Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nəsillərə örnək ömür yolu

 
Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan  Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olub. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim  Zərifə Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb.  Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxo­manın müalicəsi" mövzusunda müvəf­fəqiyyət­lə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib.
1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın prob­lemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.
Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbay­canın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.
Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəs­təyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəs­tənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.
Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
"Təhsil"


Tarix: 10-05-2019, 12:38

Xəbəri paylaş