Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ulu öndər və təhsilimiz

 

Vaqif MAHMUDOV,
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin riyaziyyat-
informatika müəllimi, akademik M.Mehdizadə 
diplomu laureatı, Qabaqcıl təhsil işçisi

Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, ölkəsinin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi...
Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.
Ulu öndər Heydər Əliyevin ömür yolu Vətənə və millətə təmənnasız xidmətin parlaq nümunəsidir. Azərbaycanın dövlətçilik tarixinin əsas dövrü bilavasitə xalqın bu böyük oğlunun adı ilə bağlıdır. Heydər Əliyev misilsiz idarəetmə istedadına malik olan bir şəxsiyyət idi. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, müstəqilliyin bərpasının ən ağır vaxtlarında Azərbay­canın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Ölkəmizin müasir inkişaf modelini, onun siyasi və iqtisadi perspektivlərini məhz bu dahi şəxsiyyət müəyyən etmişdir. 1969-1982-ci illərdə Heydər Əliyev özünün böyük təşkilatçılıq məharətindən və şəxsi nüfuzundan xalqın mənafeyi naminə müdrikcəsinə istifadə edərək qısa müddətdə keçmiş ittifaq rəhbərliyinin diqqətini Azərbaycana yönəltdi, mərkəzi ittifaq büdcəsindən respublikamıza xeyli vəsait ayrılmasına nail oldu. Ümumiyyətlə, 1970-ci ildən başlayaraq qısa müddət ərzində Azərbaycanın sənayesi və kənd təsərrüfatı orta ittifaq göstəricilərini qabaqladı və sürətlə inkişaf etməyə başladı.
Ölkəmizin müstəqilliyinin bərpasının və dünya iqtisadiy­yatına davamlı inteqrasiya proseslərinin hazırkı möhkəm təməli də məhz ulu öndər tərəfindən həmin illərdə yaradılmışdır. 1993-cü ildə xalqın istəyi və təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycanın yeni dövrü üçün də özünün zəngin bilik və təcrübəsi əsasında strateji inkişaf perspektivlərini müəyyənləşdirdi və Azərbay­canda bütün sahələrdə isla­hatların həyata keçirilməsinə başlanıldı. İstər sənayenin inkişafında, istər sosial infrastrukturların yeniləşməsi sahəsində, istər neft, istərsə də qeyri-neft sektorunda, bütün sahələrdə gözəçarpan inkişaf vüsət aldı.
Azərbaycanın təbii sərvətlərinə, iqtisadi potensialına dünyanın bir çox inkişaf etmiş dövlətləri maraq göstərirdi. Heydər Əliyev həmin dövlətləri, nüfuzlu  beynəlxalq maliyyə və iqtisadi şirkətləri Azərbaycana dəvət etdi və iş birliyi yaratmaq üçün təkliflər irəli sürdü.
Ulu öndər Heydər Əliyev Azərbaycanda güclü iqtisadiy­yatın yaradılması ilə bərabər, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi hesab olunan təhsilin inkişafına da böyük diqqət və qayğı göstərirdi. O deyirdi: “Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”.
Ulu öndər hər zaman qeyd edirdi ki, cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir. Ümummilli liderin təhsilə göstərdiyi diqqət və qay­ğının, eləcə də təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, bu gün Azərbay­canda çoxlu sayda müasir təhsil ocaqları fəaliyyət göstərir.
Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbər­liyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qay­ğısını əsirgəmirdi. Keçmiş sovetlər dövründə ulu öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır.
İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Ulu öndər azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi. Eyni zamanda, xatırlamaq yerinə düşər ki, ulu öndər o dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyə edirdi.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi.
Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.
Akademiya alimləri ilə keçirdiyi görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan ulu öndər ədəbiyyat, mədəniyyət tarixinin yazılması zəruriliyi barədə söhbət açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
O, demişdir: "Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır".
Bu sözlər hər bir ziyalının, alimin fəaliyyət prinsipinə çevrilmişdir.
Müəllimlərin sosial vəziyyətlərinin ardıcıl olaraq yaxşılaşdırılmasında da Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hazırda təhsil sahəsində siyasət Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İldən-ilə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun əyani sübutudur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev qeyd etmişdir ki, xüsusi ilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır. Dövlət başçısı demişdir: “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik, qara qızıldan, maddi dəyərlərdən əldə edilən kapitalı ölkədə insan kapitalının inkişafına yönəltməliyik. Bütün gücümüzü, imkanlarımızı tələbə gənclərin bu əsrin tələblərinə uyğun təhsil almalarına səfərbər etməliyik”.
Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi.
Azərbaycanın tarixi keçmişi, müasir dövrün gələcəyi ilə yaşamağı, yaratmağı bizə öyrədən, vəsiyyət edən xalqımızın ən böyük vətənpərvər oğlu Heydər Əliyev daim bizimlədir və onun həmişəyaşar ideyaları əbədi olaraq xalqımızladır, hər birimizin əqidə və əməlinin istiqamətvericisidir.
Memarı və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası bizim hamımız üçün Vətəndir, uğrunda yorulmadan çalışmalı, işləməli, daim inkişaf etdirməli olduğumuz bir məmləkətdir, müstəqilliyini və ərazi bütövlüyünü bütün varlığımızla qorumalı olduğumuz bir dövlətdir, atalarımızın və övladlarımızın yurdudur. Bu gün ulu öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə günbəgün çiçəklənən Vətənimizin hər bir guşəsində ulu öndərin izi görünür, əməlləri yaşayır və bundan sonra da yaşayacaqdır.


Tarix: 12-06-2019, 12:05

Xəbəri paylaş