Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Dövlət Aqrar Universiteti

                                Kənd təsərrüfatı naziri İnam Kərimov və Gəncə şəhər İH başçısı Niyazi Bayramov Universitetdə 
                                                                   (17 sentyabr 2018)

Çox zəngin və maraqlı tarixi olan bu ali təhsil və elm məbədinin bir əsrə yaxın yaşı var. 1919-cu ilin sentyabr ayında respublikamızda ilk ali məktəb - Bakı Dövlət Universiteti, 1920-ci ilin noyabr ayında ikinci ali məktəb - Bakı Politexnik İnstitutu təsis edilmiş, onun nəzdində 5 fakültə, o cümlədən, kənd təsərrüfatı fakültəsi yaradılmış, bununla da ölkəmizdə ali kənd təsərrüfatı mütə­xəs­sislərinin hazırlığına başlanılmış, 1924-cü ildə ilk buraxılış olmuşdur.
1929-cu il mayın 15-də kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) yaradılır, 1931-ci ildə Bakıdan Gəncəyə köçürülür, 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ilin aprel ayından isə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.
1932-ci ilin mayında bu ali məktəbin dar çərçivədə 10 illik yubileyi keçirilmiş, 50 çap vərəqi həcmində 1000 nüsxə (500 türk dilində, 500 rus dilində) “AKTİ-nin yubiley toplusu” Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilmişdir. O dövrdə institutun tarixi təbii olaraq kənd təsərrüfatı fakültəsinin yarandığı ildən, yəni 1920-ci ildən hesablanırdı. Respublikamızda fəaliyyət göstərən bir neçə universitet də vaxtilə filial, fakültə və ya məntəqə kimi yaradılmış, onların yaradıldığı tarix birmənalı olaraq mütəxəssis hazırlığına başlanıldığı ildən qəbul edilir.
1940-cı ildə 20 illik yubiley keçirilmiş, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə institutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilmişdir. Həmin dövrədək institut aqrar sahə üçün 3000 nəfərədək yüksəkixtisaslı kənd təsər­rüfatı mütəxəssisi hazırlamışdı. Məzunların böyük əksəriy­yətini azərbaycanlılar təşkil edirdi. Onların arasında ruslar, ukraynalılar, gürcülər, ləzgilər, yəhudilər, belaruslar, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri də var idi.
İnstitut Gəncəyə köçürüldükdən sonra onun fəaliyyəti və inkişafı üçün yeni perspektivlər açılır, qədim Gəncə respublikamızda kənd təsərrüfatı elmi fikrinin mərkəzinə çevrilir.
Aqrar təhsilin və aqrar elmin təşkilində və inkişafında Rusiyanın və digər xarici ölkələrin tanınmış alimləri böyük rol oynamışlar.
Akademik A.A.Qrossheym bu təhsil ocağında botanika kafedrasının ilk müdiri olmuş, P.M.Jukovski professor kimi çalışmış, hər ikisi SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademiklər A.A.Fyodorov və K.A.Krassuyski isə müxbir üzvü seçilmişlər.
Azərbaycan Dövlət Himninin sözlərinin müəllifi, görkəmli istiqlal şairi Əhməd Cavadın ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü - 1931-1934-cü illər bu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. Ə.Cavad əvvəllər dilçilik kafedrasının dosenti olmuş, sonralar kafedraya rəhbərlik etmiş və ilk professor olmuşdur.
Dünyaşöhrətli alimlər, akademiklər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı, Əlisöhbət Sumbatzadə, Məmmədtağı Qəniyev, İosif Yesman bu universitetdə çalışmış, mütəxəssis hazırlığında böyük xidmətlər göstərmişlər. Sonralar bu alimlər Azərbaycan EA-nın həqiqi üzvü seçilmişlər.
Professor-müəllim heyətinin formalaşdırılmasında əcnəbi alim­lərlə birlikdə Azərbaycan ziyalılarının görkəmli nümayəndələri Məmməd Mirzəyev, Əli Xudaverdiyev, İmran Kaşıyev, Mürşüd Vəzirov, Fətullabəy Rzabəyli, Camobəy Cəbrayılbəyli, Hacı Poladzadə, Tağı Nağızadə, Cəfər Cəfərov, Məmmədtağı Əsgərbəyli və başqaları bilavasitə iştirak etmişlər.
Kənd Təsərrüfatı İnstitutunun inkişafı ulu öndər Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin təşəbbüsü ilə iyulun 22-də AKTİ-nin 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında Mərkəzi Komitənin və Nazirlər Sovetinin birgə qərarı qəbul edilmiş, 27 nəfərdən ibarət hökumət yubiley komissiyası təşkil edilmiş, yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-nə təyin edilmişdi. Müəyyən səbəblərdən yubiley həmin dövrdə keçirilə bilməmişdi. Azərbaycan KP MK-nın 1979-cu il 13 mart tarixli qərarı ilə AKTİ-nin 50 illik yubileyinin 1979-cu ilin may ayında keçirilməsi qərara alınmış, yubiley 1980-ci il dekabrın 16-da keçirilmişdir. O illərdə ölkənin rəhbəri olmuş ulu öndər Heydər Əliyevin təqdimatı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
1980-ci il dekabrın 16-da həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından institutun kollektivinə təntənəli şəraitdə həmin dövrdə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyən Heydər Əliyev təqdim etmiş və yubileydəki nitqində demişdir: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır”. Ulu öndərin bu tapşırığı bu gün də layiqincə yerinə yetirilir, aqrar sektorun perspektivlərinin hazırkı şəraitində universitetin kollektivi qarşısında daha gərgin işləmək tələbatı yaradır.
Bu gün ADAU-nun 6 fakültəsi, 32 kafedrasında bakalavriat, magistratura və doktorantura səviyyələrində 30 ixtisas və 72 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır. Onların hazırlığı ilə 500-dən çox professor-müəllim heyəti məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektora və aqrar təhsilə diqqəti və qay­ğısı sayəsində 2014-2017-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, tədris korpusları əsaslı təmir olunmuş, yeni korpuslar inşa edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı”na uyğun olaraq respublikamızın bütün regionları ilə yanaşı Gəncə şəhəri də xeyli inkişaf etmişdir və ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu işlər hazırda da yüksək templə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Gəncəyə 15-ci səfəri şəhər əhalisi kimi universitet kollektivinin də böyük sevincinə səbəb olmuşdur. Möhtərəm Prezident Gəncədə çoxsaylı sosial-mədəni obyektlərlə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin ikinci “Tələbə evi”nin açılışında da iştirak etmişdir. Cənab Prezidentin 2016-cı il fevralın 17-də birinci, 2017-ci il noyabrın 10-da isə ikinci “Tələbə evi”nin açılışlarında şəxsən iştirakı, xoş sözlər söyləməsi, universitetin gələcək inkişafı naminə tövsiyələri ADAU ailəsini daha yaxşı işləməyə ruhlandırmışdır. Dünya standartları səviyyəsində inşa edilmiş bu yataqxanalar tələbələrin normal təhsili və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynamaqla yanaşı, əcnəbilərin universitetə cəlbi istiqamətində də müsbət nəticələrin əldə edilməsinə zəmin yaradacaqdır.
1985-ci il mayın 5-də yaradılmış ADAU-nun aqrar elm, təhsil və cümhuriyyət muzeyi bu ilin aprel-may aylarında əsaslı təmir olunmuş və mayın 25-də “Azərbaycan Xalq Cümhuriyyəti” adı ilə yenidən fəaliyyətə başlamışdır.
Son illər universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində əsaslı müsbət dəyişikliklər baş verir. 400-650 arasında bal toplamış bəzi abituriyentlər paytaxt Bakıdakı ali məktəbləri yox, məhz Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetini seçirlər. Bu onunla əlaqədardır ki, universitetin zəngin maddi-texniki bazası, bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxlu sayda mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyaları, kabinələri, rahat yaşayış üçün nümunəvi yataqxanaları var. Bununla yanaşı universitetdə mütəmadi olaraq müxtəlif mövzularda müsabiqələr, yarışlar, sərgilər keçirilir, tələbələr layihələrdə iştirak edir, nəticədə qaliblər mənəvi və maddi cəhətdən mükafatlandırılırlar. Universitetin xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələri olduğundan tələbələrə həmin universitetlərdə təhsil almaq imkanı da yaradılır.
Bir sözlə, Aq­rar Universitetdə maraqlı tələbə hə­yatı hökm sürür.
2013-cü illə mü­qayisədə bu gün ADAU-da hər 4 tələbəyə bir kompüter dəsti düşür ki, bu rəqəm də ölkənin ali təhsil müəssisələri arasında ən yüksək göstəricilərdəndir.
Son 5 ildə universitetdə kadr hazırlığı ilə məşğul olan professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici dilli mütəxəssislərin hesabına əhəmiyyətli dərəcə­də yaxşılaşdırılmışdır. 5200-dən artıq tələbəsi olan ADAU-da bu gün Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 5 ixtisasda ingilis dillərində tədris aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.
2013/2014 və 2014/2015-ci tədris illərində qəbul imtahanlarında abituriyentlərin topladıqları ən yüksək bal 400-450 olduğu halda, 2015/2016, 2016/2017, 2017/2018-ci tədris illərində 500-650 arasında bal toplayanlar universitetə qəbul olunmuşdur. Son tədris ilində respublika üzrə ən yaşlı abituriyent, əslən Quba rayonundan olan 49 yaşlı Qazıyev Əfsəl Seyfəl oğlu da ADAU-nun tələbəsi adına layiq görülüb. Ailəli olduğuna və yüksək təhsil göstəricilərinə görə universitetin büdcədənkənar vəsaiti hesabına onun aylıq təqaüdünə 200 manat əlavə ödənilir.
Aqrar sektoru kamil mütəxəssislərlə təmin etmək üçün bu gün universitetdə kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığına daha çox diqqət yetirilir. Kənd yerlərində aqronoma, torpaqşünasa, aqrokimyaçıya, baytar həkiminə, zoomühəndisə, meşəçiyə, aqromühəndisə və digərlərinə indi daha ciddi ehtiyac var.
Bu baxımdan, universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rəhbərlik tərəfindən diqqət və qayğı yüksək səviyyədədir. Belə ki, sessiyaların yekunlarına görə fənlərdən 100 bal toplayanların aylıq təqaüdlərinə 100, 80 və 60 manat məbləğində əlavələrin edilməsi, ingilis dilli ixtisaslarda təhsil alanlara 50 manat məbləğində aylıq yardımlar edilməsi artıq ənənə şəklini alıb. 2017-ci il noyabrın 1-dən professor-müəllim heyətinin aylıq maaşlarına əhəmiyyətli məbləğdə diferensial qaydada əlavələrin edilməsi universitetdə kadr hazırlığına müsbət təsir edən amillərdəndir.
Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq Universitet Elmi Şurasında tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay sessiyası istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi qərara alınmışdır ki, bu qərar respublikanın ali təhsil müəssisələri arasında ilk olmaqla tələbə və valideynlər tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinə də ciddi önəm verilir. ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohammad Babadoost tərəfindən nəzəri və praktiki formada keçirilən dərslərdə aqronomluq fakültəsinin tələbələri, magistrantları, gənc müəllimlər, dosent və professorlar iştirak etmişlər. M.Babadoost aqrar sahədə çalışan alimlərin, fermerlərin, torpaq mülkiy­yətçilərinin və iş adamlarının iştirakı ilə işgüzar seminar-müşavirə də keçirib. Seminar-müşavirədə Tərtər, Samux, Goranboy, Şəmkir, Göygöl, Daşkəsən, Qazax və Tovuz rayonlarindan 40 nəfərdən artıq fermer, torpaq mülkiy­yətçisi və iş adamı iştirak edib. Böyük əhəmiyyət kəsb edən ustad dərslərini Türkiyəli professor Dilarə xanım Saltıq, AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Eldar Mustafayev də aparmışlar.
Fevral və mart aylarında “ADAU-nu tanıyaq” layihəsi çərçivəsində peşəyönümü məqsədilə Gəncənin 40, Göy­göl rayonunun 8, Samux rayonunun 4 orta məktəbinin buraxılış sinif şagirdləri öz müəllimləri və ADAU-nun məsul işçilərinin müşayiəti ilə universitetə məxsus avtobuslarla maddi-texniki baza ilə tanış olmuş, professor-müəllim heyəti ilə görüşlər keçirmişlər ki, bu da onlarda universitet haqqında xoş təəssürat yaratmışdır. Bundan başqa, universitetin əməkdaşları peşəyönümü məqsədilə respublikanın rayonlarına ezam edilmiş, ADAU haqqında tanıtım filmini və bukletləri məktəblərdə nümayiş etdirmiş, məzmunlu görüşlər keçirmişlər.
Bu gün universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi-auditoriyası tələbələrimizin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bu imkanlardan səmərəli istifadə etmək, tələbələrin startap ideyalarını dəs­təkləmək və elmə olan marağını stimullaşdırmaq məqsədilə startap layihələrinin müsabiqəsi elan olunmuşdur.
Ümumiyyətlə, universitetdə təhsil alan tələbələrin startap ideyalarının dəstəklənməsi məqsədilə müsabiqələrin sayının və miqyasının artırılması, startap layihələrinin həyata keçirilməsinə sahibkarların və iş adamlarının cəlb olunması əsas hədəflərdən biri kimi qarşıya qoyulmuşdur.
2018-ci ilin fevral ayında növbəti akkreditasiyadan keçmək üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin müvafiq komissiyası tərəfindən universitetdə təhsilin bütün parametrləri üzrə monitorinq aparılmış, bakalavriat və magistratura səviyyələrinin buraxılış kurs tələbələrinin yoxlama imtahanları keçirilmişdir.
Universitetdə bir neçə ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi və ikili diplom alınması üçün müvafiq işlər həyata keçirilir.
Universitetdə tədrislə yanaşı planlı, sistemli elmi-tədqiqat işləri də aparılır. 2018-2020-ci illər üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi mövzu planına uyğun olaraq professor-müəllim heyəti 2018-ci ilin yanvar-sentyabr aylarında respublikada biomüxtəlifliyin qorunması ilə ekoloji təmiz, yerli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı hesabına ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün, torpaqların münbitliyinin yaxşılaşdırılması, meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin genefondunun toplanması, toxum və ting istehsalı, əkinçilikdə müasir becərmə texnologiyalarının işlənməsi, yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin təşkili, bitkiçilik və heyvandarlıq məhsullarının daşınması və saxlanması, kənd təsərrüfatının bütün sahələrində istifadə olunan texnikanın səmərəliliyinin artırılması, fermer təsərrüfatlarının idarə olunması və kənd təsərrüfatı məhsullarının iqtisadi təhlili və s. istiqamətlərdə elmi-tədqiqat işlərini davam etdirmişlər. Bu işlərin yerinə yetirilməsində 31 kafedra və 2 sahə laboratoriyasında 1 istiqamət, 7 problem və 32 mövzu üzrə 534 əməkdaş iştirak edir. Universitetin əməkdaşları tərəfindən 2018-ci ilin yarımillik hesabatı müddətində 553 tədris vəsaiti nəşr olunub. Bunlardan 8-i dərslik, 26-sı dərs vəsaiti, 20-si metodik vəsait, 62-si proqram,1-i tövsiyə, 151-i məqalə, 153-ü respublika konfransı materialı, 2-si patentdir. 4 məqalə impakt faktorlu jurnallarda dərc olunub. Əməkdaşlar tərəfindən yaradılmış “Qırmızı buğda”, “Qələbə” və “Nurcahan” yumşaq buğda sortlarının və 3 üzüm sortunun rayonlaşdırılması 2018-ci ildə də respublika Sort Sınaq Stansiyasında davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə universitetdə “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün müdafiə şurası aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir.
3102.01 - “Aqromühəndislik” - texnika üzrə
3103.08 “Meyvəçilik və üzümçülük” - aqrar elmlər üzrə
3103.06 “Bitkilərin mühafizəsi” - aqrar elmlər üzrə
3110.03 “Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası” - aqrar elmlər üzrə
Son 5 ildə 4 nəfər elmlər doktoru, 44 nəfər fəlsəfə doktoru üzrə dissertasiya müdafiə edərək müvafiq elmi dərəcələrə layiq görülmüşlər.
Universitet dünyanın 20-dən çox ölkəsinin 60-dan artıq universiteti ilə, eyni zamanda aqrar sahə ilə əlaqəli müxtəlif təşkilat və birliklərlə ikitərəfli əlaqələrə malikdir. Bunlar ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Polşa, İtaliya, Norveç, Macarıstan, Sloveniya, Çexiya və sair kimi ölkələrin aparıcı aqrar universitetləridir.
Son 5 ildə yüzlərlə müəllim və tələbə təhsil almaq, təcrübə keçmək, dərs demək, seminarlarda iştirak etmək və ikitərəfli əlaqələrin qurulması məqsədi ilə dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərinə göndərilmişdir.
Bu gün universitetin qarşısında mühüm vəzifələr durur. İnnovativ və perspektivli gənclər hesabına professor-müəllim heyətinin keyfiyyət tərkibi təkmilləşdirilməli, bakalavriat və magistratura səviyyələrində kənd təsər­rüfatı ixtisaslarının tədris planlarında əsaslı yeniliklər edilməli, aparıcı universitetlərin zəngin təcrübəsindən səmərəli istifadə olunmalı, yeni dərsliklər, dərs vəsaitləri yazılmalıdır. Elmi-tədqiqat işləri­nin səmərəliliyinin artırılmasına nail olunmalı, tədris və istehsalat təcrübələrinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədris-təcrübə təsərrüfatından maksimum istifadə təmin olunmalıdır. Bu istiqamətdə ADAU uğurlu addımlarla irəliləyir.

ADAU-nun Mətbuat Xidməti
   


Tarix: 12-11-2018, 16:25

Xəbəri paylaş