ABŞ-ın ən nüfuzlu 10 universiteti
Böyük Britaniyanın “QS World University Rankings” jurnalı 2017-2018-ci illər üzrə dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Ən güclü 100 universitet siyahısında ABŞ-ın 31 universiteti var. Milyardlarla dollar büdcəsi olan Amerika universitetlərində Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən milyonlarla tələbə təhsil alır.
Amerika Birləşmiş Ştatlarının ən güclü 10 universitetini təqdim edirik:
1. Əsası 1861-ci ildə qoyulmuş Massaçusets Texnologiya İnstututu ( MIT - Massachusetts Institute of Technology) təkcə ABŞ-da yox, dünya miqyasında bir nömrəli universitet hesab olunur. Artıq bir neçə ildir ki, dünya reytinqində lider rolunu oynayan MIT çox sayda məşhur və uğurlu məzunlar yetişdirib. Əsasən fiziki elmlərə və mühəndislik dərəcələrinə görə tanınan MIT son illərdə biologiya, iqtisadiyyat, linqvistika və menecment fənlərində də öncüllüyü ələ alıb. Ali məktəb tədqiqatlar, məzunlarının işlə təminolunma səviyyəsi, tədris, büdcəsi, beynəlmiləlləşdirmə, innovasiyalar, mütəxəssis kriteriyaları və tolerantlığa görə 5+ dərəcəsi ilə qiymətləndirilir. Universitet bir sıra ixtisas istiqamətləri- arxitektura, linqvistika, informasiya və informasiya sistemləri, işləmələr və texnologiyalar, kimya, riyaziyyat, iqtisadiyyat və ekonometrika üzrə ən yaxşı ali təhsil ocağıdır. Ali məktəb hazırda dünyada ən qlobal və kəskin olan problemlər üzrə novator tədqiqatlarını davam etdirir.
2. Əsası 1885-ci ildə qoyulmuş Stenford Universiteti (Stanford University) 2017-ci ilin dünya universitetləri reytinqində ikinci yeri tutur. Amerikada ən böyük universitet kampusuna malik olan ali məktəb sahibkarlıq atmosferinə və yüksək keyfiyyətli biznes kurslarına görə tanınır. Mühəndislik və texnologiya sahələrində MIT ilə sıx rəqabətdədir. Stenford Universiteti QS reytinqində sənət (incəsənət) və humanitar elmlər, işləmələr və texnologiya, həyat və tibb haqqında elmlər, ictimai elmlər və idarəetmə, təbiət elmləri üzrə dünyanın ən yaxşı beş universiteti arasında yer tutur. Kaliforniyada Silikon vadisinin mərkəzində yerləşən Stenford Universitetinin məzunları bir çox beynəlxalq miqyaslı şirkətlər yaratmağa nail olublar. Bunların sırasında Google, Yahoo, Nike və Instagram var. Universitetin sahibkarlıq ruhunun əsası İkinci Dünya müharibəsindən sonra qoyulub: o vaxtkı rektor özəl sənayenin inkişafına yol açmış innovasiyaları hər vasitə ilə dəstəkləyib. Bu isə nəticə etibarı ilə ali məktəbin yerləşdiyi ərazidə indiki Silikon vadisinin əsasını qoyub. Ali məktəbin bütün tələbələri universitetin 8.180 akrlıq kampusunda yaşayır. Ali məktəbin 700 tikilisi, 3 akademik məktəbi, 4 peşə məktəbi, 18 müstəqil laboratoriya, elmi mərkəz və institutları var. Universitetin məzunları arasında 21 Nobel mükafatı laureatı var. Amerika Konqresinin üzvlərinin böyük əksəriyyəti Stenford Universitetini bitiriblər. Hazırda həyatda olan məzunlar arasında 30 milyarder, 17 astronavt, 18 Tyurinq mükafatı laureatı var. Ali məktəb məzunlarının yaratdığı şirkətlərin ümumi illik gəliri 2,7 trilyon ABŞ dolları təşkil edir.
3. Dünya universitetlərinin reytinq cədvəllərində Harvard Universiteti (Harvard University) ənənəvi olaraq ən yüksək yerlər tutur. QS-nin 2017 –ci il üzrə reytinqində dünyada üçüncü olan Harvard elm və tibb sahələrində nailiyyətləri ilə məşhurdur. Humanitar və incəsənət sahələrində isə yalnız Britaniyanın Kembric Universitetindən bir addım geridə qalır. Əsası 1636-cı ildə qoyulmuş Harvard Universiteti ABŞ-ın ən qədim, dünyanın ən nüfuzlu universitetlərindən biri hesab olunur. Ali məktəb onun birinci xeyriyyəçisinin - Con Xarvardın adını daşıyır. Harvard Amerikanın ən qocaman və ən varlı təhsil ocağıdır. QS-nin ixsisas istiqamətləri üzrə reytinq cədvəlində Harvard Universiteti tibb və həyat elmləri, ictimai elmlər və idarəetmə sahəsində dünyada birincidir. Facebook-un təsisçisi Mark Sukerberq, Microsoft-un qurucusu Bill Geyts Harvardın tələbələridir. Ölkənin bir neçə dövlət başçısı, eləcə də sabiq prezident Barak Obama və xanımı Mişel Obama da tədqiqatlarını bu universitetdə başa vurublar. Universitetin məzunları arasında 45 nəfər Nobel laureatı var. 30-dan çox dövlət başçısı və 48 Pulitser mükafatı laureatı Harvardı bitirib. Universitetin hazırda həyatda olan 323000-dən çox məzunu var, onlardan 271000-i ABŞ-da, demək olar ki, 52000-i isə 201 ölkədə yaşayır. On üç Amerika prezidentinə universitetin fəxri alim dərəcəsi verilib. Onlardan 1956-cı ildə bu ada layiq görülmüş sabiq prezident Con Kennedinin adını çəkmək olar. Universitet şəhərciyində 400-dən çox tələbə təşkilatı var, Harvardın tibbi məktəbi 10 xəstəxanadan ibarətdir.
4. Kaliforniya Texnologiya İnstitutu (Caltech -California Institute of Technology) kimi tanınan ali təhsil ocağı dünya sıralamasında 4-cü yerdə gedir. Cəmi 2200 tələbəsi olan ali məktəb dəqiq elmlər və mühəndislik fənlərində ixtisaslaşmaya görə böyük prestijə malikdir. Təbii elmlər də institutun güclü aspektidir. Ali məktəb xüsusən də kimya mühəndisliyi, bioloji elmlər, kimya, Yer kürəsi haqqında elmlər və dəniz elmləri, fizika və astronomiya və təbii elmlər sahəsində daha güclüdür. İnstitut həcmcə kiçikdir, lakin güclü tədqiqatları və müəllimləri ilə üstündür. Müəllim:tələbə nisbəti 3:1-dir. Ali məktəbdə 300 müəllim heyəti var. Burada 600 alim çalışır. Kaliforniya Texnologiya İnstitutu bütün dünyada tanınmış elm və texnoloji tədqiqatlar və ali təhsil müəssisəsidir. Burada tələbələr ən mürəkkəb suallara cavablar axtarır, innovasiyalara aparan yeni bilikləri mənimsəyir və gələcəyi dəyişdirirlər. İnstitutda elmin və texniki təhsilin təşkili üzrə çox güclü altı akademik bölmə var. Universitetdə rəqabətə davamlı qəbul imtahanları var. Bu isə yalnız az sayda istedadlı tələbənin məzun kimi yetişməsini təmin edir. Kaliforniya Texnologiya İnstitutunda tədqiqatların yüksək nəticəsi var. Məzunlar arasında 35 Nobel mükafatı laureatı, 7 Tyurinq laureatı, 71 ABŞ Elm və Texnologiyalar Akademiyasının milli medalçısı var.
5. Əsası 1890-cı ildə qoyulmuş Çikaqo Universiteti (Universitety of Chicago) elmi-tədqiqat axtarış mərkəzidir. Bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. Ali məktəb özünün fərqli tədris planı və 1930-cu ildə universitetin prezidenti Robert Maynard Hatçins tərəfindən əsası qoyulmuş təhsil islahatları ilə seçilir. ABŞ-da ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb. Burada 15365 tələbə təhsil alır. Akademik heyət 2205 nəfər təşkil edir. Ali məktəbin məşhur məzunları arasında 13 milyarder və 51 Rods təqaüdçü var. Universitet bir çox elmi kəşflərin mərkəzində olub. Universitet şəhərciyində 140-dan çox elmi-tədqiqat mərkəzi var. Ali məktəb humanitar və elmi ixtisaslarına görə tanınır. Çikaqo Universitetinin nəşriyyatı ABŞ-ın ən iri nəşriyyatıdır. Burada təhsil alan tələbələrin 18%-ni əcnəbilər, 23%-ni yerli etnik azlıqlar, 45%-ni isə qadınlar təşkil edir. Universitetdə tələbə-müəllim nisbəti 6:1-dir. Kurslar 20 tələbədən təşkil olunur. Universitetdə ən çox tələb olunan ixtisaslar iqtisadiyyat, biologiya və bio-tibbi elmlər, riyaziyyat və statistika, siyasi elmlər və hakimiyyət, ingilis dili və ədəbiyyatdır. Universitetin illik büdcəsi 5 milyard dollardır. Universitetin məşhur məzunlarından 89 nəfəri fizika, hüquq, iqtisadiyyat və sosiologiya sahəsində yüksək uğurlarına görə Nobel mükafatına layiq görülüb. Məşhur məzunlarının sayına görə universitet dünyada üçüncü yerdədir.
6. Əsası 1746-cı ildə qoyulmuş Prinston Universiteti (Princeton University) ABŞ-ın ən qədim və tanınmış ali məktəblərindən biridir. Prinston şəhərində, Nyu-Cersi ştatında yerləşən və məşhur Sarmaşıq Liqasının səkkiz ali məktəbindən biri olan bu universitetin tələbəsi olmaq dünyanın müxtəlif ölkələrinin gənclərinin ən böyük arzusudur. Ali məktəb humanitar fənlərdə üstünlük nümayiş etdirir. Universitet tələbələrinə səxavətli təhsil təqaüdləri verir və bütün təbəqələrin təmsilçilərinə təhsil imkanı bəxş etməyə çalışır. Prinston Universitetinin məzunları sırasında ABŞ-ın sabiq prezidentləri Vudro Vilson və Ceyms Madison yer alır. ABŞ-ın nüfuzlu özəl ali məktəblərindən olan Prinston Universitetində 1221 müəllim çalışır, tələbələrin ümumi sayı 7946 nəfərdir. Ümumi gəlirləri 1.750, ümumi xərcləri 1.750 milyard dollardır.
7. Kornell Universiteti (Cornell University) ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Əsası 1865-ci ildə qoyulmuş özəl ali məktəb Nyu-York ştatının İtaka şəhərində yerləşir. Kornell Universiteti ABŞ-ın səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür. Kornell Universitetinin İtakada yerləşən əsas kampusdan əlavə, Nyu-York şəhərində və Qətər dövlətində də kampusları mövcuddur. Akademik heyət 2908, tələbələrin ümumi sayı 21904 nəfərdir. Tələbələrin 21 faizi əcnəbilərdir. Ali məktəbdə 120 ölkədən tələbə təhsil alır. Kornell Universitetinin alimləri 80 ilə yaxındır ki, elementar hissəciklərin tədqiqatı ilə məşğuldurlar. Universitetin fizikləri, xüsusilə Hans Bete nüvə fizikasının inkişafına nail olub. Onlar həmçinin Manhetten layihəsinin iştirakçılarıdırlar. 1930-cu ildə Kornell Universitetində ABŞ-da ikinci dəfə olaraq siklotron quraşdırılıb, 1950-ci ildə ilk dəfə burada sinxron şüalanma öyrənilib. 1990-cı ildə universitetdə dünyada birinci olaraq ən yüksək işıqlılıq qabiliyyətinə malik elektron-pozitron kollayder yaradılıb. Kornell Universitetinin müəllim və məzunlarından 50 nəfər Nobel mükafatına layiq görülüb.
8. Yel Universiteti (Yale University) ABŞ-ın ən qocaman özəl universitetlərindən biridır, Amerikanın Konnektikut ştatında, Nyu-Heyven şəhərində yerləşir. Əsası 1701-ci ildə qoyulmuş ali məktəb 1861-ci ildə ABŞ-da ilk elmlər doktorluğu dərəcəsi verən universitet olub. Akademik heyət 4410 , tələbələrin ümumi sayı 12312 nəfərdir. Tələbələrin təxminən 20 faizini əcnəbi tələbələr təşkil edir.
300 ildən artıq tarixə malik olan bu təhsil ocağını 5 ABŞ prezidenti, ABŞ Konqresinin 500-dən artıq üzvü, xeyli sayda hüquqşünas və diplomat bitirib. Yel Universiteti Braun, Kolumbiya, Kornell, Prinston, Pensilvaniya, Harvard universitetləri və Dartmut Kolleci ilə birlikdə Sarmaşıq Liqasının üzvüdür.
Ali təhsil ocağı humanitar, sosial, bioloji, fiziki elmlər, mühəndislik üzrə doktorluq dərəcələri və fəlsəfə elmləri doktoru dərəcəsinin verilməsi üzrə proqramlar təklif edir. Bundan başqa, tələbələrə fəlsəfə, humanitar və təbiət elmləri magistri dərəcələri də verilir. Universitetdə 12 peşə məktəbi və bir institut fəaliyyət göstərir. Yale Universiteti Harvard və Prinston universitetləri ilə birlikdə ölkənin ən nüfuzlu ali məktəblərini birləşdirən “Böyük üçlük”-ə daxildir. Ali məktəbin çoxsaylı məşhur məzunları arasında 52 Nobel, 5 nəfər riyaziyyat üzrə Filds mükafatçıları var.
9. Cons Hopkins Universiteti (Johns Hopkins University) məşhur sahibkar, quldarlıq əleyhinə fəal və filantropist Cons Hopkinsin adını daşıyır. Əsası 1876-cı ildə qoyulub. ABŞ-ın Merilend ştatında - Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzidir. Ali məktəb Amerika Universitetləri Assosiasiyasının 14 üzvündən biridir. Bu qədim ali təhsil ocağının dünya elminin inkişafında əldə etdiyi mühüm və əlamətdar yeniliklər danılmazdır. Cons Hopkins Universitetində tələbələrə təhsil, biznes və tibb ixtisasları, beynəlxalq tədqiqatlar, ictimai və təbiət elmləri, humanitar elmlər, incəsənət və musiqi sahəsində 240 tədris proqramı təklif olunur. Universitetin Merilend və Vaşinqtonda, eləcə də İtaliya, Çin və Sinqapur da daxil olmaqla 10 kampusu var. Cons Hopkins Universitetinin əsas xüsusiyyətlərindən biri burada təhsil alan tələbələrin önəmli tədqiqatlarda fəal iştirak etməsidir. Tələbələrin 80%-i oxuduqları 4 il ərzində öz sahələri üzrə müstəqil tədqiqatlar aparır. Ümumiyyətlə, bu ali təhsil ocağı ABŞ-da tədqiqatlara ən çox sərmayə qoyan universitetlərdən biridir. Xüsusilə, universitet mədəniyyət, musiqi, tarix, biologiya və təbii elmlər, biotibbi texnika, yaradıcılıq, ingilis dili, roman dilləri, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, tibb, nevrologiya, xəstələrə qulluq, səhiyyə, siyasi nəzəriyyə sahələri üzrə əldə etdikləri nailiyyətləri ilə fəxr edir. 1999-2009-cu illər ərzində Cons Hopkins Universiteti dünyada ən çox məqalələri çap olunan tədqiqat mərkəzləri siyahısında olub (Harvard Universiteti və Maks Plank Cəmiyyətindən sonra üçüncü yerdə). Con Hopkins Universitetinin missiyası tələbələrə elm öyrətməklə yanaşı, onlara həyat dərsi keçmək, müstəqil tədqiqatlara sövq etmək, eləcə də elmə dəyərli töhfələr verməkdir. Universitet dünya elminə son 140 il ərzində 36 Nobel mükafatı laureatı bəxş edib.
10. Əsası 1754-cü ildə qoyulmuş Kolumbiya Universiteti (Columbia University) ABŞ-ın ən məşhur universitetlərindən biridir və Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq liqasına daxildir. Özəl ali məktəbin akademik heyəti 3806, tələbələrin ümumi sayı 30000 nəfərdir. Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 300000-dən çox tələbə təhsil alır, onların 28%-ni digər ölkələrdən gələnlər təşkil edir. Universitetdə 146 ölkədən olan tələbələr təhsil alır. Tələbələrin böyük əksəriyyəti Çin, Hindistan, Cənubi Koreya, Kanada və Fransanın payına düşür. Əcnəbi tələbələrin sayına görə ali məktəb Amerika universitetlərinin ilk 5-liyinə daxildir. Universitetdə yüksək səviyyədə ixtisaslaşmış professor-müəllim heyəti çalışır. Onların sayı 3806-dən çoxdur. Bu gün Kolumbiya Universiteti beynəlxalq təhsil və elmi-tədqiqat mərkəzinə çevrilib. Universitetin məzunlarının 95 faizi ali məktəbi bitirdikdən ilk 6 ay sonra yüksək maaşlı işlə təmin olunur. Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib. Onların arasında 101 Nobel mükafatı laureatı var. Son 15 ildə universitetlə bağlı olan 18 alim Nobel mükafatına layiq görülüb ki, onlardan 8 nəfəri hazırda ali məktəbdə fəaliyyətini davam etdirir.
Hazırladı:
O.MUSTAFAYEV
Tarix: 13-10-2017, 13:24