqanlarında bir sıra uyğunlaşmalara rast gəlinir. Onurğasızlarda qidalanma üçün yaranan uyğunlaşmalar çoxdur. Qaba yemlə qidalanan əksər məməli heyvanlarda mədə bir neçə şöbədən ibarət olur. Gövşəyən cütdırnaqlı heyvanlarda mədə 4 kameradan ibarətdir: işgənbə, tor, qat-qat və qursaq. Bu heyvanlar qidanı iki dəfə çeynəyir. İnsanın həzm sisteminin quruluşu əksər onurğalı heyvanlarda olduğu kimidir. Nəticə: Canlılar yaşamaq üçün qidalanmalıdır. Onlar həyat fəaliyyəti üçün enerjini qidadan alır. Üzvi maddələri avtotrof canlılar hazırlayır. Günəş enerjisi üzvi maddələrin kimyəvi rabitələr enerjisinə çevrilir və canlılara ötürülür. Biosferdə qida zənciri ilə canlı və cansız təbiət vəhdət təşkil edir.
Yaradıcı tətbiqetmə: Müəllim şagirdlərə yeni dərsə aid suallarla müraciət edir: 1. Canlılar qidalanma tipinə görə neçə qrupa bölünür? 2. Qidalanma nədir? Onun canlılar üçün nə kimi əhəmiyyəti var? 3. Planetimizdə enerji mənbəyi nədir? Enerji qidaya necə ötürülür? Bu proses hansı canlılarda gedir? 4. İnsanın həzm orqanları hansılardır? 5. Gövşəyən cütdırnaqlılarda mədə neçə hissədən ibarətdir? Nə üçün gövşəyirlər? 6. Hansı bioloji proses qidalanma prosesi ilə sıx əlaqəlidir?
Ev tapşırığı:
“Xordalılarda qidanın asan həzm olunması üçün yaranmış uyğunlaşmalar” mövzusunda təqdimat hazırlamaq.
Tarix: 12-06-2019, 12:41