Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xatirələrdə yaşayan qəhrəman-Nəriman

 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan oğulların xatirəsi heç zaman unudulmur. Hələ sağ ikən Vətənə sədaqət andı içən şəhid oğulların hər biri qəhrəmandır. Onların hər birinin döyüş yolu, şücaəti, əzmkarlığı bütün gənclərimizə nümunədir. Şəhid Nəriman Həmidov da Azərbaycanın qəhrəman oğullarından biri idi.
Qısa arayış: Nəriman Qəzənfər oğlu Həmidov 1948-ci il oktyabrın 27-də Bakının Bülbülə qəsəbəsində doğulub. 1956-1966-cı illərdə Bülbülə qəsəbəsindəki 208 nömrəli tam orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1972-ci ildən 1992-ci ilə qədər təyinatla Alüminium prokatı zavodunda işləyib. 1992-ci ildə könüllü cəbhəyə gedib, Füzulidə, Cəbrayılda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il sentyabrın 23-də döyüş tapşırığını şərəflə yerinə yetirərkən şəhid olaraq ölməzliyə qovuşub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 215 saylı qərarına əsasən 208 nömrəli tam orta məktəbə Nəriman Həmidovun adı verilib. O vaxtdan başlayaraq igid döyüşçünün xatirəsi məktəbdə yad edilir, bu məqsədlə xüsusi tədbirlər keçirilir. Növbəti belə bir tədbir məktəbdə oktyabrın 26-da keçirildi. “Xatirələrdə qalan ömür” adlı bu tədbir əvvəlkilərdən onunla fərqlənirdi ki, o, məktəbin məzunu Nəriman Həmidovun 70 illik yubileyinə həsr olunmuşdu. Tədbir iştirakçıları öncə şəhid məzunun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri məktəbin direktoru Məlahət Əsədova açdı. O, qeyd etdi ki, “Bakının Bülbülə qəsəbəsində yerləşən Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəb tarixi ənənələri ilə seçilən tədris ocağıdır. Məktəbimizin məzunu Nəriman Həmidov böyük döyüş yolu keçib. O, Vətəndə qədri bilinən oğul idi! Nəriman ziyalı ailəsində doğulub. Atası Qəzənfər Həmidov Böyük Vətən müharibəsində iştirak edib, Mozdok şəhəri uğrunda gedən döyüşlərdə yaralanaraq, göstərdiyi qəhrəmanlıqlara görə təltif edilib. Nəriman da ailənin ilk övladı idi. Qarabağa döyüşə o, könüllü getmişdi. Atasından qəhrəmanlıq dərsi alan Nərimanın ürəyi həmişə Vətən üçün döyünüb.”
Tədbirin ədəbi-bədii hissəsində məktəblilər Nərimanın gənclərə örnək olan ömür yolundan danışdılar. Qəhrəmanın məktəb illəri, tələbəlik həyatı və keçdiyi döyüş yolu bir daha vərəqləndi. Tədbirin təşkilatçısı, məktəbin musiqi müəllimi Xatirə Cananovanın rəhbərliyi ilə məktəblilərdən ibarət xor kollektivi vətənpərvərlik mahnıları oxudu.Təqdim olunan poeziya çələngində isə şagirdlər ana torpağa, Vətənə və qəhrəmanlığa həsr olunan şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər.
Təqaüddə olan fədakar təhsil işçisi Səmayə Babayeva gənclərə nümunə olacaq tədbirə dəvət edildiyinə görə məktəbin rəhbərliyinə təşəkkür etdi. O, Nəriman Həmidov və məktəbin digər şəhid məzunları haqqında danışdı. Səmayə Babayeva çıxışının sonunda Qarabağda şəhid olan Nəriman Həmidova ithaf etdiyi şeirini söylədi.
Vaxtilə N saylı hərbi hissənin qərargah rəisi işləmiş, hazırda ehtiyatda olan hərbiçi Vidadi Abdullayev çıxış edərək, Nərimanın hərbiçilər arasında nümunəvi zabit olduğunu söylədi. O bildirdi ki, “Nərimanı valideynləri ilə bərabər, bu məktəbdə ona dərs deyən müəllimləri vətənpərvər yetişdirib. Əziz müəllimlər, sizlərin qarşısında baş əyirik! Mən N saylı hərbi hissəyə qərargah rəisi təyin edildikdən sonra Nəriman Həmidovu yaxından tanımışam. Həmişə zabit dost­ları deyirdi ki, Nəriman kimi cəsarətli zabit yanımızdadır. O, əsl qəhrəman Azərbaycan zabiti idi. Təəssüf ki, 1992-ci il sentyabrın 23-də baş leytenant Nəriman Həmidov növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak oldu”.
Nəriman Həmidovun bacısı Səkinə Həmidova 208 nömrəli tam orta məktəbin rəhbərliyinə, pedaqoji kollektivinə tədbiri yüksək şəkildə təşkil etdiyinə görə ailəsi adından təşəkkür etdi. O, söylədi ki, “Anam Zeybə xanım, atam Qəzənfər müəllim Nərimanla fəxr edirdi. Qardaşım Nəriman uşaqlıq illərində kitabları mütaliə etməyi çox sevirdi, fitri istedadı vardı. Bizim ailəmiz Bakıxanovlar nəslindəndir. Məlumdur ki, Bakıxanovlar nəslindən hərbçi kadrlar çox olub. Nəriman da həmişə hərbçi olmaq istəyirdi. Xocalı hadisələrindən sonra qardaşım azyaşlı övladı olsa da hərbi xidmətə könüllü getdi. Cəbhə bölgəsində — Füzulidə, Cəbrayılda mənfur ermənilərlə döyüşdü. Nəriman bu gün yaşasaydı 70 illik yubileyi olacaqdı...
Sonra tədbirdə məktəbin məzunu Qubad Bağırov, Nəriman Həmidovun sinif yoldaşı Tofiq Babayev və digər qonaqlar çıxış etdilər. Onlar Xocalıda erməni faşistləri tərəfindən azərbaycanlıların qətlə yetirilməsindən sonra könüllü hərbi xidmətə gedib, 43 yaşında şəhidlik zirvəsinə ucalan Nəriman Həmidovla bağlı xatirələrdən söz açdılar, ona Allahdan rəhmət dilədilər.
Məktəbin direktoru Məlahət Əsədova tədbirin sonunda şəhid Nəriman Həmidovun xatirəsinə həsr olunan inşa, şeir, rəsm müsabiqələri haqqında məlumat verdi. Şagirdlərdən Nəzrirə Ağayeva, Röya Dəmirzadə, Fatimə Atakişiyeva, Rəna Nəsirova, Anar Məmmədzadə (inşa), Aylin Əhmədova, Xədicə Babazadə (şeir), Mədinə Hüseynova (rəsm), Sənan Abasov və Yusif Abdullayev (məntiq) keçirilən müsabiqədə fərqləndiklərinə görə fəxri fərmanla təltif olundular.
Həmin gün tədbir iştirakçıları Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını da ziyarət edib, şəhid Nəriman Həmidovun məzarı üzərinə tər çiçəklər qoydular.

Nərman səni unutmayan,
Deyil təkcə atan-anan!
Bu məktəbin tarixində,
Məşəl oldun alovlanan!...

Təranə CƏBİYEVA


Tarix: 11-12-2018, 14:13

Xəbəri paylaş