Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Pedaqoji ali təhsilin inkişafı zamanın tələbidir

 
 
Zülfiyyə Vəliyeva,
ADPU-nun elmi işçisi,
Əməkdar müəllim
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında göstərildiyi kimi, “Müəllim amili təhsilalanın öyrənilməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır.  Təhsilalanın sa­vad­lı və səriştəli şəxs kimi for­malaşmasında müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur”. Dövlət  Strategiyasında təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini, təhsilin məzmununun səmərəli mənimsənilməsini, innovativ təlim metodlarının həyata keçirilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, strateji bir istiqamət kimi dəyərləndirilir.  Metodologiya-fəaliyyətin metod və vasitələri, məntiqi təşkili və strukturu haqqında təlim və nəzəriy­yələr sistemidir. Pedaqogikada isə metodologiya-pedaqoji biliklər və onun qazanılması prosesinə, başqa sözlə, pedaqoji dərk etməyə dair təlimdir. Pedaqoji ali təhsil sisteminin inkişafının müasir mərhələsi, elmi nailiyyətlərin vacib nəticələrini  özündə əks etdirən yeni təhsil standartlarının  işlənilməsi və tətbiqi ilə xarakterizə olunur. Heç şübhəsiz, bu halda təhsilin fundamentallığının  saxlanılması ən vacib məsələ kimi nəzərə alınır. Qeyd etmək lazımdır ki,  hazırda informasiyanın öyrənənlər tərəfindən qəbul olunaraq mənimsənilməsində olan problemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən tədris-təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Fikrimizcə, bunların səbəbi, hələ də tədris prosesində informasiya cəmiyyətinin tələblərinə cavab verməyən və pedaqoji elmin müasir  nəzəriyyələrinin əsas müddəalarını ödəməyən köhnəlmiş texnologiyalardan istifadə olunması ilə bağlıdır.
Son illərdə inkişaf etmiş aparıcı ölkələrin ali təhsil sistemində artıq kompeten­sialı, səriştəli tədris-təlim prosesinin qurulması və səriştəli yanaşma modeli geniş tətbiq olunmağa başlamışdır. Səriştəliliyin praktiki təfəkkürün yüksək inkişaf səviyyəsini nəzərdə tutmasına  baxmayaraq, hazırda tədris-təlim prosesi müxtəlif pedaqoji ali təhsil müəssisələrində köhnəlmiş yanaşmalardan istifadə olunaraq, müəyyən informasiyanın hələ də sadə yadda saxlanılmasına yönəlmişdir. Araşdırmalar göstərir ki, bu səbəbdən gənclərin düşüncə tərzi hazırda abstrakt qurulsa çox da istiqamətlənməyən bədii-emosional xarakter daşıyır. Ona görə də hazırda emosi­o­nal məna daşıyan hadisələrin, proseslərin mənimsənilməsi üstünlük təşkil edir. Bunların hamısı, yəni tədris-təlim prosesi ilə bağlı informasiyaların şərhinin, əsasən şifahi üslubda verilməsi koqnitiv uyğunsuzluğa gətirib çıxarır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində müxtəlif proseslərlə bağlı istifadəsi məqbul  hesab edilən informasiyalardan daha çox, hazırda onlarla ziddiyyət təşkil edən alternativ informasiya mənbə­lərindən istifadəyə ehtiyac duyulur. Alternativ informasiyanın üstünlüyü bir də onunla bağlıdır ki, prosesin dərk olunması fərdi xarakter daşıyır. Bunların hamısını hazırda nə məktəb təlimi, nə də ali təhsil təmin edə bilmir.
Pedaqoji kadr hazırlığı sistemində pozitiv dinamikanın müasir tələblərə cavab verməməsinin bir səbəbi də istifadə olunan ənənəvi təlim texnologiyalarının əsasən idrak sferasına istinad etməməsi ilə bağlıdır. İnsan psixikası qeyri-şüuri (qeyri-iradi) sferada baş verən proseslər hesabına öz aktivliyini saxladığından, hökmən  təlim prosesində bunlar da nəzərə alınmalıdır. Araşdırmalar göstərir ki, qeyri-iradi hadisələr ünsiyyət, düşünmə, emosional təsirlənmə və hərəki aktivlik kimi müxtəlif stereotipləri əhəmiyyətli dərəcədə aktivləşdirir. Baxmayaraq ki, psixi aktivliyin çoxlu sayda əxlaq (davranış) ste­reotipləri vardır, fərdilik çox dar bir diapazonda şaxələn­diril­miş sxemlərdən istifadə edə bilir. Bəs bunlar təhsilverənin müxtəlif fəaliyyət növlərinin müvvəffəqiyyətinə necə təsir göstərir? Maraqlıdır, hansı təlim metodları müxtəlif təfəkkür və ünsiyyət stereotiplərinə malik təhsilalanlar üçün daha effektlidir, hansı kommunikativ və koqnitiv strategi­ya­ları korrektə etmək, hansı interaktiv metodları inkişaf etdirmək və güclən­dir­mək lazımdır? Bu problemlərin hamısı yeni təlim texnologiyalarının işlənilməsini tələb edir.
Sual olunur, müasir təlim texnolo­giyaları hansı məhsuldar koqnitiv stereotipləri ayırd etməlidir? Qeyd etmək lazımdır ki, bütün bunlar praktikada baş verən problemlər çərçivəsində formalaşır və uyğun olaraq praktik təfəkkürlə əlaqədardır. Ona görə də, formal-məntiqi təfəkkür konvergent, praktik təfəkkür isə divergentdir. Əgər formal-məntiqi təfəkkür, yaxşı təşkil edilmiş və mütəşəkkil pedaqoji tədris-təlim prosesində formalaşırsa, əsasən simvolik rəmzi informasiyadan istifadə edirsə, praktik təfəkkür yüksək səviyyədə surətə (şəklə) əsaslanır. Beləliklə, təhsil sisteminin verdiyi və ya təsilalanların tədris-təlim prosesində qazandıqları biliklər sisitemi ilə, başqa mənbələrdən, ilk növbədə, elektron vasitələrdən əldə edilmiş eklektik (eklektizm-bir-birinə zidd olan fikir və nəzəriyyələrin mexaniki olaraq birləşdirilməsi) informasiyalar arasındakı ziddiy­yətlərin mövcudluğu pedaqoji ali təhsil sisteminin inkişafında olan əsas metodoloji problemlərin həllini aktual­­laşdırır. İnformasiya cəmiyyətinin xarakterik xüsusiyyətlərinə müvafiq təhsilin məzmununu və innovatik texnologiyaların elmi-peda­qoji əsaslarını işləyən zaman nəzərə almaq lazımdır ki, informasiya şəbəkəsinin sadəcə olaraq texniki vasitə kimi istifadə olunması çoxdandır ki, artıq öz dövrünü başa vurub, məxsusi semiosferaya (müxtəlif təbiətli dillərlə dol­durul­muş sfera) sahib yeni mədəniyyət statusu alıb. Müasir dövrdə, elektron vasitələrlə daşınan informasiyalarla bağlı mətnlər sen­sor (sezici) və qavrayış etalonları kimi çıxış edirdisə, pedaqoji kadr hazırlığı ilə bağlı tədris-təlim prosesində qazanılmış biliklər sistemi sosial qarşılıqlı təsirlərin və davranış normalarının tələblərini,  qarşıya qoyulmuş məqsədləri yerinə yetirməyə istiqamətlənir. Belə xarakterli tədris-təlim prosesində baş verən hadisələrin izahında, müasir yanaşmalar səviyyəsində elmin rolu yüksək qiymətləndirildiyindən, həmişə bunlar nəzərə alınaraq inkişaf təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, əsas dəyərlərin elmi dərk edilməsində müxtəliflik vardır. Məsələn, klassik paradiqma mütləq həqiqəti, qeyri-klassik nisbi həqiqəti, postqeyri­klas­sik isə yalnız əsaslan­dırılmış hipotezləri əsas götürür.
Müasir pedaqoji təhsil «postformal təfəkkür»ün formalaşmasını tələb edir. Onun əsas xüsusiyyətlərini (əlamət­lərini) aşağıdakı kimi qruplaşdırmaq olar:
w  bilik istehsal olunmur, prosesdə şəxsi bilik səviyyəsi formalaşır;
w yeni imkanlar və özünüreallaşdırma əsasında şəxsin səriştəlik səviyyəsi formalaşır;
w müqabil (əks) təbiətli əşyalar arasındakı əlaqələri görmək qabiliyyətinin aşılanması nəticəsində metomorfik (metomorfizm-təsirlə ilk quruluşun və tərkibin dəyişməsi) dərketmə formalaşır;
w ümumi və xüsusi qarşılıqlı təsirlərin nəticələrinin qabaq­cadan müəyyən edilməsi ilə bağlı qabiliyyət güclənir;
w kontekstin (mətnin mənaca bitmiş hissəsi) başa düşülməsi və anlaşılması baş verir;
w  səbəbiyyatın qavranılmasının qeyri-xəttiliyi müəyyən edilir;
w təhsilalanın izahedici kimi deyil, təsfiredici kimi qəbul olunması baş verir;
w idrakla biosfera (yer üzündə həyat olan sfera) ara­sın­dakı əlaqənin,  biosferanın yüksək inkişaf mərhələsi olan  noos­fe­ra  (buraya - antroposfera, texnosfera, sosiosfera, insan tərə­findən canlı və cansız aləmin xassəsinin (mahiy­yətinin) dəyiş­di­rilməsi və s. daxildir) səviyyəsində qavranılması həyata keçirilir.
Araşdırmalar göstərir ki, pedaqoji ali təhsil müəs­sisələrində şəxsiyyətin inkişaf prosesi yeni yanaşmalardan (in­­­­­te­raktiv, modul, konvergen, avtomatlaşdırılmış və b.) istifadə edilərək, psixoloji faktorları da nəzərə almaqla həyata keçi­ril­məlidir. Bu prosesdə internetin imkanlarından istifadəyə geniş şərait yaradılmalıdır. İnformasiya cəmiyyətində tədris materia­lı­nın verbal texnologiyalar əsasında şərh edilməsi tədris-təlim prosesində perspektivsiz hal kimi qiymətləndirilir. Bunlar tədris-təlim pro­se­sində tələb olunan motivasiyanı təmin edə bilmir. Ona görə də təhsil sferası informasiya sahəsində hakim mövqe tutulmalıdır. Qəbul olunan infor­masiyalar (təlim pro­­sesinə dair müxtəlif məlumatlar), yalnız ayrı-ayrı insanlara (təh­silalanlara) kömək üçün nəzərdə tutulmamalı, bu infor­masiyalar bütövlükdə cəmiyyətin siyasi, iqtisadi, etik, ekoloji, milli və başqa problemlərini həll etmək, eyni zamanda  insan həyatının daha xoşbəxt, dərk edilən və başa düşü­lən olması məqsədini daşımalıdır. Məhz, ona görə də müasir texnologiyalar kontekst yanaşma əsasında hazırlanmalıdır.
İnkişaf etmiş ölkələrdə ali təhsil sistemi, hazırda daha çox təlimin fərdiləşməsi istiqamətində inkişaf edir. Ona görə də təlim trayektoriyaları  təhsilalan gənc müəllimlərin həyati məq­səd­lərini və sağlam düşüncə tərzini nəzərə alaraq, şəxsi və koqnitiv bacarıqların formalaşmasını təmin etməlidir. Belə ya­naş­­­malar öyrənənlərdə özü­nü­təlim və özünütərbiyə mexanizm­lə­rinin formalaşdırılması əsasında reallaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində təlim təhsil­alanların əxlaqi, şəxsi və koqnitiv keyfiyyətlərini nəzərə alaraq, şəxsiyyətin effektiv özünüreallaşdırılmasını təmin etməlidir.
Araşdırmalar göstərir ki, cəmiyyətdə toplanan biliklərin həcmi hər 2-3 ildə, alim  və ixtisaslı müəllimlərin sayı isə təxminən 15 ildə iki dəfə artır. Son 100 ildə alim və səriştəli müəllimlərin sayı, təxminən, 100 dəfə, ancaq biliklərin həcmi bir trilyon dəfə artmışdır. Məlumdur ki, universitetlərdə (xüsusi halda pedaqoji yönümlü ali təhsil müəssisələrində)  hazırda tədris-təlim prosesində tətbiq olunan texnologiyalar, yeni təlim və pedaqoji metodlar, təxminən, yüz il bundan əvvəl tətbiq olunan üsullardan çox az fərqlənir. Bundan başqa, informasiya cəmiyyətində təhsilverənlərin bilik mən­bəy­inin potensialı və onun səviyyəsi müasir tələblərə tam cavab vermir.
Ölkəmizdə pedaqoji təhsil sisteminin inkişafının vacib istiqamətlərindən biri də, təhsil standartlarının  liberallaşdırıl­masını (barışdırıcı mövqe, güzəştə getmə), yəni bu standartların kadr hazırlığında baza rolunu oynayan ali məktəblər tərəfindən hazırlanmasına imkanların yaradılmasını tə­ləb edir. Xüsusi hal­­­­­da, belə tendensiyalar korporativ təhsil proqramlarının re­al­laş­­­­dı­rılması istiqamətində özünü göstərməlidir. Digər tərəfdən, təh­silalanlarda informasiyanın elektron vasitələrinin təsirilə baş verən şəxsi, əxlaqi və koqnitiv inkişafın xüsusiyyətləri, peda­qo­ji ali təhsil müəssisələrin­ə tələbə qəbulunun forma və məz­mu­nunun yeniləşdirilməsini və tədris prosesində keyfiyyətin qiy­mət­ləndirilməsi üçün yeni kriteriyaların işlənilməsini tələb edir.
Aparılmış təhlillər göstərir ki, hazırda pedaqoji ali təhsil sis­temində kadr hazırlığının səviyyəsi təhsil xidmətlərindən istifadə edənlərin tələblərini ödəmir. Bu sahədə müxtəlif problemlər üzrə çox sayda tədqiqatların aparılmasına baxmayaraq, əldə olunmuş nəticələr müasir  tələblərə cavab vermir. Bunların səbəblərini, əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:
a öyrətmə (təhsilvermə) prosesinin düzgün müəyyənləş­diril­məməsi. Qeyd etmək lazımdır ki, yeni təhsil sistemi öyrətmə prosesində tələb olunan kompetensiyaları  müəy­yən edərək dünyanın inkişaf dinamikasını, həyat tərzinin problemlərini, yaşayış tərzinin üstünlüklərini, obrazlı düşün­mənin xarakter xüsusiyyətlərini, əxlaqla bağlı svi­ereotipləri və şəxsi inkişafla bağlı vacib elementləri kompleks şəkildə nəzərə almalı, təhsilalanın koqnitiv sferasının avtonom inkişafının formalaşması təmin olunmalıdır;
a        “sosium”un (cəmiyyət bütöv sosial sistem kimi) vəziyyətinin tələb olunan səviy­yədə müəyyən edilməməsi. Bu sahədə geniş miqyasda, sis­temli tədqiqat aparılmamış, həqiqi sistemlərin (ailə, məktəb, elektron informasiya sistemləri) bütövlükdə inkişafı ilə bağlı korrelyasiyalar müəyyən edilməmişdir;
a        öyrənmə və öyrətmə prosesləri arasındakı qarşılıqlı münasibətlər dəqiq müəyyən edilməmişdir;
a        hələlik tam aydınlaşdırılmamışdır ki, təhsilalanlarda hansı keyfiyyətləri formalaş­dır­maq istəyirik? Yəni sosi­umda baş verən informasiya dəyişik­lik­lə­ri­ni, eyni zamanda şəxsiyyəti xarakterizə edən parametrlərdə baş verən kardinal dəyişik­­likləri yalnız təlim exnologiyaları vasitəsilə nəzərə almaq mümkün olmadığın­dan, bu sahədə araşdırmaların intensivliyi artırılmalıdır.
Beləliklə, XXI əsrdə pedaqoji ali təhsil, istinad nöqtəsi kimi yeni metodoloji işləmələri, innovatik informasiya texno­logiyaları istinad edilərək götürərək, aşağıdakı məsələlərin həllinin,  aparıcı istiqamət kimi götürülməsini təkidlə tələb edir:
w pedaqoji yönümlü ali məktəblərdə təhsilalanların ilkin formalaşdırılmasının şəxsi təlim trayektoriyasına uyğun aparılması;
w konkret problemlərin həllini təmin etmək üçün mücərrəd-məntiqi düşünmədən başqa, praktik təfəkkürün də inkişafının təmin edilməsi;
w şəxsiyyətin yaradıcılıq potensialının psixi aktivliyin bütün sahələrində inkişaf etdirilməsi;
w öyrənən və öyrədən münasibətlərini psixoloji cəhətdən  düzgün qurmaqla, təhsilalanların tədris fəaliyyətində tələb olunan motivasiyanın yaradılması;
w təhsilalanların şəxsi koq­nitiv  üslub və strategiyasını nəzərə alaraq, tədris materialının mənimsənilmə imkanlarının artırılması;
w təhsilalanların şəxsi peşəkarlıqla bağlı problemlərinin həlli prosesində mühazirə formasında yerinə yetirilən işlərin, sərbəst fəaliyyətlə əvəz olunması üstünlüklərinin gözlənilməsi;
w  özünütəhsil və özünütərbiyə mexanizminin forma­laşdırılması.
Deməli, müasir cəmiyyətdə pedaqoji yönümlü ali təhsil müəssisələrinin qarşısında, qloballaşma əsrinin tələblərinə uyğunlaşmaq üçün çox çətin problemlər durur. Onlar tələb olunan çeviklik göstərməsələr, kadr hazırlığında keyfiyyəti təmin edə bilməsələr, işəgötürənlərlə müasir tələblərə cavab verən səviyyədə iş birliyi yaratmasalar, dinamik inkişaf edən bazarın tələblərini ödəyə bilməsələr, XXI əsrdə daha ciddi problemlərlə qarşılaşacaq­lar. Bunların vaxtında aradan qaldırılması üçün:
- pedaqoji yönümlü ali təhsil müəssisələri bütövlükdə ölkənin, xüsusi halda regionların təkcə iqtisadi deyil, həm də sosial, mədəni, ekoloji baxımdan   inkişafının episentrinə çevrilməli;
- ilkin müəllim hazırlığı yeni innovatik-sahibkar  modelinə keçərək, elm-təsil-istehsal kompleksi kimi fəaliyyət gös­tərməli;
- pedaqoji ali təhsil müəssisələri çox ciddi  transformasiya və yenidənqurma (yenidən təşkiletmə) yolu ilə gənc müəllimlərin (eyni zamanda yaşlı müəllimlərin) təhsil sifarişlərini yerinə yetirməklə, həm də fasiləsiz təhsil müəssisələrinə  çevrilməlidir.
Bunlar göstərir ki, gələcəkdə təhsil sferasında,  xüsusi  halda pedaqoji  ali təhsil müəssisələrində ciddi və çox dərin dəyişikliklər aparılmalı, təhsil sistemi «biliklərə əsaslanan cəmiyyət»in qurulmasını təmin etməlidir. Pedaqoji yönümlü ali təhsil müəssisələrinin məzunları, bu halda akademik müvəffəqiyyətlərindən başqa, aşağıdakı bir  sıra keyfiyyətlərə də sahib olmalıdırlar:
w formalaşmış şifahi və yazılı kommunikativ vərdişlərə malik olmalı;
w eyni zamanda təbiət elmlərinin əsaslarına dərindən yiyələnməli;
w informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnməli;
w kritik (tənqidi) düşünmə qabiliyyətinə malik olmalı;
w fasiləsiz təhsilin tələblərini duymalı və hiss etməli;
w qruplarla işləməyi bacarmalı;
w yaradıcı və təşəbbüskar olmalı, özünüidarədə fəal, daima işində tələbkar olmağı və səy göstərməyi bacarmalı;
w sağlam rəqabət şəraitində öz işindən məmnunluq duymalı;
w mədəni qabiliyyətini beynəlxalq səviyyədə nümayiş etdirməyi bacarmalı;
w həmişə müsbət nəticəyə istiqamətlənməli, sərbəst qərar verməkdən qorxmama­lıdır.
Son illərdə ilkin müəllim hazırlığında beynəlxalq əlaqələr xeyli genişlən­dirilmişdir. Belə əlaqələr nəticəsində fun­­­­da­­­mental elmi araşdırmalara üstünlük verilməli, ictimai inkişafın aktual problemlərinin həllinə yönəlmiş işlər güclən­dirilməlidir. Bu halda, elmlərin əsaslarının öyrədilməsi, özünə qapan­madan, təmiz akademizmdən uzaq olmalıdır. Pedaqoji təhsilin geniş profilliliyi və universallığı dedikdə başa düşülməlidir ki, o, təkcə bilik verməklə kifayət-lənməməli, öl­kənin və ya regionun elm-təhsil-istehsal mərkəzinə çev­rilməsi, onun idarə­edilmə­sinin mərkəzində demokratik prinsiplərin durması, ona mux­tariy­yət statusunun verilməsi və mütəmadi öz fəaliyyətində hesabatlılıq mühitinin formalaşması həyata keçirilməlidir.
XXI əsrin əvvəllərində pedaqoji təhsilə yanaşmada iki əsas tendensiya formalaş­ma­ğa başlamışdır: «Universitet-fir­ma», «Uni­­­­versitet-cəmiyyət». Bunları bir-birindən fərqləndirən əsas xarakterik xüsusiy­yətlər bizim araşdırmalarımızda geniş tədqiqata cəlb olunmuş və alınan nəticələr mütəxəssislərə çatdırılmışdır.
Deməli, pedaqoji ali təhsil müəssisələri yeni pedaqoji və təlim texnologiyalarının və İKT-nin tətbiqində «beyin mər­­­kəzi» rolunu oynamalı və cəmiyyətin dayanıqlı inkişafını təmin etməlidir. İlkin müəllim hazırlığında insanların fasiləsiz təh­­­sili­nin konseptual əsaslarının işlənilməsinə, fundamental və tətbiqi xarakterli tədqiqatların yerinə yetirilməsinə və onların nəticə­lərinin pedaqoji təhsil sisteminə operativ gətirilməsinə nail olunmalıdır. Pedaqoji təhsil geniş mənada mütəzəm fənlərarası layihələrlə məşğul olmalıdır. Belə layihələr ixtisas və ixti­sas­laşmalarla bağlı yeni fənlərin tədrisə  gətirilməsi yollarını qısaldır, humanitar sahənin və sənaye istehsalının tələblərini yerinə yetirməyə, yeni iqtisadi, həm də siyasi problemlərin həl­lini təmin edir və fənlər­arası və transfən­­­­lər­ara­sı proqramların reallaşdırılması stimullaşdırılır. Uyğun olaraq insan cəmiy­­yətinin dayanıqlı inkişafına, dünya mədəniyyətinin yeni əlamət və formalarının təşəkkül tapmasına geniş imkanlar açır.
Pedaqoji təhsil, dövlətə xidmət etməklə, əsas etibarilə yoxsulluğa, ədalətsizliyə qarşı və səriştəli müəllim hazırlığında zorakılığa, ətraf aləmin ekologiyasının pozulmasına qarşı öz funksiyasını daha da möhkəmləndirməlidir. Əmək bazarı ilə əlaqələrin gücləndirilməsi, ictimai tələbatın təhlili və proqnozu pedaqoji ali təhsili prioritet sahəyə çevirməlidir. Pedaqoji təhsil sahəsində imkanların bərabərləşdirilməsinin təmin olunması üçün diversifikasiya işləri yerinə yetirilməlidir. Pedaqoji təhsilin diversifikasiya modeli, kütləvi tələbatın beynəlxalq tendensiyalarını, ali təhsilin müxtəlif formalarına əhalinin geniş təbəqəsinin cəlbinin mümkünlüyünü, onların təhsilini başa vurmaları üçün bütün imkanların yaradılmasını nəzərdə tutur.
Səriştəli pedaqoji kadrların hazırlanmasında təhsil sistemində idarəetmənin və maliy­yələşmənin təkmilləşdiril­­məsi də həlledici rol oynayır. Təhsil müəssisələri idarəetmədə onların fəaliyyət göstərdikləri mühitin tələblərini nəzərə alaraq, kompetensiyalı müəllim hazırlığını təmin etməli, adambaşına maliyyə sisteminə keçidin təmin olunması istiqamətində geniş, səmərəli işər görməlidirlər. Təhsildə bu konsepsiya vasitəsilə formalaşdırılan müəllim cəmiyyətə daha çox xeyir verir. Bu halda tədris-təlim prosesində belə mütəxəssislər, yeni mədəni və ixtisas vərdişləri qazanır, az bilikli və ya ixtisas dərəcəsi olmayanlara nisbətən təhsil fəaliyyətində yüksək  məhsuldarlığı təmin edir və böyük gəlir gətirir. Ancaq, təhsilin bu və ya digər insana bütövlükdə cəmiyyətə xeyir gətirməsini yalnız “təhsildən gəlir (mədaxil)” iqtisadi konsepsiya ilə həll etmək olmaz. Bu konsepsiyanı, tamamilə olmasa da, qismən “sosial qazanc” konsepsiyası ilə əvəz etməklə, cəmiyyətin təhsildən aldığı mənfəəti daha səmərəli həyata keçirmək ədalətli olardı. Hazırda, birinci növbədə, ilkin müəllim hazırlığında məzunların bilik səviyyəsini yüksəltməklə, səriştəli mütəxəssislər hazırlayaraq, ölkənin iqtisadi inkişafını və bütövlükdə dövlətin rəqabətə­davam­lılıq qabiliy­yətini təmin etmək tələb olunur.
Deməli,  cəmiyyətdə yüksək ixtisaslı, müasir tələblərə cavab verən, rəqabətəqabil, geniş profilli müəllimlərin hazır­lan­­­­­ması üçün, pedaqoji təhsilin yuxarıda göstərilən metodoloji problemləri zamanın tələbi kimi həll edilməli və bu sahədə pedaqoji təhsil sistemində aparılan səmərəli fəaliyyətlər sürət­lən­diril­məlidir.


Tarix: 10-05-2019, 13:08

Xəbəri paylaş