Həmid Araslı, yaxud ədəbiyyatımızın tarixçisi
Nizami Cəfərov,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı,
Azərbaycan Atatürk
Mərkəzinin müdiri
Akademik Həmid Araslı Azərbaycan elminin, mədəniyyətinin tarixində elə görkəmli şəxsiyyətlərdəndir ki, onun adı Səməd Vurğun, Üzeyir Hacıbəyov, Yusif Məmədəliyev, Heydər Hüseynov, Mirzə İbrahimov, Ziya Bünyadov… kimi simaların adları ilə yanaşı dayanır. Azərbaycan ədəbiyyatı tarixçiliyinin yaradıcılarından biri, bəlkə də, birincisi olan böyük alimin, ustadın təxminən yarım əsrlik bir dövrü əhatə edən zəngin (və mükəmməl!) elmi irsi bizim mənəvi sərvətlərimiz, milli fəxr mənbəyimizdir. Vəfatından iyirmi beş il keçməyinə baxmayaraq, bugün Həmid Araslıya istinad etmədən, onun xidmətlərini xatırlamadan «Kitabi- Dədə Qorqud»dan, Nizamidən, Nəsimidən, Xətaidən, Füzulidən, aşıq yaradıcılığından, Vaqifdən… ümumiyyətlə, Azərbaycan ədəbiyyatı tarixindən danışmaq olmaz.
… Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının şifahi söz sənətindən başladığı kimi, Azərbaycan milli ədəbiyyatşünaslıq təfəkkürünün əsasları da xalqın söz sənəti barədəki kifayət qədər mütəşəkkil təsəvvürlərindən yaranır. Azərbaycan türkcəsində, ümumən türkcədə ilk nəğmələri, şeirləri qoşan, ilk əfsanələri, nağılları, dastanları danışanlar dediyi sözün yalnız müqəddəsliyinə, ruhunun çox dərin qatlarından gəldiyinə inanmır, həm də onun nizamına, harmoniyasına, məzmun- mündərəcəsinə diqqət yetirir, poetexnoloji ənənəni sadəcə inersiya ilə deyil, peşəkarlığı yüksəltməklə davam etdirir, harda nəyi (və necə!) deməyin üsullarına yiyələnirdilər. Və söz sənətkarının dediyi söz qarşısındakı geniş mənada məsuliyyətinin nə qədər böyük olduğunu yazılı ədəbiyyatın meydana çıxdığı sonrakı əsrlərdə daha konkret şəkildə görmək mümkündür; Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin… ədəbi- estetik mülahizələri çox hallarda «bir sənətkarın sənət haqqındakı düşüncələri»ndən kənara çıxaraq elmi- nəzəri mövqe (və səviyyə!) nümayiş etdirir.
Etiraf edək ki, həmin mövqe (və səviyyə!) ni Azərbaycan ədəbiyyatşünaslığı tarixindən xaric etsək, olduqca kasıb, sistemsiz və qeyri-mükəmməl bir «tarix»in varisi olardıq… Azərbaycan ədəbiyyatşünaslığının banisi Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixini yazarkən əsasən orta əsrlərə məxsus cüng, bəyaz və təzkirələrlə yanaşı müxtəlif dövrlərdə yaşayıb yaratmış söz sənətkarlarının elmi- nəzəri mülahizələrinə də həssaslıq göstərdiyindən kifayət qədər mükəmməl iş görə, milli ədəbiyyat tarixçiliyinin əsaslarını yarada bilmişdi.
F.Köçərlinin yaratdığı «Tarix» nə qədər tarixi idisə, bir o qədər də müasir idi; mütəfəkkir ədəbiyyatşünas Azərbaycan ədəbiyyatı tarixinin yalnız geniş icmalını, xronologiyasını verməklə kifayətlənməyib onun metodologiyasını, fəlsəfəsini müəyyənləşdirdi ki, bu da xüsusilə XX əsrin 30- cu illərindən başlayaraq yeni ədəbiyyat tarixçiləri nəslinin formalaşmasına təkan verdi. Əsası F.Köçərli tərəfindən qoyulan, Salman Mümtaz, Vəli Xuluflu, Hümmət Əlizadə, Əmin Abid kimi görkəmli tədqiqatçıların araşdırmaları ilə zənginləşən Azərbaycan ədəbiyyatı tarixçiliyinin məsuliyyəti (burada söhbət həm elmi, həm də dövrün siyasi konyukturasının diqtə etdiyi ideoloji məsuliyyətdən gedir) Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə, Mir Cəlal kimi gənc ədəbiyytşünasların üzərinə düşmüşdü ki, onların içərisində tarixi maraq dairəsi daha geniş olan – milli əədəbiyyatın tarixini bütövlükdə ehtiva etməyə çalışan məhz Həmid Araslı idi… Elə ilk araşdırmalarından başlayaraq böyük müəllimi F.Köçərlinin yaradıcılıq (və metodologiya!) yolunu bütün miqyası ilə inamla davam etdirən tədqiqatçı F.Köçərlidən sonrakı dövrün ən nüfuzlu (və ən böyük!) ədəbiyyat tarixçisi səviyyəsinə yüksəldi… O, sadəcə xalq ədəbiyyatını, «Kitabi- Dədə Qorqud»u, Füzulini, Vaqifi araşdırmırdı, Azərbaycan ədəbiyyatının diaxroniyasını öyrənir, sözün geniş mənasında tarixini yazırdı. Və akademik Həmid Araslının müasir Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətini (və mövqeyini!) yalnız böyük Səməd Vurğunun müasir Azərbaycan ədəbiyyatındakı xidməti (və mövqeyi!) ilə müqayisə etmək olar.
Həmid Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncədə ziyalı- ruhani ailəsində anadan olmuşdur. Molla Məmmədtağı Ərəszadənin «mabədi var» qeydi ilə qurtaran məqalələri dövrün düşüncə adamlarının diqqətini cəlb edərdi ki, onların içərisində böyük M.Ə.Sabir də vardı.
Həmid Araslı ibtidai təhsilini tamamladıqdan sonra 1921- ci ildə Gəncədə açılmış müəllimlər seminariyasına daxil olur, 1926- cı ildə həmin seminariyanı uğurla bitirib bir il kənd məktəbində müəllim- direktor işlədikdən sonra 1927- ci ildə Gəncədə yeni açılmış yeddiillik məktəbə direktor təyin olunur. Gələcəyin böyük aliminin ilk tədqiqatları da məhz bu illərə aiddir; şifahi xalq ədəbiyyatı, xüsusilə aşıq yaradıcılığı nümunələrinin toplanması, ümumiyyətlə xalq yaradıcılığına milli ədəbi mənbə kimi müraciətin elmi texnologiyasının mənimsənilməsi sahəsində müəyyən təcrübə əldə edən Həmid Araslı 1928- ci ildə Bakıya gəlir, təhsilini Pedaqoji Universitetin dil və ədəbiyyat fakültəsində davam etdirir, A.Şaiq, Ə.Nazim, B.Çobanzadə, Jüze, Baqri kimi görkəmli alim-müəllimlərdən dərs alır. Gəncə ilə müqayisədə daha zəngin, daha münbit olan Bakı mühiti istedadlı, zəhmətkeş gəncin qarşısında geniş üfüqlər açır. Xalq ədəbiyyatını daha dərindən araşdırmağın elmi metodologiyasına yiyələnir. 1932- ci ildə Pedaqoji Universitetin aspiranturasına daxil olur, eyni zamanda SSRİ EA Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərqşünaslıq şöbəsinə rəhbərlik edir… Mənsub olduğu xalqın tarixi- ənənəvi ruhunu daşıyan, professor Bəkir Çobanzadənin rəhbərliyi ilə «XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı» mövzusunda namizədlik dissertasiyası üzərində işləyən, akademiyanın kitabxanasında türk xalqları ədəbiyyatını (bunların çoxu əlyazmasında və müxtəlif şərq dillərində idi) sistemə salan gənc tədqiqatçını 30- cu illərin repressiyayarından müdafiə edəcək bir qüvvə (!) vardı: Tanrının iradəsi!..Ziyalı-ruhani oğlu, xalq ədəbiyyatının araşdırıcısı, ali məktəblərdə orta əsrlər ədəbiyyatı kursunun əsaslarını yaradan (və Bəkir Çobanzadənin tələbəsi olan! Həmid Araslı) aspiranturanı 1935- ci ildə qurtarsa da, 1943- cü ildən tez müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi ala bilərdimi?.. Lakin nəzərə almaq lazımdır ki, o, təkcə alim deyildi, həm də mütəfəkkir idi, şəxsiyyət idi, millətin sağlam intellektual geninin daşıyıcısı idi… Və onun mənsub olduğu milləti sevən Tanrı Bəkir Çobanzadəni qoruya bilməsə də, tələbələri M.Şirəliyevi, M.Hüseynzadəni, Ə.Dəmirçizadəni… və H.Araslını qorumuşdu…
Məzmun- mündərəcəsi heç bir normal məntiqlə izah oluna bilməyən 30- cu illərdə Həmid Araslı «Ələkbər Sabirin həyatı», «Mirzə Fətəli Axundov», «Füzuli», «Şairin həyatı», müharibə illərində isə «Vətənpərvər qadınlar», «Nizami və Vətən», «Fədakar şair (İmadəddin Nəsimi)», «Xalqın qəhrəman oğlu (Koroğlu haqqında)» kitablarını yazıb nəşr etdirmişdi. 30 yaşlarında olan müəllifin bu kitablarında elmi səviyyə də, bədii yaradıcılıq qüdrəti də, dövrün konyukturası da vardı… Ən başlıcası isə millətin şəxsiyyətinin olması idi!..
Həmid Araslının 30- cu illərdən az itki ilə çıxan, çox mürəkkəb siyasi- ideoloji mühitdə inkişaf edən elmi karyerası üçün ən mühüm hadisələr 1) 1940- cı ildən Nizami adına Azərbaycan ədəbiyyatı tarixi muzeyində çalışması, 2) 1941- ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutu Qədim ədəbiyyt şöbəsinə, 3) 1944- cü ildən Azərbaycan Dövlət Universitetinin Yaxın Şərq ədəbiyyatı kafedrasına rəhbərlik etməsi idi. Azərbaycan ədəbiyyatı tarixini sistemli bir şəkildə öyrənən, bu sahədə mövcud intellektual qüvvələri təşkil etmək missiyasını öz üzərinə götürən Həmid Araslı F.Köçərlidən sonra yazılmış ilk mükəmməl «Azərbaycan ədəbiyyatı tarixi»nin yaradıcısıdır… Və bütün ömrü boyu daşıdığı yüksək akademik vəzifələr belə onun gördüyü tarixi işlər müqabilində hiss olunacaq qədər kölgədə qalır; böyük alimin 30- 50- ci illərdə yaratdığı «Tarix» artıq yarım əsrdən çoxdur ki, milli ədəbiyyatşünaslıq təfəkkürümüzün fakturasını (və elmi- nəzəri əsaslarını!) təşkil edir.
Həmid Araslının 1954- cü ildə doktorluq dissertasiyası kimi müdafiə etdiyi, 1956- cı ildə isə kitab şəklində çap olunan «XVII- XVIII əsrlər Azərbaycan ədəbiyyatı» əsəri Azərbaycan ədəbiyyatı tarixinin metodoloji əsaslarının öyrənilməsi, xüsusən xalq ədəbiyyatı ilə yazılı (klassik) ədəbiyyat arasındakı mənəvi- estetik, poetexnoloji əlaqələr sisteminin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli idi. Bu əsərin sonrakı dövrdə elmi ədəbiyyatşünaslıq təfəkkürünün inkişafına göstərdiyi təsirin miqyasını təsəvvür etmək üçün yalnız bir faktı xatırlatmaq kifayətdir ki, XVII- XVIII əsrlər Azərbaycan İntibahı barədə xüsusi nəzəriyyə meydana çıxdı və Azərbaycan ədəbiyyatı tarixində uzun illər məlumatsızlıqdan (və metodoloji hazırsızlıqdan!) «tənəzzül dövrü» olaraq qəbul edilən həmin əsrlərin ədəbi- mədəni mövqeyi lazımınca dəyərləndirildi… Müəllif sübut etdi ki, «Koroğlu» eposunun, onlarla mükəmməl xalq dastanlarının yarandığı (və yazıya köçürüldüyü!), A.Tufarqanlının, Sarı Aşığın, Xəstə Qasımın… Əmaninin, Qovsinin, Saibin, nəhayət, yeni Azərbaycan ədəbiyyatının baniləri Vidadinin, Vaqifin yetişdiyi dövr «tənəzzül dövrü» ola bilməz. Xalqın ruhuna doğma olan, onun sosial- ideoloji, mənəvi- mədəni həyatını bütün genişliyi, səmimiliyi ilə əks etdirən, yad və ya yabançı ifadələrlə yadlaşdırılmış bir dildə deyil, bulaq suyu kimi saf ana dilində yaranan ədəbiyyat hər bir millətin mədəniyyət tarixində məhz tərəqqinin, yüksəlişin, intibahın hadisəsidir. Bunu isə ədəbiyyatın tarixinə salnaməçi, yaxud hesabdar gözü ilə yox, elmi- fəlsəfi, mütəfəkkir erudisiyası, milli mənəviyyat tarixçisi məntiqi ilə baxmaqla görmək mümkün idi.
Həmid Araslı «akademik» adını yalnız tutduğu elmi vəzifələrə, gördüyü işlərin miqyasına görə almamışdı; o, ədəbiyyat tarixçiliyinə sözün böyük mənasında yeni keyfiyyət gətirmişdi ki, bu, birinci növbədə, milli ədəbi- bədii təfəkkürün aparıcı abidələrinin hərtərəfli öyrənilərək, ədəbiyyat tarixinə daxil edilməsində özünü göstərir… «Kitabi-Dədə Qorqud»dan M.P.Vaqifə, yəni ədəbiyyat tarixinin qədim dövründən yeni dövrünə qədər (orta əsrləri tam əhatə etməklə) elə bir ciddi bədii yaradıcılıq hadisəsi olmamışdır ki, alim onu öz «Tarix»ində ehtiva etməsin. Və xüsusi olaraq qeyd etmək lazımdır ki, bu, mexaniki bir ehtiva deyildi; geniş miqyaslı, əhatəli, metodoloji bütövlüyü olan, üzvü vəhdət, mükəmməl tarixi təfəkkür- yaddaş mədəniyyəti, kompleksi yaradan bir ehtiva idi. Azərbaycan ədəbiyyatının ümumtürk köklərinə, kontekstinə qarşı ideoloji irticanın gücləndiyi, «eklektik mənşə» axtarışlarının genişləndiyi illərdə hələ çox gənc olan Həmid Araslı Azərbaycan ədəbiyyatının ümumtürk mənşəyini təsdiq edən «Kitabi- Dədə Qorqud»u nəşr etdirir. Doğrudur, bu əsər üzərində 30- cu illərdə repressiyaya məruz qalmış tədqiqatçılar da işləmişdilər və 1939- cu ilə aid həmin nəşrin hazırlanmasında bu və ya digər dərəcədə onların da əməyi vardı, lakin əsas işi məhz Həmid Araslı görmüş, məhz özünəməxsus tərtibçi- mətnşünas üslubunu nümayiş etdirmişdi. Bu təkrarsız üslub «Kitab»ın 1962, 1978- ci illərdəki nəşrlərində də özünü göstərir. Folkloru, xalq dilini dərindən bilən, əski mətnləri hərfi-hərfinə oxumayıb (bizim bir sıra mətnşünaslar, eləcə də «Kitab»ın sonrakı tərtibçiləri kimi!) onları «danışdıran», bu və ya digər mətndə kodlaşmış bədii enerjini, poetik ifadə texnologiyalarını aşkarlamağı, xalqın ədəbi yaddaşını bərpa eləməyi bacaran tədqiqatçının tərtibçi-mətnşünas üslubu, həqiqətən, unikal (və milli!) idi. Ona görə də 20- ci, 30- cu illərdə fəaliyyət göstərmiş, pantürkist damğası ilə repressiyaya məruz qalmış ədəbiyyatşünasların xidmətlərini danmamaq şərtilə, qeyd etmək lazımdır ki, Həmid Araslının 30- cu illərdən başlayan və Azərbaycan xalqının ədəbi- tarixi yaddaşına «Kitabi- Dədə Qorqud»u, Nizamini, Nəsimini, Xətaini, Füzulini, Qövsini, Vidadini, Vaqifi… akademik (və demokratik!) bir məsuliyyətlə qaytaran tərtibçi- mətnşünas fəaliyyəti həmin sahədə yalnız kəmiyyətcə deyil, keyfiyyətcə də yeni mərhələ idi… O elə sənətkarları, elə əsərləri seçib ortaya çıxarır, ədəbiyyat tarixinin fakturasına daxil edirdi ki, onlarsız bu «Tarix»in mükəmməlliyindən söhbət gedə bilməzdi. Və həmin mükəmməllik Həmid Araslının yaratdığı akademik «Tarix»də nə qədərdirsə, orta məktəb dərsliyində də o qədərdir: hər iki halda bu və ya digər möhtəşəm yaradıcılıq hadisəsi xalqın ümumi ədəbi-bədii yaradıcılıq tarixinin üzvü tərkib hissəsi, milli ideya-estetik təkamülün faktı, nəticəsidir… O, yaxşı bilirdi ki, «Kitabi- Dədə Qorqud»suz, Nizamisiz, Nəsimisiz, Xətaisiz, Füzulisiz, Vaqifsiz… Azərbaycan ədəbiyyatının tarixini təsəvvür etmək olmaz, ona görə də əsas diqqətini məhz bu böyük ədəbi hadisələrin öyrənilməsinə, həmin hadisələrin ədəbiyyat tarixində müvafiq yer tutmasına, bu «Tarix»in idyea- məzmun, forma- poetexnologiya dayaqlarının möhkəmlənməsinə çalşırdı. O bilirdi ki, Məhsəti də, Həsənoğlu da, Həqiqi də, Həqiri də, Qövsi də, Məsihi də, yalnız bir- iki şeiri qalmış hər hansı şair də Azərbaycan ədəbiyyatı tarixi üçün gərəklidir, xalqın mənəvi sərvətidir, lakin sözün böyük mənasında «Tarix»i məhz korifeylər yaradırlar, onların daşıdığı missiyanı ədəbiyyat tarixində lazımi səviyyədə fiksasiya etmədən, ikinci və ya üçüncü dərəcəli sənətkarların yerini də müəyyənləşdirmək, «Tarix»in iyerarxiyasını bərpa etmək olmaz.
Nizami yaradıcılığını uzun illər boyu dərindən araşdırmış, dünyanın Gəncəli dahisinin milli tarixi köklərə nə qədər bağlı olduğunu ortaya çıxarmış alimin 1942- ci ildə «SSRİ AE Azərbaycan filialının Xəbərləri»ndə çap etdirdiyi «Nizamidə xalq sözləri, xalq ifadə və zərbi- məsəlləri» məqaləsi böyük şair- mütəfəkkirin milli mənsubiyyətini təsdiq etmək baxımından, həqiqətən, ciddi hadisə idi. Və yazıldığı zamandan on illər keçməsinə baxmayaraq bütöv bir monoqrafiyanın siqlətini daşıyan bu məqalə dünya nizamişünaslığının ən dəyərli əsərlərindən biri olaraq qalır.
Həmid Araslının geniş elmi- akademik biliyini, intellektini, erudisiyasını onun yüksək bədii- estetik zövqü, poetik təfəkkürü tamamlayırdı, gənc yaşlarından (20- ci illərdən) başlayaraq yazıb çap etdirdiyi şeirlər, hekayələr, bədii oçerklər, eləcə də yüzlərlə elmi əsərlərində özünü açıqca göstərən obrazlılıq deməyə əsas verir ki, o, ədəbiyyatın tarixinə, nə qədər dərindən olsa da, sadəcə soyuq mühakimələrlə yanaşmırdı, bu «Tarix»i duyurdu, onun təkrarsız gözəlliklərindən zövq alır, ona yalnız intelleki deyil, ruhu ilə də sahib çıxırdı.
Bütün dövrlərin ən böyük məhəbbət şairi Füzuliyə həsr etdiyi «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyası (1958) və onlarla məqalələri alimin poetexnoloji biliyi ilə yanaşı, poetik duyumunun, istedadının məhsuludur. Əgər belə olmasaydı, o də soyuq düşüncəli Avropa şərqşünasları kimi Füzuliyə sufi- panteist sənətkar deyib keçərdi, şairin əsərlərindəki həyat eşqini görməzdi… Və təbii ki, Vaqifi bu qədər sevməzdi…
Həmid Araslı Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasına nə qədər böyük qüvvə, enerji sərf eləmişdisə, həmin «Tarix»in öyrədilməsinə, yeni ədəbiyyat tarixçiləri nəslinin yetişməsinə də o qədər zəhmət çəkmişdi. O, bütün ömrü boyu ardıcıl olaraq proqramlar, dərsliklər tərtib etmiş, ali məktəblərdə mühazirələr oxumuş, kafedralara rəhbərlik etmiş, yalnız Azərbaycan üçün deyil, bir sıra türk respublikaları üçün də yüksək səviyyəli ədəbiyyatşünas kadrlar yetişdirmişdir. Bu gün respublikamızda fəaliyyət göstərən elə bir qədim ədəbiyyat tarixi mütəxəssisi təsəvvür etmək mümkün deyil ki, onun formalaşmasında bu böyük alim- müəllimin ya birbaşa, ya da dolayısı ilə əməyi olmasın.
Orta məktəblər üçün 30- cu illərin ortalarından başlayaraq yazıb çap etdirdiyi ədəbiyyat dərslikləri, müntəxəbatları və proqramlar, xüsusilə Azərbaycan məktəbində əlli ildən artıq uğurla istifadə olunmuş qədim ədəbiyyat dərsliyi Həmid müəllimin elmi- pedaqoji istedadının məhsulu idi. Və bu əlli ildən artıq bir dövr ərzində Azərbaycan məktəbində təhsil almış hər bir azərbaycanlı «Kitabi- Dədə Qorqud»u, Nizamini, Füzulini, Vaqifi məhz Həmid müəllimin dərsliyindən (məhz Həmid müəllimdən!) öyrənmişdir…
Həmid Araslı Azərbaycan ədəbiyyatının, milli ədəbiyyatşünaslıq elminin, ümumən mənsub olduğu xalqın böyük təəssübkeşi idi. Müxtəlif beynəlxalq konfranslarda iştirak edən, yüksək səviyyəli məruzələri, çıxışları ilə azərbaycanlı təfəkkürünə, elmi- ictimai düşüncəsinə hörmət, nüfuz qazandıran alim bir sıra mötəbər elmi qurumların üzvü, beynəlxalq səviyyədə söz sahibi olmuşdur. Hər cür diplomatiyadan uzaq aydın məntiqi, geniş dünyagörüşü, ədəbi- tarixi faktlara dərindən bələdliyi ona imkan verirdi ki, Azərbaycan ədəbiyyatının tarixinə hər hansı təcavüzkar müdaxilələrə qarşı dayana, ideoloji təxribatlara sinə gərə bilsin… Bilavasitə yerlisi olan Nizami Gəncəviyə göz dikənlərə, əsərlərini ən mükəmməl şəkildə tərtib etdiyi Füzulini həyatdan uzaq mistik bir şair sayanlara qarşı bütün ömrü boyu yorulmadan (və cəsarətlə!) mübarizə aparmışdı. O, Azərbaycan ədəbiyyatını Azərbaycan xalqının ən böyük mənəvi sərvəti hesab edir, onun nəinki ikinci, üçüncü,.. hətta dördüncü, beşinci…dərəcəli əsərini də heç kimə güzəştə getmək barədə düşünmürdü. Türk, özbək, türkmən, İran, tacik, ərəb ədəbiyyatları tarixini yaxşı bilən, hətta bir sıra türk xalqları üçün mütəxəssislər hazırlamış alim hər bir ümumşərq ədəbi hadisəsinin genetik kontekstini dəqiq müəyyənləşdirir, tarixinə hər hansı subyektiv müdaxilənin rəvac tapmasına imkan vermirdi. Sovet ədəbiyyatşünaslığının metodoloji diplomatiyasının türk xalqları ədəbiyyatlarına ideoloji təcavüzünün kifayət qədər güclü olduğu bir dövrdə bu, əlbəttə, çox çətin idi, lakin 30- cu illərin təxribatlarından çıxmış, zəngin «təcrübə» qazanmış bir alim üçün dözülən sayıla bilərdi. «Kitabi- Dədə Qorqud»u – Azərbaycan xalqının şah əsərini «mürtəce» elan edən sovet ideologiyası, yəqin ki, bu əsərin əsas tədqiqatçısına «sağ ol» deməyəcəkdi, şübhəli nəzərlərini onun üzərindən heç zaman çəkməyəcəkdi… Ancaq Həmid Araslının təvazökar olduğu qədər də mərd şəxsiyyətini bu cür nəzərlər altında kiçiltmək mümkün deyildi. Əlbəttə, onu pantürkist saymaq da olmazdı, lakin dövrün «beynəlmiləlçilik» konyunkturasının imkan verdiyi çərçivədə o, məhz milli mühitin adamı idi və elmi-metodoloji fəaliyyət miqyasını türkçülüyə, Türk dünyasının maraqlarına qədər genişləndirə bilirdi. Böyük sələfi Bəkir Çobanzadədən əxz etdiyi maarifçi (akademik!) türkçülük əqidəsinə zamanın keşməkeşləri nə qədər amansız yasaqlar qoysa da, onu tamamilə məhv edə bilməmişdi. Və təsadüfi deyildi ki, Nəvai haqqındakı araşdırmalarına görə Həmid Araslı Özbəkistanın əməkdar elm xadimi adını almışdı… Bütün Türk dünyasında onu yaxşı tanıyır, sevirdilər… Başlıcası isə, onun elminə, milli mövqeyinə, mülahizələrinin səmimiliyinə inanırdılar…
1950- ci ildə M.H.Təhmasiblə birlikdə Bakıda «Kitabi- Dədə Qorqud»un rusca tərcüməsini (tərcüməçi akad. V.V.Bartold idi) nəşr etdirən H.Araslı 1951-ci ildə Stalin – Beriya-M.C.Bağırov «üçlüy»ünün hücumuna məruz qalır. Azərbaycan yazıçılarının ümumi yığıncağı «Kitab»ın 1939- cu il nəşri barədə belə bir hökm verir ki, «H.Araslı eposun yalnız ideyasını deyil, onun dilini saxtalaşdırmış və Azərbaycan dilinə süni surətdə uyğunlaşdırmışdır» (Ədəbiyyat qəzeti, 5 may 1951- ci il). həmin yığıncaqda M.İbrahimov, S.Vurğun, M.Rəfili «Dədə Qorqud»u səhvən yüksək qiymətləndirdiklərini «etiraf etsələr» də, «Həmid Araslı səmimi danışmamış, tənqiddən boyun qaçırmağa və kobud səhvlərini malalamağa cəhd etmişdir» (Yenə orada). Ümumiyyətlə, M.C. Bağırovun bütün ciddi- cəhdlərinə, mənsub olduqları xalqın «Kitabi- Dədə Qorqud» kimi bir əsər yaratdığına görə Azərbaycan ziyalılarının Moskvadan üzr istəmələrinə baxmayaraq, «Kitab»ı nəşr edən H.Araslı nə xalqının, nə də özünün səhv elədiyini «etiraf etmədi»…» Qeyri- səmimilik» də, «tənqiddən boyun qaçırmaq» da, «kobud səhvlər»də, ittiham olunsa da (özü də hansı səviyyədən!), o, səmimi idi, heç bir səhvə yol verməmişdi və bir çox ziyalı həmkarlarından fərqli olaraq, axıra qədər məsləkinə sadiq qalmışdı. Ona görə də 1957- ci ilin yazında «Dədə Qorqud»a bəraət verən rəsmi məqalənin («Kommunist» qəz. , 26 mart 1957- ci il) əsas müəllifi Həmid Araslı idi… Nə qədər müdhiş təzyiqlərə məruz qalsa da, «dostlar»ın xəyanətini, məslək naqisliklərini görsə də, zamanın dönük üzü ilə qarşılaşsa da, yolundan dönmürdü; hansısa sağlam, müqəddəs və məğlubedilməz iradə onu dayanmağa, tərəddüd etməyə qoymur, həyatını, yaradıcılığını öyrəndiyi, xalqın yaddaşına, mənəvi tarixinə daxil etdiyi dahi şəxsiyyətlərin ruhu onu ən ağır vəziyyətlərdə müdafiə edirdi.
Akademik Həmid Araslı 20 noyabr 1983-cü ildə vəfat etdi… Ömrünün son illərində akademiyanın Əlyazmaları fondunda çalışan alim son nəfəsinə qədər xalqına fədakarlıqla xidmət elədi. Və təsadüfi deyildi ki, onun mətbuata verdiyi son müsahibələrdən biri dahi Nizaminin sözləri ilə «Çalış öz xalqının işinə yara…» adlanırdı…
Akademik Həmid Araslının bir xoşbəxtliyi də ondadır ki, əlli illik gərgin elmi- pedaqoji fəaliyyəti dövründə onlarla yüksək ixtisaslı mütəxəssis yetişdirdi ki, onların içərisində qızı – görkəmli nizamişünas Nüşabə Araslı da vardır… Həmid müəllimin yaratdığı milli ədəbiyyatşünaslıq məktəbi müstəqil Azərbaycanın ən mükəmməl, ən perspektivli elm məktəblərindən biridir. Və bizim çoxumuz bu məktəbin tələbələriyik…
Tarix: 10-05-2019, 12:54