Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

Enriko Fermi
(1901-1954)

Böyük italyan fiziki. 1922-ci ildə Pizan Universitetini qurtarmış və 1923-cü ildə Almaniyada M.Bornun yanında işləmişdir. 1938-ci ildə ABŞ-a köçmüş, Kolumbiya, Çikaqo universitetlərinin professoru olmuşdur. Atom və nüvə fizikası, statistik mexanika, yüksək enerjilər fizikası, astrofizika, kosmik şüalar fizikası sahəsində böyük işlər görmüşdür. Kvant elektrodinamikasının yaradıcılarından biri olmuşdur. 1934-cü ildə süni radioaktivliyi kəşf etmiş, neytronların hərəkət xassəsini izah etmiş və 1938-ci ildə bu sahədəki işlərinə görə Nobel mükafatı almışdır.
***
Fizik E.Fermi faşist İtaliyasından ABŞ-a mühacirət edərkən, Amerika gömrük idarəsində onu saxlayıb, savadsız adamların Amerikaya buraxılmadığını deyib, ona riyaziyyatdan belə bir sual verirlər:
- «27 + 46» neçə edər?

***
Atom bombası yaradılarkən «Manhetten» layihəsi adı altında yaradılırdı. Bu layihənin hərbi rəhbəri general Lesli Qrovss idi. Hərbçiləri görməyə gözü olmayan E. Fermi həmişə onu sancardı. Bir dəfə Fermi nahar vaxtı Qrovssdan soruşur:
- Cənab general, elm aləmində yenilik yaradan, böyük kəşflər edən alimləri dahi alim adlandırırlar. Sizcə, hərbi işdə hansı generalı dahi general adlandırmaq olar?
General bir qədər fikirləşib deyir:
- Təxminən yüz generaldan üçünü dahi general adlandırmaq olar!
- Bu fikri daha dəqiq necə ifadə etmək olar? - Fermi soruşur.
- Məncə, eyni imkanlı beş döyüşdə qalib gələn generalı dahi general adlandırmaq olar! - deyə Qrovss cavab verir.
- Onda gəlin hesablayaq, - deyə Fermi hesablamağa başlayır. «Eyni imkanlı I döyüşdə qalib gəlmə ehtimalı 1/2-ə, II döyüşdə qalib gəlmə ehtimalı 1/4-ə, üçüncüdə 1/8-ə, dördün­cüdə 1/16-ə, beşincidə 1/32-ə bərabərdir. Bu da, öz növbəsində 3/96-a bərabərdir. O da təqribən 0,03-ə bərabərdir. Siz haqlısınız, general. Doğrudan da 100 generaldan üçünü dahi general adlandırmaq olar. Ancaq başa düşə bilmirəm ki, burada dahilik nə var?! Bu ki, xalis ehtimal nəzəriyyəsidir!

***
Atom bombasınm yaradılmasına dair işlər yekunlaşan zaman dünya şöhrətli alimlər Enriko Ferminin əlini sıxıb onu təbrik edirlər. Bu təbriklərdən heç nə başa düşməyən və heç kimdən əməlli-başlı cavab almayan Ferminin həyat yoldaşı xanım Laura məclisdə yeganə qadın olan fizik Leona Vudsa müraciət edir. Leona Lauraya tərəf əyilib deyir: «Suss... sizin əriniz yapon admiralını batırıb».
Qonaqlar gedəndən sonra Laura öz şübhələrini dağıtmaq üçün Enrikodan soruşur:
- Enriko, sən doğrudanmı, yapon admiralını batırmısan?
Üz-gözündən heç bir şey sezilməyən Fermi:
- Doğrudanmı? - deyə suala sualla cavab verir.
- Deməli, sən yapon admiralını batırmamısan?
- Məgər elədir? - deyə Enriko eyni anlaşılmaz hiyləgərliklə soruşur.
...Xanım Laura işin nə yerdə olduğunu yalnız Xirosima əhvalatından sonra bildi.

NİLS BOR
(1885-1962)

Görkəmli Danimarka nəzəriyyəçi-fiziki. Müasir fizikanın yaradıcılarından biri. 1908-ci ildə Kopenhagen Universitetini bitirmiş, 1911-1913-cü illərdə Kembricdə E.Rezerfordun, Tompsonun yanında işləmişdir. 1920-ci ildə indi öz adı ilə adlanan nəzəri fizika institutunu yaratmışdır. 1922-ci ildə atomun planetar modelinin kvant nəzəriyyəsini verdiyinə görə Nobel mükafatı almışdır. Maraqlıdır ki, N.Borun oğlu Oqe Bor da 1975-ci ildə fizika sahəsindəki kəşflərinə görə Nobel mükafatı almışdır.

***
N.Bor çox gözəl futbolçu idi. O, Nobel mükafatı alanda qəzetlərdə belə bir elan getmişdi: «Danimarka yığma komandasının mərkəz hücumçusu N.Bor fizika sahəsindəki kəşflərinə görə Nobel mükafatı almışdır».

***
Dahi fizik N.Bor dərin məzmunlu müddəanı adi müddəadan fərqləndirməyin üsulunu göstərmişdir: «Əks müddəa qurmaq lazımdır, əgər o mənasız çıxarsa, deməli ilkin müddəa bayağıdır. Məsələn, bütün insanlar ölməlidirlər, müddəası bayağıdır, çünki onun əksi olan «bütün insanlar ölməzdir» müddəası mənasızdır».

***
Bir dəfə N.Bor orta məktəbdə oxuyanda ədəbiyyat müəllimi «Mən nənəmin qonağı idim» mövzusunda inşa yazmağı tapşırır... Səhəri gün N.Bor bir sətirdən ibarət olan yazı işini müəllimə təqdim edir: «Nənəm evdə yox idi».

***
N.Bor nəzəri fizika institutu üçün yeni tikilən binanın inşasına xüsusi fikir verirdi. Tez-tez gəlib inşaatçılarla söhbət edib, onları dilxor edirdi. Bir dəfə yenə tikinti işi ilə maraqlanmaq üçün tikinti meydançasına gələn Boru tikinti mühəndisi qabaqlayıb deyir:
- Cənab professor, əgər bu divarın (əli ilə göstərib) bir az da qabağa çəkilməyini istəyirsinizsə, tez deyin, yoxsa bir saatdan sonra beton quruyacaq, onu sökmək çətin olacaq...
Ondan sonra bina hazır olana qədər N.Bor tikinti meydançasında görünmədi.

***
Bir dəfə N.Borun fizik yoldaşlarından biri onun kabinetinə girir və qapıya at nalı bərkidildiyini görüb, çox böyük təəccüblə N.Bordan soruşur:
- Professor, doğrudanmı siz də bu əfsanəyə inanırsınız?
- Əlbəttə, yox, - Bor cavab verir, - ancaq deyirlər ki, bu bəzən ona inanmayanlara da kömək edir.

***
  Məşhur riyaziyyatçı Q.Harolddan soruşanda ki, necə olur ki, məşhur fizik Nils Bor auditoriya qarşısında həmişə çox uğursuz çıxış edir və çox az adam onu başa düşür, sizin isə çox gözəl natiqlik qabiliyyətiniz var. Professor Harold bir qədər fikirləşib deyir: «Çox asan izahı var bunun, professor N.Bor həmişə gələcəkdə danışacaqlarını izah edir, mən isə əvvəl danışdıqlarımı».


Tarix: 15-01-2018, 15:13

Xəbəri paylaş