BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar



Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasında akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə elmi seminar təşkil edilib.
Kafedranın müdiri, professor Famil Çıraqov Yusif Məmmədəliyevin dünya elminə bəxş etdiyi zəngin irs barədə geniş məlumat verib. O bildirib ki, XX əsrin ən böyük kimyaçı alimlərindən hesab olunan Yusif Məmmədəliyev yüksək oktanlı benzinlərin alınması, neft-kimya proseslərinin tədqiqi, kataliz və üzvi sintez sahəsində apardığı fundamental araşdırmalarla Azərbaycan elmini beynəlxalq elmi mərkəzlərdə tanıdıb. Alimin yaratdığı elmi məktəb BDU-da kimya sahəsində aparılan araşdırmaların formalaşmasına mühüm təsir göstərib və ənənə bu gün də uğurla davam etdirilir.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxışında akademikin şəxsiyyəti, elmə yanaşma prinsipləri və vətənpərvərlik keyfiyyətləri barədə danışıb. O vurğulayıb ki,görkəmli alimin gənc tədqiqatçıların yetişdirilməsinə göstərdiyi qayğı bu gün tələbələr üçün böyük motivasiya mənbəyidir.
Tədbir çərçivəsində alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Seminarın elmi hissəsində “Analitik kimya” ixtisaslaşması üzrə II kurs magistrantı Sevil Maksudova “Fotometrik analiz metodu ilə Mo(IV)-nin piroqolol əsaslı azobirləşmələrlə təyini” mövzusunda məruzə edib. O, aparılan tədqiqatın məqsədi, analitik metodikası, reaksiyanın xüsusiyyətləri və nəticələri barədə geniş məlumat verib, tədqiqatın müasir analitik kimyada tətbiq imkanlarını diqqətə çatdırıb.
Seminar interaktiv müzakirələrlə davam edib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tarix: Bu gün, 18:53
