Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil kadrları hazırlamaq sahəsində fəaliyyəti (1918-1920-ci illər)

 

Nuriyyə Ağayeva,
Cəbrayıl rayonu Milli Qəhrəman Kazım
Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru
.  
   Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin ən böyük siyasi hadisələrindən biri olaraq müsəlman Şərqində, ümumiyyətlə, türk dünyasında ilk demokratik quruluşlu respublika  kimi 1918-ci il may ayının 28-də yaradılmış, iyirmi üç ay ərzində mövcudluğunu qoruyub saxlamış, beynəlxalq hüququn subyektinə çevrilərək bir çox dünya dövlətləri tərəfindən de-fakto tanınmışdır. Çətin beynəlxalq siyasi-hüquqi münasibətlər, çar Rusiyasından və I Dünya müharibəsinin nəticələrindən miras qalmış daxili-iqtisadi dağınıqlıq, təsərrüfat pozğunluğu, sosial-siyasi və mədəni həyatda böyük xaosun hökm sürdüyü mürəkkəb şəraitdə yaranmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətə başladığı ilk gündən iqtisadi, siyasi, mədəni, sosial sferalarda böyük tədbirlər planı işləyib hazırlayaraq onları səbrlə, təmkinlə, yerli şəraiti nəzərə almaqla həyata keçirməyə başlamışdır. Bu tədbirlər planının işərisində sosial-mədəni sahədə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər də vardı ki, onlar xalqımızın tarixi taleyində çox böyük çevrilişlərə gətirib çıxaran, olduqca vacib və dəyərli yeniliklərə yol açan tədbirlər kimi həmişə yüksək səbiyyədə təqdir olunmuşdur. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin xalq təhsili sahəsində apardığı müntəzəm islahatlar, kadr hazırlığı ilə bağlı atdığı təqdirəlayiq addımlar onun mütərəqqi-demokratik ruhlu humanist dövlətçilik ənənələrindən soraq verir.
      Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrə qədər ölkədə xalq maarifi olduqca acınacaqlı vəziyyətdə idi. XIX əsrin sonlarından Azərbaycan bölgələrində “üsuli-cədid” məktəbləri yaransa da, bu məktəblərdə milli kadrlar çatışmır, məktəblərin zəif olan maddi-texniki bazası yeni üsulla tədrisin aparılmasına imkan vermirdi. Çar Rusiyası dövründən miras qalmış köhnə tədris üsulları, yarıtmaz kadrlar məktəblərdə tədris prosesini demək olar ki, iflic vəziyyətinə salmışdı.
    Xalq təhsili sahəsində bütün çatışmazlıqları aradan qaldırmaq və milli mədəniyyətimizi inkişaf etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk günlərdən başlayaraq qaynar fəaliyyətə başladı. Fətəli Xan Xoyskinin sədrliyi ilə formalaşan I Nazirlər kabinetində Nəsib bəy Yusubbəyli başda olmaqla Maliyyə və Xalq maarifi nazirliyi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərarı oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan olundu. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. Hökumətin 1918-ci il  28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dillərində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir.
    Xalq Cümhuriyyətinin mövcudluğu dövründə diqqət mərkəzində olan əsas məsələlərdən biri də xalq maarifi sistemində çalışacaq bacarıqlı milli pedaqoq-kadrların hazırlanması idi. Tədrisin türk dilində aparılması ixtisaslı kadrların çatışmazlığını ortalığa çıxarmışdı. Bu problemi aradan qaldırmaq üçün hökumət 10 iyun 1918-ci il tarixli iclasında hərtərəfli müzakirələrdən sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsini Qazaxa köçürülməsini məqbul saydı. İlk ildə buraya 35 müdavim qəbul olunsa da, artıq 1919-cu ildə 76 nəfər təhsil alırdı. Qadın pedaqoq kadrların hazırlanmasında 4-illik Bakı Qadın Müəllimlər Seminariyası da böyük işlər gördü. 1919-cu il yanvarın 1-dən bu seminariya Kişi Müəllimlər Seminariyasına çevrildi. Bu məktəbdə 56 nəfər oxuyurdu. Az sonra Gəncə Müəllimlər Seminariyası da milliləşdirildi.  
        Bu dövrdə Türkiyədən müəllimlər dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadı olan şəxslərdən ibarət müəllim kadrları hazırlamaq da gündəmə gəlmişdi. Bunun üçün Azərbaycan hökuməti 1918-ci il iyulun 23-də ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında qərar qəbul etdi. Nəticədə Türkiyədən dəvət olunmuş 50 nəfərə yaxın müəllim ölkəmizin pedaqoji həyatında mühüm işlər gördü. Bakı Kişi Müəllimləri Seminariyasında Kamal bəy, Fəti bəy, Rəşid Sürəyya, Nurulla əfəndi, Mirzə Mövsüm Xan, Bakı Qadın Müəllimləri Seminariyasında Rəmziyə xanım, Saimə xanım, Rabiyə xanım, Nədidə xanım, Nəbahət xanım, Həcər xanım, Mədixan xanım, Qazax Kişi Müəllimləri Seminariyasında Bəhri Mühiddin, Nurulla əfəndi, Gəncə Kişi Müəllimləri Seminariyasında Müxlis əfəndi və b. azərbaycanlı müəllim kadrlarının hazırlığı ilə məşğul oldular. Gəncə Kişi Gimnaziyasında da Türkiyədən gəlmiş müəllimlər dərs deyirdilər. Onların arasında Nazim əfəndi və Abdulla Rəzzaq Haxarizadə də vardı. Gəncə Qadın Gimnaziyasında isə Əminə xanım Nuru qızı çalışırdı.
      Bütün bu dediklərimizdən əlavətədris müəssisələrinin milliləşdirilməsini daha uğurla həyata keçirmək, 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli müəllim kadrları ilə təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar da təşkil olundu. Bakı, Gəncə və Nuxada (Şəki) kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açıldı. Hər kursda ən azı 50 müdavim təhsil alırdı. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi
     Qısamüddətli pedaqoji kurslarla yanaşı, 15 sentyabr 1919-cu ildən bir illik pedoqoji kurslar da təsis elilməyə başladı. Onlarda 50 nəfərin oxuması nəzərdə tutulurdu. Bu kurslara hər iki cinsdən olan, ali ibtidai təhsil alan, həm də tam hazırlıq görməyən xalq müəllimləri qəbul edilirdi. Hökumət qadınlar arasından da milli müəllim kadrları hazırlamaq məqsədi ilə istər ölkənin Bakı və Gəncə kimi iri şəhərlərində, istərsə də bölgələrdə qadın müəllim seminariyaları, bir və ikiillik müəllim kursları, eləcə də qısamüddətli kurslar açmağa çalışırdı.
    Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə məsələlərdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması olmuşdur. Hökumət bu məsələni, bir tərəfdən ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun verildi. 1919-cu ilin noyabrın 15-də tarix-fillogiya və tibb fakültələrində dərslərin başlanması ilə Bakı Dövlət Universiteti açıldı. Bu hadisə milli hökumətin mədəniyyət sahəsində çox böyük qələbəsi hesab olunur. Bu ali təhsil müəssisəsi ölkədə müəllim kadrlarının hazırlanmasında çox böyük rol oynadı. Azərbaycan hökumətinin və parlamentinin təşəbbüsü ilə 1919-1920-ci tədris ili üçün xarici ölkələrin qabaqcıl ali məktəblərinə 100 azərbaycanlı gəncin göndərilməsi  nəzərdə tutuldu. Onlar Türkiyə, İngiltərə, İtaliya, Fransa və Rusiyanın ali məktəblərində təhsil almalı, geri qayıdandan sonra 4 il təyinat yerində məcburən işləməli idilər. Bu tələbələrdən 20-sinin bütün xərclərini dövrünün böyük mesenantı və maarifpərvər sahibkarı Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürdü.
      Beləliklə, gətirdiyimiz faktlardan Azərbaycan mədəniyyətinə və xalq maarifinin inkişafına  milli hökumətin xüsusi bir qayğı ilə yanaşdığını görürük. Belə bir qayğı Azərbaycanın demokratik ruhlu ziyalılarının uzun illərdən bəri milli məktəb uğrunda apardığı gərgin mübarizənin Cümhuriyyət dövründə uğurla həyata keçirilməsində, bütün məktəblərdə təhsilin icbari qaydada, ana dilində qurulmasında, Rusiya tarixi əvəzinə Türk xalqlarının tarixinin tədris edilməsində, yüz ildən artıq davam edən ruslaşdırma siyasətinin qarşısının alınmasında və s. sahələrdə özünü göstərir.


Tarix: 10-05-2019, 13:32

Xəbəri paylaş