Tarixin izi ilə - Şadlinskilərin etnik mənşəyi, adının mənası

Tarixi mənbələrdən və arxiv sənədlərindən məlum olur ki, sovet dönəmindən bəri, indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazilərində müəyyən nəsillərin təmsilçiləri olan çox məşhur maarifçilər, din xadimləri, hərbçilər, mədəniyyət və incəsənət adamları yaşayıb yaratmışlar. Bu mənada şəcərəsinə yaxından bələd olduğumuz Şadlinskilərin etnik mənşəyi haqqında rast gəldiyimiz məlumatlar tarixçi-tədqiqatçılar, habelə geniş auditoriya üçün də maraqlıdır.
Rus tarixçi-etnoqrafı, məşhur Qafqazşünas alim İvan Şopenin 1852-ci ildə nəşr olunmuş “Erməni Vilayətinin Tarixi Abidəsi” əsərinin 537-538-ci səhifələrində bu gün Şadlinskilər kimi tanıdığımız məşhur (Şax-dilinskiye) nəsli haqqında yazılır: O zaman “Şahdililər tatarların, yəni azərbaycanlıların - Qacar qəbiləsinə mənsub iki cəmiyyətdən birini təşkil edirdi.
1842-ci il “İmperator İqtisadiyyat Cəmiyyəti Əsərləri”nin 46-47-ci səhifələrində isə etnik siyahıda Şahdililər (Şaxdilintsy) Azərbaycan türklərinin əsas tayfaları içərisində müstəqil tayfa kimi ayrıca qeyd olunur. Mənbənin dəqiq sıralaması: Baytlar, Qacarlar, Qazaxlar (qədim Kosoqlar, 14 nəsildir ki, başlıcası Qarapapaqlardır); Ayrımlılar 4 nəsildir ki, onlar da Muğanlılar, Şahdililər; Qaraqoyunlulardır; Kəngərlilər (qədimdə Peçeneqlər) isə 33 nəsildir ki, burada məskunlaşmışlar. Bu tayfaların hamısı birlikdə 1832-ci ildə 74.000 nəfərlik birliyi təşkil etmişdir. Şahdililər bu sırada Muğanlılar ilə Qaraqoyunlular arasında öz adı ilə çağırılan müstəqil etnik qrup kimi yer alır.
“Şahdili” adının mənasına gəlincə, “Şah dili” ifadəsi “Şahın dili”, yaxud “Şahın könüllüsü” kimi yozula bilər. Bu ad onların İran Qacar hökmdarları ilə yaxın əlaqəsini - ehtimal ki, şaha sədaqətlərini əks etdirən bir etnonim ola bilər.
Bütün bunlar həm də bir neçə mühüm məqama aydınlıq gətirir. Birincisi, Şahdililər (Şaxdilintsy) Muğanlılar ilə Qaraqoyunlular arasında müstəqil tayfa olaraq sıralanmışdır ki, bundan da aydın olur ki, Şahdililər idarə edilən deyil, müstəqil bir qrupdur. İkincisi, mətndə “33 nəsil” (“33 pokoloniye”) ifadəsi qrammatik baxımdan Kəngərlilərə - yəni “страшные въ древности Печенѣги” qeydini daşıyan sonuncu tayfaya aiddir.
Odur ki, Muğanlılar, Şahdililər, Qaraqoyunlular isə bu siyahıda ayrı-ayrı müstəqil tayfalar kimi göstərilmişdir.
Müəllif bu tayfaların bir-birinə qarışdığını o qədər vurğulayır ki, hər birinin əhalisini ayrıca vermək mümkün olmamışdır.
Şopenin 1852-ci il vergi məsələlərinə dair “Garni-Basar və Vedi-Basar Mahallarının Kənd Siyahısı” (səh. 973-974) bu iki mahalın 30 məntəqəsini əhatə edir. Şahdililər 29-cu sırada – “Şax-dili cəmiyyəti” adı altında - Vedi-uliya kəndi kimi ayrıca qeyd edilmişdir. Siyahıda Şahdililərin kəndi ən çox buğda verən məntəqə olaraq öndə durur. Cədvəldən görünür ki, Şahdililər bu 30 məntəqə içərisində ən çox buğda (1.364 tağar) ödəyən icma olaraq birinci yerdə dayanır. Bu rəqəm ikinci yerdə gələn Dəvəli kəndinin (1.167 tağar) üstündədir. Şahdililərin Vedi-uliyası - Böyük Vedi kimi tanınan bu kənd 40 ev, 250 tümən pul vergisi, 1.364 tağar buğda, 369 tağar arpa ilə Vedi-Basar mahalının ən güclü əkinçilik mərkəzlərindən biri idi.
Mənbənin 537-538-ci səhifəsindəki məlumata görə, Şahdililər Vedi-Basar mahalının Vedi-uliya kəndinin məskunlaşmış sakinləridirlər. Sədərəklilər Sədərək kəndinin və Qafan dərəsinin yuxarı hissəsinin səkinləridirlər. Şopen bu iki cəmiyyəti inzibati baxımdan daim birgə qeyd edir, çünki onlar Garni-Basar mahalı ilə sıx əlaqəli olublar.
Etnik coğrafiya baxımından Vedi-Basar mahalında, yəni Araz çayının sağ sahilindəki bölgədə Şahdililər, qonşu Naxçıvan əyalətində isə Kəngərlilər məskunlaşmışdır. 1842-ci il mənbəsində bu iki tayfanın bir cümlədə yanaşı sıralanması coğrafi yaxınlığı və tayfalararası əlaqəni əks etdirir. Hər iki tayfa həmçinin tatarların, yəni Azərbaycan türklərinin tərkibindən sayılır.
Maraqlı məqamlardan biri də odur ki, Şopen “Garni-Basar və Vedi-Basar Mahallarının Kənd Siyahısı”nda “Şahdililərin tanınmış nümayəndələri” haqqında məlumatında Aslan bəy Sultan Şadlinskinin adını qeyd edir.1834-cü il “Rusiya İmperiyasının Məsyatsoslov və Ümumi Ştatı” (ikinci hissə, səh. 423) İrəvan vilayətinin inzibati quruluşunu əks etdirir. Həmin sənəddə “İrəvan əyalətinin köçəri xalqların rəisləri” (Nacalniki Kocuyushchikh Narodov) siyahısında Şadlinskilərə aid mühüm qeydlər yer alır: “Nacalniki Kocuyushchikh Narodov: Por. Pir Murad Sultan, ord. s. An. 4 st. Kv., im. zol. med. i Por. Aslan Sultan Şadlinski, im. zol. med.”
Bu qeyddən aydın olur ki, Aslan bəy Sultan Şadlinski 1834-cü ildə İrəvan vilayətinin köçəri xalqları üzərindəki rəislərdən biri olaraq çalışmış, Rusiya İmperatorunun qızıl medalı ilə (“im. zol. med.” - imperatorskaya zolotaya medal) mükafatlandırılmışdır. O, “Poruçik” hərbi rütbəsi ilə xidmət etmişdir ki, bu da həmin dövr üçün azərbaycanlı bəylər arasında nadir bir vəzifə idi.
Həmin siyahıda onun yanındakı Pir Murad Sultan da qızıl medalla mükafatlandırılmış poruçik rütbəli zabitdir. Bu iki şəxsin birlikdə köçəri xalqların idarəçiliyini həyata keçirməsi Şahdililərin rus inzibati sistemindəki mövqeyini açıq şəkildə göstərir.
Araşdırmalardan aydın olur ki, Aslan bəy Sultan Şadlinski millət təəssübkeşi və xalqına xidmətdə əlindən gələni əsirgəməyən insan olmuşdur. Dediklərimizin təsdiqini Rusiya Senatının Birinci Departamentinin 8 oktyabr 1903-cü il tarixli arxiv sənədlərindən də görmək olar. Şahdilinskinin, Sultanovun və Süleymanbəyovun Taytan kənd sakinləri ilə birlikdə Vedi-Basar su dairəsindən istifadə hüquqlarına dair Rusiya Senatına şikayət etdiyini sübut edən 31 vərəqlik məhkəmə sənədindən də görmək olur.
Bu məhkəmə işi XIX əsrin sonlarında da Şahdililərin Vedi-Basar bölgəsində öz su hüquqlarını qorumaq üçün imperiya məhkəmə sisteminə müraciəti onların aktiv hüquqi subyekt kimi çıxış etdiyini ortaya qoyur. Senat imperiya səviyyəsindəki ən yüksək məhkəmə orqanı idi - bu addım həm də ailənin hüquq savadlılığını sübut edir.
Dövlət Şurasının yanındakı Xüsusi Sessiyanın 4 avqust-17 dekabr 1916-cı il tarixli “Əmirxanovların, Yegiazarovların və Şadlinski varislərinə Zaqafqaziya dəmir yollarının ehtiyacları üçün İrəvan quberniyası və qəzasında özgəninkiləşdirilən torpaqlar müqabilində mükafat verilməsi haqqında” sənədində 1916-cı ilə qədər Şadlinskilərin nəslinin hələ də hüquqi varis kimi tanındığını, İrəvan quberniyasında torpaq mülkiyyəti sahibi olduğunu və torpaqlarının Zaqafqaziya dəmir yolu üçün müsadirəsi məsələsinin Dövlət Şurasına - Rusiya imperiyasının ən yüksək qanunvericilik orqanına çatdırıldığını açıqlayır.
Bütün bunlar, ilk növbədə, Şahdililərin Azərbaycan tarixində müstəsna yer tutduğunu bir daha sübut edir.
Tarixi sənədlərdən məlum olur ki, Şahdililər Azərbaycan türklərinin Qacar qəbiləsinə mənsub etnik icmadır. Odur ki, Şahdililər 1842-ci il siyahısında Muğanlılar, Qaraqoyunlular və Kəngərlilərlə yanaşı müstəqil tayfa adı ilə qeyd olunmuşdur.
Üçüncüsü, İrəvan quberniyasının Vedi-Basar mahalının əsas ərazisi, yaşayış yeri Vedi-uliya (Böyük Vedi) kəndidir ki, əhalisi 164 ailə, 995 nəfər olmaqla Vedi-Basar mahalının ən qüdrətli Azərbaycanlı icmalarından biridir. Garni-Basar və Vedi-Basar mahallarındakı 30 kəndin içərisində ən böyük buğda vergi ödəyicisi olan kənddir.
İndiyədək Azərbaycan ictimaiyyətinə o qədər də yaxından tanıdılmayan Aslan bəy Sultan Şadlinski (1834), kök etibarilə bu gün ölkəmizdə yaxşı tanınan Şadlinskilər nəslinin XVIII əsrin birinci yarısında İrəvan vilayətinin köçəri xalqları üzərindəki rəisi, poruçik rütbəli zabiti, imperatorun qızıl medalı ilə təltif olunmuş nümayəndəsidir.
Bütün bunlar həm də onu deməyə əsas verir ki, indiki Ermənistanın ərazisi, habelə Şərqi Zəngəzurdan tutmuş Arazın sahillərinə qədər əhalisi min illərlə bu yerlərdə yaşamış türk mənşəli azərbaycanlılar, ərazisi hələ Çar Rusiyası tərəfindən yaxşı tanınan Azərbaycan torpaqlarıdır.
Rəhman SALMANLI,
araşdırmaçı-jurnalist
Tarix: Bu gün, 11:36
