Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BƏŞİR ƏHMƏDOV – 90


                     Təhsilə həsr olunmuş alim ömrü
 
   Ömrünün 50 ilini Azərbaycan təhsilinin elmi-pedaqoji məsələlərinin araşdırılmasına, Azərbaycan elmi-pedaqoji kadrlarının hazırlanmasına, Azərbaycan elminin dünya miqyasında tanınmasına sərf  etmiş  görkəmli Azərbaycan  alimi,  filoloq-dilşünas, istedadlı pedaqoq, metodist,  professor  Bəşir Əhmədovun 90 yaşı tamam olur.  
  Mənalı həyatını elmin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş  Bəşir  Abbas oğlu  Əhmədov Ali  Attestasiya Komissiyasında  ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, “Maarifçi” qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur.
          Bəşir Əhmədov 1932-ci il mayın 5-də  Tovuz rayonunun Alakol   kəndində anadan olmuşdur.  1955-ci ildə  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1961-ci ildə  "V sinifdə Azərbaycan dili fonetikasının tədrisi" mövzusunda namizədlik,1967-ci ildə "Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi") adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.1960-1966-cı illərdə  Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutunda) elmi işçi, sonra elmi katib vəzifələrində çalışmışdır.1966-1971-ci illərdə M.F.Axundov adına APRDƏİ (indiki BSU) Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının, 1971-19776-cı illərdə isə V.İ.Lenin adına APİ-də (indiki ADPU) Pedaqogika kafedrasının müdiri işləmişdir.1976-1984-cü illərdə APXDİ-də  (indiki Xarici Dillər Universitetində) pedaqogika fənnini tədris etmişdir.1984-cü ildən ömrünün sonuna qədər BSU-da Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına rəhbərlik etmişdir.         
        Mayın 5-də görkəmli Azərbaycan alimi, pedaqoji elmlər doktoru, professor, bənzərsiz, dəyərli, sadə və təbii İNSAN  Bəşir Abbas oğlu Əhmədovun 90 illik yubileyidir.
 
 
GÖRKƏMLİ  ALİM,  TƏBİİ İNSAN
 
Bəşir müəllimlə iyirmi ilə yaxın bir ali təhsil müəssisə­sində fəaliyyət göstərmişik. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) Azərbaycan dili kafedrasına rəhbərlik edirdi, mən isə pedaqogika kafedrasında işləyirdim.  Elmi dərə­cəsi olan digər həmkarlarımızdan onu fərqləndirən ən başlıca səciyyəvi xüsusiyyətlərdən biri Bəşir müəllimin sadəliyi, təbiiliyi, müyəssərliyi, ünsiyyətində, söhbətlərində biz cavanlara fikirimizi sərbəst deməyə şərait yaratması, ruhlandırması, həvəsləndirməsi, elmi yaradıcılığa təhrik etməsi, bu sahədə canlı nümunə göstər­məsi idi.  Bəşir müəllimin bu olduqca təqdirəlayiq və az-az rast gəlinən nümunəsi pedaqoji fəaliyyətimin amalına çevrilmişdir. 
Təbii ki, elmə yeni gələnlərdə, o cümlədən məndə də çoxlu suallar yaranır, onlara cavab axtarır, lakin əksər hallarda kimsədən soruşmağa cürət etmirdim. Məsələn, məni həmişə düşündürən, sakitlik verməyən, narahat edən problemlərdən biri pedaqogikanın tədrisi metodikasına dair vəsaitlərin olmaması idi. Soruşanda isə yarı zarafat, yarı ciddi mənə gülür və izah etməyə çalışırdılar ki, bütün fənlərin tədrisi metodikalarının (məsələn, Azərbaycan dilinin, ədəbiyyatın, xarici dillərin, tarixin, kimyanın, biologiyanın, coğrafiyanın, riyaziyyatın və digər fənlərin) pedaqoji elmlər sisteminə daxil olduğu üçün onun özünün tədris metodikası indiyə qədər olmayıb və ola da bilməz. Mən isə fikrimdə israrlı idim və buna görə izah etməyə çalışırdım ki, axı, bu və ya digər mövzuların, sualların tədrisində çətinlik çəkirəm, mənə kömək edə biləcək metodiki göstərişlər axtarır, lakin tapa bilmirəm. Axı, pedaqogika müstəqil fəndir və hər bir müstəqil fənnin olduğu kimi, məntiqlə onun da gənc müəllimlərə istiqamət verən, yol göstərən, kömək edən tədrisi metodikasına dair vəsait olmalıdır. 
Düzü, daxili bir inam mənə sakitlik vermirdi. Kimdən soruşacağımı da bilmirdim. Kimisə özümdən incik sala biləcə­yimdən ehtiyat edirdim. Bir neçə il keçdi. Xeyli götür-qoy etdikdən sonra, nəhayət, cəsarətə gəlib bu fikrimi çəkinə-çəkinə Bəşir müəllimə dedim. “Çox məntiqli və ağıllı fikirdir, sənin dediklərində böyük həqiqət var, düz deyirsən” – cavabını eşitdim. Özümə Bəşir müəllim kimi görkəmli və təcrübəli alimin simasında həmfikir tapdığım üçün sevin­cimin həddi-hüdudu yox idi. Onu da deyim ki, bir neçə ildən sonra rus dilində belə bir vəsait işıq üzü gördü (Savin N.V. Metodika prepodavaniya pedaqoqiki: uçeb. posobiye dlya fak. povışeniya kvalifikasii. M.: Prosveşeniye, 1987. - 207 s.) və mən növbəti dəfə Bəşir müəllimin nə qədər uzaqgörən olduğunun, kim tərəfindən de­yilmə­sindən asılı olmayaraq yeni fikri, ideyanı layiqincə və obyektiv qiy­mətlən­dirdiyinin şahidi oldum.  
           II kursda «Şagirdlərin elmi dünyagörüşünün formalaş­dırılması» mövzu­sun­da mühazirə oxuyurdum.  Tələbələrin (həqiqət naminə deyim ki, bizim qarşılıqlı hörmət və ehtiramımız çox yüksək səviyyədə idi) müəyyən diqqətsizliyi, biga­nəliyi, hətta bəzilərinin mürgülədiyinin şahidi oldum və öz-özlüyümdə daxilən narazı qaldım ki, sevimli tələbələrim dərsimə belə münasibət bəsləyirlər. Diqqəti cəlb etmək, müəyyən qədər fəallaşdırmaq və rəğbətləndirmək məqsədilə bir neçə tələbədən «mirovozzreniye» nədir, onu necə başa düşürsünüz, - deyə soruşdum. Məlum oldu ki, mənim sevimli azərbaycan təhsilli zavallı tələbələrim rus dilində oxuduğum mühazirənin heç 20 % -ni də başa düşmür, «mirovozzreniye» sözünün «dünyagörüşü» olduğunu da bilmirlər. Düzü, çox məyyus oldum və sar­sıldım. Fikirləşdim ki, axı nəyə görə biz bu fənni tələbələrin yaxşı dərk etdikləri, başa düşdükləri, mənimsədikləri, məna çalarlarını və incəliklərini bildikləri doğma Azərbaycan dilində deyil, məhz rus dilində tədris etməliyik. Digər bir nara­hat­lığımda pedaqogika tarixi fənninin proqramına klassik Azərbaycan peda­qoqları və mütəfəkkirlərinin yaradıcılığının daxil edilməməsi idi.
Vaxtilə görkəmli rus yazıçısı və pedaqoqu Lev Nikolayeviç Tolstoy deyirdi ki, «Vse deti mira plaçut na odnom yazıke» («Bütün dünya xalqlarının uşaqları eyni dildə ağla­yırlar»). Axı, tərbiyə ümumbəşəri dəyərdir. O, bütün dünya xalqlarına məxsusdur, onun ruscası, azərbaycancası, yəni milliyyəti yoxdur, heç kimdən soruşmurlar ki, sən rusca tərbiyəlisən, yoxsa azərbaycanca,  yaxud başqa dildə. Yəni pedaqogikanı Azərbaycan, rus, ingilis, fransız və s. dildə tədris etməyin nə əhəmiyyəti var, ən başlıcası odur ki, gələcək müəllimlər bu fənnin əsaslarını mükəmməl mə­nim­səsinlər, praktik fəaliyyətlərində pedaqoji takta, evfemizmə, mədəniyyətə, mərifətə, prinsiplərə və s. riayət etsinlər, məktəb təcrübəsində təlimin, tərbiyənin üsullarından düzgün istifadə edə bilsinlər… 
Fikrimi kafedramızda məndən xeyli təcrübəli həmkarla­rıma bildirdim. Yenə də israrla məni inandırmağa çalışdılar ki, bu, rus dili və ədəbiyyatı institutu olduğuna görə bütün fənlər (Azərbaycan dilindən başqa) məhz rus dilində tədris olunmalıdır.  Heç olmasa ona görə ki, azərbaycanca orta təhsil almış tələbələr rus dilini daha yaxşı öyrənə bilsinlər. Mən isə - axı, bizim fənnin və kafedranın vəzifəsi dil öyrət­məkdən ibarət deyil, bunun üçün 5-6 praktik rus dili kafedrası var və onlarda tədris prosesində bir qrupu 4 yerə bölürlər, - deyirdim. Qonşu institutda (Azər­baycan Xarici Dillər İnstitutunu, indiki Azərbaycan Dillər Universitetini nəzərdə tuturdum) pedaqogika, psixologiya, tarix, siyasi iqtisad, Azərbaycan ədə­biyyatı və bir sıra digər fənlərin azərbaycanca tədris olunması tələbələrin in­gilis, fransız, alman dillərinə yiyələnməsinə heç bir problem yaratmır (bu dedik­ləri­mi hələ 1992-ci ildə institutda çıxan «Russkiy yazık» qəzetinə verdiyim müsahibədə də qeyd etmişdim).  
Yeri gəlmişkən, bir-iki məsələni də qeyd etmək istəyirəm. Əvvəla, mənim təhsil aldığım 1971-1975-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda hətta Azərbaycan ədəbiyyatı da rus dilində tədris olunurdu.  İkincisi, hazırda bu institutun xələfi olan Bakı Slavyan Universitinin Azərbaycan bölmələrində yuxarıda sadaladığım fənlərin əksəriyyəti artıq 10 ilə yaxındır ki, məhz Azərbaycan dilində tədris olunur.
Yenə də Bəşir müəllimə müraciət etməyi qərara aldım. “Sən ağıllı oğlana oxşayırsan. Sənin haqqında artıq tamam başqa fikirdəyəm, məntiqli mülahizələrin var. Mən səninlə tam razıyam, bu məsələni rəhbərliyə də çatdırmaq lazımdır. Elə rus dilini də lazımi səviyyədə tədris etmək üçün pedaqogikanı bilmək olduqca vacibdir, pedaqogika bütün elmlərin əsası və açarıdır”, - dedi. 
Bundan sonra bizim Bəşir müəllimlə ünsiyyətimiz, münasibətimiz tamamilə başqa bir əhəmiyyət kəsb etməyə, yavaş-yavaş doğmalığa çevrilməyə başladı.  İmkan olan kimi Azərbaycan dili kafedrasına daha tez-tez gedər və onun elmi söhbətlərinə qulaq asar, hərdən bir də cəsarət edib öz fikirlərimi, mülahizələrimi bildirərdim. Sonralar onun elmi mübahisədə çox yüksək səviyyəli tərəf-müqabil olğunu görüb daha cəsarətlə diskussiyaya girişməyə, onun mənə göstərdiyi diqqətdən «sui-istifadə» etməyə də başladım. Bəşir müəllim o qədər səmimiyyət göstərir, o qədər diqqətlə dinləyir,  sərbəstlik verir və elə bir şərait yaradırdı ki, mən artıq çox vaxt onun yalnız Azərbaycanda deyil, SSRİ məkanında da kifayət qədər nüfuzlu pedaqoq-alim, elmlər doktoru, professor olduğunu yaddan çıxarırdım. Dediyim mülahizə xoşuna gəlməyəndə - “bilirsən, Heydər, sənin bu dediyin nə isə ağlıma batmır, bu barədə fikirləşmək lazımdır”, - deyərdi.  Bəzən isə, “sənin bu dediklərin ağlıma batdı, çox yaxşı fikirdir, amma bunu biraz da dəqiqləşdirmək və genişləndirmək lazımdır, bir yaxşı məqalə də yazmaq olar, özün də bir az fikirləş”, - deyərdi. Mən isə daha da ruhlanar,  daha inamla və cəsarətlə mübahisəyə girişərdim.  
Kafedralarımız bir mərtəbədə, biri-birindən 15-20 addım­lıqda yerləşirdi.  Bəzi hallarda özü gələr, bəzən isə kafedranın cavan müəllimlərindən məni çağırmağı xahiş edərdi. “Səninlə söhbət və mübahisə etmək maraqlıdır, yeni və düşündürücü ideyaların, fikirlərin var”, - deyərdi. Fikrim isə «pedaqogikadan bir sual və bir cavab» kitabını, «rusca-azərbaycanca və azərbay­canca-rusca pedaqoji terminlər lügəti»ni tərtib etmək və s. idi. Yeri gəlmişkən, o vaxt dediklərimi müx­təlif obyektiv və sub­yektiv səbəblərdən  yalnız bu yaxın illərdə (2019, 2020) həyata keçirə bildım. «Şagirdlərin məktəbdənkənar tərbiyəsinin nəzəriyyəsi və təcrübəsi» adlı doktorluq dissertasiyası mövzusunun təsdiq olunmasına baxmayaraq Heydər Əliyevin təhsil sahəsində böyük xidmətlərini nəzərə alaraq onun təhsil siyasətini tədqiqata cəlb etmək istəyim və digər elmi niyyətlərim, planlarım Bəşir müəllimin ürəyincə idi.  
Səhv etmirəmsə, 1995-ci ilin axırları idi. Adəti üzrə yenə Bəşir müəllimin yanına getmişdim. Xeyli fikir mübadiləsi etdik. Düzü, mən onun elmi söhbətlərindən heç vaxt doymurdum. Mürəkkəb elmi problemləri çox sadə tərzdə izah edərdi. Prinsiplərdən və metodlardan danışdı, onların təlimin və tərbiyənin prinsiplərinə və metodlarına bölünməsinin əleyhinə olduğunu bildirdi. Bir müddət sonra əlindəki jurnalı göstərib, - «Azərbaycan məktəbi»ndə metodlarla bağlı bir məqaləm çıxıb, istəyirəm ona öz münasibətini bildirəsən, - dedi. Bəşir müəllimin bu dedikləri mənim indi də qulağımda səslənir. O vaxta qədər mən bu sözləri, belə təklifi heç bir elmlər doktoru, professordan yox, dosentdən də eşitmədiyimdən, bir an donub qaldım. Düzü, əvvəlcə eşitdiklərimə inanmadım. Bunların həqiqət olduğunu anlamağa çalışdım. Bir az özümə gələndən sonra, - Bəşir müəllim, həmişə Sizi elmi pedaqogikanın zirvəsində təsəvvür etmişəm, dediklərinizi aksioma kimi qəbul etmişəm, sizdən öyrənmişəm və indi də öyrənirəm, Sizin kimi tanınmış, nüfuzlu alimin yazdıqları haqda nə deyə bilərəm, çətin ki, Sizə layiq səviyyədə tutarlı nə isə bir şey yaza bilim, - dedim. "Mən artıq sənin qabiliyyətinə çox yaxşı bələdəm, kimə nə dediyimi, nə təklif etdiyimi çox yaxşı bilirəm", - deyib jurnalı mənə verdi. Bununla, yəni pedaqoji mühitdə yazılmamış bir qaydanı, ənənəni pozmaqla, Bəşir müəllim yenə də sadəliyini, əslində, özünün qeyri-adi BÖYÜKLÜYÜNÜ, ƏSL PEDAQOQ və ƏSL ALİMƏ xas olan keyfiyyətini ortaya qoydu. Yeri gəlmişkən, bu «ənənə»yə indi də riayət olunur. Magistr müəllimin, müəllim baş müəllimin, baş müəllim dosentin, dosentin isə doktorun, akademikin elmi əsərlərinə rəy verməsi qəbuledilməz sayılır.   
Kiməsə ilk baxışda, ola bilsin, bu çox adi görünə bilər. Lakin görkəmli, tanınmış, nüfuzlu pedaqoqun bu etimadının məni necə ruhlandırdığını təsəvvür və sözlə ifadə etmək olduqca çətindir. Bəlkə də, bu, mənim bütün sonrakı pedaqoji yaradı­cılığımın leytmotivi, hərəkətverici qüvvəsi oldu, özümə inam hissi aşıladı. 
Bəşir müəllimin məqaləsini dönə-dönə diqqətlə oxuduqdan sonra «Metod obyektiv və subyektiv amillərlə şərtlənir» adlı məqalə yazdım («Azərbaycan məktəbi», 1996, № 5-6, s. 49-54). Jurnalı ona verib, səbirsizliklə nəticəsini gözləməyə başladım.  İki-üç gündən sonra yanına getdim. Məni həmişəki kimi, çox mehriban qarşıladı, çaya qonaq etdi.  Mən isə çox diqqətlə onun çöhrəsinə baxıb həyəcan keçirir və onun yazdığım məqalə haqqında nə fikirdə olduğunu duymağa çalışırdım. Çayı da özümü müəyyən qədər sakitləşdirmək üçün içirdim. Nəhayət, bir müddətdən sonra Bəşir müəllim üzünü mənə tutub, “bir daha zənnimdə yanılmadığımın şahidi oldum, əslində, buna əmin idim. Ən xoşuma gələn sənin məqalən oldu: mülahizələrin, təhlillərin, müddəaların, yeni fikirlərin, təkliflərin, obyektivliyin… çox sağ ol, əhsən, səndən yaxşı pedaqoji tənqidçi olar”, - dedi. 
Bəşir müəllim kimi hər yazılanı, məqaləni, kitabı və s. bəyənməyən görkəmli alimin belə deməsi (onun obyektiv dediyini bilirdim, o, başqa cür də danışa bilmirdi) məni daha da ruhlandırdı. Elə məqalənin bu səviyyədə yazlmasının əsl səbəbi də məhz onun mənə göstərdiyi sonsuz inam, etimad, etibar və diqqət və qayğının nəticəsi idi. 
Səmimi etiraf edim ki, ümumiyyətlə, özümə də indiyə qədər məlum olmayan səbəblərə görə, bir qayda olaraq, yazdığım məqalələrin səviyyəsindən həmişə narazı qalıram. Fikirləşirəm ki, daha yaxşı olmalı idi. Belə hisslər məni indi də tərk etmir. Amma yazdlğım bu məqalə, qəribə də olsa, özümün də çox xoşuma gələndir və mən onu elmi-pedaqoji yaradıcılığımın zirvəsi hesab edirəm. Hər dəfə həvəsdən düşəndə, pessimizmə qapılanda onu təkrar-təkrar oxuyur, müəyyən qədər təskinlik tapır və nə isə yazmağa həvəslənirəm. Bəşir müəllimin mənim haqqımda dedikləri sözlər qulağımda səslənir və bu, məni yeni-yeni yaradıcılığa sövq edir. Nə isə yazanda istər-istəməz düşünürəm:  görəsən, Bəşir müəllim bunu oxusaydı, indi mənə nə deyərdi…
Bəşir müəllimə xas olan xüsusiyyətlərdən biri də onun son dərəcə təbii olması idi. Bu isə onun qəlbinin təmizliyi, paklığı, ürəyinin açıqlığından irəli gəlirdi. Doğulub, boya-başa çatdığı təbiətin, torpağın, suyun paklığından, saflığından süzülüb gəlirdi. Şəxsən məndən fərqli olaraq, özünün elə, obaya, yurda xas olan doğma, şirin, xüsusi melodiyaya malik ləhcəsini də saxlamışdı: ünsiyyətində, tələbə auditoriyasında, konfranslarda, müdafiə şuralarında, radio və televiziya verilişlərində də bu ləhcədə danışardı. Mənə də doğma olduğu üçün, bundan çox xoşhal olurdum. 
Görkəmli alimin mənim və həmkarlarım üçün nümunə, örnək olan ən ibrətamiz səciyyəvi xüsusiyyətlərdindən biri də onun yorulmadan, dayanmadan yaradıcılıqla məşğul olması idi. Günün hansı vaxtından asılı olmayaraq həmişə stolunun üstündə lüğətlər, sorğu kitabları, qələm, dəftər görür və nə isə yazdığının, axtardığının şahidi olurdum. Hansısa bir sözü, ifadəni dəqiqləşdirmək məqsədilə hətta tələbələrdən də soruşmağı özünə ar bilməzdi. Bəzən bir-bir kafedraları gəzib onların da fikirlərini öyrənir, qane edəcək cavab almayınca sakitləşməzdi, rahatlıq tapmazdı. Bir dəfə məndən «soavtor» sözünün tərcüməsini soruşdu. «Həmmüəllif», «şərikli», «birgə müəllifliklə» kimi işlədildiyini dedim. Düzgün deyil, ağlıma batmır, əgər belədirsə, onda «sotrudnik» sözünü də dilimizə «əməkdaş» yox, «həməmək» kimi tərcümə etməliyik. Mən düşünürəm ki, «soavtor» sözünü də məhz «müəllifdaş» kimi verməliyik, - dedi. Bəşir müəllimin dediklərində həqiqət var idi. Yeri gəlmişkən, həmkarlarımız bu sözü indi də müxtəlif variantlarda işlədirlər. 
Yaxşı yadımdadır. Müəllimlər günü münasibətilə biri-birimizdən xəbərsiz hər ikimizi televiziya şirkətlərindən birinə dəvət etmişdilər. Çəkilişə bir qədər vaxt var idi. Xeyli söhbət etdik, uğurlarla yanaşı, müəyyən mövcud problemlərdən də danışmaq qərarına gəldik. Lakin çəkilişdən əvvəl bizi «təlima­tlandıran» gənc aparıcı bunun yolverilməz olduğunu deyəndə, hər ikimiz çıxışdan imtina edib geri qayıtmalı olduq.
Bəşir müəllimin elmi-pedaqoji yaradıcılığından bilərəkdən yan keçirəm. Əvvəla, ona görə ki, bu vəsaitlərin əksəriyyəti bizim stolüstü kitabımızdır. İkincisi, ona görə ki, onun yazdıqları Azərbaycan elmi-pedaqoji orbitindən çıxmışdı. Həmkarlarının Moskva alimlərinə səcdə etdiyi, onların yerli-yersiz, əsaslı-əsassız fikirlərini birmənalı, aksioma, ehkam kimi qəbul etdikləri halda, Bəşir müəllim onlarla, necə deyərlər, baş-başa gələr, açıq və qızğın mübahisələrə girişər, öz sözünü deyər və irəli sürdüyü müddəaların doğru olduğunu sübut edərdi…
…Alimlər də müxtəlif olur. Bəziləri fəlsəfə doktoru,  digərləri daha yüksək elmlər doktoru dərəcəsi almaqla işini bitmiş hesab edir, bir qismi yazmaq xatirinə bütün problemlərdən yazır, digər bir qismi məqalələrinin sayını artırmağa, yəni yaradıcılığında keyfiyyətə yox, kəmiyyətə üstünlük verir və sair. Elmin fədailəri isə bütün maddi və mənəvi məhrumiyyətlərə, çətinliklərə mərdliklə sinə gərir, daşlı-kəsəkli, enişli-yoxuşlu yollardan keçir, mümkün olan hər şeyi ona qurban verir, lakin son nəticədə ali məqsədlərinə çatırlar. İstər-istəməz tanınmış amerika riyaziyyatçısı Norbert Vinerin (1894-1964) dedikləri yada düşür. O, qeyd edir ki,  orijinal elmi tədqiqatların  95 %  peşəkar alimlərin 5 %-nin payına düşür. Alim­lərin 95 % isə fundamental elmi tədqiqatların yerinə yetirilməsinə yalnız müəyyən mənada köməklik göstərməyə çalışırlar. Mən çox böyük inamla deyə bilərəm ki, pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun yaradıcılığını dünya elmi pedaqoji fikrinin inkişafında hərə­kətverici qüvvə kimi çıxış edən 5 % tədqiqatlara aid etmək olar. 
Beləliklə, bu yazıda ardıcıllığı gözləmək mümkün olmadı. O, heç bir üsluba tabe olmayaraq, məhəl qoymayaraq öz təbii axarı ilə getdi. Ola bilsin, bunun da bir məntiqi var: təbii insan haqqında yazılan da təbii olmalıdır. Mənim də təbiiliyim bunlara qarışdı. Axı, bizim münasibətlərimizin xəmri də elə təbiiliklə yoğrulmuşdu. Digər tərəfdən, sanki Bəşir müəllimlə yenə ünsiy­yətdə oldum, söhbət etdik, yeni fikirlərimi onunla bölüşdüm,  ürəyimi boşaltdım, demək istədiklərimi, amma deyə bilmə­diklərimi yazmaqla xeyli təsəlli tapdım…  
 
Heydər  Cəfərov,
ADPU-nun dosenti,  Əməkdar müəllim 



Tarix: 2-05-2022, 14:31

Xəbəri paylaş