Müasir pedaqoji təhsilin aktual məsələləri
Samirə ƏMRAHOVA,
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
Qabaqcıl təhsil işçisi
Yaşadığımız XXI əsr intellekt, elm və texnologiya əsridir, yeni dövrdür. Yeni dövr isə həyata, cəmiyyətə yeni baxış, yeni münasibət tələb edir. Bu özünü həm də məktəb sistemində də göstərir. Bu baxımdan yeni tədris texnologiyaları və vəsaitləri mühüm əhəmiyyət kəsb edir.
Tədrisdə əsas vasitələrdən ən mühümü, deyərdim ki, dərsliklərdir. Lakin bu dərsliklər yüksək səmərə verə bilirmi? Fikrimizi altıncı sinfin “Azərbaycan dili” dərsliyi üzərində cəmləyək.
Dərslikdə olan mətnlərdə ideya-siyasi tərbiyə işi həddən artıq zəifdir. Mətnlərin üçdə bir hissəsi milli kökümüzdən tamamilə uzaqdır. Müharibə şəraitində yaşadığımız bir zamanda şagirdləri daha çox milli təəssübkeşlik və vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Halbuki dərslikdəki «Möcüzənin qiyməti», «Elektron ünvanım olsaydı…», «Sonuncu dərs», «Qoca aşpaz» və s. kimi mətnlər milli kökümüzdən, mentalitetimizdən tamamilə uzaqdır. Fikrimcə, təkcə Ə.Haqverdiyevin «Mirzə Səfər» hekayəsi belə mətnlərin hamısından bir yerdə daha qiymətli, daha ibrətamizdir. Bizə beynəlmiləlçilikdən daha çox milli təəssübkeşlik lazımdır. Vaxtilə o qədər beynəlmiləlçi olduq ki, qulağımızın dibində əzizlədiyimiz ermənilərin fitnəsindən xəbər tutmadıq. Bundan başqa, rus, fransız və digər xalqların dərsliklərinin hansı birində Azərbaycan həyatından, Qarabağ, Xocalı faciəsindən bir sətrə rast gələ bilərik. Bizə belə mətnlər lazımdırmı? Məncə, yox! Bizə «Sonuncu dərs» mətninin sonunda verilmiş «Yaşasın Fransa!» sözləri yox, xalq qəhrəmanı Babəkin ölüm ayağında hayqırdığı «Azadlıq!» sözü lazımdır. Doğrudur, dərslikdə tərbiyəvi mövzuda mətnlər də az deyildir. Lakin milli təəssübkeşlikdən uzaq mətnlər dərsliyə çox böyük kölgə salır. Hətta tərbiyəvi mətnlərin özündə də ya tərbiyəvi istiqamətin özü düz qoyulmur, ya da tamamilə səhv istiqamətə yönəldilir.
Dərslikdəki «Elektron ünvanım olsaydı…» mətni şagirdləri bayağı bir istiqamətə yönəldir, sanki onlara məktəbdə oxumağın mənasızlığı, daha çox pul qazanmaq ehtirası təlqin edilir. Uşaqlarda belə təsəvvür yaranır ki, küçələrdə ayaqqabı silməklə, avtomobil şüşələrini silməklə və s. var-dövlət sahibi olmaq, şəxsiyyət kimi formalaşmaq mümkündür. Halbuki «Mikrosoft» şirkətinin sahibi Bill Qeyts savadsız olmamış, texnoloji kəşfi sayəsində öz şirkətini qurmuşdur. Mətnlə bağlı bir qeydim də ondan ibarətdir ki, burada şirkətin adı, Azərbaycan dilində deyil, ingiliscə verilmişdir. Əslində, şirkətin adı Azərbaycan dili üçün «Maykrosoft» şəklində olmalıdır.
Bir sıra mətnlərin, xüsusən tərcümə mətnlərinin üslubu çox ağırdır, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun deyildir. Xüsusən tərcümə mətnlərindəki (məsələn, «Elektron ünvanım olsaydı…», «Sonuncu dərs», «Qoca aşpaz» və s. mətnləri) ağır üslub və termin sıxlığı uşaqları yorur, onları passivləşdirir. Ümumiyyətlə, dərslikdəki mətnlərin çoxunda milli kökdən qaçma, uzaqlaşma meyli özünü göstərir. Klassiklərimizin yaradıcılığından nümunələr, demək olar ki, yoxdur. Halbuki keçmişi olmayan gələcək yoxdur və hər bir yenilik köhnəliyin, keçmiş irsin üzərində qurulur.
Dərsliyin 42-ci səhifəsindəki bir tapşırıqda verilir ki, «Aşağıda verilmiş ərizə formasına uyğun olaraq Coninin «Mikrosoft» şirkətinə ərizəsini və onun tərcümeyi halını təxəyyülünüzə uyğun tərtib edin». Müəlliflər yəni belə fikirləşirlər ki, belə bir tapşırığı verməklə uşaqları tədrisə maraqlandıra bilərlər və yaxud ucqar kənd məktəbində oxuyan VI sinif şagirdləri bu tapşırığı yerinə yetirə bilərlərmi? Alternativsizlik yəni o deməkdirmi ki, nə istəyirsən yaz, təki uşaqlara qəribə görünsün? Müəlliflər sanki bu dərsliyi yalnız şəhər liseyləri üçün hazırlayıb çap etdirmişlər. Onların kənd məktəblərindən xəbərləri varmı?
Dərslikdə bəzən çox bəsit, bəzən də həddən artıq çətin və mürəkkəb tapşırıqlara rast gəlmək olur. Məsələn, 14-cü səhifədəki 11-ci tapşırıq, 24-cü səhifədəki 7-ci tapşırıq, 133-cü səhifədəki 9-cu tapşırıq nə qədər asandırsa, yazılı təqdimat hazırlamaqla bağlı 95-ci səhifədəki 5-ci tapşırıq, 119-cu səhifədəki 6-cı tapşırıq bir o qədər çətindir. Aydın məsələdir ki, rayon və kənd məktəblərinin VI sinif şagirdləri bu cür çətin tapşırıqları yerinə yetirə bilməzlər. Deməli, bu halda respublikanın VI sinif şagirdlərinin bəlkə də böyük bir qrupu belə tapşırıqlardan kənarda qalır. Doğrudur, müəlliflər bunu əsas gətirirlər ki, müəllimlər sərbəst olaraq verilən tapşırıqları başqaları ilə əvəz edə bilərlər. Lakin unutmaq olmaz ki, bütün müəllimlər yaradıcı ola bilməzlər, xüsusən gənc və təcrübəsiz müəllimlər üçün belə tapşırıqlar böyük çətinlik və problemlər yaradır.
Dərsliyin 126-cı səhifəsində «Hammurapinin qanunları» başlığı altında müəyyən, lakin müasir həyatımızla uyuşmayan qayda və qanunlar verilmişdir. Halbuki bu qanunların əvəzinə Abbasqulu ağa Bakıxanovun «Nəsihətlər»i verilsəydi, şagirdlər həm keçmiş irsimizə səyahət edər, həm də əsl əxlaq kodeksi və mədəni davranış qaydaları ilə tanış olardılar.
Dərsliyin 13-cü səhifəsində göstərilir ki, «Əsas nitq hissələri leksik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir». Burada əsas nitq hissələrinin qrammatik mənaya malik olması unudulur. Halbuki nitq hissələri məhz sözlərin qrammatik məna əsasında qruplaşmasıdır və ismin əşyanın adını bildirməsi onun leksik yox, qrammatik mənasıdır, sifətin əşyanın əlamətini bildirməsi, sayın əşyanın miqdar və sırasını bildirməsi və s. onların qrammatik mənalarıdır. Burada göstərilməli idi ki, əsas nitq hissələri həm leksik, həm də qrammatik mənaya malik olur, köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənaları vardır.
Dərsliyin 84-cü səfhifəsində göstərilir ki, «İsmi əvəz edən və kim? nə? suallarından birinə cavab olan əvəzliklərə şəxs əvəzlikləri deyilir. Bu əvəzliklər şəxsə və kəmiyyətə görə dəyişir». Şəxsə və kəmiyyətə görə dəyişmək xüsusiyyəti əslində fellərə xas olan xüsusiyyətdir. Şəxs əvəzlikləri isə əslində özləri şəxsi və kəmiyyəti göstərir. Deməli, şəxs əvəzliklərinin şəxsə və kəmiyyətə görə dəyişməsi fikri düzgün qəbul edilə bilməz. Ümumiyyətlə, müəlliflər dilimiz üçün bir sıra yeni qaydalar (hiss sözünə samitlə başlayan şəkilçi artırarkən qoşa samitlərdən birinin düşməsi, mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra əvəzlik gələrkən vergül işarəsinin işlənməməsi və s.) müəyyənləşdirmişlər ki, mən bu barədə polemika açmaq istəmirəm və bu məsələni zamanın ixtiyarına buraxıram.
Dərsliyin 92-ci səhifəsində «Araşdırma» başlığı altında şagirdlərə belə bir tapşırıq təqdim edilir: «Qurdbaşlı bayrağın balası bayraq» misrasına diqqət yetirin. Qədim türklərdə qurd totemi haqqında məlumat toplayın». Bu tapşırığa ucqar kəndlərimizdəki şagirdlərin əməl edə biləcəkləri reallıqdan tamamilə uzaqdır.
Dərsliyin 114-cü səhifəsində göstərilir ki, «Yalnız xəbər şəklində olan fel həm zamana, həm də şəxsə görə dəyişir… Felin digər şəkilləri müvafiq şəkilçi qəbul etdikdən sonra yalnız şəxsə görə dəyişir…». Burada əmr şəkli sanki unudulur. Halbuki əmr şəkli heç bir müvafiq şəkilçi qəbul etmədən birbaşa şəxs şəkilçiləri ilə əmələ gəlir.
Dərsliyin 125-ci səhifəsində şagirdlərdən «Ustadın məsləhəti» mətninə illüstrasiya çəkmək tələb olunur. Məncə, bu tapşırığı yalnız müəyyən qism uşaqlar yerinə yetirə bilərlər və bu tapşırığı tələb kimi yox, təklif kimi qoymaq daha düzgün olardı.
Dərsliyin 131-ci səhifəsində, «Qədim musiqi alətləri» mətnində verilmiş «Mən yalnız indi anladım ki, bayaqdan əsas xahişimdən başqa hər şeydən danışmışam» cümləsində başqa sözündən sonra, eləcə də 156-cı səhifədə tapşırığın bir hissəsi kimi verilən «Stolun üstündə [qələmnən] başqa heç nə yox idi» cümləsindəki başqa sözündən sonra vergül qoyulmalıdır. Doğrudur, VIII sinfin «Azərbaycan dili» dərsliyində «Xüsusiləşmələr» mövzusu proqramdan çıxarılmışdır. Lakin bu bizə haqq vermir ki, başqa sözündən sonrakı vergülü ləğv edək. Həmin sözdən sonrakı vergül fasiləsi (məhz vergül fasiləsi) burada vergülün işlənməsi faktını əsaslandırır.
Dərsliyin 123-cü səhifəsində Neman şahı xarakterizə etmək üçün A) xəsis B) xudbin və C) tələbkar sözləri verilir ki, burada məhz xudbin sözü düzgün cavab kimi qəbul edilə bilər. Bundan sonra isə 137-ci səhifədə şagirdlərə xudbin sözünün mənasını araşdırmaq təklif olunur. Bu tapşırıq 123-cü səhifədən əvvəlki səhifələrdə verilməli idi. Çünki əgər şagird Neman şahın xudbin olduğunu müəyyənləşdirə bilirsə, onda yenidən bu sözün mənasını araşdırmaq nəyinə lazımdır?
Dərsliyin 136-cı səhifəsində «Dərviş» mətnində «Əslində, mən elə buna görə oranı tərk etdim» cümləsində əslində sözündən sonra vergülün işlənməsini düzgün qəbul etmirəm. Burada heç bir vergül fasiləsi yoxdur.
Daha sonra. Dərsliyin 138-ci səhifəsində «Dostumun çəpəki baxışı xoşuma gəlmədi» cümləsində şagirdlərdən zərfi tapmaq tələb olunur. Çox güman ki, müəlliflər burada çəpəki sözünü zərf kimi nəzərdə tutmuş və bunun üçün baxış sözünün kökündəki bax(maq) feilinə əsaslanmışlar. Əgər -ış şəkilçisi bax(maq) feilindən isim düzəltmişdirsə, deməli, burada həmin söz feillik məzmununu itirmişdir. Bu halda çəpəki sözünü zərf kimi qəbul etmək nə dərəcədə düzgündür?
Bir qədər də yeni təlim üsulları haqqında. Bu təlim üsulları tədrisin keyfiyyətinə nə dərəcədə təsir göstərir və bunlar, həqiqətən, yenidirmi? Təlim üsullarından bir qismi adları dəyişmiş köhnə təlim üsullarıdır. Bir qisminin isə keyfiyyət dərəcəsi haqqında yüksək fikir demək düzgün olmazdı. Belə təlim üsullarından biri qruplarla iş üsuludur. Bu üsulun mənfi cəhəti odur ki: a) Əvvəla, bu üsuldan istifadə, onun hazırlıq mərhələsi xeyli vaxt aparır, halbuki dərs müddəti 45 dəqiqədən çox deyildir; b) ikincisi, qruplar bölünərkən hər qrupa həm zəif, həm də yaxşı oxuyan uşaqlar daxil edilir ki, bu zaman zəif uşaqlar heç bir zəhmət çəkmədən yaxşı oxuyan uşaqların qiymətinə şərik çıxır, son nəticədə onlarla eyni sırada dururlar; c) nəhayət, üçüncüsü, qruplarla iş üsulu heç də yenilik olmayıb, ötən əsrin 30-cu illərində sovet təlimində briqada üsulu adı altında tətbiq edilmiş, effekt vermədiyinə görə sonralar ondan imtina edilmişdir.
Sonda onu demək istərdim ki, istənilən təlim üsulunu, istənilən təhsil sistemini tətbiq edərkən xalqımızın milli-mənəvi dəyərləri, mentaliteti nəzərə alınmalı, hər şey bununla uyğunlaşdırılmalıdır.
Tarix: 12-06-2019, 12:15