Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Öz dilində danış”

 
  
                                   
Könül Aydın,
Mingəçevir şəhəri 19 nömrəlili tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi

    Uşaq yaşlarımda elə bilirdim ki, “müəllim”,“məktəb”, “qələm” sözləri bizimdir. Məktəbə getdim. Yavaş-yavaş müəyyən sözlərin bizim olmadığını öyrəndikcə heyrətləndiyim indiki kimi yadımdadır. Dildə alınma sözlərin mövcudluğunun, dillərin qarşılıqlı əlaqəsinin təbii bir proses olduğunu qəbul edəndə isə artıq məktəbin yuxarı sinif şagirdi idim. Heyrətlənmirdim. Öyrənirdim ki, hansı alınma sözlərin dilimizdə qarşılığı var, onu işlətməliyik, hansının ki, yoxdur, özünü.  Öyrənirdim ki, dilin lüğət tərkibini daha da genişləndirən alınma leksika mütərəqqi bir proses olaraq dil daşıyıcılarının mədəni münasibətlərindən və dilin ictimai funksiyasından asılıdır. Axı başqa dillərdən söz götürmək və ya bunun əksi  də bir mədəniyyət, xalqlararası əlaqənin göstəricisidir. Bu baxımdan vətəndaşlıq hüququ qazanan “qaidə, faidə, qazeta, konfeta”  kimi alınma  sözlərin  dilimizin qayda-qanunlarına, qrammatik quruluşuna uyğunlaşdırılıb  “qayda, fayda, qəzet, konfet”  şəklinə salınması Azərbaycan dilinin imkanlarının genişliyindən və onu işlədən insanların cəsarətindən, qeyri xalqlara sevgisindən xəbər verir. Lakin bu sevgi milli varlığın tərənnümü olan ana dilinə hörmətdən keçməlidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tövsiyəsi bu baxımdan qiymətlidi: “Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini, ingilis dilini, fransız dilini, ərəb, fars dillərini mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.”
Dilimizin inkişafı üçün ilk növbədə onu düzgün işlətmək lazımdır. 80-ci illərin axırları idi. O vaxtlar telefon xətlərinə bəzən kənar adamın da səsi düşərdi. Bir dəfə kiməsə zəng edəndə təsadüfən iki qadının danışığının şahidi oldum.
-Ay qız, ты знаешь, o mənə nə dedi?
- Əşşşi, mən tanıyıram onu, не обращай на него внимания.
Qadınların Azərbaycan və rus sözlərini bir-birinə qataraq calaq eləməsindən əsəbiləşib onlara iradımı bildirdikdə “Utanmırsan, başqalarının söhbətinə qulaq asırsan? Necə istəyirik, elə də danışırıq” cavabını aldım. Sonralar da bu hallarla çox rastlaşdım. Dil bilmək, onu mükəmməl şəkildə işlətmək gözəldir. Amma onu bu şəklə salmaq... Axı biz azərbaycanlılar əvəzsiz bir dilə - zəngin söz fonduna, ifadə imkanlarına, möhkəm qrammatik quruluşa malik dilə sahibik... Axı vücudumuza layla ilə yerləşən bu dilin mükəmməlliyi bizim böyük bir millət olduğumuzun sübutudur. Nəyə görə bu xalqın bütün üzvləri bütünlüklə ana dilinə köklənməsin, bu dəyəri qorumasın?!
XX əsrin əvvəllərində yaşayan bəzi azərbaycanlıların dilə ögey münasibətini Cəlil Məmmədquluzadə “ Anamın kitabı” əsərində böyük ustalıqla əks etdirmişdi. Əsərdə təsvir olunan qardaşların - mənsub olduğu millətin mənəvi dəyərini -dilini bəyənməyən, milli ruhdan məhrum olan insanların prototiplərinə ictimai həyatın müxtəlif sahələrində bu gün də rast gəlirik.. Sosial şəbəkələrdə, internetdə eyni dilə mənsub olan azərbaycanlıların ingilis və rus dilində yazışmaları, sözləri anlaşılmaz şəklə salmaları baş alıb gedir. Bunu mədəniyyət, mərifət sayan “fasonlu ədabazlar” var. Belə halların çox zaman gənclər tərəfindən baş verdiyini söyləyənlər var. Razı deyiləm. Onları belə formalaşmağa məcbur edən amillər var axı.... Nitqi qüsurlu olan müəllimlər, dilə qənim kəsilən bəzi telekanallar, daha nələr... Gənclərin arasında dilin qeyrətini çəkən elələri var ki... “Facebook” da “Öz dilində danış” adlı səhifədə ümumişləklik qazanmış bir çox alınma sözlərin dilimizdəki qarşılığının verilməsi məhz belə gənclərin dil sevgisinin göstəricisidir.
Xalqın keçdiyi tarixi yol onun dilinə, mədəniyyətinə təsirsiz ötüşmür. Bu baxımdan ərəb, fars, rus dillərinin təzyiqi dilimizə təsirsiz ötüşməyib, onun əridilməsinə, yox olmasına çalışılıb. Bu gün dilimiz yaşayırsa, ilk növbədə analara minnətdar olmalıyıq. Uşaq daha çox anası ilə ünsiyyət qurur, onu daha çox görür. Mehrini, məhəbbətini anasına salır, elə dilə sevgi də ona anasından keçir. Ana hansı dildə danışırsa, uşaq da o dildə danışmağa başlayır. Boya-başa çatdıqdan sonra bəzilərində dil sevgisi müəyyən təsirlərlə öləziyə bilər. Lakin buna rəğmən yenə də analar dilin qoruyucusudur. Fransız yazıçısı Volter “kişini evin beyni, qadını isə ürəyi” adlandırıb. O ürəkdə dilə məhəbbət varsa, o mütləq övladına keçər, dil yaşayar.
Dilin adi məişət səviyyəsində qalmaması üçün ona dövlət qayğısı da lazımdır. Dilimizin ifadə imkanlarının genişliyi əldə olunan bütün nailiyyətlərdən üstün sayılaraq dövlət səviyyəsində ulularımızdan bizə miras qalan bu dəyərin qorunmasını, inkişafını təmin etmək, onun işlənmə hüdudlarını genişləndirmək, nüfuzunu artırmaq üçün fərmanlar, sərəncamlar, qanunlar imzalanmışdır. Bu yaxınlarda ölkə başçısı İlham Əliyev cənablarının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı imzaladığı fərman dilə dövlət qayğısını əks etdirir. Həmçinin Azərbaycan diasporunun fəaliyyəti nəticəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan dili kursları açılıb, başqa xalqların nümayəndələrində də dilimizi öyrənməyə maraq yaranıb.
Aydınlıq gözəlliklər gətirər, gözəlliklər göstərər. Aydın, canlı, mükəmməl nitqi ilə məni heyrətə salan, şəxsiyyətinə böyük sevgi bəslədiyim Heydər Əliyev varlığı ilə ana dilimizə abidə qoyub. Dilimizin bütün incəlikləri, çalarları bu ölməz insanda var və mən bu nitqi dərslərimdə dəfələrlə dinlətmiş, nümunə göstərmişəm, nümunə götürmüşəm..
Yazdıqları əsərlərlə cəmiyyətdə hər şeydən əvvəl elm və əxlaq ziyası yayan ədiblər, geniş bilik dairəsinə malik dilçilər, ziyalılar ana dilimizə sonsuz məhəbbət bəsləmiş, dilin təmizliyinin, saflığının qorunması üçün mübarizə aparmışlar. Nə qədər ki, xalq yaşayır, bu dirəniş də olacaq. Biz Azərbaycan dili və ədəbiyyat müəllimləri bu baxımdan çox böyük məsuliyyət daşıyırıq. Çünki “ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir” (Volter). Hər birimizin borcudur ki, tədris etdiyimiz fənnin vasitəsilə öyrənənlərə dili sevdirək, onların təsəvvür, mühakimə qabiliyyətlərini inkişaf etdirək, fikirlərini bu dilin tükənməz söz ehtiyatından istifadə etməklə nitq mədəniyyətinə yiyələnmələrinə nail olaq. “Müasir,vəziyyət, suveren” kimi sözləri ( və qarşılığını ana dilimizin öz imkanları hesabına əvəzləyə biləcəyimiz digər sözləri) “ çağdaş, durum, bağımsız” şəklində işlətməklə onların danışığına təsir etməyə çalışaq. Bunun üçün Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ana dilini sevən qəlbi, dərin milli düşüncəsi, gözəl nitqi olmalıdır. Mənim fikrimcə, dilə aşiqlik yoxdursa, nə qədər savadlı da olsa, o müəllim sadəcə fənni tədris edən quru adamdır. Görkəmli ədibimiz Mirzə İbrahimovun təbirincə desək “dil şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən məhək daşıdır”. Dilimizi tədris edən müəllimlərdə bu cəhətlərin yoxlanılması, sonra müəllim kimi fəaliyyətə başlamasına icazə verilsəydi nə gözəl olardı və xalqımız bundan nə qədər faydalanardı... Bizə ulularımızdan miras qalan, çiçəkli bağa bənzər dilimizə sədaqətli olmaq Vətənimizə sahib çıxmaqdır. Bayatıda deyildiyi kimi:

Söz qaldı el gələnə,
Çırmandı sel gələnə.
Gözəl bir bağ salmışam,
  El gələ kölgələnə.... 


Tarix: 13-03-2019, 16:20

Xəbəri paylaş