Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi

 




Nurəli Çələbiyev,
ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini,
dosent, elmlər doktoru proqramı üzrə dissertant

İctimai şüur formalarının strukturunda cəmiyyətin maddi və mənəvi həyatının bütün sahələri ilə sıx bağlı olan və onun inkişafını təmin edən spesifik sosial hadisə kimi elmin müstəsna rolu vardır. Məhz bu amil nəzərə alınaraq ölkəmizdə elmin inkişafına böyük diqqət yetirilir, bu məsələyə dövlətin humanitar siyasətində əsas istiqamətlərdən biri kimi yanaşılır.
Dünyada elmə verilən yüksək dəyərin nəticəsidir ki, 2001-ci ildə UNESCO-nun Baş Konfransının 31-ci sessiyası 10 noyabr gününü dünyada “Sülh və inkişaf naminə dünya elm günü” elan etmişdir. Dünyanın bir çox ölkələrində elm günü fərqli tarixlərdə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə ölkəmizdə 27 mart “Elm günü” kimi qeyd olunur.
Elm cəmiyyətin təkamülünün müəyyən yetkinlik mərhələsində yaranmaqla ictimai tərəqqini şərtləndirən ən başlıca hərəkətverici qüvvədir. Zəmanəmizdə elm və onun nailiyyətləri əsasında yaradılan texnika və texnologiyalar o qədər böyük rola malikdir ki, əsrimizi elm-texnoloji inqilablar əsri də adlandırırlar.
Bir çoxları elm nədir sualına fərqli cavablar verir və onun mahiyyətini bitkin şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Elm çoxşaxəli ictimai hadisə kimi bəşəriyyətin bütün maddi və mənəvi sərvətlərinin mənbəyi hesab edilə bilər. Fəlsəfi-idraki nöqteyi-nəzərdən yanaşdıqda, qeyd etmək olar ki, elm dünya haqqında müəyyən biliklər sistemi, bilik isə gərçəkliyin insan idrakında və praktikada sınaqdan çıxarılmış təzahürüdür.
Elmin siyasi, hüquqi, əxlaqi, dini və s. kimi ictimai şüur formalarından başlıca fərqi ondadır ki, onlar yalnız ictimai münasibətləri əks etdirdiyi halda, elm həm təbiət, həm də ictimai həyat hadisələrini və proseslərini özündə ehtiva edir. Elmin digər ictimai şüur formalarından fərqləndirici və spesifik xüsusiyyətləri həm də onda ifadə olunur ki, o, gerçəkliyin bütün hadisələrini ali ümumiləşdirmə səviyyəsində dərk etməyə, baş verən hadisələrin, proseslərin, qanunauyğunluqların mahiyyəti haqqında həqiqi biliklər əldə etməyə imkan verir.
Yazının meydana gəlməsi ilə qədim sivilizasiyalarda təbiət, cəmiyyət və insan haqqında qazanılmış biliklər toplanmağa və qruplaşdırılmağa başlanılmışdı. İlkin belə biliklər ritorika, riyaziyyat, məntiq, həndəsə, tibb və astronomiya sahələrinə aid idi. Qədim Şərq, yunan və Roma alimləri bu sahədə ilk addımlar atmış, biliklərin təsnifatını verməyə təşəbbüs göstərmişlər.
Müasir biliklərin elm kimi formalaşmasının başlanğıcı XVII əsrdən qoyulmuşdur. Tarixi inkişaf prosesində elmi biliklərin təsir dairəsi sonralar get-gedə genişlənərək və dərinləşərək texnika və texnologiyaların inkişafına gətirib çıxarmış, nəticədə elm, cəmiyyət və mədəniyyətin inkişafına güclü təkan verən vacib sosial, humanitar instituta çevrilmişdir. XVII əsrdən XX əsrin ortalarınadək elmi biliklərin həcmi hər 10-15 ildən bir 2 dəfə genişlənmiş, hazırda isə hər iki ildən bir iki dəfə genişlənməkdədir. Bu, kəşflərin sayı, elmi informasiyanın mənbələrinin və həcminin artması və elmi işçilərin sayındakı artımda əks olunur. Bəşər tarixi boyu elmlərin inkişafı ekstensiv və elmi inqilab adlanan dövrlərlə növbələşmişdir. Bu dəyişmələr öz növbəsində elmlərin strukturuna, dərketmə prinsiplərinə, metodlarına, kateqoriya və elmin təşkilati formalarına təsir göstərmişdir. Elmin strukturu mürəkkəbdir və o, bir-biri ilə qarşılıqlı təsirdə olan üç əsas komponenti birləşdirir:
Birincisi, elmə yalnız adi şüur səviy­yəsində qazanılan empirik biliklər deyil, həm də xüsusi elmi metodlar- müşahidə və eksperiment yolu ilə əldə edilən ümumiləşmiş biliklər daxildir. Təbiətşünaslıqda yeni nəzəriyyələrin meydana gəlməsi, adətən, təcrübi-eksperimental tədqiqatlar sayəsində mümkün olmuşdur. Sonralar bu empirik biliklər elmi nəzəriyyələrin daha mükəmməl olmasına təkan vermiş və onları zənginləşdirmişdir. Məsələn, XIX əsrdə radioaktivlik hadisəsinin kəşf edilməsi yalnız 20 il sonra kimyəvi elementlərin çevrilməsi haqqında nəzəriyyənin yaranmasına əsas vermişdir.
İkincisi, elm - nəzəri biliklər sahəsidir. Nəzəriyyə emprik materiallardan əldə edilən faktları izah etməli, onları qanun, qanunauyğunluqlar şəklində vahid sistem halına salmalıdır. Hər hansı elm sahəsində tez və ya gec faktların əldə edilməsi biliklər sis­temi kimi nəzəriyyənin meydana gəlməsinə səbəb olur. Daha konkret ifadə etsək, formalaşmış müəyyən biliklər sistemi nəticədə yeni bir elm sahəsinin yaranmasına yol açır. Məsələn, mexanika bir elm kimi İ.Nyutonun nəzəriyyəsi əsasında XVII əsrin sonralarında formalaşmağa başladı. Onun cismlərin hərəkəti ilə bağlı nəzəriyyəsi və kəşf etdiyi qanunlar mexanika elminin meydana gəlməsi ilə nəticələndi.
XIX əsrin II yarısında istilik haqqında nəzəriyyə termodinamikaya-enerjinin saxlanması və çevrilməsi qanunlarının yaranmasına, elektrik haqqında təlim isə yalnız D.Maksvell tərəfindən elektromaqnit proseslərinin xətti nəzəriyyəsi yaradıldıqdan sonra əsl elmə çevrilmiş oldu.
Üçüncüsü- elmin ayrılmaz komponentlərindən biri onun fəlsəfi əsasları, dünyagörüşü və əldə edilən nəticələrdir ki, bunlar elmin inkişafı üçün əsaslar yaradır.
İctimai elmlərdə isə vəziyyət başqadır. İdeoloji nəzəriyyələrdə faktların izah edilməsi adətən fəlsəfi-metodoloji təlimlər əsasında həyata keçirilir. Ona görə də çox vaxt ictimai elmlərlə ideologiyanın toqquşması baş verir. Buna görə bir çox alimlər ictimai elmlərin ideologiyadan təmizlənməsini, ilk növbədə, marksist fəlsəfədən uzaqlaşdırılmasını irəli sürürlər.
Elm sahələri dedikdə, elmi tədqiqatların işlənib hazırlandığı və həyata keçirildiyi fənlər nəzərdə tutulur. Onlar özlərinin konkret tədqiqat mövzusu, alimlərin maraq sahəsi, təşkilati formaları, dövri elmi nəşrləri, müvafiq profil üzrə kadr hazırlığı sisteminə görə bir-birlərindən fərqlənirlər. Elm sahələrinin təsnifatı onların predmeti, metodoloji və funksional əlamətlərinə görə aparılır və yerarxik struktura malikdir: elm sahəsi (I səviyyə), elmin istiqaməti (II səviyyə), elmi ixtisas (III səviyyə). Müasir dövrdə statistikada elm sahələrinin təsnifatı BMT-nin Elm, təhsil və mədəniyyət komitəsinin (YUNESKO) tövsiyələri nəzərə alınmaqla aparılır (Parij, 1984). Beynəlxalq statistikada elmi fənlərin ümumi məcmuyu kimi təbiət, texnika, tibb, kənd təsərrüfatı, ictimai, humanitar elmlər olmaqla 6 əsas elm sahəsi fərqləndirilir. Elm haqqında ayrıca bir elm sahəsi də mövcuddur ki, buna elmşünaslıq deyilir.
Keçmiş SSRİ dövründə elm sahələri iqtisadiyyat və onun ayrı-ayrı sahələri ilə sıx əlaqədə inkişaf etdirilir, ölkə iqtisadiyyatında elmtutumlu sahələrin üstün inkişafına xüsusi diqqət yetirilirdi. Elmi təşkilatların tabe olduqları baş idarələr əsas göstərilməklə akademik, ali məktəb, sahə və zavod-istehsalat kimi və əsas elm sahələri təbiət və humanitar olmaqla iki əsas qrupda cəmləşdirilirdi.
Cəmiyyətdə mövcud olan bütün ictimai və siyasi proseslər elmi idrakın obyektidir. Elmi gerçəklik haqqında obyektiv biliklərin əldə edilməsinə və sistemləşdirilməsinə istiqamətlənmiş insan fəaliyyəti sahəsidir. Dünyada akademiya tipli ilk elmi müəssisə 1560-cı illərdə İtaliyanın Neapol şəhərində açılmış “Təbiət sirləri Akademiyası” olmuşdur. 1603-cü ildə Romada “İti gözlülər Akademiyası” (Akademiya Linçeev), 1657-ci ildə Florensiyada “Təcrübi Biliklər Akademiyası” yaradılmışdır. Bu akademiyaların əksəriy­yətinin fəaliyyətində onların fəxri üzvü nüfuzlu alim Qalileo Qaliley iştirak edirdi. Fizika və riyaziyyat sahəsində biliklərin zən­ginləşməsində böyük rolu olan İtaliyanın bu akademiyaları bütün Avropada elm və incə­sənət sahəsində intibahın baş verməsinə müstəsna töhfələr vermişdir.
Elmlərin təsnifatını verməyə ilk dəfə antik dünyanın filosofu Aristotel təşəbbüs göstərmişdir. O, elmləri nəzəri (fizika və fəlsəfi), praktik (etika, siyasət) və yaradıcı, poetik (estetika) olmaqla 3 əsas qrupa böl­müşdür.
Roma ensiklopedisti Mark Varron elmləri aşağıdakı 9 qrupa ayırmışdır:
· Qrammatika, dialektika, ritorika, həndəsə, hesab, astrologiya, musiqi, tibb, arxitektura.
Müsəlman ərəb alimləri elmləri ərəb elmləri (poetika, natiqlik incəsənəti) və xarici elmlər (astronomiya, tibb və riyaziyyat) olmaqla iki əsas qrupa ayırmışlar.
Quqo-Sen Viktorski elmləri 4 qrupa ayırmışdır:
1. Nəzəri elmlər (riyaziyyat, fizika);
2. Praktik elmlər;
3. Mexanika elmləri (naviqasiya, kənd təsərrüfatı, ovçuluq, tibb, teatr);
4. Məntiq elmləri (qrammatika və ritorika da daxil olmaqla).
F.Bekon isə elmləri 3 qrupa ayırdı (yaddaş, mühakimə və təxəyyül nəzərə alınmaqla).
1. Tarix və faktların qeydə alınması;
2. Nəzəri elmlər və ya geniş mənada fəlsəfi elmlər;
3. Poeziya, ədəbiyyat, incəsənət.
Rocer Bekon da elmlərin təsnifatını aparıb və onları 4 qrupa ayırıb:
1. Qrammatika və məntiq;
2. Riyaziyyat və təbiət fəlsəfəsi;
3. Metafizika;
4. Etika.
O, riyaziyyatı təbiət haqqında əsas elm hesab edirdi. Hazırda isə bir çox alimlər riyaziyyatı dəqiq elm, bir çoxları isə koqnitiv elm hesab edirlər.
Sovet filosofu, tarixçisi və elm metodoloqu B.M.Kedrov elmlərin daha mükəmməl təsnifatını yaratmışdır. O, bütün gerçəkliyi təbiət və insan münasibətləri müstəvəsində olmaqla 3 əsas qrupa ayırırdı:
1. İctimai və humanitar elmlər;
2. Təbiət elmləri;
3. Texniki elmlər.
Bir çox alimlər riyaziyyat, məntiq, informatika və kibernetikanı bəzən ayrıca təsnif edərək “formal elmlər”ə aid edir və “mücərrəd elm”, əl-kimya, astrologiya, parapsixologiya, ekstrasensiya, xremontiya və s. isə “yalançı elmlər” kimi dəyərləndirirlər.
Elmi tədqiqatların aparılmasının əsas texnoloji bazası elmi metodlardır.
Elmi metodlar dünyanın obyektiv və əş­yavi elmi mənzərəsini açmağa, adi, bədii, dini, mifoloji və fəlsəfi mənzərəsini əks etdirməkdən fərqli olaraq yeni elmi biliklər əldə etməyə imkan verir.
Yeni elmi biliklər dedikdə aşağıdakılar nəzərdə tutulur:
· Faktların müşahidəsi əsasında onların kəmiyyət və keyfiyyətcə qeydə alınması. Bunun üçün mücərrədləşdirmədən istifadə zəruri şərtdir;
· Müşahidə nəticələrinin təhlili - onların sistemləşdirilməsi, əhəmiyyətli olanların ikinci dərəcəli olanlardan ayrılması;
· Ümumiləşdirmə (sintez) və nəzəriy­yənin fərziyyəsinin formalaşdırılması;
· Proqnozlaşdırma: irəli sürülən fərziyyə və ya qəbul edilmiş nəzəriyyənin nəticələrinin deduksiya, induksiya və ya digər məntiqi metodlar əsasında formalaşdırılması;
· Proqnoz və ya fərziyyənin nəticələrinin eksperiment yolu ilə sınaqdan keçirilməsi (tənqiqi eksperiment (K.Popper) və ya yoxlayıcı eksperiment).
Elmi tədqiqatın qeyd olunan istənilən mərhələsində əldə edilmiş faktlara tənqidi münasibət əsas tələbdir. Eksperimental nəticələrin nəzəri baxımdan əsaslandırılması və sübuta yetirilməsi sübutlara və eksperimental bazaya əsaslanmalıdır.
Elm və elmi metodlar haqqında bilik və təsəvvürlər sistemi metodologiya adlanır. Elmi metodologiya ümumi, spesifik, konkret olmaqla 3 səviyyəyə ayrılır.
Müasir elmi tədqiqatlar 3 əsas istiqamətə ayrılır:
· Fundamental elmi tədqiqatlar. Hər hansı predmetin, hadisə və prosesin yeni və başlıca əhəmiyyət kəsb edən biliklər əldə edilməsi, öyrənilən hadisə və prosesin sənaye və istehsalat əhəmiyyətli qanunauyğunluq əlamətini aşkara çıxarmaq məqsədi ilə dərindən və hərtərəfli tədqiq edilməsi;
· Tətbiqi elmi tədqiqatlar - fundamental elmi tədqiqatların nəticələrindən praktik məsələlərin həllində istifadəsidir;
· Elmi-tədqiqatçılıq və təcrübi-konstruktor işləmələri - Elm və istehsalatın birləşməsi əsasında mühəndis-texniki layihələrin hazırlanması.
Müasir elm üçün iki əsas xarakterik cəhət diqqəti cəlb edir: elm sahələri arasında inteqrasiyanın genişlənməsi; konkret bir elm daxilində diferensiasiya proseslərinin dərinləşməsi.
Elm sahəsində çalışan insanlar elmi ictimaiyyət adlanır və onlar dövlət, özəl, ictimai təşkilatlar tərkibində, eyni zamanda qeyri-formal elmi qruplar şəklində fəaliyyət göstərirlər. Elmi biliklərin əsas xüsusiyyətlərinə nüfuzun yüksəldilməsi üçün ixtisas dərəcələrinin artırılması, elmi uğurlar sayəsində karyera yüksəlişi və s. Elmin cəmiy­yətdə nüfuzunun layiqincə qorunmaması elmi ictimaiyyətlə dövlət arasında konfliktlərə gətirib çıxaran əsas amildir. Cəmiy­yətdə elmi ictimaiyyətin və birliklərin əsas vəzifəsi elmi biliklərin inkişafına təkan verən yeni elmi nəzəriyyə və ideyaların, təhsil sisteminin, yeni elmi kadrların hazırlanmasının dəstəklənməsindən və ya inkar edilməsindən ibarətdir. Cəmiyyətdə elmə münasibətdə iki baxış tərzi var: ateistik və skeptik.
1990-cı ilin statistikasına görə, ABŞ Milli Elmlər Akademiyası üzvlərinin yalnız 7%, Böyük Britaniya Akademiyası üzvlərinin isə cəmi 3,3 %-i dindardır. ABŞ əhalisinin 40%, Böyük Britaniya əhalisinin isə 68,5%-i dindardır. Maraqlı odur ki, illər keçsə də, bu rəqəmlər dəyişmir. Bununla belə, 2005-ci ilin sorğusuna əsasən ABŞ universitetləri müəllimlərinin 73%-i özlərini inanclı adamlar hesab edirlər.
Hər bir tədqiqat işi müəyyən edilmiş prob­lem və ya problemlərin həllinə yönəlir. Problem elmi bilik forması kimi elmi dəyərlərin sahəsi və sərhədi kimi yeni biliklərin təkamülü, inkişafı yollarının proqnozlaşdırılması ilə şərtlənir. Bu isə prob­lemin tarixinin düzgün araşdırılıb qiymətləndirilməsindən başlanır.
Problemin qoyuluşu bir neçə mərhələdən keçir. Buraya onun sərhədlərinin müəyyən edilməsi; anlayışların, qaydaların, qanunauyğunluqlarının, nəzəriyyənin formalaşması meyarlarının müəyyən edilməsi; irəli sürülən fərziyyənin yoxlanılması, tədqiqatın strukturunun müəyyən edilməsi; əldə edilən materialların elmi təhlili, təklif və tövsiyələrin formalaşdırılması daxildir.
Elmi-tədqiqat fəaliyyətində mövzudan asılı olaraq onun aktuallığının, elmi yeniliyinin, nəzəri və praktik əhəmiyyətinin ob­yek­tinin, predmetinin, məqsəd və vəzifə­lərinin, fərziyyəsinin, metodoloji əsasları və tədqiqat metodlarının müəyyənləşdirilməsi və nəticələrin interpretasiyası əsas elementlər hesab olunur.
Elmi tədqiqatların başlıca məqsədi elmi faktların toplanmasından, onların daim yenilənməsi və sistemləşdirilməsindən, tənqidi təhlilindən, bu əsasda yeni biliklərin sintez edilməsindən və ümumiləşdirilməsindən, hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrini aşkara çıxarmaqdan və son nəticədə proqnozlaşdırma funksiyasını həyata keçirməkdən ibarətdir. Elmi faktlar və təcrübələr əsasında öz təsdiqini tapan fərziyyələr təbiətin və ya cəmiyyətin qanunları şəklində formulə edilir.
Elm geniş mənada bu fəaliyyətə uyğun bütün şərtləri və komponentləri öz tərkibində birləşdirir:
· elmi əməyin fərqləndirilməsi və kooperasiyası;
· elmi müəssisələr, eksperimental və laboratoriya avadanlıqları;
· elmi-tədqiqat işinin metodları;
· elmi tədqiqatın analayışlar və kateqoriyalar aparatı;
· elmi informasiyalar sistemi;
· əvvəllər əldə edilmiş elmi biliklərin məcmuyu.
Cəmiyyətdə elmi fəaliyyətlə məşğul olan əsas elm nümayəndələri alimlərdir. Onların elmi fəaliyyəti dünyanın elmi mənzərəsini formalaşdırmaqdan və elmi ictimaiyyət tərəfindən onun tanınmasına nail olmaqdan ibarətdir. Alimin elmi fəaliyyətinin tanınmasının əsas formal əlaməti onun tədqiqatlarının nəticələrinin nüfuzlu elmi nəşrlərdə və nüfuzlu beynəlxalq konfrans materiallarında çap olunmasından ibarətdir. Bir çox ölkələrin Ali Attestasiya Komissiyaları vaxtaşırı olaraq bu qurumun tanıdığı ölkədaxili və beynəlxalq elmi nəşrlərin elm sahələri üzrə siyahılarını dərc edir.
Hazırda dünyada impakt-faktorlu və “Sciense” platformasına daxil edilən elmi nəşrlərin siyahısı elmi tədqiqatların nəticələrinin tanınması üçün əsas kriteriya hesab edilməkdədir. Elmi tədqiqatların müəlliflərinin tanınmasında onların əsərlərinə edilən istinadların sayı da bir meyar kimi dəyərləndirilməkdədir. Məsələn, hər hansı ölkədə və ya beynəlxalq elmi təşkilatlar ixtisas üzrə nəşr olunan elmi əsərlərin konkret elm sahəsində daha çox tanınan alimlər redaksiya heyətinə və ya AAK-nın Ekspert Şuralarının tərkibinə daxil edilirlər.
Tədqiqatçı alimin elmi fəaliyyəti onun tədqiqatlarının aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, tədqiqat işi üzrə çap olunmuş elmi əsərlərinin, o cümlədən monoqrafiyalarının sayı və onların nüfuzlu elmi nəşrlərdə, “Scopus”, “Thompson Reuters” indeksli jurnal və digərlərdə çap olunmasına, xarici dillərə tərcümə edilməsinə görə dəyərləndirilir.
Pedaqoji işdə çalışmaq, xüsusilə nüfuzlu ali məktəblərdə ixtisas kursu üzrə mühazirə və seminar məşğələləri aparmaq, tələbə və magistrlər üçün dərslik, dərs vəsaitləri yazıb nəşr etdirmək, tələbələrin buraxılış, magistr və doktorantların dissertasiya işlərinə rəhbərlik etmək, dissertasiya şuralarının üzvü olmaq, müdafiəyə təqdim olunan dissertasiya işlərinə opponentlik etmək, habelə elmi kadr hazırlığında iştirak və s. alimin elmi fəaliyyətinin qiymətləndirilməsində əsas amillər hesab olunur.
Sistemli elmi tədqiqatla məşğul olan və müvəffəqiyyətlə dissertasiya işini müdafiə edən iddiaçılara müvafiq olaraq elmi sahələri, istiqamətlər üzrə fəlsəfə doktoru (elm sahəsi göstərilməklə) və elmlər doktoru elmi dərəcələri və elmi fəaliyyəti nəzərə alınmaqla AAK-nın müəyyən etdiyi qaydalara uyğun olaraq “dosent” və “professor” elmi adları verilir.
İddiaçının dissertasiya işini uğurla müdafiə etməsinin əsas şərtlərindən biri onun dissertasiya işi üzrə tədqiqatının nəticələrinin nüfuzlu elmi nəşrlərdə çap olunması və elmi ictimaiyyət tərəfindən tanınan elmi konfranslarda çıxışlar etməklə aprobasiyadan keçməsidir.
Bir çox ölkələrdə olduğu kimi, Azərbay­canda da elmi fəaliyyət sahəsində ən ali pillə Milli Elmlər Akademiyasına seçkili yolla keçirilən üzvlük statusudur. Azərbay­canda Milli Elmlər Akademiyasına iki pillə üzrə üzvlüyə seçkilər keçirilir:
1. Müxbir üzvlük.
2. Həqiqi üzvlük - akademik.
Dünyada hazırda bir sıra beynəlxalq elmi təşkilatlar fəaliyyət göstərir.
· YUNESKO - bütün dünya üzrə alimlərin və elmi təşkilatların əlaqələndirilməsini və təşkilini təmin edir;
· İYUPAK - Kimya sahəsində tərəqqiyə xidmət edən beynəlxalq elmi təşkilat;
· Beynəlxalq Astronomiya İttifaqı;
· CERN - Elementar hissəciklər və yüksək enerjilər fizikası laboratoriyası;
· OİYAİ - transuran elementləri və onların sintezi ilə məşğul olan elmi təşkilat.
Elm sahəsində ən yüksək mükafatlar:
· Nobel mükafatı (müxtəlif nominasiyalar üzrə);
· Filds adına medal və mükafat (riyaziyyat sahəsində ən yüksək uğurlara görə);
· Nevanlin mükafatı - informatikanın riyazi aspektlərində uğurlara görə;
· Qauss mükafatı - riyaziyyat sahəsində və onun vasitəsilə digər elmlərdəki kəşflərə görə;
· Krafond mükafatı - astronomiya, riyaziyyat, biologiya və yer haqqında elm sahələrindəki nailiyyətləri görə;
· Abel mükafatı - riyaziyyat sahəsində;
· Şao mükafatı - astronomiya, riyaziyyat, tibb və həyat haqqında elmlərə görə;
· Tyurinq mükafatı - informatika və hesablama texnikası üzrə;
· Dekart mükafatı - elm və texnika sahəsində uğurlara görə;
· M.V.Lomonosov adına böyük qızıl medal - RF EA-nın ən yüksək mükafatı;
· D.İ.Mendeleyev adına qızıl medal - RF EA-nın kimya və texnologiya sahəsində elmi işlərə görə elmi mükafatı.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi prioritet kimi nəzərdə tutulmuşdur. Strateji əhəmiyyətli bu sənəddə qeyd olunmuşdur ki, ölkədə “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir. Konsepsiyada milli innovasiya sisteminin yaradılması, elmtutumlu texnologiyaların işlənilməsi və tətbiqi üçün texnologiyaların və innovasiya zonalarının yaradılması nəzərdə tutulur.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və 2016-cı ildə qəbul edilmiş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elmin və təhsilin inkişafı, onlar arasında inteqrasiyanın gücləndirilməsi, milli innovasiya sistemi və texnologiyaların inkişafı, ölkə iqtisadiyyatında elmtutumlu sahələrin genişləndirilməsi, texnoloji tərəqqinin daha da inkişaf etdirilməsi dəstəklənir, resursların, elmin və texnologiyaların inkişafının prioritet istiqamətlərə yönəldilməsi, elmi tədqiqatların nəticəyönümlüyü, pers­pektiv əhəmiyyətli layihə və proqramlara xüsusi önəm verilməsi diqqəti cəlb edir.
Elm sektorunun həm büdcə, həm də büdcədənkənar vəsaitlər, o cümlədən Elm Fondunun vəsaitləri hesabına maliyyələşdirilməsi son illər dövlət siyasətinin vacib sahələrindən biridir.
Yüksək ixtisaslı elmi kadrların hazırlanması, fundamental elm sahələrinin üstün, inkişaf etdirilən sahə kimi gücləndirilməsi, təhsil və elmi fəaliyyətlərin inteqrasiyası, ali məktəblərdə elmlərin inkişafı, elm və təhsil mərkəzlərinin yaradılması, elmi müəssisələr və ali məktəblərin qarşısındakı süni maneələrin, elmdə qocalma tendensiyasının aradan qaldırılması dövlətimizin elm və təhsil siyasətinin strateji hədəfləridir.
Əmək bazarının inkişaf perspektivlərini və tendensiyasının nəzərə almaqla ali peşə-ixtisas təhsili pilləsində çevik və modul təhsilləndirici proqramların tətbiqi, gənc elmi qüvvələr hesabına elmi və təhsil müəssisələrinin kadr potensialının gücləndirilməsi elmi müəssisələrin və ali təhsil müəssisələrinin müasir avadanlıqlar, materiallar, cihaz və qurğularla təchizatının və eksperimental bazasının gücləndirilməsi vasitəsilə elmi müəssisələrin infrastrukturunun inkişaf etdirilməsinə son illər diqqət daha da artırılmışdır. Məlumdur ki, innovativ fəallıq müasir iqtisadiyyatın və sosial həyatın rəqabət qabiliyyətliliyini təmin edən əsas amildir. Elm, təhsil və biznesin, innovativ infrastrukturun inteqrasiyası, proqressiv texnologiyaların tətbiqi rəqabətqabiliyyətli kadr hazırlığının vacib şərtidir.
Təhsildə innovasiyalar müasir təhsilin təkamülündə özünü göstərən, həyati zərurətə çevrilmiş, geniş və çoxcəhətli təşəbbüs və yenilikləri özündə əks etdirən, sosial və pedaqoji cəhətdən aktuallıq kəsb edən təlimin bütün forma və vasitələrinin inkişafına pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır. Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.
Təhsilin modernləşdirilməsinin əsas məqsədi təhsil sisteminin dayanıqlı inkişaf mexanizmlərinin yaradılmasından, XXI əsrin çağırışlarına, ölkənin sosial və iqtisadi tələbatlarına uyğun etibarlı təhsil sistemi yaratmaqdan ibarətdir. Həyata keçirilən texnoloji innovasiyalar sırasında müasir informasiya və telekommunikasiya texnologiyaları başlıca yer tutur. Çağdaş pedaqoji reallıq ənənəvi informasiya texnologiyalarının tədricən öz yerini daha səmərəli, məqsədə tez çatmağa təminat verən müasir texnologiyalara verməsi ilə səciyyələnir. Təhsilin informasiyalaşdırılmasının vacib istiqamətləri sırasında təhsil müəssisəsi səviyyəsində virtual informasiya mühitinin formalaşdırılması, təhsillə informasiya texnologiyalarının sis­temli inteqrasiyasının yaradılması, elmi tədqiqatların nəticələri əsasında elmlə təhsilin inteqrasiyasının genişləndirilməsi, yeni elmi-texniki və elmi-metodiki informasiyaların, kompüter proqramlarının, informasiya təminatına yönəlmiş geniş informasiya şəbəkələrinin yaradılması və s. daxildir.
Regionda 1991-ci ildən fəaliyyət göstərən, 2015-ci ildən ADPU-nun Şəki filialı adlandırılan çalışdığım ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi Nazirlər Kabinetinin 6 noyabr 1995-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnamə”yə, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, 2015-2017 və 2018-2021-ci illər üzrə hazırlanıb təsdiq edilmiş perspektiv plana əsasən həyata keçirir.
Filialda yerinə yetirilən elmi-tədqiqatlar tədris prosesinin elmi və elmi-metodiki təminatının yüksəldilməsi, informasiya-resurs bazasının yaradılması və ciddi ehtiyac duyulan zəruri dərslik, dərs vəsaiti və metodik vəsaitlərin hazırlanması məqsədlərinə istiqamətləndirilmişdir.
2013-2018-ci illər üzrə filialda yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, əldə edilmiş elmi nəticələrin tədris prosesinə tətbiq olunması, bakalavriat səviyyəsində təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi, təhsil müəssisəsinin digər ali məktəb və elmi müəssisələrdə əməkdaşlığının artırılması kimi məqsəd və vəzifələr diqqət mərkəzində saxlanılmışdır. Həmin dövrdə filialda müəyyənləşdirilmiş elmi istiqamətlər müəssisəsinin profilinə uyğunlaşdırılmış, elmi-pedaqoji kadrların və gənc mütəxəssislərin yüksək səviyyədə hazırlanması, elm və elmi-metodiki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, onun nəticələrinin tədris prosesinə tətbiq edilməsi təmin olunmuşdur. Filialda elmi-tədqiqat işlərinin məzmunu və mövzu seçimi elm və təhsilin inteqrasiyasının təmin edilməsinə yönəlmişdir. Filialda çalışan əməkdaşlar kafedralarla aparılan elmi-tədqiqat işlərində fəal iştirak etmiş, elmi araşdırmalarda doktorant, dissertant, magistr və tələbələrin də iştirakı təmin edilmişdir. Filial əməkdaşlarından 27 nəfəri doktorant və dissertantdır.
Filialda fəaliyyət göstərən kafedralarda keçiriləcək elmi seminarların mövzu-təqvim planı tərtib edilmiş və baza təhsil müəssisəsinin aidiyyəti strukturuna təqdim olunmuşdur. Elmi seminarların tematikasına aktual problemlərin müzakirəsi daxil edilmişdir. Filialda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı Elmi Şurada müntəzəm müzakirələr keçirilir, hər təqvim ilinin noyabr ayında elmi fəaliyyət haqqında illik hesabat baza təhsil müəssisəsinə təqdim edilir.
Son beş ildə Şəki filialı üzrə professor-müəllim heyəti tərəfindən xeyli tədris-metodiki materiallar hazırlanıb çap edilmişdir ki, onlardan 16-sı dərs vəsaiti, 4-ü metodik vəsait, 11-i monoqrafiya, 15-i fənn proq­ramı, 27-si elmi və elmi-metodiki məqalə (ölkə üzrə) 25-i xaricdə, o cümlədən impakt faktorlu jurnallarda dərc olunan elmi və elmi-metodik məqalə, 104-ü konfrans materialı vəsaitidir.
  Filialda 2018-ci ildə bu sahədə dinamik artım müşahidə edilir. Filial əməkdaşları tərəfindən 2018-ci ildə 1 dərs vəsaiti, 1 metodik vəsait, 4 monoqrafiya, 8 fənn proqramı, 68 məqalə respublikada, 8 məqalə xaricdə (o cümlədən 3 məqalə impakt-faktorlu jurnallarda), 25 konfrans tezisi (o cümlədən 1-i xaricdə) nəşr etdirilmişdir. Təkcə 2018-ci ildə filialın 24 nəfər əməkdaşı respublika və beynəlxalq səviyyəli 15 elmi konfransda məruzə etmişdir. Filialımızın respublikanın bir çox ali təhsil müəssisələri ilə yanaşı, ABŞ, Rusiya Federasiyası, Avstriya, Fransa, Türkiyə, Gürcüstan, Qazaxıstan və s. ölkələrlə elmi əməkdaşlıq əlaqələri yaranmışdır.


Tarix: 10-04-2019, 14:38

Xəbəri paylaş