Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

28 nömrəli tam orta məktəbin açılışı olub

 

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olunub ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiy­yətlə yerinə yetirilib.
Sonra dövlət başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Müəllim və şagirdləri qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edən dövlət başçısı yeni məktəbin açılışını gözəl hadisə adlandırıb. Qeyd edib ki, sakinlərin xahişi ilə qısa müddət ərzində tikilən 960 şagird yerlik məktəbdə oxumaq, işləmək üçün bütün şərait yaradılıb. “Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir”- deyən dövlət başçısı ehtiyac olan hər yerdə məktəb tikintisi aparıldığını bildirib.
Ölkə başçısı qeyd edib ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub: “Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziy­yətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da, ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək”. Prezident onu da diqqətə çatdırıb ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.
Belə gözəl şəraiti olan məktəbdə uşaqlara yaxşı oxumağı tövsiyə edən dövlət başçısı bu şəraitin təhsilin keyfiyyətinin yüksəlməsinə də mühüm təsir göstərdiyini vurğulayıb. Bildirib ki, məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayının və müəllim peşəsinin hörmətinin artdığını çıxışında xüsusi qeyd edən Prezident bunun çox sevindirici hal olduğunu deyib.
Qəbul imtahanlarında 500-dən çox bal top­layan daha çox abituriyentin müəllimlik ixtisaslarını seçməsini diqqətə çatdıran dövlət başçısı deyib: “Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriy­yətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir”.
Müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacağını bildirən ölkə başçısı təhsil sahəsində aparılan köklü islahatların səmərə verdiyini, təhsilin keyfiyyətinin artdığını deyib və bu uğurlu prosesin bundan sonra da davam etdiriləcəyini bildirib.
Bu gün dünyada savad, bilik və texnologiyaların hər şeyi həll etdiyini diqqətə çatdıran Prezident bu baxımdan Azərbaycanda ümumi savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu da çox gözəl göstərici kimi dəyərləndirib. Bildirib ki, ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə də ölkəmizdə müasir texnologiyalara çox böyük dəs­tək verilir, bu, dövlət siyasətidir. “İn­formasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz”-deyən dövlət başçısının sözlərinə görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. “Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar.”
Prezident çıxışında bu gün ölkəmizin dünyadakı roluna, əhəmiyyətinə də toxunub, bunların artdığını deyib. Bildirib ki, bölgədə Azərbay­canın iştirakı olmadan heç bir layihə icra edilə bilməz: “...bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”.
Valideyn Hacıbala Babayev yeni məktəb binasının inşasına görə Prezidentə minnətdarlığını bildirib. Dövlət başçısı müəllimlərlə söhbət edib.
Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.
Diqqətə çatdırılıb ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Məktəbdə birinci sinif şa­girdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin praktik biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.
Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadrat­metr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.
   Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var.


Tarix: 2-10-2018, 11:11

Xəbəri paylaş