Ümumtəhsil məktəbində sağlam mənəvi-psixoloji mühitin yaradılması
Ay Aybəniz Məmmədova,
Qax rayonu İlisu kənd tam orta məktəbinin direktoru
“İndiki zamanda yaxşı təhsil almaq çox önəmlidir. Bu, o deməkdir ki, gələcəkdə uşaqlar, gənclər həyatda özlərinə layiq yer tutacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur.
Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə də Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Birləşmiş Millətlər Təşkilat tərəfindən XXI yüzilliyin “Təhsil əsri” elan edilməsi beynəlxalq aləmdə ictimai-siyasi mövqeyindən və nüfuz dairəsindən asılı olmayaraq, bütün dünya dövlətlərinə ünvanlanmış bir xəbərdarlıq mesajıdır. Bu mesajda inkişafın mənbəyində yalnız təhsilin dayandığı fakt olaraq təsdiqini tapır. İnsan cəmiyyətinin yaranışından bu günümüzədək ötüb keçən tarixi yola nəzər saldıqda, bəşəriyyətin tərəqqisində təhsilin müstəsna rol oynadığının şahidi oluruq. Bu baxımdan indiki zamanda cəmiyyətimizin, dövlətimizin inkişafı üçün təhsil sahəsinə dövlət tərəfindən diqqət və qayğı göstərilməsi təqdirəlayiqdir. Ulu öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ideyaları, qərar və sərəncamları əsasında həyata keçirdiyimiz təhsil islahatları cəmiyyətimizin inkişafında həqiqətən mühüm rol oynayır.
Bu gün ümumtəhsil məktəblərində ən vacib məsələlərdən biri yaradıcı və sağlam mənəvi-psixoloji mühitin yaradılmasıdır. Belə bir mühitin yaradılmasına məktəbin fəaliyyətinə, burada təlim-tərbiyə işlərinin təşkilinə bütövlükdə sistemli yanaşmaqla nail olmaq mümkündür. Qeyd edək ki, həm dövlət sənədlərində (“Azərbaycan 2020:Gələcəyə baxış İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritəsi” və s.), həm də elmi ədəbiyyatlarda bu məsələlərdən bəhs edilmiş, ümumtəhsil məktəblərində sağlam, mənəvi-psixoloji mühitin yaradılmasının vacibliyi vurğulanmışdır. Bundan ötrü pedaqoji prosesin qurulması prinsiplərini diqqətdə saxlamaq, fəaliyyəti bu prinsiplər əsasında qurmaq vacibdir.
Məlumdur ki, pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əmakdaşlıq fəaliyyətləri əsasında qurulur.
Başlıca hədəf olan təhsilin keyfiyyətinin təmin olunması bir şox məsələlərlə sıx bağlıdır. Buraya, ilk növbədə, məktəbin səriştəli idarəolunması, pedaqoji kollektivin vahid məqsəd ətrafında səfərbər edilməsi, müəllimlərin elmi-nəzəri və peşakarlıq səviyyəsi, onlar üçün yaradıcı və səmərəli fəaliyyət şəraitinin yaradılması, kollektivdə sağlam psixoloji mühitin və demokratik ab-havanın olması, ailələrlə işgüzar əməkdaşlıq, müəllimlərin fəaliyyətinə və şagirdlərin nailiyyətlərinə pedaqoji nəzarətin təmin edilməsi və s amillər daxildir.
Şagirdin əhatə olunduğu, erkən yaşlarından dünyagörüşünün formalaşmasına təsir edən mühit, yaşadığı ailədəki mənəvi-psixoloji atmosver və sosial vəziyyət də onun keyfiyyətli təhsil almasında az rol oynamır.
Məlumdur ki, ən yüksək peşəkarlıqla hazırlanan sənədlər belə, yerlərdə lazimi səviyyədə icra edilməzsə, öz dəyərini itirmiş olur. Bu cür halların baş verməməsi isə bilavasitə məktəbdə işin təşkilindən, o cümlədən sinif rəhbərlərindən, fənn müəllimlərindən asılıdır. Cəmiyyətdə çoxdan formaılaşmış və hamı tərəfindən qəbul edilən bir fikirdir ki, məktəbdə müəllim əsas simadır. Hər hansı bir məktəbdə dövlətin təhsil siyasətinin həyata keçirilməsində məktəb rəhbərliyi ilə bərabər, bütün müəllimlər məsuldurlar. Pedaqoji kollektivin vahid məqsəd ətrafında səfərbər olunması, müəssisədə yaradıcı, təşəbbüskar iş atmosferi yaradılması, məktəbdə təhsil prosesinə peşakar səviyyədə pedaqoji nəzarətin təmin edilməsi, müəllimlərin peşəkar, səmərəli fəaliyyətindən xeyli dərəcədə aslıdır. Müəllim sağlam mənəvi-psixoloji şərait olan məktəbdə özünü inkişaf etdirər, yaxşı təcrübə qazana və nüfuzlu şəxsə çevrilə bilər. Öz növbəsində keyfiyyətli təhsil də bilavasitə düşünülmüş və məqsədyönlü fəaliyyət sistemi yaradılan məktəbdə reallaşa bilər.
Hazırda cəmiyyət və dövlət tərəfindən təhsilə yüksək tələblərin irəli sürüldüyü bir vaxtda məktəb direktorunun liderliyi tələb olunursa, həm də fənn müəllimlərinin nüfuzlu bir şəxs kimi tanınması, elmi nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə bacarığı, prinsipiallığı, yaradıcılığı, təşəbbuskarlığı, mədəni səviyyəsi və digər bu kimi cəhətləri ilə fərqlənməlidir. Bütün bunlar, qeyd etdiyimiz kimi, məktəbdə pedaqiji prosesə müasir yanaşmaların tətbiqindən çox asılıdır.
Ümumi təhsil sistemində daha çox idraki fəallığa, düşüncəyə, şəxsiyyətin formalaşmasını şərtləndirən həyati bacarıqların mənimsənilməsinə yönəlmiş məzmun standartlarının tətbiqi məktəbdə bu gün inkişaf üçün əlverişli zəmin yaradır. Lakin bu inkişafın sistemli olması müəllim-müəllim, müəllim-sinif rəhbəri, müəllim-şagird, valideyn münasibətlərinin düzgün tənzimlənməsindən də asılıdır.
İşlədiyim İlisu kənd tam orta məktəbi respublikamızın ən qocaman təhsil ocaqlarından biridir. 130 ildən artıq müddətdə fəaliyyətdə olan təhsil müəssisəsi öz ənənələri ilə həmişə seçilmiş, uğurları ilə rayonun, o cümlədən respublikamızın təhsil səlnaməsinə daim töhfələr vermışdir. Əldə edilən qələbələrin əsasında tarixi ənənələrin qorunaraq yaşadılması, yeniliklərin yaradıcı şəkildə şəraitə uyğun olaraq tətbiqi, sağlam mənəvi-psixoloji mühitin yaradılması ən önəmli məsələlərdən birir kimi daim diqqət mərkəzində saxlanılır.
Proqram materiallarının planlaşdırılması, fənnin tədrisi zamanı İKT-dən, elektron dərliklərdən səmərəli istifadə, yeni təlim metodlarının düzgün seçilməsi və tətbiqi zamanı məktəbdə yaradıcı müəllimlərin aşkar olunmasına zəmin yaranır. Yaradıcı müəllimlərə daha çox diqqət yetirilməklə yanaşı onların inkişafı üçün lazım olan mühit yaradılır, eyni zamanda məktəb rəhbərliyi tərəfindən xüsusi qayğı göstərilir, dəstək verilir.
Fənn metodbirləşmələrinin xətti ilə keçirilən tədbirlərdə yaradıcı müəllimlərin “açıq dərs”lərinin, mühazirələrinin təşkili, təhlili, elmi-nəzəri, elmi-praktik konfranslarda çıxışları, qabaqcıl təcrübələrinin öyrənilib yaradılması onların işgüzarlığını artırır.
Yaradıcı mühitin formalaşması istiqamətində aparılan tədbirlərdən biri də istedadlı şagirdlərlə işdir. İstadadlı və qabiliyyətli şagirdlərin aşkar edilərək onlarla davamlı, səmərəli iş aparan yaradıcı müəllim əvvəlcə öz üzərində işləyir, daha sonra şagirdlərin formalaşmasına, istedad və qabiliyyətlərinin inkişafına yardımçı olur. Sinifdənxaric və məktəbdənkanar tədbirlərdə kollektivin bir qrup müəllimləri yenilikləri öyrənir, yaradıcı şəkildə tətbiq edir.
Rəhbərlik etdiyim pedaqoji kollektivdə yaradıcı müəllimlərə xüsusi diqqət yetirirəm. Onların iş təcrübəsinin öyrənilməsi, tətbiq etdiyi yeni təlim metodları, informasiya- kommunikasiya vasitələrindən, elektron resurslardan səmərəli istifadə sahəsindəki fəaliyyətlərini daim diqqət mərkəzində saxlayıram. Məktəbdə “açıq dərs”lərin təşkili, fikir mübadiləsi, rayonun o cümlədən respublikanın yaradıcı, qabaqcıl müəllimləri ilə əlaqələrin qurulması, ”yaradıcı müəllimlər assosiasiyası” birlik, klublarının təşkili, görüşlərin keçirilməsi, həmin kateqoriyaya daxil olan müəllimlərin rəğbətləndirilməsi, fəaliyyətinin yerli mətbu orqanlar və sosial şəbəkələrdə təbliği əsas amillərdən biri olub, müəllimlərin bu sahədəki məqsədyönlü fəaliyyətinə stimul verir. Yaradıcı mühitin yaradılması dərs ilinin əvvəlindən fənn müəllimlərinin dərsin planlaşdırılması, proqram materialllarının düzgün bölünməsi, gündəlik dərs planlarının yaradıcı işlənməsi, resursların, dərsin forma və üsullarının düzgün seçilməsindən başlayır. İKT-dən və elektron dərsliklərdən səmərəli istifadə, sinifdənxaric və məktəbdənkənar tədbirlərin şagirdlərin maraq dairələrinə uyğun seçilməsi, məktəbdaxili qiymətləndirmənin real aparılması yaradıcı müəllimlərin məktəbdə inkişafına stimul verir. Fənn metodbirləşmələrinin məktəbdə düzgün təşkili metodik günlərin keçirilməsi, “açıq dərs”lərin müasir tələblər səviyyəsində qurulması, pedaqoji mühazirələrin dinlənilib müzakirə edilməsini daim diqqətdə saxlayıram. Məktəbdə qarşılıqlı dərs dinləmə qabaqcıl təcrübənin öyrənilib yayılması yaradıcı mühitin inkişafına təkan verir. Eyni zamanda müxtəlif mövzularda elmi-nəzəri, elmi-praktik konfranslar təşkil edilir. Belə tədbirlər yaradıcı müəllimlərin işini formalaşdırır, onları daha yüksək fəaliyyətə doğru aparır. Belə yaradıcı müəllimlər məktəbdə çoxdur. Onlardan məktəbin riyaziyyat müəllimləri İ.İbrahimova, N.Cəfərova, ədəbiyyat müəllimi G.Beydullayeva, hərbi rəhbər Ş.Həsilov, kimya müəllimi Günay Mahmudovanın adlarını qeyd edə bilərəm.
Günay Mahmudova “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant layihəsi” müsabiqəsində qalib olmuş, ”İstedad sorağında“ layihəsi ilə istedadlı şagirdlərin aşkara çıxarılması, inkişafı, onların fənn olimpiadaları və müsabiqələrində uğurlu iştirakı üçün layihə çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir.
“Yaradıcılıqla işləyən müəllimlərdən yaradıcılıqla işləyən kollektivə” devizi məktəb kollektivinin əsas prinsiplərindən biridir. Çalışıram ki, yaradıcı müəllimlərin sayı bir az da çox olsun. Bunun üçün mənəvi-psixoloji mühit yaratmağı ən önəmli bir vəzifə kimi qarşıma qoyuram. İxtisasından və stajından asılı olmayaraq, hər bir müəllim mənəvi dəyərləri özündə formalaşdırmaqla həm dərs prosesində, həm də dərsdənkənar tədbirlər vasitəsi ilə öz yaradıcı fəaliyyətini nümayiş etdirir.
Müəllimlərimiz hər şeydən öncə geyimlərini, davranışlarını, etikanı, müəllim-şagird, müəllim-valideyn münasibətlərini vətənpərvərlik, humanizm, demokratiklik kimi keyfiyyət və dəyərləri daim diqqət mərkəzində saxlayırlar. Belə dəyərlərin saxlanılması, yeni fəaliyyətə başlayan gənc müəllimlərə ötürülməsi mənəvi mühitin yaranmasına zəmin yaradır. Müəllim eyni zamanda yaxşı psixoloq olmalıdır. O hər bir şagirdini, valideynin psixologiyasına dərindən bələd olmalı, istənilən anda onlara dəstək verməlidir. Mükəmməl psixoloji bilikləri olan müəllim ən yaxşı təlim nəticələri əldə edə bilər. Eyni zamanda, müəllimlərimizin özlərinin də sağlam psixoloji mühitə ehtiyacı vardır. Məktəb rəhbəri idarəedici vəzifəsi ilə yanaşı, həm də ailə başçısı kimi rəhbərlik etdiyi kollektivdə hər bir müəllimin psixologiyasını öyrənməlidir. Hamıya eyni tələbkarlıqla yanaşmaq doğru üsul deyildir. Fərdi yanaşmada müxtəlif üsul və vasitələrdən səmərəli, məqsədyönlü istifadə sağlam psixoloji mühitin yaranmasına zəmin yaradır. İlk öncə kollektivdə sağlam düşüncə, sağlam rəqabətin formalaşmasına diqqət yetirirəm. Belə mühit yarananda müəllimlər bildiklərini bölüşür, paylaşır, daha çox yeniliklərin ardınca gedir, addım-addım qələbələrin, uğurların sayını artırmağa çalışırlar. Həm özlərinin, həm də şagirdlərinin rayonda, o cümlədən respublikada keçirilən müsabiqələrdə, olimpiada və yarışlarda uğur əldə etməsi üçün bütün potensial imkanlarını səfərbər edirlər. Mənəvi psixoloji-sağlam mühitdə fəaliyyət göstərən müəllim nikbin olur, həyatı, insanları, şagirdlərini sevir, gələcəyi nurlu, işiqlı görür. Özünü təsdiq edir, tərbiyə təhsil verdiyi şagirdlərinin uğurlarının daha çox olması üçün bütün qüvvəsini səfərbər edir.
Müəllim peşəkarlığının, eləcə də müəllimlərin peşə məsuliyyətinin, icra intizamının artırılması da vacibdir. Obyektiv desək, əsl müəllimə ciddi nəzarət tələb olunmur.
Bu gün biz nəticəyönümlü, şagirdyönümlü, şəxsiyyətyönümlü təhsildən danışırıq, şagirdlərdə yaradıcılıq, tədqiqatçılıq, təşəbbüskarlıq, məsuliyyətlilik və cavabdehlik, liderlik bacarıqlarının formalaşdırılmasını başlıca məqsədlərdən biri kimi ön plana çəkirik. Bu keyfiyyətlərin ilk növbədə müəllimlərdə olması vacibdir. Müəllimin vəzifəsi, sadəcə olaraq, dərslikdə olanları şagirdlərə danışmaq deyildir. Belə olan halda nə müəllim, nə də şagird inkişaf edə bilər, dərsliklərin əsirinə çevrilərlər. Əsl müəllim bir informasiyanın neçə-neçə müvafiq informasiyalarla zənginləşdirilməsində, müstəqil araşdırma aparmaqla əlavə məlumatların toplanmasında, informasiyaların çeşidlənib zəruri olanların müəyyənləşdirilməsində, aldığı biliklər əsasında öz fikirlərini irəli sürməkdə şagirdlərə yardımçı olan, istiqamət verən şəxsdir. "Öyrənməyi öyrətmək" müddəasının əsasını da məhz bu amillər təşkil edir.
Müəllim tədris prosesini elə qurmalıdır ki, şagirdlərini zəruri biliklərlə təmin edə bilsin, onlarda bacarıq və vərdişlər formalaşdırsın, şagirdlərini yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan sosial şəxsiyyətlər kimi yetişdirə bilsin. Əlbəttə, bu məqsədə bir və ya bir neçə dərsdə deyil, bütün təhsil prosesində sistemli və yaradıcı işləməklə, məktəbdə, sinifdə yaradıcı, mənəvi-psixoloji mühit formalaşdırmağa çatmaq mümkündü.
Hörmətli Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki neft təbii resursdur, o, 50 ildən, 100 ildən sonra tükənə bilər. Biz ölkəmizin iqtisadiyyatını tükənməz sərvət olan elm və təhsil üzərində qurmalıyıq.
Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir və beləliklə, ölkənin intellektual potensialı daha da möhkəmlənir.
Bütün bu vəzifələrin məktəbdə həyata keçirilməsi üçün imkanlardan maksimum səmərəli istifadə etməyə çalışıram.
Tarix: 13-03-2019, 16:27
Xəbəri paylaş