Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qəhrəmanlığın Famil nümunəsi

 

Hər birimiz bizə verilən ömür payını mənalı və səmərəli yaşamağı arzu edir və çalışırıq. Lakin buna bəzən nail ola bilmirik. Bu yolda örnək götürdüyümüz, həyatını Vətəni və xalqı üçün fəda etmiş qəhrəmanlarımız var. Onlar həm Allah dərgahında, həm də xalq arasında yüksək məqam sahibidirlər. Şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə xatırlanır, onların əziz və müqəddəs xatirələri dərin ehtiram hissi ilə yad edilir. Şəhidlərin uğrunda canlarını fəda etdikləri azadlıq, müstəqillik onların bizə əmanətidir.
Müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən şəhidlərimizin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar. Azərbaycanımızın üçrəngli müqəddəs bayrağını səmaya çəkən şahinimiz Famil Məmmədli kimi.
Famil Məmmədli 1974-cü ilin 15 oktyabrında Ağsu rayonu Abasxanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Orta təhsilinə Abasxanlı kənd orta məktəbində başlayıb. Yüksək əxlaqi dəyərləri ilə qohum-əqrəbanın sevimlisi olub Famil. Düşüncəsi, mədəniyyəti ilə ürəklərə yol tapıb. Evdə ata-ananın, məktəbdə müəllimlərin etimadını qazanıb. Təhsilini Ağsu şəhər internat məktəbində davam etdirib. 1992-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il musabiqə yolu ilə seçilərək, təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilib.
1996-cı ildə İstanbul Hərbi Hava Məktəbini yüksək qiymətlərlə bitirərək Azərbaycan Milli Ordusunun Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətini davam etdirib. Famil Məmmədli hərbi peşəkarlığı ilə yanaşı yüksək intellektə malik idi. İngilis, rus və türk dillərində sərbəst danışırdı. Famil Məmmədli 1998-ci il sentyabrın 26-da ailə həyatı qurmuşdu və 3 övladı var.
Hər il iyunun 26-da Bakıda Azərbaycan Ordusunun yaradılmasının ildönümü şərəfinə hərbi parad keçirilir. Ordu-ictimaiyyət münasibətlərində şəffaflığı təmin edən möhtəşəm paradda Azərbaycanımızın üçrəngli bayrağını səmaya çəkən 9 şahindən biri idi Famil Məmmədli. Onun mütəxəssis kimi fəaliyyəti dövlətimiz tərəfindən çoxsaylı təltif və mükafatlarla dəyərləndirilib. Qısa müddətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Famil Məmmədli qərargah rəisi vəzifəsində çalışırdı. Nə yazıq ki, ömrünün bir bahar günü 36 yaşında dünyasını dəyişdi.
2010-cu il mart ayının 3-də Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsində yaranmış texniki nasazlıq üzündən təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən igid pilot onu bir qədər kənara yönəldərək, kənddən uzaqlaşdırmağı bacarır. Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bir kəndi xilas edir. Özü isə həmin qəzada əbədiyyətə qovuşur. Onun təyyarədən atılmaq üçün imkanı olsa da bu imkandan istifadə etməyib. Əsil vətəndaşlıq, fədakarlıq nümunəsi göstərib. Onun hərəkəti Azərbaycan əsgərləri, zabitləri, bütün gəncər üçün örnəkdir. Familin böyüyüb boya-başa çatdığı kəndə son gəlişi bu gün hər bir kənd sakininin qəlbində niskilli xatirəyə dönüb.

Elnarə Günəş,
AJB-nin üzvü


Tarix: 12-11-2018, 17:04

Xəbəri paylaş