Əsrə bərabər iki il
Lalə Əliyeva,
Azərbaycan Milli Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
FHN akademiyasının baş müəllimi,
riyaziyyat üzrə fəlsəfə doktoru
Azərbaycanın milli istiqlaliyyət uğrunda mübarizəsində Xalq Cümhuriyyəti dövrü özünə fərqli yanaşma tələb edir. Bu yanaşma məhz ona görə fərqlənməlidir ki, bu gün dünyaya varlığını sübut edən, onu layiqincə qorumağı bacaran, beynəlxalq arenada istər siyasi, istər mədəni cəhətdən öz mövqeyini bəlli edən demokratik respublikamızın doğuluş fəlsəfəsi birbaşa və birmənalı şəkildə Azərbaycan Xalq Cümhuriyyətinə borcludur.
1918-ci ilin yazında Cənubi Qafqaz hökumətinin Türkiyəyə müharibə elan etməsi, həmyerlilərimizin mart soyqırımına məruz qalması, Rusiya imperiyasının dağılması milli ucqarlarda, o cümlədən Azərbaycanda azadlıq mübarizəsinin yaranmasını zəruri etdi. İqtisadi dağınıqlığın, ərzaq böhranının, möhtəkirliyin, güclü hərbi-siyasi rejimin hökm sürdüyü belə bir çaxnaşmalı, gərgin dönəmdə 600 nəfərlik könüllü hərbi qüvvəsi olan AXC öz hədəfindən yayınmır. Nəhayət, uzun sürən müqavimətin, əzmin, milli birliyin sayəsində 1918-ci il mayın 27-də böyük qurucumuz-Məhəmməd Əmin Rəsulzadə Azərbaycan fraksiyasının yaratdığı müvəqqəti Milli Şuranın sədri seçilir və bu şuranın mayın 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət bəyannaməsi”nə əsasən, XIX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cümhuriyyəti ilə yenidən qazanılır. Avropa nümunəli sivil dövlət idarəçiliyi olan AXC cəmi 23 ay mövcudluğuna rəğmən, istiqlaliyyətimiz naminə əsrə bərabər fəaliyyət göstərmişdir. Öz qısa varlığı dövründə mədəni quruculuğa, mədəniyyətin inkişafına xüsusi əhəmiyyət vermiş, qayğısını bu sahədən əsirgəməmişdir. Bu fəaliyyəti ümummilli lider Heydər Əliyev çox düzgün olaraq belə ifadə etmişdir:
“AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, AXC az yaşasa da xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.
AXC-nin mədəni-maarif sahəsindəki yeniliklərindən danışarkən 1918-ci il 27 iyun tarixli qərarından başlamaq yerinə düşər. Əsarət altında keçən illər, dilimizə qarşı ögey münasibət Nazirlər Şurasının bu qərarı ilə sona çatdı. Milli məfkurəmizin carçısı olan Azərbaycan dili dövlət dili elan olundu. Lakin çox təəssüflə qeyd etmək istərdik ki, bu tarixi qərarın icrası dilimizi bilən ixtisaslı kadrların azlığı səbəbindən ertələnmiş, müvəqqəti olaraq rus dilindən istifadəyə üstünlük verilmişdir.
AXC-nin mədəni tədbirləri sırasında mühüm əhəmiyyətə malik addımlardan biri xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin — Azərbaycan Xalq Maarif Nazirliyinin təsis edilməsi oldu. İlk maarif naziri vəzifəsi isə Nəsib bəy Yusifbəyliyə həvalə edildi. AXC yarandığı gündən xalqın maariflənməsinə birinci dərəcəli əhəmiyyət verirdi. Bu baxımdan nazirlik xalq təhsili quruculuğunu sürətləndirmək məqsədilə bir sıra tədbirlər, layihələr həyata keçirdi.
1918-ci il avqustun 28-də məktəblər milliləşdirildi, bu, təhsilin doğma türk dilində verilməsi demək idi. Maarif sahəsindəki milliləşdirmə işində qarşıya çıxan ən ciddi problemlərdən biri müəllim çatışmazlığı oldu. Məsələnin həllinə çevik şəkildə nail olundu. Belə ki, ibtidai sinif müəllimləri hazırlamaq üçün Bakı, Gəncə, Şuşa, Qazax, Şəki, Zaqatala və başqa şəhərlərdə xüsusi qısamüddətli kurslar təşkil edildi. Kurslarda 150 nəfər Türkiyədən dəvət olunmuş 50 müəllimin başçılığı ilə pedaqoji ixtisaslaşmaya cəlb edildi. Bundan başqa, Zaqafqaziya dairəsində 25 ibtidai təhsil ocağının açılması üçün 199 min manat vəsait ayrılmış, məktəblərdə dərslik və ləvazimata olan böyük ehtiyacı ödəmək məqsədilə məktəblərin bu vasitələrlə təchizini öz öhdəsinə götürmüş, dərsliklərin hazırlanması və nəşrinə xüsusi diqqət yetirilmişdir. Elə bu qayğı və diqqətin nəticəsidir ki, savad təliminin bünövrəsi sayılan “Türk əlifbası”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxabat”, “Türk çələngi”, “Rəhbər cəbr” dərslikləri nəşr olunmuş və türk dilində yeni dərsliklər almaq üçün bir milyon manat vəsait ayrılmışdır.
Firudin bəy Köçərli, İsmayıl ağa Vəkilov, Səfərəli bəy Vəlibəyov, Teymur bəy Məmmədbəyov, Məmmədağa Şıxlınski, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli kimi məzunları ilə Zaqafqaziyada şöhrətlənən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülmüşdür.
Savadsızlığın ləvğinə yönəlmiş tədbirlərdən biri də 1919-cu ildə bütün qəzalarda yaşlı əhali üçün Azərbaycan dilində axşam kurslarının təşkili idi.
AXC savad təliminin milli müstəvidə inkişafı ilə kifayətlənməmiş, elm və təhsilin hərtərəfli inkişafına nail olmaq üçün ölkədə hökm sürən çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gənci təhsil almağa Türkiyə, Fransa, İtaliya, Rusiya və İngiltərəyə göndərmişdir. Onlar tibb, memarlıq, etnologiya, təyyarə və gəmiqayırma ixtisasları üzrə Avropanın ən yaxşı məktəblərində təhsil almağa başlamışlar.
Əhali arasında türkçülük, azərbaycançılıq ideyalarını təbliğ etmək məqsədilə “Türk ocağı” cəmiyyəti yaradılmışdır.
Bir sözlə, dərsliklərdə öyrədilən dilimiz məhz AXC sayəsində siyasi mahiyyət daşımağa başlamış, kitabxanalara, teatrlara yol açmışdır. Elə bunun nəticəsi kimi 1919-cu ildə türk dilində ilk böyük kitabxananın yaradılması, Milli muzeyin - “İstiqlal” muzeyinin açılışı, 1920-ci ildə Maarif Nazirliyi nəzdində arxeologiya şöbəsinin yaradılması, 1918-1920-ci illərdə dövlətin rəsmi orqanı “Azərbaycan” qəzetinin nəşri, Mailov qardaşlarının teatrının Maarif Nazirliyinin tabeliyinə verilməsi, təbii ki, onun əvəzsiz xidməti müqabilində ərsəyə gəlmişdir. Sözsüz ki, bütün bu yeniliklər dövrün ziyalı vətənpərvərlərinin diqqətindən yan keçə bilməzdi. Müstəqilliyin əldə edilməsi Azərbaycan maarifçilərinin yaradıcılığına da müsbət təsir göstərdi. H.Cavid, M.Hadi, A.Şaiq, Ü.Hacıbəyli və başqaları milli ruhlu əsərlər yaradaraq xalqımızın mənəviyyatını zənginləşdirməkdə idilər.
AXC-nin qarşıya qoyduğu əsas məsələlərdən biri də ali təhsilli gənclərin hazırlanması idi. İlk vaxtlarda 3 ali məktəbin açılması düşünülsə də mövcud tarixi şərait birinin gerçəkləşməyinə imkan yaratdı. 1919-1920-ci tədris ilinin əvvəlinə açılması nəzərdə tutulan universitet üçün müvafiq göstərişlər və təkliflər hazırlandı. Bu sahədə AXC-yə dəstək olanlar sırasında H.Z.Tağıyev də var idi. Milli maarifin inkişafına dəstək verən böyük xeyriyyəçi H.Z.Tağıyev Bakı Universitetinin açılmasına maddi yardım göstərmiş, xaricdə təhsil alan 20 tələbənin hər birinə 750 manat təqaüd verilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə, ölkədə ali təhsilli kadr hazırlığına olan ehtiyac 1919-cu il Bakı Universitetinin açılışı ilə öz həllinə yetdi. Vasili İvanoviç Razumovski ali təhsil müəssisəsinin ilk rektoru təyin edildi. Tanınmış tibb alimi, cərrah Razumovski ölkədə ali təhsil sisteminin yaradılması və inkişaf etdirilməsində böyük rola malikdir. Bütün bunlar müsəlman Şərqində ilk respublika olan AXC-nin fəaliyyətinin sadəcə, cüzi bir hissəsidir.
Müstəqil Azərbaycan Respublikası kimi M.Ə.Rəsulzadədən qalan üçrəngli şanlı bayrağa, hər misrasında min can uyuyan himnə, 100 illik tarixinə, dövlətçilik quruluşuna rəsmi varis olaraq sahibləndik. Sahiblənə bilmədiyimiz məzarın can qoyduğun torpaqda olmasa da, adına heykəllər ucalan bu qəlblər səni bu önəmli gündə unutmadı. 23 aylıq mübarizən əsrimizin qəhrəmanına çevrilib. Milli dövlətçilik əqidəmiz, otaylı butaylı Azərbaycanımızı bu gün bir arada, eyni hədəfə köklənməsinə nail olmuşuqsa, qeyd-şərtsiz ki, bu həmin ideyanın uğurlu nəticəsidir.
AXC Şərqdə doğan günəş idi. Bu günəşin al şəfəqləri ulu öndərin əsasını qoyduğu dövlətdə parlayır. Doğrudur, uzun sürən sükunət dönəmində dahi qurucu 70 illik qulaqbatırıcı səssizliyə öz münasibətini kəskin şəkildə bəyan etmişdi. “Əsrimizin Səyavuşu” əsərində “Yazıqlar olsun bizə! Səpələnmiş etiqadımızla “bir kərə yüksələn bayraq, bir daha enməz” idealına etdiyimiz afərinləri unutduq. Canımız və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdik. Amma ey əsrimizin Səyavuşunun böyümüş oğlu, sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxluqdan bir bayraq, ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq, “bir kərə yüksələn bayraq, bir daha enməz”- dedi. Bunu deyərkən o bu günkü öksüzanə mənzərəni nəzərə almamış idi. Gün gələcək sən parlament binası üzərindən Azərbaycan türklərinin ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan...”-deyə hayqıran Rəsulzadə gələcək nəslə etdiyi nəsihətlə bizi mövcud olduğumuz zirvəyə ucaltdı.
Bəli, o gün gəldi yetişdi. Uğrunda verdiyimiz canlarla şəhid, başımız üstə daşıdığımız zəfər bayrağı ilə qazi olduq. Qanımızla əkdiyimiz, göz yaşımızla su səpdiyimiz bu torpaqda azadlıq toxumlarını cücərtdik. Özü də əbədi! Bu əbədiyyətə bizi sonsuz eşq qovuşdurdu. Hansı ki, hər zərrəsi Heydər Əliyevlə bağlıdır.
İndi tam rahatlıqla deyə bilərik ki, ey bizi əsərlərində, məqalələrində, qəzet səhifələrində oyatmağa çalışan böyük qurucu, adın qədər əmin ol ki, səndən aldığımız dərs bizə əsrləri aşacaq qədər əzm verdi. Müasir Azərbaycan Əliyevlərin təhsilə, mədəni sahəyə, milli dəyərlərə olan bağlılıqla sizi bizə, bizi isə parlaq günəşin sonsuza uzanan şəfəqlərinə əmanət etdi. Iki sahili birləşdirən canlı körpü oldular. Vəhdəti-vücud kimi. Şəksiz deyə bilərəm ki, AXC təhsilinin kökü üzərində qol-budaq atan milli təhsilimiz, indi sorağı dünyanı gəzən gənclər hazırlayır. Təhsilə göstərilən diqqət, Prezidentimiz, ulu öndərin layiqli davamçısı İlham Əliyevin bu sahəyə xüsusi yanaşması, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hər bir məsələyə ana qayğısı ilə bağlılığı, neçə-neçə müasir, müstəqil, azad beyinlərin yetişməsini sürətləndirmiş oldu.
Düşünürəm ki, örnəyi AXC təhsili olan dövlətimiz bu yolda daha çox nailiyyətə sahiblənəcək. Belə olduğu təqdirdə məzarında rahat uyu, böyük aydın! Səninlə aramızda 100 il olsa da amalındakı müasirlik hələ bir çox yüzilliklərə həmtay olacaqdır. Rəqəmlər şərtidir, sən əbədiyaşar adını qazandıqdan sonra. Örnək və öndər olmağa layiq Heydər Əliyev ruhu bu ölkədə dolaşdıqca sənin irsin davam və inkişaf edəcəkdir. Çünki, “Əsrimizin Səyavuşu”nun igid oğulları artıq böyüyüb. 100 illiyə sığmayacaq qədər çox böyüyüb və bu torpağın keşiyində dünya durduqca duracaqlar. Səmaları yaran bayrağımız, damarda qan əldə Quran olduğu müddətcə şahlıq taxtından enməyəcək. Dilərəm ki, 100 yaş qeyd etdiyin ən kiçik yubileyin olsun, ey şanlı Azərbaycan!
Tarix: 11-12-2018, 13:43