bp məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb


bp “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş bir sosial investisiya layihəsinin ikinci mərhələsinin uğurla tamamlandığını elan edib.
bp-dən AZƏRTAC-a bildirilib ki, layihə “LANDAU Educational Technologies” MMC ilə əməkdaşlıqda həyata keçirilib.
Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksəkkeyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri üçün yararlıdır.
Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq geniş əhatəli yeni öyrənmə materialları təqdim edir, o cümlədən 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu, imtahana hazırlıq üçün 14 min sualdan ibarət sual bankı, imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu, dərs tədris prosesində müəllimlərə kömək məqsədilə hazırlanmış təqdimatlar və iş vərəqləri, həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma.
Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə, həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10 min şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.
“Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq. Bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Layihənin ikinci mərhələsinin ümumi dəyəri təxminən 307 min 500 manat (180 min 882 dollar) təşkil edib. Bunun 200 min manatını (117 min 647 dollar) bp və onun tərəfdaşları, qalanını isə “LANDAU Educational Technologies” MMC ödəyib.
Müddəti bir il olan layihənin icraçısı “Aspire Learning App” kimi tanınan “LANDAU Educational Technologies” MMC-dir.
Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app. veb-saytında yerləşdirilib.
Tarix: Bu gün, 13:46
