Biologiya fənni üzrə fəal dərs nümunəsi
Məlahət Həsənova,
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin biologiya müəllimi
XXI qloballaşma əsrində təhsildə, eləcə də peşə-ixtisas təhsilində baş verən yeniliklər peşə təhsili müəssisələrindən olan Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim kollektivi qarşısında da yeni tələblər qoyur. Bu cəhətdən əsas məqsəd vətənimiz üçün layiqli ixtisaslı kadrlar yetişdirməkdir. Bunun üçün dərs zamanın tələbinə uyğun olaraq maraqlı, düşündürücü və yaradıcı olmalıdır. Dərsin motivasiya mərhələsi elə qurulmalıdır ki, sinifdə ən diqqətidağınıq şagirdin diqqətini belə cəlb edə bilsin. Bütün şagirdlər dərsə maraqla, həvəslə başlasınlar. Şagirdlər hiss etməlidirlər ki, onları qarşıda maraqlı və yaradıcı bir dərs gözləyir. Bu mərhələ şagirdləri düşünməyə, idraki fəallığa sövq etdiyindən həm də motivasiya adlandırılır. Bu prosesdə şagird həyatda gördükləri və əvvəllər öyrəndikləri bilikləri bir-birilə əlaqələndirməyi bacarmalı, analiz edərək nəticə çıxarmalı və yeni bilik əldə etməyə çalışmalıdır. Bunlar müasir dərsin əsas hissəsidir.
Mən dərslərimi qurarkən hər dəfə müasir dərsə verilən tələbləri diqqətdə saxlayır, dərsimin maraqlı olmasına çalışıram. Nümunə üçün peşə təhsili sistemində tədris etdiyim ümumi biologiya fənnindən keçdiyim bir dərsin maketini həmkarlarımla bölüşürəm.
Mövzu: “Bitki hüceyrələrində plastik və energetik mübadilə prosesləri. Fotosintez”
Standart: 2.1.1 Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
İş forması: Kiçik qruplarla iş
İş üsulu: Beyin həmləsi, BİBÖ, karusel.
Məqsəd: Fotosintezin mexanizmini şərh edir, məruzə hazırlayır.
İnteqrasiya: Kimya 2.1.1; 2.2.2
Resurslar: Kompüter dəsti, proyektor, müəllim üçün metodik vəsait, dərslik, iş vərəqləri
DƏRSİN MƏRHƏLƏLƏRİ
1. Motivasiya
Tədqiqat sualı
2. Tədqiqatın aparılması.
3. İnformasiya mübadiləsi və müzakirəsi
4. Nəticənin çıxarılması və təşkili
5. Yaradıcı tətbiqetmə
6. Qiymətləndirmə
Motivasiya: Beyin həmləsi üsulundan istifadə etməklə şagirdlərə fotosintezə aid müxtəlif slaydlar təqdim edir və aşağıdakı kimi suallar verirəm:
- Bu şəkildə nə görürsünüz? Bu, günün hansı vaxtıdır?
Müəllim: 1) Prosesin getməsi üçün işıq, su, karbon qazının olması vacibdir; 2) Yaşıl olan bütün bitkilərdə gedir.
3) Bu proses olmasa, təbiət məhv olar. - Sizcə söhbət hansı bioloji prosesdən gedir?
Şagirdlər söhbətin fotosintez prosesindən getdiyini deyirlər.
Onlara elan edirəm ki, dərsimizin mövzusu məhz bu bioloji hadisədir.
Tədqiqat sualı: Tədqiqat sualını müəyyənləşdirmək üçün fotosintezin günün hansı vaxtlarında necə baş verməsini araşdırmağı şagirdlərə tapşırıram. Bu prosesdə tədqiqat sualı aşağıdakı kimi formalaşdırılır. Fotosintez prosesi hansı mexanizm üzrə baş verir?
Tədqiqatın aparılması üçün şagirdlər qruplara bölünür, çalışmalar verilir və tədqiqat sualına cavab tapmaq üçün zəmin yaradır. Toplanmış faktlar əsasında təqdimatlar hazırlanır:
I qrupun (“Xlorofil”) tədqiqat sualı:
- Fotosintez necə baş verir?
İş vərəqi № 1. Tapşırıq: Mətni oxuyun, aşağıdakı fotosintezin sxemini oxlar üzərində rəqəmlərlə qeyd edin:
1. İşıq şüası; 2. Karbon qazı - CO2;
3. Oksigen qazı - O2; 4. Su və mineral maddələr; 5. Üzvi maddələr
II qrupun (“Həyat”) tədqiqat sualı:
Fotosintez prosesinin mexanizmini necə şərh etmək olar?
İş vərəqi № 2. Tapşırıq: Mətni oxuyun və aşağıdakı suallara cavab hazırlayın:
1) Fotosintezin işıq mərhələsində nə alınır?
2) Qaranlıq mərhələsində hansı reaksiya gedir?
III qrupun (“İşıq”) tədqiqat sualı:
- Fotosintezə təsir edən amillər hansılardır?
İş vərəqi №3. Tapşırıq: Mətni oxuyun və suallara cavab hazırlayın
1) Daxili amillər hansılardır?
2) Xarici amillər hansılardır?
IV qrupun (“Planet”) tədqiqat sualı:
Fotosintezin təbiətdə əhəmiyyəti nədən ibarətdir?
İş vərəqi № 4. Tapşırıq: Mətni oxuyun və suallara cavab hazırlayın:
1) Fotosintezin məhsuldarlığı nədən ibarətdir?
2) Fotosintezin təbiətdə rolu nədir?
Dərsin növbəti mərhələsi olan informasiya mübadiləsi zamanı qruplar bir-birinin işləri ilə tanış olur, tədqiqat sualına cavab tapmağa çalışırlar.
Təqdim olunan işlər lövhədən asılır. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini təqdim edir. Qrup işinin nəticəsinə görə iştirakçılar təkliflərini müzakirə edir, fikirlərini bölüşürlər. İnformasiya müzakirəsi mərhələsində müəllim şagirdlərə suallarla müraciət edərək onları öz mülahizələrini əsaslandırmağa sövq edir. Ümumiləşdirmə mərhələsində müəllim diqqəti tədqiqat sualına yönəldərək, şagirdlərin cavabları əsasında öyrənilənləri belə ümumiləşdirir:
Fotosintez şərti olaraq iki mərhələyə bölünür: 1. İşıq mərhələsi; 2. Qaranlıq mərhələsi
İşıq mərhələsində mərkəzi rolu yaşıl piqment - xlorofil oynayır. O işıq enerjisini kimyəvi rabitələr enerjisinə çevirir. Proses görünən işıq şüalarının təsiri ilə başlayır. İşıq kvantlarının təsiri ilə xlorofil molekulunda olan hərəkətli elektronlar “həyəcanlanaraq” yüksək orbitə sıçrayır. Elektronların bir hissəsi suyun fotooksidləşməsinə səbəb olur.
Əmələ gəlmiş hidrogen ionu elektrondaşıyıcı maddədən elektron alaraq hidrogen atomuna çevrilir:
OH - anionu elektronu başqa ionlara verərək sərbəst hala keçir:
OH radikalı sərbəst qala bilmir; birləşərək su və molekulyar oksigen əmələ gətirir:
Əmələ gəlmiş oksigen havaya verilir.
İşıq mərhələsində ATF də sintez olunur. ATF sintezi mürəkkəb prosesdir. Membranın bir tərəfində protonlar, digər tərəfində isə mənfi hissəciklər (OH-) toplanır. Protonlar ATF - sintetaza fermentinin kanallarından keçdikcə enerji ayrılır və ATF sintezinə sərf olunur.
Beləliklə, işıq mərhələsində əmələ gəlir: oksigen, ATF və atomar hidrogen.
Fotosintezin qaranlıq mərhələsində ardıcıl fermentativ proseslər gedir:
Bu reaksiyada enerji mənbəyi kimi ATF iştirak edir. Fotosintezin ümumi tənliyi:
Fotosintezin məhsuldarlığını 1m2 yarpaq sahəsində 1saatda əmələ gələn 1q üzvi maddə təşkil edir.
m=s·t
Burada m-sintez olunmuş üzvi maddənin kütləsi (qramla), s-fotosintezdə iştirak edən yarpaq sahəsi (kv.m), t-fotozintezin davametmə müddəti (saatla)
Bitkilərdə fotosintez prosesini böyük rus alimi Kliment Arkadyeviç Timiryazev tədqiq etmişdir. O, “Günəş, həyat və xlorofil” adlı kitabın müəllifidir. Fotosintezin əsas məhsulu qlükoza, əlavə məhsulu isə oksigendir.
Nəticə:
Planetimizdə yaşayan canlıların enerji mənbəyi günəşdir. Fotosintez nəticəsində xlorofilli canlılar Günəş enerjisini kimyəvi rabitələr enerjisinə çevirir və üzvi maddə yaranır. Sonra qida ilə enerji digər canlılara keçir. Bitkilər fotosintez prosesində Günəş enerjisinin 1%-dən istifadə edir. Birhüceyrəli yosun olan xlorella isə Günəş enerjisinin 12%-dən istifadə edir.
Yaradıcı tətbiqetmə adlandırılan mərhələdə isə qruplara yeni dərsə aid tapşırıqlar verilir:
I qrup - “Xlorofil”. Tapşırıq: 1) Qaranlıq fazada gedən reaksiyanın tənliyini yazın.
2) Planetin ağ ciyərləri nədir?
II qrup - “Həyat”. Tapşırıq: 1) Fotosintez və tənəfüs proseslərini müqayisə edin. Venn diaqramı qurun.
III qrup - “İşıq”. Tapşırıq: 1) Fotosintez kim tərəfindən kəşf olunub və hansı kitabda şərh olunub? 2) Fotosintezin əsas və əlavə məhsulu nədir?
IV qrup- “ Planet”. Tapşırıq. 3m2 yarpaq sahəsində 4 saatda nə qədər üzvi maddə sintez olunur?
Qiymətləndirmə və refleksiya mərhələsi ilə dərs başa çatır.
Qiymətləndirmə konkret meyar üzrə aparılır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir. Qiymətləndirmənin əsas meyarlarından biri də obyektiv qiymətin təmin edilməsidir.
Ev tapşırığı: 1. Planetmizdə fotosintez prosesi getməsə nə baş verə bilər? Suala cavab hazırla.
2. Normal şəraitdə fotosintez nəticəsində 22,4 l oksigen əmələ gəlmişdir. Bu zaman neçə litr karbon qazı sərf olunmuşdur?
Tarix: 10-04-2019, 14:55