Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ədəbiyyatda atalar sözləri, məsəllər və aforizimlər



açar sözlər:
  müdrik kəlamlar, dünyagörüşü, qanadlı söz, janr, mübarizlik, vətən  həsrəti, elm

 Atalar sözləri və məsəllər danışıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhun təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər. Atalar sözləri və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt çətin olur. 
   Şifahi xalq ədəbiyyatının yığcam janrlarından biri olaraq atalar sözü və məsəllər təlim-tərbiyə nöqteyi-nəzərindən də diqqəti cəlb edir. Atalar sözləri və məsəllərdə tərbiyəvi  cəhətləri, vətənpərvərliyi, əməyə məhəbbəti, mübarizliyi, sədaqəti, böyüklərə hörməti, elmə, biliyə həvəsi  və s. görə bilirik. 
Məsələn, aşağıdakı misallar dediklərimizə bir sübutdur:
1.Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
2.Vətən elin evi, dayağıdır.
3.Sular hərəkətlidir, torpaq bərəkətlidir.
 4. Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı.
5.Vətənin tüstüsü də şirindi.
6.Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
7.Qocadan demək, cavandan əmək.
8.Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
9.Sənət insan üçün xəzinədir.
10.Yazda çalan, qışda oynar.
11.Ağac əyildi, sındı, igid əyildi, öldü.
12.Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
13.Namərdə yaxa vermə, mərdə arxa ol.
14.Yanında igid olsun, kol dibi evin olsun
15.Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş
16.İgid basdığını kəsməz        
17.İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
18.Əmanətə xəyanət olmaz
  Şifahi xalq ədəbiyyatının başqa növlərində olduğu kimi, atalar sözləri və məsəllərdə də xalq öz düşmənlərini çox zaman ilan, əjdaha, qurd sifətində göstərmişdir:
İlanın ağına da lənət, qarasına da.
Xalqın öz ruhundan yaranan və  milli düşüncənin  izlərini daşıyan   atalar sözləri  elin öz daxilində yaranıb və minilliklərlə yaşayan bir ədəbiyyatdır.
  Atalar sözləri üçün ümumbəşəri xüsusiyyətlər də səciyyəvidir.  Bu və ya digər xalqa məxsus atalar sözünün qarşılığını da tapmaq mümkündür. Bildiyimiz kimi, atalar sözləri birbaşa tərcümə olunmur, onların ekvivalentləri tapılır. Bəzi atalar sözlərini kalka  üsulu ilə tərcümə etmək mümkündür.
 Məsələn: Əvvəl fikirləş, sonra danış.
Сперва думайпотом говори (rus)
First think, then speak (ingilis)
Réfléchis d'abord puis parle (fransız)
Önce düşün, sonra konuş (türk).
Ekvivalentlik tapılmaqla qarşılıq verilməsinə misal olaraq aşağıdakı nümunələrə nəzər yetirək:
 Ot kökü üstə bitər;  Anasına bax, qızını al
Яблоко от яблони далеко не падает (rus)
Like father like son; Like mother like daughter (ingilis)
Der Apfel fällt nicht weit vom Stamm (alman dilində).
 Atalar sözləri ilə məsəllər bir-birinə oxşayır. Çox zaman bunları bir-birindən seçmək çətin olur. Lakin atalar sözləri ilə məsəllər arasında fərqlər də vardır. Əsas fərq bundan ibarətdir ki, atalar sözləri bitmiş bir fikir ifadə edir, tərbiyəvi-əxlaqi nəticə verən bir cümlə və ya hökm şəklində olur.
 Atalar sözləri və məsəllərdə biz xalqın əməyə, zəhmətə, namusla işləməyə böyük səy və həvəsinin ifadə olunduğunu görürük. Məsələn: “İşləməyən dişləməz”, “İş insanın cövhəridir”, “Əldən qalan əlli il qalar”,  “Zəhmət çəkməyən bal yeməz”,  “Könlü balıq istəyən ayağını suya salar”,  “El gücü, sel gücü”,  “Cəfa çəkməsən, səfa görməzsən”  və s.
  Vətənə məhəbbət mövzusu da Azərbaycan atalar sözlərində mühüm yer tutur. Məsələn: “Vətənə gəldim, imana gəldim”, “Hər kəsə öz vətəni əzizdir”,  “Doğma yurd şirin olar”,  “Vətən viranə olsa, yenə cənnətdir”,  “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır”  və s. 
 Atalar sözlərində dostluq, qardaşlıq, mehribanlıq kimi gözəl keyfiyyətlər təbliğ olunur: “Duz çörək, düz çörək”,  “Bir görən yoldaş, iki görən qardaş”,  “Tikə ilə dost olan aylarla küsülü olar”,  “Dil var bal gətirər, dil var bəla”, “Dost yaman gündə tanınar”,  “Köhnə dost düşmən olmaz”, “Dost yolunda boran olar, qar olar”, “Dost gəlişi bayram olar”,  “Dost min isə azdır, düşmən bir isə çoxdur” və s.
   Atalar sözlərinin çoxusu həyati təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Bunlar əsrlər boyu pis, yaxud yaxşı işlər görülərkən çıxarılan nəticələrdir.
Aforizmlər də atalar sözləri kimi fikri tam ifadə edən, dildə müstəqil yaşaya bilən, ümumiləşmiş bir kəlamdır. Məsələn, “Qəlbdən çıxan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan  fırlayı  verən  sözlər,  dinləyənin  bu  qulağından  girib  o  birindən  çıxıb  gedər”  (H.Cavid), 
“Dostlara  qurban  getməyən  baş  çiyinin  üstündə  ağır  yükdür”  (M.İbrahimov),  “Yer  üzündə  hakim, məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz” (C.Cabbarlı) və s. 
 Həm atalar sözləri, həm də aforizimlər  fikri  tam  şəkildə  ifadə  edən  lakonik,  sərrast kəlamlardır. Aforizmlərin    kim  tərəfindən  yarandığı,  kim  tərəfindən  söylənildiyi  hamıya  məlumdur.  Atalar sözlərindən  fərqli  olaraq  burada  hər  bir  insan  söylədiyi  fikir  üçün  fərdi  məsuliyyət  daşıyır.  
Atalar sözləri və zərbi-məsəllər bütün xalqlarda mövcuddur və onların çoxu xalq arasında geniş yayılmışdır. 
Məsələn, “Göydəki durnadansa, əlimdə olan arıquşu yaxşıdır” ifadəsinə artıq təxminən  1470-ci ildə yazılmış ingilis əlyazmalarının birində rast gəlinmişdir. Eyni ifadələr digər xalqların dilində də var. Məsələn, ispanlarda (“Göydəki leyləkdənsə, əlimdəki sərçə yaxşıdır”) və ya almanlarda da (“Əlimdəki sərçə damdakı leyləkdən yaxşıdır”) bu ifadələr işlənir.
Rus dilində qarşılığı -Лучше синица в руках, чем журавль в небе
İngilis dilində- A bird in the hand is worth two in the bush
Almanca- Besser den Spatz in der Hand als die Taube auf dem Dach
İspanca- Más vale pájaro en mano que ciento volando
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biridir. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir.  Məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: “Sən çaldın”,  “Dava yorğan davasıdır” məsəlləri Molla Nəsrəddin lətifələri, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”, “Ölüb Fərhad, gəlmir külüngünün səsi”, “Leyliyə Məcnun gözü ilə bax”,  “Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye” kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır.
Vətən haqqında atalar sözləri və aforizmlər:
1.Ana kimi yar olmaz, Vətən kimi diyar.
2.Bu dünyada şirin şey, bir anadır, bir Vətən
3.Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
4.Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
5.Yurddan çıxsan da, eldən çıxma.
6. El bir olsa, dağ oynadar yerindən
7.Döyüş meydanında can versə insan
Xoşdur, namərdliklə qoyub qaçmaqdan (Sədi Şirazi).
8.Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi (Şah İsmayıl Xətai).
9.Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə (Səməd Vurğun).
10.Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim (Məmməd Araz).
 
Güldanə HƏSƏNOVA, 
“Sənət dünyası nuru”jurnalının redaktoru,
“Qızıl qələm”və “Natəvan” media mükafatçısı


Tarix: 8-04-2022, 21:50

Xəbəri paylaş