ÜMUMMİLLİ LİDERİN TƏHLİLLƏRİNDƏ CƏLİL MƏMMƏDQULUZADƏ FENOMENİ
AYGÜN ORUCOVA,
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan xalqını çıxılmaz vəziyyətdən, parçalanma, məhv olma təhlükəsindən qoruyaraq onu müstəqil, iqtisadi cəhətdən güclü dövlətlərin sırasına daxil edən, bütün dünyanın ən böyük, uzaqgörən siyasətçi kimi qəbul etdiyi ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev elmin müxtəlif sahələrində o sahə üzrə ixtisaslaşmış alim qədər zəngin “bilik ehtiyatına, yüksək erudisiyaya, fenomenal yaddaşa, heyrətamiz təhlil qabiliyyətinə, hər bir mövzuya yaradıcı münasibətinə” görə elə bir ensiklopedist şəxsiyyətdir ki, onun adı daim böyük qürur və iftixar hissilə çəkiləcəkdir. Xalqımızın xilaskarının hələ Azərbaycan SSRİ-nin tərkibində olarkən böyük cəsarət tələb edən fikirləri, siyasi fəaliyyəti, dövlət idarəçiliyi cildlərə sığa bilməyəcək yüzlərlə tədqiqatın obyektidir. Ulu öndərin təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yubileylərinin keçirilməsi, ev-muzeylərinin təşkili, əsərlərinin akademik nəşrlərinin hazırlanması, onların dünya dillərinə tərcümə olunub yayılması, ədəbiyyat xadimlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması ilə bağlı gördüyü tədbirlərdən bəhs edən onlarla sanballı kitab və monoqrafiya yazılmışdır və şübhəsiz ki, bundan sonra da yazılacaqdır. “Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Almaz Ülvi. Ədəbiyyat ömrü yaşayan ədəbiyyat memarı”, “Tərlan Novruzov. Heydər Əliyev və ədəbiyyat məsələləri” və s. tədqiqat əsərləri belə əsərlərin bariz nümunələridir.
İmadəddin Nəsiminin 600 illiyinin YUNESKO-nun tədbirlər planına salınması, Molla Pənah Vaqifin Şuşadakı məzarın üstündə əzəmətli məqbərənin ucaldılması, Gürcüstanda Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin məzarlarının abadlaşdırılması və büstlərinin qoyulması, Nəriman Nərimanovun mənzilinin satın alınaraq ev-muzeyə çevrilməsi, 1970-ci ildə 100 illik yubileyinin qeyd edilməsi, 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq haqqında” qərarı, Nizami Gəncəvinin 840 illik yubileyinin qeyd edilməsi ilə bağlı qərar, Bakıda Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması, 1994-cü ildə onun 125 illik yubileyinin keçirilməsi, həmin ildə Bakı şəhərində, 1999-cu ildə isə Naxçıvanda ev-muzeyinin açılışı, Hüseyn Cavidin anadan olmasının 100 illiyinin keçirilməsi, Məhəmməd Füzulinin 500 illik yubileyinin dünya miqyasında qeyd olunması, 1996-cı ildə Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılışı və s. tədbirlər ulu öndərimizin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə olan diqqət və qayğısının, hörmət və ehtiramının, vətənpərvərliyinin nəticələri hesab olunmalıdır.
Ulu öndərimizin ədəbiyyata olan tükənməz sevgisi, bağlılığı və marağı onu həyatının tərkib hissəsi, mənəvi qidası hesab etməsi, dəfələrlə çıxışlarında özünün də qeyd etdiyi kimi, sübut olunmağa ehtiyacı olmayan bir aksiomdur. Bunun səbəbi isə ondadır ki, “sənət həyat üçündür” prinsipinə sadiq qalan qədim və zəngin Azərbaycan yazılı və şifahi xalq ədəbiyyatı tarixin bütün dönəmlərində ümumxalq mənafeyini müdafiə etmiş, xalqın arzu və istəklərini əks etdirmiş, bədii əsərlərdə vətənpərvərlik ruhu aşılamağı ən ali və müqəddəs vəzifəsi və məqsədi kimi qəbul etmişdir. XX əsrin əvvəllərində xalqımızın milli oyanış və özünüdərk ideyalarına ardıcıl xidmət göstərən görkəmli sənətkarlarımızdan biri də Heydər Əliyevin “ədəbiyyatımızın və mədəniyyətimizin klassiki” adlandırdığı, vətən, millət, dil kimi milli dəyərlər uğrunda mübarizə aparan Cəlil Məmmədquluzadədir. Ədəbiyyatımızın hamisi Heydər Əliyev 1994-cü ildə Cəlil Məmmədquluzadənin ev-muzeyinin fəxri qonaqlar kitabına yazdığı ürək sözlərində bu muzeyin açılışını “Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun ədəbi-mədəni irsinə, xalqımızın tarixinə əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzi” hesab etmişdir. Böyük ədibin öz xalqı qarşısındakı xidmətlərini dövlət səviyyəsində yüksək qiymətləndirən də, xatirəsinin əbədiləşdirilməsi üçün mümküm olan bütün tədbirləri həyata keçirən də, hələ gənc yaşlarından o zaman SSRİ-nin deputatı olan qızı Münəvvər xanımla görüşərək Mirzə Cəlil haqqında ətraflı maraqlanan da mirzəcəlilşünas alim hesab olunmağa layiq olan Heydər Əliyev olmuşdur. Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndinin ulu öndərimizə doğma və əziz olmasının səbəblərindən birincisi məhz bu kəndin Cəlil Məmmədquluzadə kimi bənzərsiz bir şəxsiyyət yetirməsidir: “Elə Cəlil Məmmədquluzadə kimi bir şəxsiyyət dünyaya gətirdiyinə görə bu Nehrəm kəndi xüsusi hörmətə layiqdir”. Ulu öndər üçün Cəlil Məmmədquluzadə təkcə bizim keçmişimiz, ədəbiyyat tariximizin bir dövrü, mərhələsi deyil, o həm də bizim bugünümüz, canlı müasirimizdir. Onun şəxsiyyəti çox az sayda ədiblərə qismət olan həmişəyaşarlıq qazanmışdır, yaradıcılığı isə öz aktuallığı, müasir dövrümüzlə səsləşməsi baxımından diqqəti cəlb edir. Heydər Əliyev Cəlil Məmmədquluzadənin nə özündən əvvəl, nə də sonra yaşamış görkəmli şəxsiyyətlərdən heç kimə bənzəmədiyini xüsusi olaraq vurğulamışdır: “Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı ilə, əsərləri, maarifçiliyi ilə, elə o dövrdə “Molla Nəsrəddin” jurnalı ilə və başqa fəaliyyəti ilə təkrarolunmaz şəxsiyyətdir. Ümumiyyətlə, ədəbiyyatda, elmdə tarix boyu insanların iki-üç əsrdən sonra bir-birinə bənzərliyi var. Amma Cəlil Məmmədquluzadəyə nə ondan əvvəlki, nə də ondan sonrakı dahi insanlar bənzəyiblər. Onun öz siması var. Onun öz siması da Azərbaycan xalqının inkişafı üçün dəyərli xidmətlər göstərmişdir”. Maraqlı məqam budur ki, ümummilli liderimiz Mirzə Cəlilin fəaliyyətinin bütün sahələrini eyni dərəcədə qiymətləndirmiş, bunların hamısının bir bütöv, tam halında xalqın azadlıq uğrundakı mübarizəsinə xidmət etdiyini, mədəniyyətimizi zənginləşdirdiyini qeyd etmişdir. Milli şüurun və müstəqillik ideyalarının formalaşdırılmasında Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı, hər birindən qan iyi gələn səhnə əsərləri nə qədər mühüm əhəmiyyət kəsb edirsə, “Molla Nəsrəddin” jurnalı, onun felyeton və məqalələri də bir o qədər əhəmiyyətlidir. Mirzə Cəlilin “Ölülər” tragikomediyası haqqında hələ o illərdə müxtəlif mətbuat orqanlarında S.M.Qənizadə, H.Cavid, N.Nərimanov, N.Vəzirov, Ü.Hacıbəyli və başqalarının çox müxtəlif məzmunlu müsbət fikirləri dərc olunmuşdur. Bu əsəri bəziləri N.V.Qoqolun “Müfəttiş”, bəziləri Viktor Hüqonun “Səfillər” əsərləri ilə müqayisə etmişlər. Ümummilli lider isə “Ölülər”i hətta Viliam Şekspirin əsərləri ilə də müqayisə etməyi düzgün hesab etməyərək onu dünya ədəbiyyatında analoqu olmayan bir əsər adlandırmış, bu əsərin öz müəllifinin həm nə qədər filosof, psixoloq olduğunu, həm də yalnız özünəməxsus yaradıcılığa, fitri istedada malik olduğunu əks etdirdiyini bildirmişdir. Onun fikrincə, əsərin ən mütərəqqi cəhəti isə müasir dövrümüzün insanlarına da lazım olmasıdır. Çünki tarixin istənilən dövründə mövhumata inanan insanlar qrupu olmuşdur: “Ölülər əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o, bizə bu gün də lazımdır”. Eyni zamanda əsl ziyalı kimi Heydər Əliyev bu əsərin ədəbiyyatşünaslıqda sosialist ideologiyası ilə ateizm təbliğ edən bir əsər kimi qələmə verilməsinə də qarşı çıxaraq, əsərin dini deyil, dini mövhumatı, dinə qazanc mənbəyi kimi baxanları, onu öz çirkin əməllərinə uyğun şəkildə təhrif edərək yozanları tənqid hədəfi seçdiyini, islami dəyərlərin isə bizim bütün klassik ədəbiyyatımızdan qırmızı xətlə keçdiyini xüsusi olaraq vurğulamışdır.
Ulu öndərimizin fikrincə, Cəlil Məmmədquluzadənin doğma xalqı qarşısındakı ən mühüm xidmətlərindən biri də onun XX əsrin əvvəllərində ana dilimizi ərəb-fars, rus-Avropa və Osmanlı dilinin yad ünsürlərindən qoruyaraq ümumxalq danışıq dilinə əsaslanan bir ədəbi dil nümunəsi təqdim etməsində və dilimizin saflaşdırılması üçün ən kəsərli vasitələrdən istifadə etməsindədir. Mirzə Cəlil bədii irsinin yorulmaz tədqiqatçısı akademik İsa Həbibbəylinin və digər ədəbiyyatşünasların “Azərbaycanın kitabı”, “Azərbaycannamə” hesab etdikləri “Anamın kitabı” dramını ümummilli liderimiz “Azərbaycan üçün çox dahiyanə əsər” hesab edərək onun aktuallığından da söz açmışdır: “1918-ci ildə olduğu kimi əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan da Cənubdan, Şimaldan və Qərbdən gələn təzyiqlərə və təsirlərə sinə gərməli olmuşdur”. Biz müdrik siyasətçimiz Heydər Əliyevin fəaliyyətində dilimizə böyük diqqət və qayğının, sonsuz sevginin ən yüksək təzahürünün dəfələrlə şahidi olmuşuq. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etmişdi. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir.
Cəlil Məmmədquluzadəni Heydər Əliyevə yaxınlaşdıran ən mühüm cəhətlərdən biri, daha doğrusu, birincisi onun xalqın taleyi ilə bağlı məsələlərdə xüsusi fəallıq göstərməsi, ictimai-siyasi proseslərə fəal vətəndaş, demokratiya tərəfdarı olan bir ziyalı kimi hər kəsdən öncə münasibət bildirməsi, müstəqillik ideyalarının formalaşmasında çox mühüm xidmətlər göstərməsidir. Ümummilli liderimiz Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizəni Mirzə Cəlilsiz təsəvvür etməyin mümkün olmadığını, buna görə ona ancaq bir ədəbiyyatçı, yazıçı, publisist kimi yox, həm də böyük siyasətçi kimi yanaşmaq lazım olduğunu bildirmişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”. Ulu öndər müstəqillik ideyalarının ifadə olunması baxımından Mirzə Cəlilin “Cümhuriyyət” məqaləsinin xüsusi dəyərə malik olduğunu qeyd edərək bu məqalənin müəllifini Azərbaycanın çağdaş tarixindəki böyük demokratlardan biri adlandırmışdır.
Azərbaycan ədəbiyyatşünaslığında həmişə yüksək qiymətləndirilən Cəlil Məmmədquluzadənin yaradıcılığına dəyişən zaman və şərait daxilində yenidən müraciətin zəruri olduğunu da ilk dəfə böyük uzaqgörən şəxsiyyət olan Heydər Əliyev vurğulamışdır. Əgər vaxtilə böyük satirik şairimiz Mirzə Ələkbər Sabir özünü dəryada qərar tutan bir qocaman dağa bənzədirdisə, ümummilli liderimiz Cəlil Məmmədquluzadə yaradıcılığını elə o dibi görünməyən dəryanın özünə bənzətmişdir: “Doğrudur, Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, sənətşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini araşdıracaq, onu tədqiq edərək yeni kəşflər edəcəkdir”. Xalqımızın xilaskarı, ədəbiyyatımızın hamisi Heydər Əliyevin on doqquz il əvvəl söylədiyi bugün də aktual olan bu sözlər mirzəcəlilşünaslıqda çox mühüm addımların atılmasına və alimlərimizin dəyərli elmi-tədqiqat əsərlərinin meydana gəlməsinə səbəb olmuşdur. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ev muzeyi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradılmış, 13 oktyabr 1999-cu ildə baş tutmuş muzeyin açılış mərasimində şəxsən iştirak edən Heydər Əliyev nitq söyləmişdir. Çıxışının sonunda o, Mirzə Cəlil irsinin, şəxsiyyəti və xidmətlərinin Azərbaycan xalqının qəlbində yaşayacağını bildirmişdir.
Bu gün ümummilli liderimizin siyasi kursu onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Onun 23 yanvar 2006-cı il tarixli sərəncamına əsasən “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi respublikamızda layiqincə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında” 2009-cu il 6 fevral tarixli sərəncamına uyğun olaraq görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin qeyd olunması, bu ilin 17 yanvar tarixində isə dahi ədibin anadan olmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı möhtərəm Prezidentimizin müvafiq sərəncamı fikrimizi bir daha təsdiqləyir.
Sonda onu qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə şəxsiyyətinə, yaradıcılığına və fəaliyyətinə verdiyi yüksək dəyər təkcə mirzəcəlilşünaslıq, ədəbiyyatşünaslıq elmində deyil, həm də azərbaycanşünaslıq tarixində mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Azərbaycan ədəbiyyatının klassiklərinə təkcə büst və heykəllər ucaltmaqla qalmamış, eyni zamanda haqqındakı dəyərli və heç bir dəyişikliyə uğraya bilməyəcək fikirlərilə onlara ən nəhəng mənəvi abidəni də ucaltmışdır. Məhz bu səbəbdən də əvəzolunmaz ümummilli liderimiz də xalqımızın qəlbində və fikirlərində əbədi olaraq yaşayacaqdır!
Tarix: 13-03-2019, 16:13