Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi
Qənirə Əmircanova,
Bakı şəhər 28 nömrəli tam orta məktəbin direktou,
pedaqogika üzrə fəlsəfə doktoru,
Əməkdar müəllim
Müasir dövrdə Azərbaycan təhsilinin qarşısında duran əsas məqsəd gənc nəsli əsl vətəndaş, yaradıcı düşünən şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Bu gün ümumtəhsil məktəblərində gedən əsas proseslər dedikdə, ilk öncə öyrətmə və öyrənmə yada düşür. Öyrədən müəllim öyrənən şagirdə necə öyrətməli ki, təhsil sahəsindəki dövlət proqramının tələbləri ödənilsin, “zəif müəllim” ifadəsi birdəfəlik ləğv edilsin? Hansı təklifləri reallaşdırmaq lazımdır ki, mübahisə doğuran məsələlərə birdəfəlik son qoyulsun? Nəticədə oxumaq, sözün həqiqi mənasında, öyrənən üçün mənəvi tələbata çevrilsin. Bu baxımdan ümumtəhsil məktəblərinin idarə olunması və fəaliyyətinin təşkili müstəsna əhəmiyyət kəsb edir. Son illərdə ölkəmizdə təhsilin idarə olunması sahəsində bir sıra əhəmiyyətli addımlar atılmaqdadır. Bu, rəhbərlik və nəzarət funksiyasının necə yerinə yetirilməsindən asılıdır. Təhsil Nazirliyinin apardığı siyasət nəticəsində dünya ölkələrinin təcrübəsi öyrənilir, milli dəyərlər gözlənilməklə ölkəmizdə tətbiq edilir.
Müasir dövrdə idarəetmə - prinsip, funksiya, metod və üslubların bilavasitə həyata keçirilməsidir. Ümumtəhsil məktəbinin qarşısındakı məqsəd planlaşdırma, təşkiletmə, icraetmə və nəzarət proseslərinin düzgün idarəolunmasından asılıdır. Bu o deməkdir ki, idarəetmədə əsas vəzifə qarşıya qoyulmuş son məqsədə nail olmaq üçün perspektiv planlaşdırma, düzgün təşkilatçılıq, iş prosesinin motivləşdirilməsi və ona diqqətli nəzarətdir. İdarəetmədə əsas meyar nəticənin əldə olunmasıdır ki, bu da düzgün qərarvermədən asılıdır. Səmərəli fəaliyyət səmərəli nəticə deməkdir. Düzgün qərarvermə isə bir sıra meyarları özündə birləşdirir:
məqsədə görə;
səmərəliliyə görə;
alınan son nəticəyə görə;
təsir vasitələrinə görə;
informasiya tələblərinə görə.
Ona görə də müasir dövrdə idarəetmə bir sıra prinsipləri özündə ehtiva edir.
əmək bölgüsü;
səlahiyyət və məsuliyyət;
intizam;
vahid rəhbərlik;
şəxsi marağın ümumi marağa tabe olması;
mükafatlandırma;
mərkəzləşdirmə;
rejim;
ədalət;
təşəbbüskarlıq;
iş yerinin sabitliyi
pilləvari (skalyar) zəncir və s.
Əmək bölgüsünə əsasən tədris müəssisələrində bütün vəzifələr görüləcək işə görə müəyyən edilir. Səlahiyyət verilən şəxs ona tapşırılmış vəzifəyə görə məsuliyyət daşıyır. Səlahiyyət elə bir ixtiyardır ki, adi işçini rəhbər işçiyə çevrilə bilir. İntizam xüsusi davranış qaydası olub, tutduğu vəzifədən və mövqedən asılı olmayaraq, hamı üçün eynidir.
Təhsil müəssisələri vahid rəhbərlik tərəfindən idarə olunur. Vahid rəhbərlik bir də ona görə lazımdır ki, bütün işlərə bir şəxs cavabdeh olsun. Vahid rəhbərliyi icra edən şəxs tabeliyində olan işçiləri yaxşı tanımalıdır. Şəxsi maraq ümumi maraqdan üstün ola bilməz. Yüksək nəticə yalnız onda mümkündür ki, idarəedən öz işinin ustası olsun, lazım gələndə şəxsi duyğularını belə qurban verməyi bacarsın, arxada buraxdıqları gələcəkdə olacaq nailiyyətə kölgə salmasın. Mükafatlandırma peşəyə sədaqətin başlıca amili, fəaliyyətin stimullaşdırılmasıdır.
Mərkəzləşdirmə vahid rəhbərlik prinsipindən irəli gəlir, çünki informasiyanın toplanması və qərar qəbuletmədə mərkəzləşdirmə vahid rəhbərə kömək edir. Rejim vaxtdan səmərəli istifadə etməni tənzimləyir, vaxt bölgüsü, norma və normativlərə əməl olunmasıdır. Ədalət obyektiv münasibətlərin gözlənilməsidir. Bu, ona görə əsas prinsiplərdən hesab olunur ki, hər bir işçini layiqincə dəyərləndirmək çox vacibdir. Təşəbbüskarlıq uğura imza atmaq üçün fərdi səydir və hər bir müəssisəyə əlavə imkan, səmərə gətirir. İş yerinin sabitliyi işçinin sabaha inam və fəaliyyətini tənzimləyir və müqavilə şərtləri ilə təmin olunur. Ona görə də hər iki tərəf müqavilə şərtlərinə əməl etməyə borcludur. Pilləvari (skalyar) zəncir aşağıların yuxarıya tabeçiliyidir. Bu zaman səlahiyyət və cavabdehliyin bir-birinə düzgün münasibəti tənzimlənir. Bütün bu prinsiplərə əməl edilməsi idarəetmədə son məqsədin həyata keçirilməsi ilə başa çatır. Bu, idarəetmədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir sıra layihələrin - strateji təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə, təhsilin idarəolunmasının məlumat sistemləri və s. icrası tələbatını yaradır. Monitorinqlərin keçirilməsi prosesində xüsusilə kadr potensialı güclənir.
İllərin təcrübəsinə əsasən etiraf etmək lazımdır ki, dünya təhsil sisteminə əsaslanan təhsilimiz üçün dünən öyrənilən bilik bu gün üçün kifayət deyil. Bu yeni strukturun yaradılması müvafiq sahələrdə təhsil siyasəti və strategiyasının daha məqsədyönlü hazırlanması və həyata keçirilməsini tələb edir.
İdarəetmənin funksiyası onun obyektiv məqsəd və vəzifələrinin ümumiliyi ilə xarakterizə olunan, müəssisədə çalışanlara məqsədyönlü təsir göstərmək üçün tətbiq edilən fəaliyyət növüdür. Müasir idarəetmənin funksiyası dedikdə, təhsil sistemində yeni idarəetmə modeli, hesabatvermə, qərarçıxarma sisteminin yaradılması və tətbiqi işinin həyata keçirilməsi, kadrların idarə olunması kimi məsələləri nəzərdə tutur. Monitorinqin əsas vəzifələrindən biri də məqsəd və planlaşdırma arasındakı fərqi azaltmaqdan ibarətdir. Planlaşdırma görüləcək işin ardıcıllığını necə və hansı vasitələrlə yerinə yetirmək üçün fəaliyyətin qabaqcadan müəyyənləşdirilməsidir. Bu baxımdan planlaşdırmanı 3 mərhələyə ayırmaq olar:1) strateji; 2) orta müddətli; 3) cari (operativ) planlaşdırma.
Strateji planlaşdırma görüləcək işin əvvəlcədən uzun müddətli planlaşdırılmasıdır ki, digərləri bunun üzərində mümkün olur. Bu, xalqın milli ənənələrə, insanların hüquq və azadlığına hörmət edən, azərbaycançılığa sadiq qalan, müstəqil və yaradıcı düşünən şəxsiyyət yetişdirmək, şəffaf və səmərəli idarəetmə mexanizmi yaratmaq və s. cəhətləri özündə birləşdirən təhsil modeli yaratmaq məqsədini güdür. Adətən, hər bir təhsil müəssisəsinin inkişaf planında qarşıya qoyulan hədəflər 3-5 il müddəti üçün nəzərdə tutulur. Ümumtəhsil məktəblərinin idarə olunması məhz bu fəaliyyətin strateji planlaşdırmasına əsasən təşkil olunur. Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və onun icrasına yönəlir. Cari (operativ) planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və gündəlik işlərin icrasına doğru yönəlir.
Təhsilin idarəolunması prosesinin rəhbərləri mütərəqqi ideyaların təşəbbüskarı kimi lider olmalı, “sabah gec olar” prinsipi ilə yaşamalıdır. O, öz nüfuzu və davranışı ilə digərlərinə təsir edə biləcək münasibətlər qurmağı bacarmalıdır. Hər bir rəhbər bilməlidir ki, hətta ən mükəmməl hazırlanmış planı da səriştəli icraçı olmadan yerinə yetirmək qeyri-mümkündür. Ən böyük məqsədə gedən yol məhz düzgün seçilmiş rəhbərliyin fəaliyyətindən asılıdır. Rəhbər işçi ilk gündən nəzarətin bütün mərhələlərinə (ilkin, cari, yekun) həssaslıqla yanaşmalı, onu daima diqqətdə saxlamalıdır. Bu, təkcə idarəedən şəxsdən deyil, bütün kollektivdən edilən tələbdir.
İdarəetmədə əsas cəhətlərdən biri də idarəedənin mədəniyyəti və etikasıdır. Bu, əslində işgüzar cəmiyyətin tərbiyəsidir. Kollektivin idarəedənə münasibəti onun öz işinə və əməkdaşlara olan münasibətindən asılıdır. Adətən, belə şəxslər lider olur. Lider dedikdə, təkcə təhsil müəssisəsinin rəhbərləri nəzərdə tutulmur. Lider müəyyən qrupu məqsədə çatmaq üçün arxasınca apara bilən şəxs deməkdir. Xarizmatik insan olan liderlər cəmiyyətdə hakimiyyət və nüfuz sahibi olan insanlardır.
Adətən, liderlər 3 tip olur: avtokrat, liberal, demokrat. Avtokrat lider idarəetmədə avtoritardır və bütün işçilərin sərbəstliyini əlindən alır, təkbaşına qərarlar verir. Adətən, onlar kollektiv tərəfindən çox sevilmir. Liberal lider idarəetmə və qərarvermədə kollektivə etibar edir, onlara daha çox sərbəstlik verir ki, bu da anarxiyaya apara bilər. Demokrat lider isə avtokrat və liberal liderin üstün cəhətlərini özündə birləşdirib, çatışmayanları inkar edir. Bu rəhbərlikdə bütün işçilər fəal iştirak edir, çünki güclü nəzarət mexanizmi var. Demokrat lider qayğıkeş, təvazökar, eyni zamanda tələbkar olur. Təvazökar demokrat rəhbər hər işi öz adına çıxmır, layihələrin irəli sürülməsində özünün deyil, məhz kollektivin fəaliyyəti adından çıxış edir. O, işçilərin qayğısına qalmaqla, bütün kollektivdə səmimi əhval-ruhiyyə yaradır. Rəhbər işçi daima öz elmi və iqtisadi biliyini artırmalı, yeniliyi və hər cür mütərəqqi texnika və texnologiyanı başa düşməli və onu müdafiə etməyi bacarmalıdır.
İdarəedənin əsas keyfiyyətlərindən biri də onun nitqinin gözəl olmasıdır. Özünə inanan şəxs fikirlərini sərbəst ifadə edir, başqalarının hüquqlarına hörmət etməklə onları dinləməyə məcbur edir. Nitqi aydın, gözəl olan rəhbərin işçiləri inandırmaq qabiliyyəti də yüksək olur. Bu idarəetmə mexanizmində müəllimin rolu və fəaliyyəti artır, onun özü üzərində işləməsinə, özünəinam, təşəbbüskarlıq və yaradıcılığına geniş imkan açır. Nəticədə, müəllim məktəb qərarlarının qəbul olunmasında əsas simaya çevrilir, təhsilin keyfiyyəti təmin edilir, çünki keyfiyyətli idarəolunma sistemi ənənəvi idarəetməni kökündən dəyişir.
İdarəetmə prosesndə ən geniş tətbiq edilən metodlar dedikdə, iqtisadi, inzibati, sosial-psixoloji və s. metodlar nəzərdə tutulur. İqtisadi metodda əsas məqsəd istehsalın qənaətcil, səmərəli və müasir tələblərə cavab verə biləcək səviyyədə həyata keçirilməsidir. İnzibati metodda qanunlara, normativlərə, əmr və sərəncamlara daha çox üstünlük verilir. Sosial-psixoloji metod bütün personalın sosial və psixoloji maraqlarına təsir etmək vasitəsinə əsaslanır.
Hər bir rəhbərin özünə qiymət verməsi kifayət qədər ardıcıl olmalıdır. Onun kommunikativ səriştəliliyi səmərəli fəaliyyərin mütləq şərtidir. Hər bir rəhbər tabeliyində olanları idarə etmək qabiliyyətinə malik olmalı, kollektivin psixoloji durumunu bilməli, münaqişələri həll etməyi, əməkdaşların münasibətini tənzimləməyi bacarmalıdır. O, psixoloji təsirin 3 əsas (inandırma, sövqetmə, məcburetmə) mexanizmini praktik olaraq fəaliyyətində tətbiq etməlidir. İnandırma insanın şüuruna, sövqetmə stimul yaratmaqla hisslərə, məcburetmə isə insanın iradəsinə təsir etməkdir. İdarəolunma mexanizmində səmərəli fəaliyyət göstərən “komanda” yaratmaq, məktəbdə olan prosesləri müşahidə etmək və nəticənin qiymətləndirilməsinə imkan verən daxili monitorinq mexanizmi yaratmaq və onları daima inkişaf etdirmək vacib amillərdəndir.
Ümumtəhsil məktəblərində rəhbər işçilər üç kateqoriyaya ayrılır:
- aşağı səviyyə rəhbərləri – metodbirləşmə sədrləri
- orta səviyyə rəhbərləri – müavinlər
- ali səviyyə rəhbəri – direktor
Müavinlər əsasən təşkilat daxilində planlaşdırma, idarəetmə və əlaqələndirmə ilə məşğul olurlar. Direktor isə strategiyanın işlənib hazırlanması, ali məqsədlərin formalaşması, təşkilatla xarici mühit arasındakı münasibətlərin qurulması, təşkilatın fəaliyyət göstərdiyi mühitin öyrənilməsi, münasib tədbirlər görülməsi və s. ilə məşğul olur.
Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin idarə olunması sisteminin tətbiqi məktəbin idarəolunmasına yeni yanaşmanı aktuallaşdırır.
Nəticə olaraq qeyd etmək istərdik ki, demokratik əsaslarla şəffaf, səmərəli və sağlam idarəetmə mühiti yaratmaq, şəxsi marağı ümumi marağa tabe etmək, peşəkarlıqla düzgün iş rejimini təşkil etmək və s. idarəetmə mexanizmi keyfiyyətli təhsil deməkdir. Keyfiyyətli təhsil isə hər kəsin öz işinə olan məsuliyyəti və komanda fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir. Bütün bu işlər yerinə yetirilərkən idarəetmənin metodoloji və nəzəri əsası kimi proqram mənbələrə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu və həmin Qanuna müvafiq olaraq verilmiş təhsil qanunvericiliyi aktlarına, həmçinin təhsil müəssisələrinin Nizamnaməsinə istinad edilir.
Nəticə etibarı ilə bildirmək istərdik ki, Dövlət Strategiyasının tələblərindən irəli gələn daha səmərəli idarəetmə mexanizminə müraciət mütləqdir.
Tarix: 14-02-2019, 12:32