Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Dövlət Universitetində Məzun Günü keçirilib









Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, tələbələrin, müvafiq qurumların nümayəndələrinin, ictimaiyyət təmsilçilərinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsil sahəsinə daim böyük önəm verdiyini vurğulayıb. 
Məzunları təbrik edən rektor deyib: “Sizinlə birlikdə BDU-nun növbəti “Məzun günü”nü Bakının təkrarsız məkanlarından birində - Milli Gimnastika Arenasında qeyd etmək özü də unudulmaz bir hadisədir!
Bu gün Siz həyatınızın ən maraqlı dövrü olan və qayğılı-qayğısız, rəngarəng tələbəlik illəri ilə vidalaşır və yüksəkixtisaslı gənc mütəxəssis, ölkəmizin böyük ümidlər bəslədiyi layiqli vətəndaşlar kimi ömür yolunuzun yeni mərhələsinə qədəm qoyursunuz… Sevindiricidir... ümidvericidir... qürurvericidir...
Bu gündən etibarən qarşınızda yeni üfüqlər açılır. Bu unudulmaz anları bölüşmək hamımız üçün çox xoşdur, əziz məzunlar! Siz şanlı tariximizin qızıl hərflərlə yazıldığı bir dövrdə məzun olursunuz. İnanırıq ki, “BDU ailəsi”nin layiqli üzvü olaraq, bu yolda bir övlad kimi valideynlərinizin, universitet yetirməsi kimi müəllimlərinizin, sadiq vətəndaş kimi dövlətimizin sizə bəslədiyi ümidləri doğruldacaqsınız. Universitetdə əldə etdiyiniz bilik və bacarıqlardan məharətlə istifadə etməklə, öz intellektual səviyyənizi daim yüksəltməklə, yüksəkixtisaslı gənc mütəxəssis kimi ölkəmizin inkişafına dəyərli töhfələr verə bilərsiniz. 
Əziz məzunlar, qəti əminəm ki, tələbəlik həyatınız Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Ordumuzun xalqımıza yaşatdığı böyük Zəfər ilə yaddaşınıza əbədi həkk olacaq. Fəxr edirik ki, işğaldan azad edilmiş doğma torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında universitetimizin tələbə və məzunları, sizin həmyaşıdlarınız da vardır. 44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş Qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib. 
Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini yaddaşımıza əbədi həkk edirik. 
Vətənimiz Azərbaycanın daha da çiçəklənməsində, xalqımızın rifahının yüksəldilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində fəal iştirak etmək, Vətən və xalq sevgisi ilə yaşamaq və yaratmaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun işğaldan azad etdiyi və müqəddəs bayrağımızın ucaldığı doğma torpaqlarımızda, xüsusən Qarabağımızda gedən quruculuq, yenidənqurma işlərinə töhfələrinizi vermək sizin əsas missiyanızdır. Sizi sevimli övlad, layiqli vətəndaş, yüksəkixtisaslı mütəxəssis kimi yetişdirənlər bu şərəfli missiyanın öhdəsindən uğurla gələ biləcəyinizə inanır, ölkəmizin gələcəyini sizə etibar edirlər. Bu isə məsuliyyət deməkdir! 103 illik zəngin tarixə malik, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində yeni tipli ilk ali təhsil ocağı kimi tanınan Bakı Dövlət Universitetinin məzunları sırasında illər boyu elmə, mədəniyyətə, siyasətə layiqli töhfələr verən dahi və görkəmli şəxsiyyətlər çox olub. Onların hər birinin həyatı və yaradıcılığı, xalqa və dövlətə sədaqəti, peşəkar mütəxəssis kimi fəaliyyəti sizə örnək olmalıdır. Həmişə fəxr edin ki, siz ümummilli liderimiz Heydər Əliyevin məzun olduğu universitetin məzunlarısınız. 
103 il bundan əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır, 3 minə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Universitetdə 2 elmi-tədqiqat institutu, Mükəmməllik Mərkəzi, araşdırma və tədris laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. 
Bakı Dövlət Universiteti Azərbaycan xalqının övladlarına ali təhsil vermək, vətənimizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyasını şərəflə yerinə yetirir. 
Bakı Dövlət Universiteti ötən illər ərzində xalqımızın həyatında müstəsna rol oynayıb. Hazırda universitetdə tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir, struktur islahatları həyata keçirilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili proqram əsasında kadrlar hazırlanır.
Bütün bunların nəticəsidir ki, milli təhsil tariximizdə ilk dəfə olaraq məhz Bakı Dövlət Universiteti “Times Higher Education” nüfuzlu beynəlxalq reytinq siyahısında yer alan ilk Azərbaycan ali məktəbi olub. Universitetimiz əsas elm və təhsil reytinqlərində ölkə üzrə liderliyini qoruyub saxlayır.
BDU bundan sonra da beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlanmasına, ölkəmizin daima yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcək. 
Əziz məzunlar! Bu gün ölkəmiz sürətlə inkişaf edir. Bir sıra beynəlxalq hesabatlarda ən islahatçı dövlət kimi qeyd edilir, ayrı-ayrı göstəricilər üzrə hər il bir neçə pillə irəliləyərək dünya dövlətləri sırasında layiqli yer tutur. 
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və əməli dəstəyi ilə ölkədə təhsilin inkişafı üçün atılan addımlar, yüksəkixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər ölkəmizin inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Siz bu prosesin ən fəal iştirakçıları olun!”
Rektor vurğulayıb ki, Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksəkixtisaslı kadr yetişdirib. BDU-nun məzunları tarixboyu ölkə quruculuğunda çox yaxından iştirak ediblər, indi də bu məsuliyyətli və eyni zamanda, nəcib missiyanı yerinə yetirirlər. Universitet yaxın gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artırılması yolu ilə ölkəmizin ilk tədqiqat universiteti statusunu əldə edəcək. Bakı Dövlət Universiteti bundan sonra da öz missiyasına sadiq qalaraq, davamlı inkişaf üçün potensial yaradan, mədəniyyətlərarası dialoqu təşviq edən və ölkədə təhsildə yeni standartlar tətbiq edən güclü bir universitet olaraq daha da inkişaf edəcək. 
Tədbirdə məlumat verilib ki, 2021-2022-ci tədris ilində BDU-nu ümumilikdə 4.964 tələbə bitirir. Həmin tələbələrdən 4.120-si universitetdə bakalavriat, 844-ü isə magistratura pilləsində təhsil alıb. 
 Təhsil naziri Emin Əmrullayev Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Nazir ölkəmizdə təhsilin inkişafı ilə bağlı geniş imkanlar yaradıldığını deyib. Nazir təhsilin, elmin inkişafında BDU-nun böyük rolunu vurğulayıb. E.Əmrullayev “Şuşa İli”nin məzunu olan gəncləri təbrik edib, bunu onların həyatında əlamətdar hadisə adlandırıb.
Gənclər və idman naziri Fərid Qayıbov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, BDU-nun Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini deyib, ümummilli lider Heydər Əliyevin bu ali məktəbin məzunu olduğunu qürur hissi ilə xatırladıb.
 BDU Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, BDU İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Əminə Ağazadə, professor Afət Məmmədova və digər çıxış edənlər də məzunları təbrik edərək, onlara xoş arzularını bildiriblər. 
Sonra BDU haqqında videoçarx nümayiş etdirilib. Təhsildə yüksək nəticələr əldə edərək fərqlənən tələbələrə sertifikatlar təqdim edilib. 
  Tədbir konsert proqramı ilə davam edib. 


Tarix: 30-06-2022, 12:00

Xəbəri paylaş