Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

20 YANVAR HADİSƏLƏRİ TƏDRİSDƏ

 

İlqar ABDULLAYEV,
Bakı şəhəri, MLK-nın tarix müəllimi,
Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru


Xalqımızın azadlıq uğrunda çoxəsrlik mübarizəsinin ən tragik, eyni zamanda ən şərəfli səhifələrindən biri də 1990-cı ilin 20 yanvar hadisələridir.
Tarixə qanlı yanvar kimi düşən həmin hadisələr zamanı, daha konkret desək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərində keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insanın qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Həmin vaxt fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüş, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunlarının qanunsuz şəkildə xalqımıza qarşı törətmiş olduğu bu təcavüz nəticəsində bütövlükdə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Heç şübhəsiz ki, bu hadisə xalqımıza qarşı törədilmiş misli bərabəri görünməmiş zorakılıq, irticaçılıq aktı idi.
Əlbəttə, xalqımıza qarşı, törədilmiş misli-bərabəri olmayan bu təcavüzkar hadisə təsadüf deyildi. Bu hadisələr çox dürüstlüklə, hiyləgərliklə düzülüb –qoşulmuşdu. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı qırğın hadisəsi heç də birinci hadisə deyildir. Xalqımızın azadlıq mücadiləsinin tarixi belə hadisələrlə xalqımıza qarşı soyqırımı faktları ilə zəngindir. Təkcə son 200 il ərzində mənfur qonşularımızın əlləri, məkrli planları ilə xalqımıza qarşı törədilmiş onlarla belə terror aktları soyqırımı hadisəsini misal göstərmək olar.
Məsələn, 1905-ci ildə çarizm ölkədəki vəziyyəti sabitləşdirmək, kütlənin getdikcə artan inqilabi fəallığını aradan qaldırmaq üçün Qafqazda fitnəkarlıqla erməni – müsəlman qırğını törətmişdir.
Azərbaycan xalqına qarşı ermənilərin vasitəsi ilə fitnəkarlıq hadisəsi 13 il sonra, 1918-ci ildə bir daha təkrar edilmişdir. Belə ki, 1918-ci il martın 31-dən aprelin 2-nə qədər ermənilər təkcə Bakıda 12 minə qədər azərbaycanlını qətlə yetirmişlər. Martın 30-dan aprelin 2-dək davam edən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdir. Qquba qəzasında 162 kənd darmadağın edilmiş,16 mindən çox insanın həyatına son qoyulmuşdur. Lənkəranda, Muğanda minlərlə soydaşımız qətlə yetirilmişdir. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşuda görünməmiş dağıntılar törədilmişdir. Təsadüfi deyildir ki, o vaxtlar ermənilərin törətmiş olduqları qırğınlar haqqında ulu öndər Heydər Əliyev cənabları demişdir: ”Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabazarlığa çevirmişlər...”
1990-cı ilin yanvar hadisələri və sonralar ermənilər tərəfindən torpaqlarımızın işğalı, 200 mindən çox soydaşlarımızın dədə-baba torpaqlarından deportasiyası və digər hadisələr də bu soyqırım aktları zəncirinin həlqələri saymaq olar. Bir qədər sonra isə bu böyük imperiyanın parçalanmaqda olması artıq adi gözlə də görünürdü. Belə bir şəraitdə yenə erməni millətçiləri Qafqazda “Böyük Ermənistan” dövləti yaratmaq haqqında xülyalarını gerçəkləşdirmək niyyətinə düşdülər. Bunun üçün isə onlar Azərbaycan xalqının qədim torpaqları olan Qarabağı da əsl erməni həyasızlığı ilə öz ərazilərinə qatmaq istəyirdilər. Həmin dövrlərdə isə xalqımızın böyük oğlu Heydər Əliyev cənabları hələ ki, mərkəzdə kifayət qədər yüksək vəzifədə - SOV. İKP MK – nın Siyasi Bürosunun üzvü olmaqla, SSRİ Nazirlər Soveti Sədrinin I müavini idi. Onun həyata keçirmək istədikləri plana ciddi şəkildə mane ola biləcəyini başa düşən erməni millətçiləri Heydər Əliyev cənablarını tutduğu vəzifədən uzaqlaşdırmaq üçün bütün və hər cür yaramaz vasitələrdən istifadə etməyə başladılar. Nəhayət, onlar öz əlaltıları olan Qorbaçov vasitəsilə 1987 – ci ildə Heydər Əliyev cənablarının istefasına nail oldular. Yalnız bundan sonra onlar geniş miqyasda Qarabağı Azərbaycandan ayırıb, öz torpaqlarına qatmaq uğrunda gertdikcə daha həyazıslıqla səslərini ucaltmağa başladılar.
Göstərilməlidir ki, yalnız 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Qeyd edək ki, Azərbaycan xalqı 20 Yanvar faciəsini heç vaxt unutmur, azadlıq yolunda şəhidlərimizin xatirəsini həmişə əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Faciənin unudulmaması üçün onun böyüməkdə olan nəslin yaddaşında əbədi qalması, uşaq və gənclərdə azadlıq ideyası, düşmənə nifrət ruhunda tərbiyəsi üçün məktəbin müəllimlərinin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan fənlərin, sinifdənxaric və məktəbdənkənar işlərin imkanları genişdir və bu imkanlardan müntəzəm istifadə olunmalıdır.
20 Yanvar hadisələri orta məktəblərində də humanitar fənlərinin məzmununda öz əksini tapıb və xüsusi mövzular vasitəsilə tədris edilir, şagirdlərdə bu hadisələr, onları törədənlər və s. haqqında təsəvvür yaradılır.
Belə mövzulardan biri V sinfin “Azərbaycan tarixi”ndəki “Qanlı Yanvar” mövzusudur. Mən bu paraqrafı tədris edərkən şagirdlərə çatdırıram ki, ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsi tezliklə milli-azadlıq mübarizəsi xarakteri aldı. Azadlıq meydanı bu mübarizənin mərkəzi idi. 1989-cu ildə isə Azərbaycan xalqının milli-azadlıq mübarizəsində çox əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan Xalq Cəbhəsi yarandı. Azadlıq hərəkatı gündən-günə daha da güclənirdi. Ölkənin meydanlarında artıq müstəqilliyimizin, milli dövlətçiliyimizin simvolu olan üç rəngli bayrağımız dalğalanırdı.
Sovet İmperiyasının başçıları isə azadlıqları uğrunda mübarizəyə qalxmış xalqların əzmini qırmaq üçün hər cür vasitələrə əl atır, bununla da imperiyanın ömrünü uzatmağa çalışırdılar. Buna görə də keçmiş SSRİ –də milli – azadlıq hərəkatının mərkəzinə çevrilmiş Bakıda xalqın azadlıq uğrunda çıxışlarını qan içində boğmaq qərara alındı.
20 Yanvar hadisələri IX sinfin “Azərbaycan tarixi” dərsliyində də işıqlandırılıb. Buradakı “Ərazi bütövlüyü və milli hüquqların qorunması uğrunda mübarizə” adlı mövzu məhz bu hadisələr və onların başvermə səbəbləri haqqındadır. Mövzunun tədrisi zamanı şagirdlər öyrənirlər ki, 20 yanvara aparam yol Dağlıq Qarabağ ətrafındakı hadisələrdən keçir. Belə ki, Ermənistandan göndərilmiş silahlı dəstələr 1990-cı il yanvarın 12-də Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə basqın edir. Dağlıq Qarabağda və Ermənistanla sərhəd boyunda azərbaycanlıların yaşayış məntəqələrinə hücum təhlükəsi çoxalır. AXC erməni hücumlarının qarşısını almaq üçün 1990-cı ilin yanvarında Milli Müdafiə şurası yaradır, özünümüdafiə dəstələri təşkil edilir.
Həmin vaxtlarda Bakıda qəsdən erməni mənzillərinə hücumlar təşkil edilir. Bu hadisələr mərkəzi hakimiyyətə bəhanə verir ki, DQMV-lə yanaşı, başqa rayonlarda, xüsusən Bakıda fövqaladə vəziyyət elan etsin.
Sovet ordusunun yardımı ilə erməni hərbi dəstələri yanvarın 19-da Naxçıvana hücum edir. Naxçıvan əhalisi doğma torpağı uğrunda ölüm –dirim mübarizəsinə qalxır, düşməni geri çəkilməyə məcbur edir. Naxçıvan Ali Soveti isə SSRİ tərkibindən çıxdığını bildirir.
Şagirdlərin diqqətinə çatdırıram ki, Sovet rəhbərliyi Azərbaycanda güclənən ümumxalq etirazını boğmaq, ictimai-siyasi prosesləri nəzarətdə saxlamaq üçün hərbi qüvvədən istifadə edilməsi haqqında qərar qəbul edir. SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 20-dən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verir. Lakin yanvarın 19-da axşam Bakıda Azərbaycan Televiziyasının enerji bloku qəsdən partladıldığı üçün əhali bu fərmandan xəbər tuta bilmir.
Yanvarın 20-nə keçən gecə Sovet ordusu Bakı üzərinə müxtəlif istiqamətlərdən hücuma başlayır. Tanklar Hərbi qüvvələrin Bakıya yeridilməsinə etiraz əlaməti olaraq şəhərin giriş yollarında barrikadalar qurmuş sakinlərin üzərinə yeridilir, əhali atəşə tutulur. Yüzlərlə dinc sakin öldürülür və yaralanır.
20 yanvarın nəticələrindən danışarkən onu da xüsusi qeyd edirəm ki, bu faciə Azərbaycan xalqına 20 Yanvar hadisələrində dinc əhaliyə qanlı divan tutan Sovet İttifaqının tərkibində qalmağın heç bir mənasının olmadığını, yalnız müstəqil dövlətçiliyi bərpa etməklə öz hüquqlarını qorumağın mümkün olduğunu aydın dərk etməyə kömək edir. Bununla da Sovet rejiminə qarşı etimadsızlıq daha da güclənirdi.
Qeyd edək ki, 20 yanvar hadisələri haqqında XI sinif “Azərbaycan tarixi” dərsliyində də danışılır. Belə ki, burada “Xalq hərəkatı” mövzusu məhz o dövrün hadisələrini təsvir edir. Burada qeyd olunur ki, yanvarın 19-da ermənilər Naxçıvana da basqın edirlər. Naxçıvan Ali Soveti isə Muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul edir. Bu, SSRİ tarixində görünməmiş hadisə idi. Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədə bununla Naxçıvan ilkqətiyyətli addım atmış oldu.
Mövzunun məzmunundan aydın olur ki, o zaman respublikada vəziyyətdən təşvişə düşən Azərbaycan rəhbərliyi mərkəzi hökumətə müraciət edir. Moskva xahişi yerinə yetirərək yanvarın 15-də Azərbaycana silahlı qüvvələr yeridir. Yanvarın 19-dan 20-ə keçən gecə xəbərdarlıq edilmədən Bakıda fövqaladə vəziyyət elan olunur və dərhal da qoşunlara hücum əmri verilir. 20 Yanvar faciəsi adı ilə tarixə düşən hadisə nəticəsində bir gecədə Bakıda və ətraf rayonlarda aralarında azyşlıların, qocaların və qadınların da olduğu 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Xalq öz şəhidlərinin xatirəsini əziz tutub sovet rəhbərliyinin bu addımına etiraz əlaməti olaraq 40 günlük matəm tətilinə çıxdı. 40 gün ərzində Bakıda heç bir fabrik, müəssisə, zavod işləmədi.
Faciənin səhərisi günü Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev təzyiqlərə məhəl qoymadan Azərbaycanın daimi nümayəndəliyinə gələrək qəti şəkildə sovet qoşunlarının bu hərəkətini pislədi və bunun fəsadları haqqında rəhbərliyə xəbərdarlıq etdi. Heydər Əliyev faciəni dünyaya fərqli şəkildə çatdırmaq istəyən erməni və sovet məmurlarının planlarını alt – üst edərək dünyanın diqqətini Bakıya çəkə bildi. 1990 –cı il iyulun 20 –də Ümummilli liderin Bakıya gəlməsi A. Mütəllobovu narahat etdiyindən onun paytaxtda qalmasına imkan vermədilər. Lakin Naxçıvan MSSR Ali Məclisinə və Azərbaycan Ali Sovetinə üzv seçilən Heydər Əliyev tezliklə öz mübarizəsini deputat tribunasından davam etdirməyə başladı. Məhz onun səyi nəticəsində noyabr ayında Naxçıvan MR-in adından “Sovet Sosialist” sözləri götürüldü, üçrəngli bayraq isə ilk dəfə olaraq dövlət bayrağı kimi təsdiq olundu. Bakıda da tezliklə adekvat addımlar atıldı. 1991 – ci ilin fevralında ölkə Azərbaycan Respublikası adlandırıldı, üçrəngli dövlət bayrağı isə xüsusi qanunla təsdiq olundu.
Bütün bunlar göstərir ki, Azərbaycan xalqı öz suverenlyinə gərgin mübarizə yolu ilə gəlib çıxmış, Heydər Əliyev isə bu mübarizənin ümummilli liderinə çevrilmişdir.
Əlbəttə, bütün yuxarıda göstərilənlər orta məktəblərdə Azərbaycan tarixi dərslərində xalqımızın qan yaddaşı olan 20 Yanvar şəhidlərinə bütövlükdə xalqımızın necə böyük hörmət və ehtiram göstərdiyini bir daha səciyyələndirir. Bu hadisələrin Azərbaycan tarixi dərsliklərində yer alması həm də böyüməkdə olan gənc nəslin 20 Yanvar hadisələrinə daha dərindən bələd olmasına, eləcə də xalqımızın heç də hamar olmayan azadlıq yollarında necə qətiyyətələ, fədakarlıqla mübarizə apardığını, qat – qat güclü düşmən qarşısında qətiyyən çəkinmədiyini, nurlu sabahlara, işıqlı gələcəyə sarsılmaz inamda zərrə qədər tərəddüd etmədiyini əyani şəkildə göstərir.
Fikrimcə 20 yanvar faciəsi tarix dərsliklərində kifayət qədər əksini tapsa da, müəllimlər bununla kifayətlənməməli, bu hadisələrlə bağlı əlavə faktlardan, hadisə iştirakçılarının söylədiklərindən də nümunələr gətirməlidir. Ümumiyyətlə hər bir müəllim yeri gəldikcə dərslərində daim erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlər, faciələr haqqında şagirdlərimizə ətraflı məlumatlar verməli, onların vandalizminin xalqımızın tarixində oynadığı mənfi rol haqqında şagirdlərdə ətraflı təsəvvür yaratmalı, nəticə etibarı ilə yetişməkdə olan gənc nəslin qəlbində düşmənlərimizə qarşı dərin nifrət hissi aşılamalıdır.
   шаблоны для dle 11.2