Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil prosesində İKT-dən istifadənin zəruriliyi

 

Nübar İsazadə,
ADPU-nun laborantı

Ali məktəbin tədris prosesində innovasiya istiqamətlərindən biri də təlimdə müasir informasiya texnologiyalarından və elektron təhsil resurslarından istifadədir. Müasir cəmiyyətin ali məktəb müəllimi ECDL (European Computer Driving Licence) tələbatını ödəməlidir. Yəni kompüter savadlılığı günün tələbidir, informasiya “xaosundan” çıxmağın ən önəmli köməkçisidir. Heç təsadüfi deyil ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi üçüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişafı istiqamətində qəbul olunmuşdur ki, İKT-dən istifadə etmək imkanı yaradılmalıdır. Ölkəmizin ali təhsil müəssisələrində İKT-dən istifadənin tarixi çox gəncdir. Buna baxmayaraq bu sahədə müəyyən addımlar atılır. Araşdırmalar göstərir ki, XX əsrdə tədris prosesi əsasən ənənəvi təlim bazasında qurulduğu üçün müəllim aparıcı informasiya mənbəyi idi, XXI əsrdə isə vəziyyət fərqlidir. Hazırda müəllim informasiya mənbələri ilə tələbələr arasında vasitəçi funksiyasını yerinə yetirir. O, tələbəyə müxtəlif istiqamətli informasiya mənbələri ilə səmərəli iş metodlarını, informasiya əldə etmə yollarını öyrətməlidir. Bu isə təhsilin məzmun və texnologiyasını təkmilləşdirməyi tələb edir. Odur ki, ali məktəb müəllimləri informasiya və innovasiya cəmiyyətinin tələblərinə uyğun iş sistemi qurmalıdırlar. Müasir dövrdə ali təhsil müəssisələrimizdə Avropa və dünya təhsil sisteminə inteqrasiyada “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” həyata keçirilir. Bu proqramın qəbulundan öncə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil, müəllim hazırlığının konsepsiya və strategiyası”, 2008-2015-ci illər üçün bu strategiyanın icrası ilə əlaqədar müvafiq tədbirlər planı hazırlanmışdır. Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə davamlı olaraq mütərəqqi tədris səriştəsinin artırılması təhsil sahəsində mühüm yer tutur. Fənlərin tədrisi prosesində kursun xarakter və xüsusiy­yətindən, internet resurslarından bir neçə istiqamətdə istifadə edilə bilər: a) tələbələrin peşə hazırlığı probleminə daha şüurlu yanaşmasına kömək məqsədi ilə dərsləri canlı, maraqlı və düşündürücü etmək, b) kursun proqram materiallarının səmərəli tədrisi, c) kompüterin nəzarətedici, öyrədici və yoxlayıcı funksiyalarından bəhrələnməklə tələbələrin yaradıcı bacarıqlarını inkişaf etdirmək, onlarda peşə qabiliyyətləri formalaşdırmaq üçün.
Mütəxəssislərin fikrincə, internetin, kompüter və proyektor aparatının məşğələlərdə yaratdığı effekti heç nə ilə müqayisə etmək mümkün deyildir. Dərs prosesinin əyaniləşdirilməsi üçün proqramın imkanları olduqca genişdir. Bu proqramın üstünlüklərini sadalamaq fikrindən uzağıq, amma təcrübəmizdən yaxşı bilirik ki, PowerPoint proqramı istənilən video və audio fraqmentləri, mətnləri, şəkilləri, animasiya məhsullarını auditoriyanın qarşısında qüsursuz şəkildə nümayiş etdirmək imkanlarına malikdir. Müəllim bu imkanları dəqiq şəkildə ölçüb-biçməli və dövlətin müəllim hazırlığı ilə bağlı qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməlidir”.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da İKT-dən istifadənin labüdlüyü bir daha göstərilir. Sənədin məzmunundan gö­ründüyü kimi, qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin gös­tərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış mən­təqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcəkdir. İKT üzrə kadr hazırlığı işi də təkmilləşdiriləcək. Bütün bunlar ali təhsil müəssisələrində İKT-dən istifadəni zərurətə çevirir.
Araşdırmalar göstərir ki, ali məktəb müəllimlərinin tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə daha çox aşağıdakı zərurətləri doğruldur:
1.Təlimin keyfiyyətinin yaxşılaşdırılması - İKT-dən yararlanmaq və yeni təlim üsullarından istifadə etməklə təlimin keyfiy­yətini yaxşılaşdırmaq və yüksəltmək mümkündür.
2.Təlimin fərdiləşdirilməsi - informasiya-kommunikasiya texnologiyalarından faydalanmaqla sadə, orta və çətin səviyyələrdə təhsil planları əldə etmək olar. Bu zaman hər bir tələbə öz elmi səviyyəsinə, idrak qabiliyyətinə uyğun şəkildə təlim prosesinə qoşula bilər.
3.Təlim prosesində şüurlu mənimsəməyə motivasiya yaratmaq- təlim prosesində İKT-dən istifadə etməklə mətn, qrafik təsvir, film, animasiya və s. rəngarəng imkanlardan istifadə etməklə tələbədə təhsilə maraq oyatmaq olar.
4. Fasiləsiz təhsil imkanı - bu sistemin xüsusi zamana və ya məkana ehtiyacı yoxdur. Çünki tələbə ona uyğun olan məkan və zaman daxilində İKT-dən faydalana bilər.
5.Əməkdaşlıq imkanının yaradılması - Bu, həm müəllimlər, həm də tələbələr üçün yeni imkanlar açır. Bu imkanlardan istifadə etməklə tələbələr düzünə və tərsinə əlaqə yarada bilər və uzaq məsafədən müxtəlif mövzular üzrə bir-birinin fikirlərindən yararlanmış olarlar.
  Məhz buna görə də ali təhsil müəssisələrinin müəllimləri müntəzəm və hərtərəfli İKT-dən istifadə bacarıqlarına yiyələnməli, iş şərtləri və üsul­larını dəyişməlidirlər. 


Tarix: 31-05-2018, 11:34

Xəbəri paylaş