Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil müəssisəsi rəhbərinin idarəetmə mədəniyyəti və onun formalaşma xüsusiyyətləri


 
        Müasir yanaşmalara görə, təhsil müəssi­sələrində elə bir pedaqoji sistem olmalıdır ki, səxsiyyətin inkişafı, meyil, maraq və qabiliyyətlərin formalaşması, həm­çinin, onun mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin. Mütərəqqi idarəetmə sistemi təhsil müəssi­­­­səsinin həm müvafiq səviyyədə fəaliyyətini, həm də onun daim inkişafını, cəmiyyətin yeniləşməsi və sosial inkişaf istiqamətinə uyğun olaraq yenidən qurulmasını, modernləşməsini təmin etməlidir. Yəni, təhsil müəssisəsinin effektiv idarə edilməsində təkcə proqnozlaşdırılmış nəticələrə nail olmaq yox, həm də onun inkişaf dinamikasını təmin etmək vacib sayılmalıdır. İdarəetmə mədəniyyəti pedaqoji mədəniyyətin əsas tərkib hissələrindən biri kimi idarəetmənin effektivliyini artırır, keyfiyyət göstəricilərini yüksəldir, idarəolunan sistemin iştirakçıları ilə rəhbər arasındakı qarşılıqlı məsuliyyətin və münasibətlərin qurulmasında həlledici rol oynayır. Təhsil müəssisəsi rəhbərinin idarəetmə mədəniyyəti isə onun şəxsiyyət kimi formalaşmasında, məktəbin idarə olunmasında onun rəhbər kimi qəbul olunması və digər sahələrində vacib göstəricilərindən biridir. İdarəetmə mədəniyyəti və bacarığı anlayışlarının tutumunun və onların daxili strukuturunun əsas göstəricilərinin təhlili göstərir ki, bunlar idarəetmədə interaqtiv anlayış olub, təhsil müəssisəsində inzibati və sosial-psixoloji funksiyaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün rəhbərin işgüzar, professional və şəxsi keyfiyyətlərinin məcmusudur. Təhsil müəssisələrinin normal idarə edilməsi onun rəhbərindən yüksək professionallıq və təşkilatçılıqdan əlavə, kollektiv tərəfindən qəbul edilən professonal liderlik xüsusiyyətlərinə malik olmağı tələb etdiyindən, təhsil müəssisələri idarəetmə və qiymətləndirmənin forma və metodlarının axtarışı  istiqamətində araşdırmalar aparmalıdırlar.
Təhsil müəssisələrinin idarəolunma vəziyyətinin təhlili  göstərir ki, hazırda rəhbərin idarəetmə mədəniyyəti, yenilikləri qəbuletmə bacarığı pedaqoji kollektivdə baş verən dəyişikliklərdən və təhsil müəssisələrinin inkişafından geridə qalır.
Təhsil sisteminin məqsədləri əsasında müəyyən edilmiş təhsil nailiyyətlərini əldə etmək üçün idarəetmənin əsas vəzifələri aşağıdakılar olmalıdır:

  • demokratik prinsiplərə əsaslanan əks-mərkəzləşmə metodlarının tətbiqi;
  • vaxtaşırı planlaşdırılmış qiymətləndirmə və monitorinqin keçirilməsi; 
  • öyrədənlərin müsbət təşəbbüslərinin dəstəklənməsi və onların tələb olunan informasiyaları əldə etməsinə şəraitin yaradılması;
  • müəllimin öz ixtisas səviyyəsini yüksəltməsi və peşəkarlığını (səriştəsini) artırması üçün şəraitin yaradılması;
  • öyrənənlərin effektiv tədris-təlim prosesi ilə əhatə olunmasının təmin edilməsi;
  • təhsil sisteminin demokratikləşdirilməsində və onun idarə olunmasında müəllimlərlə bərabər, valideyn və öyrənənlərin ictimaiyyətin nümayəndələrinin fəal iştirakını təmin etmək üçün idarə etmə ilə bağlı Şuranın fəaliyyətinin gücləndirilməsi.
Tapşırılmış fəaliyyət sahələrini uğurla idarə elmək üçün  məktəb rəhbərlər aşağıdakı xarakterik xüsusiyyətlərə malik olmalıdırlar:
kollektivdə kadrlarla sıx əməkdaşlığa hazırdır, idarəetmənin elmi
 
əsasları və metodları ilə tanışdır, konfliktologiya elminə bələddir, ziddiyyətli şəraitdə düzgün qərar qəbul etməyi bacarır;  
məqsədə nail olmağa çalışır, iradəli, işgüzar və optimistdir, başladığı işi sona çatdırmağa qadirdir;
özünə və tabeliyində olanlara yüksək tələbkarlıqla yanaşır, tənqid və özünütənqidi düzgün qarşılayır;
şəxsi intizam və icra mədəniyyətinin əsaslarına yiyələnmişdir və
 
fəaliyyətində onları tətbiq edir;
təmkinli, ədalətli, diqqətli və nəzakətlidir, tolerantlığa, həmkarları və işçilərlə münasibətlərdə həssaslığa və tələbkarlığa malikdir;
şəxsi davranışında yüksək mədəniyyətli və sadədir.
Müvafiq sahələrin funksiyaları sırasına təhsil sistemində yeni idarəetmə modelinin, hesabatvermə, qərarçıxarma sisteminin yaradılması və tətbiqi işinin həyata keçirilməsi, kadrların idarə olunmasının və peşəkarlıq səviyyəsinin artırılmasının prioritetlərinin müəyyən edilməsi, eyni zamanda, Nazirliyin kadr siyasəti və strategiyası üzrə funksiyalarının həyata keçirilməsi, təhsil sistemində kadr siyasətinin formalaşdırılmasında iştirak etmək, kadrlara ehtiyacın müəyyənləşdirilməsi məqsədilə təhlillərin həyata keçirilməsi, mövcud ehtiyacları (maddi, kadr və s.) nəzərə almaqla peşə-ixtisas təhsili sahəsində təhlillərin aparılması, təhsil sisteminin ixtisaslı kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək, bütün kateqoriyalardan olan rəhbər və pedaqoji kadrların fasiləsiz təhsil yolu ilə əlavə təhsili və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi sahəsində aparılan işləri əlaqələndirmək və tənzimləmək, keyfiyyətinin yüksəldilməsini təmin etmək məsələləri daxildir.
Təhsil müəssisəsinin rəhbəri öz vəzifəsinin, yerinə yetirəcəyi işlərin psixoloqu olmalıdır. O, özündə münaqişə situasiyalarda təmkinli olmaq bacarığı formalaşdırmağı, emosional vəziyyətin tənzimlənməsində yumor hissi ilə yanaşmağı, həmsöhbətinin diqqətini sərbəst, istədiyi istiqamətdə yönəltməyi bacarmalı, pedaqoji kollektivdə öz işindən zövq almaq, fəaliyyətindən məmnun olmaq üçün şərait yaratmağa çalışmalıdır.
Təhsil müəssisəsinin optimallaşmış, idarəetmə təfəkkürünün qeyd oluanan xüsusiyyətləri, təlim məqsədlərinin yerinə yetirilmə səviyyəsi və idarəetmənin keyfyyətli təşkili, həmişə ona öz işində diqqətli olmağı, analitik yanaşma bacarığının formalaşmasını, imkanlarını, ehtiyatlarını təhlil edərək özünüinkişaf səviyyəsində adekvat özünüqiymətləndirməyi tələb edir. Bütün bunlar idarəetməyə dair qəbul edilmiş qərarlarda buraxılan səhvlərin minimuma endirilməsinə imkan verir, keyfiyyətli, iqtisadi cəhətdən səmərəli təlim-tərbiyə prosesinin formalaşması üçün geniş imkanlar açır.
Planlaşdırma və kadrların idarə olunması sahələrinin əsas məqsədləri Təhsil Nazirliyinin strategiyasını müəyyənləşdirmək, dövlət təhsil siyasətinin və prioritetlərinin formalaşdırılması üzrə təkliflər hazırlamaq, təhsil sisteminin əhatə dairəsi və səmərəliliyi ilə bağlı məlumatları təhlil etmək, Nazirliyin, təhsil sisteminin bütün struktur bölmələrinin və təhsil müəssisələrinin strateji və illik fəaliyyət planlarının hazırlanması prosesində, eyni zamanda vahid inkişaf strategiyasının və kadr siyasətinin formalaşdırılmasında iştirak etmək, əlavə təhsilin istiqamətləri üzrə işləri tənzimləmək, təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən aidiyyəti  sahələrə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyi həyata keçirməkdən ibarətdir. Təhsil siyasəti və strategiyasının işlənməsi, təhsil sistemində yeni hesabatvermə mexanizminin tətbiqinə nail olunması, davamlı inkişaf naminə təhsil strategiyasının, həmçinin, beynəlxalq təşkilatların layihələrinin həyata keçirilməsi, aparılan təhlillərin nəticələrinə əsasən strateji sənədlərin, hesabatların, islahat layihələrinin hazırlanması və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasına dair təkliflərin verilməsi vəzifələri yerinə yetirilir. Pedaqoji sistemin və təhsil müəssisəsinin fəaliyyətinin nəticələrini, idarəetmə nəzəriyyəsinin əsas müddəaları kontekstində qiymətləndirmək üçün aşağıdakı yanaşmalardan istifadə  olunmalıdır:
  • prosesin effektivlik dərəcəsini müəyyənləşdirmək üçün kriteriyaların hazırlanması;
  • mümkün fəaliyyət üsullarının nəzərdən keçirilməsi və ən səmərəli iş üsullarının seçilməsi;
  • gözlənilən və təsadüfi dəyişə bilən bütün halların nəzərə alınması;
  • tədqiq edilən obyektin və subyektlərin işinə düşünülmüş şəkildə və ya təsadüfən müqavimət göstərəcək amillərin diqqətdə saxlanılması.
 Təhsil müəssisəsinin işinin effektivliyini qiymətlən­­­dir­mə­yin ən mühüm kriteriyalarından biri onun  əsas məq­səd­lərinin müəyyənləşdirilməsidir. Bunun üçün cəmiyyətin müasir inkişaf mərhələsində təhsil müəssisəsinin hansı rol oynamasını, hansı mühüm vəzifələrin yerinə yetirilməsini bil­mək lazımdır. Təhsil müəssisəsində təlim prosesinin əsas məqsədi bilik, bacarıq və vərdişlərə yiyələnmənin təmin edil­məsindən əlavə, öyrənənin şəx­siyyətinin inkişaf etdirilməsi olmalıdır. Bilik, bacarıq və vərdişlər bu işdə əsasən vasitə rolunu oynamalıdır. Tələbə şəx­siyyətinin inkişaf etdirilməsi onda yüksək əxlaqi davranış, ümumbəşəri mədəniyyət, yaradıcı təşəbbüskarlıq və işgüzarlıq, ictimaiyyətçillik, kamillik və s. kimi xüsusiyyətlərin tərbiyə olunması deməkdir.
Təhsil müəssisəsinin işinin effektivliyini qiymətləndirmək üçün ikinci mühüm kriteriyalar qrupu tələbələrdə bilik, bacarıq və vərdişlər sisteminin formalaşma səviyyəsi, təlim prosesinin effektivliyi, öyrənənlərin tərbiyəlilik səviyyəsi, ayrı-ayrı sahə­lərin, proseslərin, durumun əvvəlcədən hazırlanmış parametrlər əsasında mütəmadi olaraq qiymətləndirilməli, nəticələri yekun­laşdıraraq  müvafiq tədbirlər görülməlidir.
Təhsil müəssisəsinin səmərəliliyini, tədris-təlim prosesinin nəticələrini yüksəltmək üçün aşağıdakı əsas sahələr üzrə normativlər qabaqcadan müəyyən edilməlidir:
  • təhsil müəssisəsinin tədris-maddi bazası;
  • təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti;
  • təhsil müəssisəsinin pedaqoji kadrlarının keyfiyyət tərkibi;
  • təhsil müəssisəsinin tədris-metodiki bazası;
  • təhsil müəssisəsinin pedaqoji kollektivinin yaradıcı fəaliyyəti üçün müəssisədaxili idarəetmə şəraiti;
  • müəssisədə təlim prosesinin demokratikləşdirilməsinə kömək edən faktor kimi, dövlət-ictimai xarakterli idarəetmənin tətbiqi səviyyəsi.
Bundan başqa, təlim prosesinin effektivliyini təmin edə biləcək tələblər də əvvəlcədən formalaşdırılmalı və aşağıdakı kimi müəyyənləşdirilməsi məqsədəmüvafiqdir:
-tələbələrin biliklərə yiyələnməsinin fərdi xarakterli olması;
-təlim prosesinin müasir texnologiyaların tətbiqi ilə qururlması;
-müəllimin qiymətləndirilmə fəaliyyətinin şəffaflığı;
-tədris və təlim proseslərinin dialoqlu aparılması;
-təlim prosesinin təşkilinə diferensial yanaşılması;
-təlimin geniş yayılmış didaktik prinsiplərindən istifadə ediməsi;
tədirs-təlim prosesinin adaptiv (uyğunlaşdırılmış) xarakterdə aparılması.
       Qeyd etmək lazımdır ki, təhsil sistemlərinin istənilən problemi insan faktorunun idarə olunması ilə bağlıdır. Bununla yanaşı pedaqoji prosesin iştirakçılarının fəaliyyətinin məqsədyönlü təşkili təhsil sisteminin səmərəliliyinin artırılmasına gedən qısa yoldur. Təhsil müəssisəsi tərəfindən idarə olunma ilə bağlı həyata keçirilən dəyişikliklərin qəbul olunması və yeniliklərin tətbiqinə razılığın dəstəklənməsi, problemlərin müzakirəsi, qərarların qəbul edilməsi işi pedaqoji heyətin bütün üzvləri cəlb olunmaqla həyata keçirilməlidir.
 
  Zülfiyyə VƏLİYEVA,
 ADPU ETM-nin  Elmi əməkdaşı,
  Əməkdar müəllim


Tarix: 8-04-2022, 22:15

Xəbəri paylaş