Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət Strategiyası: 5 il

 

Müasir dövrdə hər bir ölkənin gələcəyi təhsil sisteminin inkişafından keçir. Məhz düzgün seçilmiş təhsil strategiyası insan kapitalının dolğun formalaşmasını, cəmiy­yətin hərtərəfli tərəqqisini, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsini təmin edən milli təhsil sistemi sahəsində reallaşdırılan islahatlarla bağlıdır.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan keçən 5 il ərzində təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, bununla əlaqədar normativ- hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sisteminin maddi-tex­niki bazasının gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı, dərslik və dərs vəsaitlərinin hazırlanması, gənclərin xaricdə təhsilinin təşkili sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Dövlət Strategiyasının qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradıb. Bu dövrün mühüm nəticələrindən biri də budur ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 140 ölkə arasında 35-ci yeri tutub. Dünyanın ən mötəbər reytinqində Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Bu indikatorlardan ali təhsil və təlim üzrə ölkəmiz 10 pillə irəliləyərək 68-ci yerdə, innovasiya üzrə isə 11 pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb. Bu, həm də son illərdə təhsil sahəsində aparılan uğurlu islahatların gös­təricisidir.

Məktəbəqədər və ümumi təhsil

2014-cü il fevralın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Məktəbəqədər müəssisələrin inkişafı” proqramı təqdim olunub. Təhsil Nazirliyi tərəfindən 5 yaşlıların məktəbəhazırlığına dair xüsusi məzmun hazırlanıb. 2016-cı ildə hökumətin bununla bağlı xüsusi qərarı əsasında bu iş dövlət hesabına təşkil olunub. Ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə 2017-2018-ci tədris ilində məktəbəqədər təhsilin əhatəliliyi 24 faizdən 65 faizə, 2018-2019-cu dərs ilində həmin göstəricinin 70 faizə çatdırılması təmin olunub. 2020-ci ilədək isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

***
50 müxtəlif kənddə 1000 nəfərə qədər 3-5 yaşlı uşaq üçün icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil edilib. 2018-2019-cu tədris ilində isə icmaların sayı 2 dəfə artırılaraq 100-ə, cəlb edilmiş uşaqların sayı isə 2000 nəfərə çatdırılacaq.

***
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Ümumilikdə Qanunun 21 maddəsinə 60-dan çox dəyişik­lik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib.

***
Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən məktəblərin sayı 3104-ə çatdırılıb. Onlardan 2826-sı (91 faiz) regionların payına düşür.

***

Prezident İlham Əliyevin qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 ra­yonda 137 modul tipli məktəb istifadəyə verilməsi nəzərdə tutulub.

***
Son illərdə 140 mindən artıq müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Onların aylıq vəzifə maaşları həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla 2 dəfə artıb.

***
2014-cü ildən başlayaraq ölkə üzrə ümumtəhsil müəssisələrinin vakant olan direktor vəzifələrinə işə qəbulun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub. Bu müddət ərzində 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək namizəd regionlarda yerləşən ümumtəhsil məktəblərinə, 130 nəfərə yaxın namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib.

***
Gənc kadrların pedaqoji sahəyə marağının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-cü ildən ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı bal toplamış, müəllimlik ixtisaslarını birinci sırada seçmiş və ali məktəblərə qəbul olunmuş 300 tələbəyə hər ay 100 manat olmaqla təqaüd verilməsinə başlanılıb.

***
Müəllim işləmək arzusunda olan insanların sayı 3 dəfə artıb. Bu rəqəm əgər 2013-cü ildə 16-17 min ətrafında olubsa, 2018-ci ildə 49 mindən artıq adam vakant yerlərə müraciət edib.

***
Ümumtəhsil məktəblərində təmayülləşmənin əhatəliliyi genişləndirilib. 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində 3700, 2016-2017-ci tədris ilində 182 məktəbdə 324 sinifdə 7268, 2017-2018-ci dərs ilində 722 məktəbdə 1206 sinifdə 27005 şagird təmayüllər üzrə təhsilə cəlb olunub. Nəticədə təmayülləşmə üzrə məktəb sayı 6 sinif və şagird sayı isə 4 dəfə artıb.

***
Ölkəmiz PIRLS 2016 qiymətləndirməsinin əsas mərhələsində iştirak edib və nəticələrə görə azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib. Ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb.

***
Şagirdlərimiz son illərdə 75 ölkədən 1800-dən çox məktəblinin iştirak etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğurla iştirak ediblər. Ötən ilin mayında ABŞ-da təşkil olunan növbəti Beynəlxalq sərgidə şagirdlərimizin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.

***
2013-2017-ci illər ərzində dünya fənn olimpiadalarında göstəricilərimiz davamlı olaraq artıb. Keçən il uzun fasilədən sonra ilk dəfə olaraq bir azərbaycanlı şagirdimiz beynəlxalq kimya olimpiadasında qızıl medal əldə edib. Ümumiyyətlə, 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 24 gümüş və 90 bürünc medal olmaqla, 117 medal qazanıblar.

***
Təhsil Nazirliyi tərəfindən elektron tədris resurslarının hazırlanmasına başlanılıb, www.e-derslik.edu.az, www.e-sinif.edu.az, www.e-telim.edu.az, www.e-test. edu.az, www.i-olimp.edu.az, www.imtahan.edu.az elektron portalları istifadəyə verilib. Şagird və müəllimlərin bir portal vasitəsilə çıxışının təmin olunması məqsədi ilə www.portal.edu.az və www.video.edu.az portallarının www.e-resurs.edu.az porta­lına birləşdirilməsi istiqamətində işlərə aparılıb.

***
Azərbaycanın ümumtəhsil məktəblərində "Rəqəmsal bacarıqlar” layihəsinin uğurlu icrasına başlanılıb. “Rəqəmsal bacarıqlar” pilot layihə kimi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihə­yə cəlb olunub. “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə həyata keçirilən proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

***
Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə üzrə 10000 nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq. Növbəti 5 il ərzində isə bu rəqəm 20 minə çatacaq.

***
Dövlət Strategiyasının qəbulundan keçən 5 il ərzində ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam edib. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50.2 faizdən 2018-ci ildə 67.1 faizədək artıb, imtahan nəticələri 17 faiz yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2017-ci ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65.2 faiz olub.

***
Təhsil Nazirliyi tərəfindən şəffaflığı təmin etmək üçün artıq 4 ildir ki, Bakı şəhərində məktəbə qəbulu elektron sis­tem vasitəsilə aparılır. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilir.

***
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 2016-2017-ci tədris ilindən 32 ümumi təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsi həyata keçirilir. Layihədə hazırda 124 "Məktəblinin dostu" fəaliyyət göstərir.

***
2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. 2015-2016-cı tədris ilindən etibarən pilot layihə 34 məktəbin 67 sinfində, 2016-2017-ci tədris ilində 34 məktəbin 116 sinfində, 2017-2018-ci tədris ilində 38 məktəbin 168 sinfində, 2018-2019-cu tədris ilindən isə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi tətbiq edilməkdədir.

***
2018-2019-cu tədris ilində "Sağlam təhsil-sağlam millət” layihəsinin məktəbəhazırlıq qruplarında da tətbiqinə başlanılıb. Bu il oktyabrın 1-dən etibarən “Sağlam təhsil- sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 məktəbəhazırlıq qrupu dərsə başlayıb.

Ali təhsil

2015-ci il dekabrın 22-də Təhsil Nazirliyi ilə dünyada məşhur elmi platforma olan Thomson Reuters (indiki Clarivate Analytics) şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqaviləsi imzalanıb.

***
Clarivate Analytics ilə uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verib. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında əvvəlki illərlə müqayisədə 75% artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68% artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınmış, ilkin təhlillərə əsasən 1118 elmi tədqiqat işinin təxminən 43%-i ali təhsil müəssisələrinin payına düşüb.

***
Son 5 ildə Təhsil Nazirliyinə tabe olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib, ixtiralara alınan patentlərin sayı isə 159 olub ki, onlardan 98-i Azərbay­canda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb.

***
Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın aparıcı ali məktəblərində 3500-dən çox tələbə təhsil alıb. Onların 63 faizdən çoxu magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub.

***
Son illərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, Son beş ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. 2017-ci ildə 700 bal toplayanların sayı 15, 2018-ci ildə isə rekord sayda- 29 nəfər olub.

***
Son 5 il ərzində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı artıb. Respublika üzrə 5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361 olub. Bu il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.

***
Ali təhsil sahəsində ilk dəfə olaraq SABAH (savadlı, bacarıqlı, hazırlıqlı) qrupları layihəsinin həyata keçirilməsinə başlanılıb. İlk mərhələdə 34 ali təhsil müəssisəsindən 33 ixtisas qrupu üzrə 769 nəfər üç mərhələli müsabiqə əsasında seçilərək SABAH qruplarına qəbul olunub.

***
Hazırda 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edən SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərir. 2017-ci ildə SABAH qruplarından ilk məzun buraxılışı olub. Onların sayı 721 nəfər təşkil edib. Məzunların 37 faizi, Azərbaycanın, 16 faizi xarici ölkələrin universitetlərinin magistraturasına qəbul olunub, 30 faizi daimi və ya qeyri-daimi işə başlayıb.

***
Son illərdə Azərbaycan universitetlərin beynəlxalq reytinqlərdə mövqeyində irəliləyiş müşahidə olunub. Azərbay­canın 6 ali təhsil müəssisəsi Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq siyahısına daxil olub. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlində BDU (95-ci) ilə yanaşı, Xəzər Universiteti (100-cü) də ən yaxşı 100 universitet siyahısına düşə bilib. “Quacquarelli Symonds” agentliyinin 2018-2019-cu tədris ili üzrə anoloji reytinq sıralamasına isə Azərbaycanın 7 universiteti daxil olub.

***
2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılıb. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Hazırda UFAZ-da 412 tələbə təhsil alır.

***
Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi istiqamətində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Təhsil Nazirliyi tərəfindən universitetin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması, tələbə qəbulunun təşkili sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, ali məktəb 2015-2016-cı tədris ilindən 100 nəfər tələbə ilə fəaliyyətə başlayıb.

İlk peşə-ixtisas təhsili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və həmin Agentliyin Əsasnaməsi təsdiq olunmuşdur.

***
2014-cü ildən dövlət-biznes partnyorluğuna əsaslanan “Müasir Azərbaycan Peşəkarları Layihəsi” davam etdirilib. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında “Peşə tədris mərkəzinin yaradılması” layihəsi üzrə Kredit Sazişi imzalanıb. Büdcəsi 39,28 milyon ABŞ dolları olan bu layihənin məqsədi əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun inkişafına dəstək verməkdir.

***
“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından ölkəmizə 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri gətirilib.

***
İlk peşə-ixtisas təhsili sahəsində islahatlara təkan verən “Peşə təhsili haqqında” Qanun qəbul olunub. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb. Peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib.

***
Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasi­yalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzi yaradılıb.

***
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi olub. Mərkəzin 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

***
Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə tərtib etdiyi biznes mühiti hesabatında Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkət tərəfindən ölkəmizdə peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması, habelə peşə təhsili və təlimin nəticələri müsbət qiymətləndirilib.

***
Əmək bazarının tələbatı nəzərə alınaraq, təsnifata 20-dən çox yeni ixtisas əlavə edilib. Peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proq­ramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanıb, 78 modul dərslik isə hazırlanmaqdadır.

***
2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Cari dərs ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə edib, Bakı və regionlarda yerləşən "ASAN xidmət” mərkəzləri ilə yanaşı, Quba və Mingəçevir, Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” mərkəzləri də prosesə cəlb olunub. 2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

***
Ölkəmizdə ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, daha 10 peşə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur. Hazırda peşə təhsilinin 23 minə qədər tələbə kontingenti var.

Oruc MUSTAFAYEV


Tarix: 11-12-2018, 13:37

Xəbəri paylaş