Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafinda Cəlil Məmmədquluzadənin rolu
Aygün ORUCOVA,
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan ədiblərinin yaradıcılığı həmişə dünya və rus ədəbiyyatının diqqət mərkəzində olmuşdur. Rusiyada şərqşünas alim Y.E. Bertelsin Nizami Gəncəvi haqqındakı “Böyük Azərbaycan şairi Nizami”, “Nizami” və “Nizami və Füzuli” tədqiqatlarının nizamişünaslığın əvəzolunmaz mənbələri sayılması, alman alimi Frits Meyerin 1963-cü ildə Almaniyada “Gözəl Məhsəti” adlı monoqrafiyasının nəşr olunması, Məhsətinin rübailərinin rus, ingilis, alman, fransız və italyan dillərinə tərcümə edilməsi, Xaqani Şirvaninin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçılarının məşğul olması, alman şairi və tərcüməçisi Fridrix Bodenştedin Mirzə Şəfi ilə tanışlığı, ondan fars dilini öyrənməsi, Mirzə Şəfi Vazehin şeirlərini alman dilinə tərcümə edərək 1848-ci ildə “Min bir gecə” kitabında, 1851-ci ildə isə tam şəkildə “Mirzə Şəfinin şərqiləri” adı altında çap etdirməsi ilə Mirzə Şəfinin qüdrətli bir şair kimi dünya şöhrəti qazanması bunu təsdiq edən əhəmiyyətli faktlardır.
Orta əsrlərdə və XIX əsrə qədər Azərbaycan ədəbiyyatına Şərq ədəbiyyat və incəsənətinin təsiri mühüm əhəmiyyət kəsb etmişdirsə, XIX-XX əsrlərdə daha çox rus ədəbi ənənələri mənimsənilməyə, bu ədəbiyyatın tərcüməsinə daha çox diqqət verilməyə başlanmışdır. Rusiyada realizm ədəbi məktəbini yüksək mərhələyə qaldıran Puşkin, Qoqol, Tolstoy və başqa yazıçılar keçən əsrdə ümumən dünya ədəbiyyatının parlaq, realist nümunələrini yaratmışlar. Qoqolun əsərlərindəki ictimai ideallar Azərbaycan üçün faydalı və əhəmiyyətli idi. Azərbaycan ədəbi tənqidinin tarixini öyrənən görkəmli alim Kamal Talıbzadə bu barədə yazmışdır: “Məktublarından birində F.Köçərli cavan şairləri realist rus ədəbiyyatından öyrənməyə çağırırdı və bu çağırış o zamankı ədəbiyyatın inkişafına az təsir etməmişdi”. A.Səhhət dövrünün ədəbiyyatını inkişaf etdirmək üçün rus və Qərbi Avropa ədəbiyyatından mümkün qədər tərcümələr etmək lazım olduğunu göstərmişdir. “Hələ sağlığında adı və sənəti Rusiyanın hüdudlarını aşaraq daha geniş miqyasda tanınmış qüdrətli rus şairi Aleksandr Sergeyeviç Puşkin” şərqşünas alim Mirzə Cəfər Topçubaşovla, Abbasqulu ağa Bakıxanovla tanış olmuş, Mirzə Kazım bəy onun “Bağçasaray fontanı” əsərindən bir hissəni Azərbaycan dilinə tərcümə etmiş, 1837-ci ildə istedadlı dramaturq Mirzə Fətəli Axundov böyük şairin ölümündən bir neçə gün sonra “Puşkinin ölümünə Şərq poeması”nı yazmışdır. Akademik İsa Həbibbəyli bu əsəri “təkcə 25 yaşlı cavan ziyalı müəllifin deyil, bütövlükdə Azərbaycan xalqının, xüsusən də maarifçi gəncliyin görkəmli söz ustadına bəslədiyi yüksək ehtirama parlaq bir nümunə” adlandırmışdır.
Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafına XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Molla Nəsrəddin” satirik jurnalının redaktoru, eyniadlı ədəbi məktəbin başçısı, tənqidi realizm ədəbi cərəyanının banisi Cəlil Məmmədquluzadə (1869-1932) də böyük töhfələr vermişdir. İbtidai təhsilini Naxçıvan şəhərində mollaxanada aldıqdan sonra 1879-1882-ci illərdə ana dili və ilahiyyat fənnindən başqa bütün dərslərin rus dilində keçildiyi Naxçıvan şəhər üçsinifli məktəbində davam etdirmişdir. Gələcək ədibin dünya ədəbiyyatı ilə əsaslı tanışlığı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil aldığı illərə (1882-1887) təsadüf etmişdir. Burada o, Krılov, Puşkin, Lermontov, N.V.Qoqol, Tolstoy kimi klassiklərin bir çox əsərlərini oxuyub öyrənmişdir. C.Məmmədquluzadənin yaradıcılığında ən çox faydalandığı rus ədəbiyyatı klassikləri A.S.Puşkin, N.V.Qoqol, A.N.Çexov kimi dahi söz ustadları olmuşdur. Cəlil Məmmədquluzadə rus və Avropa ədəbiyyatının korifey sənətkarlarının məşhur əsərlərini mütaliə etməsi nəticəsində bu ədəbiyyatın müsbət cəhətlərini mənimsəmiş, onlardan necə yazmaq lazım olduğunu öyrənmişdir: “Cəlil Məmmədquluzadə rus mədəniyyətini, ədəbiyyatını sadəcə öyrənməklə kifayətlənməmiş, eyni zamanda onu geniş xalq kütlələrinə çatdırmaq və izah etmək üçün də böyük qüvvə, enerji sərf etmişdir”. Bədii ədəbiyyatın ənənə və novatorluq prinsipini çox mükəmməl şəkildə anlayan Cəlil Məmmədquluzadə dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin mütərəqqi ənənələrindən faydalanmış, orijinal əsərləri ilə öz xalqının dərdlərini və problemlərini bədii şəkildə əks etdirmişdir. Azərbaycan ədəbiyyatında realist novellanın dəyərli nümunəsi olan “Qurbanəli bəy” (1906) hekayəsinə istedadlı ədib bu sözləri epiqraf kimi vermişdir: “Qoqol, Allah sənə rəhmət eləsin!”. Həmin epiqrafdan aydın olur ki, Mirzə Cəlil bu əsəri dahi rus yazıçısı N.V.Qoqol yaradıcılığından təsirlənərək yaratmışdır. Azərbaycanın zəhmətkeş təbəqələrinin dözülməz həyatı və əllərindən alınan mülkiyyətləri, hüquqları ürəyi vətən sevgisi ilə çırpınan Cəlil Məmmədquluzadəni narahat edən əsas məsələlərdən biri idi.
Rus realist ədiblərinin mütərəqqi ənənələrini mənimsəyən və özü də yaradıcılıqda bu yolu seçən Cəlil Məmmədquluzadə rus ədəbiyyatının Derjavin, V.A.Jukovski, Krılov, Nekrasov, Ostrovski, Qorki, Qoqol, Puşkin kimi görkəmli nümayəndələri haqqında dəyərli fikirlər söyləmiş, məqalələr yazmış, karikaturalarda onların yaradıcılığına müraciət etmişdir. Dahi ədib “Abirin və kilab”, “Papaslar”, “Teatr konfransı” kimi publisistik əsərlərində realist ədəbiyyatın xüsusiyyətlərindən danışarkən rus ədib və tənqidçilərinin əsərlərinə müraciət etmiş, müasirlərinin diqqətini həmişə rus realist ədəbiyyatının yaradıcılarına yönəltmişdir. Böyük ədib rus ədəbiyyatının dəyərli nümunələrini Azərbaycan dilinə tərcümə etmək işinə də məsuliyyətlə yanaşmağı, tərcümə əsərlərinin dilinin və üslubunun aydın və sadə olmasını tələb etmişdir. “Abirin və kilab” (1906) felyetonunda Cəlil Məmmədquluzadənin realist yaradıcılıq üslubunu yüksək qiymətləndirdiyi Krılovun “Yolçular və itlər” təmsilini mənası çətin anlaşılan ərəb-fars sözləri ilə tərcümə edənlərə haqlı etirazını bildirmişdir: “Rusca oxuyanlara məlumdur ki, Krılov təmsillərini sadə rus dilində yazıb ki, rus milləti yaxşı başa düşsün. Əgər Krılov bilsəydi ki, türklər onun təmsillərini türk dilinə tərcümə edəndə yolçulara “abirin” və itlərə “gilab” adı qoyacaqlar, yəqin ki, Krılov da təmsillərini firəng, ya nemsə dilində yazardı”.
Ədəbi əlaqələr sahəsində bədii tərcümələrin rolu xüsusi olaraq qeyd edilməlidir. Xalqlar məhz bədii tərcümə vasitəsilə bir-birinin adət-ənənələri, mənşəyi, tarixi haqqında ətraflı məlumat ala bilir. Dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri tərcümə sayəsində bütün dünya xalqlarının ortaq mənəvi abidələrinə çevrilə bilir. Dillərarası və mədəniyyətlərarası ünsiyyətin mühüm bir vasitəsi olan tərcümə mədəni, iqtisadi əlaqələrin də inkişafında əsas rol oynayır. Mirzə Cəlilin yaradıcılığında tədqiq olunmamış sahələrdən biri də onun ədəbi tərcümələridir. Mirzə Cəlil əsərlərinin tam külliyyatını 2004-cü ildə nəşr etdirən akademik İsa Həbibbəyli dörd cilddən ibarət olan “Əsərlər”in birinci cildinə dahi ədibin üç tərcüməsini daxil etmişdir. Bunlardan ikisi ilk dəfə olaraq bu külliyyatda oxuculara təqdim olunmuşdur. Birinci tərcümə əsəri “Hərb və sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında realist roman janrının ən dəyərli nümunələrini yaratmış böyük rus yazıçısı, publisist və filosofu Lev Nikolayeviç Tolstoyun (1828-1910) yaradıcılığındandır. “Zəhmət, ölüm və naxoşluq” adlandırılan bu hekayə Cəlil Məmmədquluzadənin tərcüməsilə ilk dəfə “Şərqi-Rus” qəzetinin 21 yanvar 1904-cü il tarixli 17-ci nömrəsində dərc olunmuşdur. Qəzet tərcüməni belə bir qeydlə çap etmişdir: “Məşhur rus filosofu və moralisti L.N.Tolstoyun “Zəhmət, ölüm və naxoşluq” adında təzə yazılmış hekayəsi (legenda) Parisdə çıxan “Tan” qəzetində dərc olunandan sonra “Kazbek” qəzeti məşhur legendaların məzmununu bu tövr rəvayət edir”. Bu əsər Allahın dünyanı yaratması haqqındakı dini rəvayətlə səsləşir. Cənubi Amerikanın hind tayfası içində danışılan bir rəvayət hekayənin əsas süjetini təşkil edir. İlk öncə Tanrının insanları bütün ehtiyaclardan azad və xəstəlik və ölümün olmadığı bir dünya yaratdığından danışılır. Bu dövr əslində dünyanın “qızıl dövrü”, “xoşbəxtlik dövrü” olmuşsa da, bir müddətdən sonra Tanrı insanların xoşbəxt olmadığını, bir-birilə çəkişdiklərini və öz yaşayışlarından narazı qaldıqlarını görür. İnsanların bir-birilə daha mehriban olması üçün Tanrı aclıq və soyuğu yaradır. Bundan sonra isə insanlar zəhmətlə məşğul olsalar da, yenə də onların arasında birlik və mehribanlıq olmur. Çünki: “Onlar hərçənd cəmiyyət ilə zəhmət çəkirdilər, amma dəstə-dəstə olmuşdular və hər dəstə səy edirdi o biri dəstə gördüyü işə mane olub, qoymasın onun işi hüsnü-nəticə bağışlasın”. İnsanların bu rəftarından xoşlanmayan Allah insanın əcəlinin yetişməyini nə özünün, nə də başqasının bilməyəcəyi ölümü yaratdı ki, insan hər an ölüm haqqında fikirləşərək başqalarına pislik etməsin və biri başqasının gününü qara etməsin. Lakin insanlar bundan sonra bir-birlərini ölümlə hədələməyə və hətta güclülər zəifləri öldürməyə başladılar. Ən sonda Tanrı xəstəlikləri yaratmağı qərara aldı. Bu da insanlar arasında birliyə və səadətə gətirib çıxartmadığından artıq Tanrı “bəni-növi bəşərdən əl çəkdi”. Əsərin əsas ideyası budur ki, insanlar xəstəliyin, ölümün hər an gözləniləcəyi bu dünyada gərək günlərini xoş və mehribançılıqla keçirsin, digər insanlara sevgiylə, qayğıyla yanaşsın.
İkinci tərcümə əsəri də rus ədəbiyyatındandır. Xanzadə adlı rus yazıçısından tərcümə edilmiş “Arvad” adlı hekayə də 1904-cü ildə “Şərqi-Rus” qəzetinin 62-64-cü saylarında dərc olunmuşdur. Əsərin mövzusu tarixdən götürülmüşdür. Səfəvi hökmdarı Şah Abbasın şahidi olduğu bir hadisədən sonra ölkədəki bütün qadınların tələf edilməsi ilə bağlı verdiyi hökm, bunun ölkədə yaratdığı təlaş və həyəcan və bu hökmün pozulmasına səbəb olan müdrik qocanın - Hüseyn pəhləvanın danışdığı İsfahanın məşhur gözəli Fatma adlı bir qadının hekayəsi Şərq həyatının rus ədəbiyyatında təsviri baxımından diqqəti cəlb edir. Hər iki əsər orijinaldan tərcümə olunmuşdur və humanist, tərbiyəedici xarakteri ilə seçilir.
Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı sahəsinə gəldikdə “Molla Nəsrəddin” jurnalının 1906-cı ilin 4-cü nömrəsində dərc olunmuş “Qız və nənə” şeiri rus ədibi Pozdnyakovdan tərcümədir. Bu şeir Azərbaycan dilində ilk uşaq jurnalı olan “Dəbistan” (1906-1908) jurnalının birinci nömrəsində dərc olunmuşdur. “Molla Nəsrəddinin qıza cavabı” şeiri də suallar şəklində qurulmuş bu şeirə satirik cavabdır.
“Papaslar” (1909) felyetonunda böyük sənətkar Cəlil Məmmədquluzadə A.S.Puşkinin rus ədəbi dilini ümumxalq dili ilə yaxınlaşdırmaq, ədəbiyyatı xalqın malına çevirmək sahəsindəki mühüm xidmətlərini göstərmişdir: “Rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədərdilər ki, xoruz səsi eşitməmiş olsun. Rusun qədim şairi Derjavinin şeirlərini indi də adam oxuyanda elə bilir ki, guya bu sözlər göydən yerə düşüblər. Amma aylar və günlər dolandı, - axırda nə bilim Puşkinlər, Jukovskilər dili lap xarab elədilər, elə sözlər yazdılar ki, kəndlilər də başa düşürdülər”. Mirzə Cəlilin satirik dillə böyük Puşkin poeziyasının həyatiliyini, realizmini, xüsusilə şeirlərinə dərin məzmun gətirən ədəbi dilini rus ədəbiyyatında tamamilə yeni bir mərhələ kimi qiymətləndirdiyi məlum olur.
Cəlil Məmmədquluzadə N.V.Qoqolun anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Qoqol” (1909) adlı məqaləsində böyük rus yazıçısının xalqa yaxınlığını ən gözəl bir məziyyət kimi göstərmiş, onun əməkçi kütlələr içərisində şöhrət tapmasının əsas səbəbini bunda görmüşdür: “O, bir məşhur rus yazıçısının adıdır, bu yazıçı yüz il bundan irəli anadan olub, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb”. Rusiyada savadsız, cahil kəndlilərin belə onun rus millətinə xidmətlərindən xəbərdar olmasına baxmayaraq, müsəlman aləmində rus dilini bilməyən oxucuların onun adını duymamaqları və ya düzgün oxuya bilməməkləri istedadlı satirik sənətkarı düşündürür. Böyük rus ədibi haqqında aparılmış tədqiqatlar: məsələn, F.Köçərlinin və b. yazıçılarımızın məqalələri və Üzeyir Hacıbəylinin tərcümələri onu müsəlman Şərqində də tanıtmaq məqsədi ilə yazılmışdır. Qoqolun “Müfəttiş” əsərinin XX əsr üçün də aktuallığından danışan sənətkar bu barədə yazmışdır: “Yüz il bundan qabaq Rusiyada bir şəxs anadan olub və rus məmurlarının barəsində bir elə komediya yazıb ki, onu indi də adam oxuyanda elə bilir ki, Naxçıvana, Şuşaya və bütün Qafqaz kəndlərinə və balaca şəhərlərinə hökumət tərəfindən “revizor gəlir”. Cəlil Məmmədquluzadə Qoqol yaradıcılığını dərindən və hərtərəfli öyrənmək, tərcümə və tədqiqatlar aparmaq və onu tanıtmaq üçün görülmüş işlərin kifayət etmədiyini xüsusi nəzərə çatdırır və məqaləsini bu cümlələrlə bitirir: “...qələm sahiblərimiz hər nə yazırlar yazsınlar, - çox sağ olsunlar, amma bunu gərək yaddan çıxartmasınlar ki, hələ indi müsəlmanlar yenə Qoqolun adını bilmirlər. Bunu heç kəs gərək yadından çıxartmasın”.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünasları Cəlil Məmmədquluzadənin inqilabi ideyalı əsəri olan “Ölülər” (1909) tragikomediyasını çox zaman Qoqolun “Müfəttiş” əsəri ilə müqayisə etmiş və onların arasındakı oxşarlıqdan bəhs etmişlər. Hər iki əsərin əsas, həm də mənfi qəhrəmanları olan guya ölü diriltmək qədər dində yüksək mərtəbəyə çatan Şeyx Nəsrullahla Peterburqdan gəlmiş, hamının revizor hesab etdiyi, əslində isə Peterburq dəftərxanalarının birində xidmət edən kiçik bir çinovnik olan cavan Xlestakov obrazları arasında bənzərlik çoxdur. Həm başqa bir şəhərdən gəlib düşdüyü şəhərin əhalisini aldatmaq baxımından, həm maddi ehtiyacları əsas tutmaq baxımından, həm də əxlaqi cəhətdən. Xlestakov bütün pulunu qumarda uduzan, cibl?ri boş, aclıqdan nə edəcəyini bilməyən yalançı, özünü böyük və yüksək bir rütbə sahibi kimi göstərmək arzusuna düşən bir obrazdır. Eynilə Şeyx Nəsrullah da guya gün ərzində xurmadan başqa heç nə ilə qidalanmadan yaşadığını zahirdə insanlara göstərən, gizlində isə bütün nemətlərlə qidalanan din xadimidir. Qoqolun üç cilddə nəzərdə tutulmuş, lakin ikinci və üçüncü cildləri tamamlanmayan, daha doğrusu, ikinci cildi A.S.Puşkinin ölümündən sonra müəllifin özü tərəfindən yandırılan “Ölü canlar” əsərinin adı ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin adı arasında və birinci əsərdə satın alınmış kölə kəndlilərin “ölü canlar” adlandırılması ilə, “Ölülər”də dini mövhumata uyan insanların “ölülər” adlandırılması da ədəbi səsləşmə baxımından diqqəti cəlb edir.
Cəlil Məmmədquluzadə yaşadığı dövrdə və ondan əvvəllərdə də ədəbiyyat və sənət adamının dövlət və cəmiyyət tərəfindən layiqincə qiymətləndirilmədiyini böyük təəssüf hissilə qarşılamışdır. 1921-ci ildə açılmış Tənqid-Təbliğ teatrının foyesində Mirzə Cəlilin layihəsi əsasında iki böyük şəkil çəkilib divardan asılmışdı. Birinci şəkildə bir neçə qırmızısaqqal hacının və onlardan bir az aralı böyük rus ədibi L.N.Tolstoyun şəkli vardı. Qırmızısaqqal hacılardan biri Tolstoyun köhnəlmiş libasına işarə edərək deyir: “Axı, sən də bizim kimi saqqalına həna yaxsaydın, bu kökə düşməzdin, ay yazıq”.
Beləliklə, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı ilə dünyanın bir çox ölkələrində məşhur olan nasir, dramaturq, publisist, satirik şeirlər müəllifi Cəlil Məmmədquluzadənin Rusiya ədəbiyyatının görkəmli tənqidi realist nümayəndələrinin yaradıcılıqlarına yüksək dəyər vermişdir. Qori Müəllimlər Seminariyasında rus klassiklərinin əsərlərini orijinaldan oxuyaraq dərindən mənimsəyən Cəlil Məmmədquluzadə onlardan bir çox məqamlarda yararlanmış, tənqidi realizm sahəsində rus klassiklərinin ənənələrindən istifadə edərək özünün orijinal əsərlərini yaratmış, ədəbiyyatımızı düzgün istiqamətə yönəltmişdir. Cəlil Məmmədquluzadənin yaradıcılığından onların əsərlərindən istifadəyə aid gətirdiyimiz nümunələr göstərir ki, o, klassiklərimizin sənətkarlığından bacarıqla, novatorcasına istifadə etmiş, bununla tənqid hədəflərini daha kəskin ifşa etməyə, fikirlərini xalqa daha asan yolla çatdırmağa nail olmuşdur. Onun rus ədəbiyyatından tərcümələri də diqqətəlayiqdir.
Tarix: 11-12-2018, 13:47