Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Səyahətnamələrdə maarifçiliyin təbliği


Baba Babayev,
filologiya elmləri doktoru,
AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi


XIX əsrin sonlarından başlayaraq ənənəvi elmi-pedaqoji traktat, səyahətnamə, fantastik, alleqorik janrlarda irihəcmli bədii nəsr nümunələri də yaranırdı. «Həyat məsələləri» kimi əsəri gah bədii, gah da elmi əsər kimi qiymətləndirirdilər. Bu cür əsərlər tam bədii roman olmasa da, roman janrının yaranması yollarında ideya və yaradıcılıq axtarışları idi. Ədəbiyyatda forma və məzmun axtarışı həyatın özündən doğurdu. Birdən-birə yeni forma yaratmaq o qədər də asan məsələ deyildi. Azərbaycan yazıçıları bədii nəsr sahəsindəki yaradıcılıq axtarışlarında ənənəvi janr formalarından, Avropa və rus ədəbiyyatından faydalanırdılar. Dünya ədəbiyyatında «Sindibadın səyahəti», «İsfahanlı Hacıbabanın macəraları», «Fırtınaya düşmüş Səlimin həyat və macəraları», «Səksən gün dünyaya səyahət» və s. kimi səyahətnamə və macəra əsərləri məlum idi. Burada fırtına, tufan, gəmi fəlakətli qərib ölkələrə səyahəti fantastik şəkildə təsvir olunurdu. Monteskiyenin «İran məktubları», Volterin «Şərq povestləri», Sternin «Sentimental səyahət», C.Sviftin «Qulliverin səyahəti», Reyxlin və Ulrix fon Quttenin «Avam adamların məktubları», Karamzinin «Rus səyyahının məktubları», Radişşevin «Peterburqdan Moskvaya səyahət», A.S.Puşkinin «Ərzuruma səyahət» belə əsərlərdir. Bəzən Radişşevi «Avropa ədəbi formasını və Stern sentimental üsulunu mexaniki surətdə rus ədəbiyyatına gətirmişdir»,- deyə təqsirləndirirlər. Halbuki Radişşev bu formanı və üslubu ədəbiyyata heç də mexaniki surətdə yox, bilə-bilə gətirmişdi. Çünki bu, əvvəl Şərq, sonra Avropa ədəbiyyatında ənənəvi bir janra çevrilmiş, bütün ölkələrə yayılmışdı.
Ənənəvi səyahətnamə, sərgüzəşt, məktub, alleqorik və fantastik janrlar Azərbaycan ədəbiyyatında da get-gedə təkmilləşirdi. Q.Təbrizinin məktubları, Xaqaninin «Töhfətül – İraqeyn», Nizaminin «İsgəndərnamə», Füzulinin «Bəngü-badə», «Nişançı paşaya məktub» ənənəvi mənzum və mənsur formada yazılmış əsərlərdir. Bunlarda alleqoriya da vardır. Bu janrların bəzisindən xalq ədəbiyyatında geniş şəkildə istifadə olunurdu. «Şahzadənin səyahəti», «Koroğlunun Bağdad səfəri», «Koroğlunun Rum səfəri», «Aşıq Alının Osmanlıya səfəri», «H.Bozalqanlının Tiflis səfəri» kimi nağıl və dastanlar ənənəvi səyahətnamə təsiri ilə yaranmış, forma və məzmunca daha sadələşmiş, xalq təfəkkürünə yaxınlaşmışdı.
XIX əsrdən janrlar maarifçiliyin inkişafı ilə Azərbaycanda forma və məzmunca realist istiqamət aldı. İlk dəfə sənədli nəsrdə özünü göstərdi. M.Əfşarın «Peterburqa səyahət» (1829), İ.Qutqaşınlının «Səfərnamə» (1852), M.F.Axundovun «Kəmalüddövlə məktubları» (1865) kimi yeni tipli əsərlər bədii nəsrə yeni ideya və mövzu gətirdi. Həm də «Kəmalüddövlə məktubları» satirik traktat – məktub janrının yeni və orijinal nümunəsi idi.
Səyahətnamə və fantastik xarakterli nəsr əsərləri Cənubi Azərbaycan ədəbiyyatında da təşəkkül tapıb formalaşmağa başladı.
Azərbaycan klassik nəsrində satiradan, onun doğurduğu gülüşdən danışarkən Cənubi Azərbaycan nəsrinin üzərindən sükutla keçmək böyük qəbahət olardı. XIX əsrin bədii nəsrinin qələm sahiblərindən söhbət açarkən Abasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşenlinin, Mirzə Fətəli Axundovun adları ehtiramla çəkilir, tədqiq olunur. Lakin başqa ədəbiyyatşünaslarımız kimi biz də Xaqani Şirvaninin «Töhfətül-İraqeyn» poemasının qısa, diqqəti çəkən dibaçəsini, qəzəlin pey­ğəmbəri M.Füzulinin «Leyli və Məcnun»a yazdığı dibaçəni, «Şikayətnaməni», «Rindü-Zahid»i, «Səhhət və Mərəzi», «Qazi Əlaiddinə», «Əhməl bəyə», Bəyazid Çələbiyə yazdığı məktubları, Məhəmmədin «Şəhriyar» dastanını da Azərbaycan nəsrinin nümunələri sayırıq. Bu əsərlər haqqında zaman-zaman, müxtəlif dövrlərdə bir-birindən fərqli fikirlər söylənilmişdir. Yuxarıda adlarını çəkdiyimiz nümunələr sırasına tədqiqatçı-alim Nazim Rizvan bir əsərin də adını əlavə etmişdir. O, Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-1920-ci illər), monoqrafiyasında göstərir ki, «Son zamanlar Londonun «Britaniya muzeyi» kitabxanasında tapılan XII əsr şair və yazıçısı ustad Əbu Bəkrin «Munisnamə» adlı romanı isə xalqımızın ədəbiyyat tarixində nə qədər xəzinələrin gizli qalmasından, ədəbi hadisə ola biləcək neçə-neçə əsərin hələ də tapılmamasından və bədii nəsrimizin köklərinin uzaq yüzilliklərdən su içməsindən xəbər verir» (Nazim Rizvan «Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi» (1850-1920-ci illər), Bakı – 2005, Səda nəşriyyatı, səh. 134).
XIX əsrin sonu, XX əsrin əvvəllərində bədii nəsrin inkişafına çalışan yazıçıların çoxu Avropa və rus elmini, mədəniyyətini yaxşı mənimsəmiş, hazırlıqlı qələm sahibləri idi. Bizcə, XIX əsrin II yarısı və XX əsrin əvvəllərinə aid Cənubi Azərbaycan nəsri də günümüzə qədər bizə çatan və çatmayan həmin klassik nəsrin, ənənələri üzərində formalaşmışdır. Filologiya elmləri doktoru V.Əhməd yazır: «…Quzey Azərbaycanında yaşayıb yaratmış Xətib Təbrizi, Qətran Təbrizi, Arif Ərdəbili, Əssar Təbrizi, Zeynalabdin Marağalı, Əvhədi, Qövsi Təbrizi, M.Ə.Möcüz kimi sənətkarların ədəbi-bədii irsi geniş tədqiqata və araşdırmalara layiq olan tükənməz bir xəzinədir». (Vüqar Əhməd. Mir Cəlal Pişəvərinin həyatı, mühiti və yaradıcılığı (doktorluq dissertasiyası). B.2003, səh.3. (234). Hacı Mirzə Əbdülrəhim Əbutalib oğlu Təbrizi, Hacı Zeynalabdin Marağalı, Məmmədəli Manafzadə Sabit kimi yazıçıların qələmindən çıxmış yeni ruhlu klassik ədəbiyyat nümunələri o zaman geniş yayılmışdı.
Ə.Talıbov və Z.Marağalı Cənubi Azərbaycandan Qafqaza gəlmiş, Avropa ölkələrində, Rusiyada olmuş, dünya mədəniy­yətindən yaxından hali olan şəxslər olmuşlar. Onların nəsr əsərlərində İranın, xüsusən də Cənubi Azərbaycanın siyasi-iqtisadi, mədəni-mənəvi, tarixi vəziyyəti, xalqın istək, arzuları və mübarizəsi, bəşəriyyətdə gedən dinamik dəyişikliklər – elmin, texnikanın inkişaf, ziyalıların maarifçilik ideyaları, despotizmin ifşası, dinə münasibət, qadın azadlığı, əlifba islahatı ideyası və b. problemlər öz bədii əksini tapmışdır. Onların əsərlərində bütövlükdə dövrün ümdə prob­lemləri önə çəkilirdi. Əsərlərdə işlənən işarələr, eyhamlar, kinayələr, tez-tez qarğış olunan rəmzi fələk, dövran və s. artıq kənara qoyulur, inkişafa, intibaha çağırış, elm, maarif, gələcək arzuları onların nəsr əsərlərində canlı şəkildə öz əksini tapırdı.
Cənubi Azərbaycan ədəbiy­yatında romanın banisi sayılan Cənubi Azərbaycanın gələcək taleyini, siyasi həyatını müəyyənləşdirməkdə Ə.Talıbovun «Kitab yüklü eşşək», 3 cildlik «Talibinin gəmisi, yaxud Əhmədin kitabı», 3 cildlik «İbrahim bəyin səyahətnaməsi» romanları böyük rol oynamışdır. Bu romanların quruluşu, kompozisiyası, leytmotivi, mənfi ilə müsbətin, qara ilə ağın, mərd ilə namərdin kəskin müqayisəli əksi mülahizələrimizi təsdiq edən arqumentlərdir.
Hər iki yazıçı haqqında rus alimlərinin birtərəfli fikirləri bu gün də davam edir. Akademik Kamal Talıbzadə «Ədəbi tənqid: yekunlar, mülahizələr» məqaləsində yazır: «Sovet alimlərinin tədqiqatlarında bir çox Azərbaycan yazıçı və ədəbiyyatşünaslarının fars ədəbiyyatına aid edilməsi hallarına yenə rast gəlirik və bu meylə qarşı bizim əks elmi təbliğatımız hələ çox zəifdir. Ədəbiyyatşünas D.S.Komissarovun «Müasir İran ədəbiyyatşünaslığı haqqında» (1980) kitabçasında M.F.Axundov məktəbinin məşhur azərbaycanlı nümayəndələri Zeynalabdin Marağalı və Mirzə Əbdülrəhim Talıbov fars yazıçısı və alimi kimi təqdim olunurlar». (Ədəbi-tənqid, tərtib edəni və redaktoru akademik Kamal Talıbzadə), Bakı – 1984, Yazıçı nəşriyyatı, səh. 37 (166).
Mirzə Əbdülrəhim Talıbov (1834-1911) XIX əsrin sonu, XX əsrin əvvəlində İranda və Cənubi Azərbaycanda M.F.Axundov ədəbi məktəbi təsiri altında yazıb-yaradan filosof yazıçılardan olmuşdur. Təbriz, Tiflis, Xasav­yurd, Dağıstanın mərkəzi Teymurxanşura və Xarkovda yaşamışdır. Rus dilini bilməsi sayəsində klassik rus ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olmuşdu. «M.Ə.Talıbovun əsas əsərləri üç- cildlik «Kitabi-Əhməd» («Əhmədin kitabı») adlı elmi-pedaqoji romandan ibarətdir. Azərbaycan və dünya ədəbiyyatşünaslığında (şərqşünaslıqda) M.Ə.Talıbovun əsərlərinin janrı haqqında bir-birinə zidd müxtəlif fikirlər söylənilmişdir. Tədqiqatçılardan heç biri bu nümunələrdən sırf bədii əsər kimi danışmamışlar. M.Ə.Talıbovdan monoqrafiya yazan M.Mənafi «Kitabi–Əhməd» əsərini «elmi-pedaqoji roman» kimi tədqiq etmişdir. Ədəbiyyatşünas A.Məmmədov isə «Nəsrin poetikası» kitabında M.Ə.Talıbovun əksər əsərləri məhz yaxşı publisis­tika nümunələridir, – deyir.
Halbuki, «Kitab yüklü eşşək» romanı maraqlı süjet əsasında qurulmuşdur. Maarifçilik ideyalarını təbliğ edən, əxlaqi, idraki və tərbiyəvi əhəmiyyəti olan əsərdə öyüd-nəsihət motivləri güclüdür. Bu əsər M.Mənafinin tərcüməsində «Eşşəyə kitab yüklənmişdir» (1888) başlığı ilə verilmişdir. Bizcə, «Kitab yüklü eşşək» sərlövhəsi daha məqsədəmüvafiqdir. Əsər bir müddət söz-söhbətə səbəb olmuşdu ki, o Apuleyin «Qızıl eşşək», fransız yazıçısı Kontes de Sequrun bir hekayəsinin və ya Avropa yazıçılarından birinin əsərinin tərcüməsi hesab edilmişdir. M.Mənafi sübut etməyə çalışıb ki, bu əsər Ə.Talıbovun orijinal romanıdır. (Mənafi M.Mirzə Əbdürrəhman Talıbov, Bakı-1978, səh 76). Həqiqətən də «Qızıl eşşək» əsəri ilə «Kitab yüklü eşşək» arasında müəyyən yaxınlıq hiss olunur. Bütün bunlar, əsasən, əhvalatın eşşəyin dili ilə verilməsində, eşşəyin rəmzi şəkildə işlədilməsində, mövcud cəmiyyətin yaramazlıqlarını, haqsızlığı, zülm və istibdadı tənqid üsulunda təqdimində özünü biruzə verir.
Ə.Talıbovun digər əsəri «Talibinin gəmisi» və ya «Əhmədin kitabı» romanı yazıçının illərlə müxtəlif dillərdə oxuyub öyrəndiyi, səyahətlərdə gördüyü alimlərdən, filosoflardan eşitdiyi elmi biliklərin əsasında qələmə alınmışdır.
Üç cilddən ibarət bu əsər bəzən qəhrəmanın adı ilə «Talibinin gəmisi»nin I cildi 1894-cü ildə, II cildi 1895-ci ildə İstambulda, «Həyat məsələləri» adlı III cildi isə 1906-cı ildə Tiflisdə nəşr edilmişdir (Bu faktlar prof. Ə.Saraclının «Azərbaycan bədii nəsri» (1983) monoqrafiyasından götürül­müş­dür). Burada Avropa roman janrının xüsusiyyətləri ilə Şərq ənənəsi təmaslı şəkildə özünü gös­tərir. Şərq ənənəsi onun fantas­tik, romantik cizgilərində, əxlaqi-didaktik epizod və hekayətlərində, Avropa üslubu isə bütövlükdə onun janr quruluşundadır. Burada məşhur fransız yazıçısı J.J.Russonun «Emil» əsərinin təsiri də duyulur. Zaman, məkan fərqi budur ki, Emil XVIII əsr Avropasının, Əhməd isə XIX əsr Şərqinin oğludur. Əhməd Emilin təcrübəsindən öyrənir. O, bir növ Ə.Talıbovun özünün tərbiyə və həyat, elm və mədəniyyət, dövlət və cəmiyyət haqqındakı fikirlərinin ifadəçisinə çevrilir. Əsərdə mükalimə və dialoq, müşahidə və təcrübələr haqqında söhbətlər bir-birini əvəz edir. Buradakı maraqlı epizod və hekayətlər, ibrətamiz parçalar ayrıca uşaq hekayələri təsiri bağışlayır. Əsər elmi biliklər toplusudur. Sətirlər, səhifələr bir-birini əvəz etdikcə insanın maraq dairəsi, təşnəliklə oxumaq istəyi güclənir, kitabın sehrindən çıxa bilmirsən. Romanda kainatı təşkil edən 4 ünsür, onların yaranma mərhələləri, müxtəlif iqlim qurşaqlarında yetişən qəribə ağaclar, heyvanat növləri, həşəratlar, bioloji hadisələr, makro və mikro mühit, fəza cisimləri, elementin xassələri, Misir ehramları, mumiyə, ilk coğrafi xəritənin kəşfi, xəstəliklərin təsnifatı, onları müalicə edən həkimlərin, həmçinin məşhur fiziklərin, kimyaçıların, qəhrəmanların, peyğəmbərlərin, hökmdarların həyatı, dinlər, dövlətlər, parlamentlər, ictimai-tarixi hadisələr barədə bilgilər və s. informasiyalar haqqında bədii şəkildə bilgilər verilir. Romanda yeddi yaşlı oğlunun sualları ata tərəfindən səbr-təmkinlə, məntiqi ardıcıllıqla, uşaq yaddaşının dərk edəcəyi səviy­yədə cavablandırılır. Roman maraqlı süjet xətti üzərində qurulmuş bədii nəsr nümunəsidir. Ə.Talıbov elmi məlumatları bilərəkdən xəbər şəklindən çıxarıb, bədii vasitələrlə – məzəli, əyləncəli hadisələrlə, tarixi ekskursiyalarla, diqqəti çəkən məftunedici təbiət lövhələri və obrazlı ifadələrlə qarşılıqlı şəkildə təqdim edir. Oxucu burada zəngin bilik öyrənməklə yanaşı, həm də bir nəsr əsərinin cazibə dairəsinə düşür. Romanda oğul ilə ata arasında dialoqlar davam etdikcə müzakirə hədəfinə çevrilmiş məsələlər də şaxələnərək sadələşir, elmilikdən daha çox bədii səciyyə daşıyır.
Yazıçı, xarici ölkələrdəki hər hansı mütərəqqi prosesdən–əhali artımından, sağlamlıqdan, sənayenin, tikintinin inkişafından, mədəniyyətindən, elmin qüdrətindən danışdıqca, həm uşaqların sualları, həm də oxucu təfəkküründə yaranan əks-səda Cənubi Azərbay­canın ağır, dözülməz halını göz önündə canlandırır. İstər Z.Marağalı, istərsə də M.Ə.Talıbov öz əsərlərində vətənlərinin dərs bəlasını problem kimi tam kəskinliyi ilə qoyurlar. Əsasən də M.Ə.Talıbov parlamentli, demokratik quruluşlu Qərb dövlətlərinin tərəqqisi önündə şah istibdadının və irticası dairələrin uçuruma sürüklədiyi Azərbaycanın, İranın geriliyini tam çılpaqlığı ilə nümayiş etdirir. Əsərdə müəllifin fikirlərindən gəldiyimiz qənaət belədir ki, İranın, Azərbaycanın geriliyi, cəhalətdə qalması məktəblərin olmaması, təhsildən, maarifdən xəbərsiz qalmaları ilə əlaqədardır. Əsərdə yaltaqlıq, qorxaqlıq, ikiüzlülük, fərarilik kimi mənfi, insan xarakterinə yad olan xüsusiyyətlər tənqid olunur. «Talibinin gəmisi» romanında ata 7 yaşlı oğlunu «əlifbanın çətinliyi və təlimin vəziyyətinin nizamsızlığı üzündən hələ üç il də məktəbə qoymayacağını bildirir». Elmin, təhsilin, maarifin geriliyini M.F.Axundov ərəb əlif-basının qüsurlarında gördüyü kimi «Xeyirxahların məsləki» romanında M.Ə.Talıbov qəhrəmanı mühəndis Mirzə Möhsün xanın dili ilə bu əlifbanı «Zülmət və cəhalət bəlası», Z.Marağalı «İbrahimbəyin səyahətnaməsi»ndə Yusif əminin dili ilə «çox çətin və mənasız» kimi qələmə verir. M.Ə.Talıbovun «Xeyirxahların məsləki» romanı beş nəfər savadlı, düşüncəli, dünyanın gərdişindən baş çıxaran elmi ekspedisiya üzvlərinin səyahətindən, görüşlərindən, söhbətlərindən, və düşüncələrindən bəhs edən maraqlı, ibrətamiz bir əsərdir. Burada İrandakı feodal özbaşınalığının, zülm və hüquqsuzluğun ifşası bədii həllini tapmışdır. İstibdad girdabında çabalayan, kəndlilərin həyat tərzi–bütün Azərbaycan xalqının çəkdiyi zülmlü günlər, tədqiqatçı alim Ə.Saraclı demişkən, bu «yarımfantastik» əsərdə ürək ağrısı ilə söylənilir. Bunlar elə qlobal məsə­lələrdir ki, onları islah etmək üçün yalnız quruluşu devirmək gərəkdir. Kəndli tacirin gileylənərək hakimin, fərraşbaşının, valinin onların başına açdıqları ağılasığmaz oyunları–mal-qaralarını, torpaqlarını, cehizlik xalça-palazlarını min bir bəhanə gətirərək əlindən almaları əsərin təsirli səhifələridir. Yazıçı qanunsuzluq məngənəsində əzilən cəmiyyəti tendensiyasız, ideoloji müdaxiləsiz göstərdiyi üçün hər şey öz yerində, öz rəngində görünür.
Z.Marağalının “İbrahimbəyin səyahətnaməsi” ədəbiyyat tarixində bir çox xüsusiyyətləri ilə seçilir. İstər rus şərqşünasları, istərsə də Azərbaycan yazıçıları və alimləri həmin dövrdən söhbət açarkən «İbrahim-bəyin səyahətnaməsi»əsərinin ideya-bədii xüsusiyyətlərindən də bəhs etmişlər. Əsəri səyahətnamə janrının ən yaxşı nümunələrindən biri kimi qiymətləndirmişlər. M.F.Axundovun «Aldanmış kəvakib» povestindən sonra Ə.Talıbovun «Xeyirxahlar yolu» romanı (bəzi mənbələrdə “Xeyirxahların məsləki”) «Aldanmış kəvakib»ə nisbətən daha aktual problemlər qoymaqla, elmin son nailiyyətlərinə də əsaslanırdı. Tədqiqatçı alim, professor, Əflatun Saraclı əsəri “yarımfantastik roman” kimi qiymətləndirməkdə, bizcə haqlıdır. F.Köçərli vaxtında «Xeyirxahlar yolu» romanının qiymətini vermişdir. «Məişətimizin ən zəruri işlərini göstərdiyi üçün Azərbaycan oxucularını əsəri oxumaga çağırmışdır».
Z.Marağalı bu ənənəni öz yazıçı üslubuna müvafiq olaraq pub­lisistik ruhla, bədii boyalarla rövnəqləndirdi, dövrün ümdə prob­lemlərinə yönəltdi. Müqayisələr göstərir ki, Z.Marağalının sözü­gedən romanı Ə.Talıbovun əsərlərindən mükəmməldir. Janr baxımından romana daha çox yaxındır.
«İbrahimbəyin səyahətnaməsi»ndə aydın olur ki, gənc bir azərbaycanlı tacir oğlu bütün varlığı, vücudu ilə xalqına bağlı, torpağını, vətənini sevən şəxsdir. Müəllif M.Axundov ənənələri ilə yetişib formalaşaraq, bir sıra prob­lemlərin həllinə münasibətdə, inqilabçı demokratlarla razılaşırdı. Z.Marağalı da Azərbaycanda və İranda olan ciddi haqsızlılara qarşı mübarizə aparırdı. Şərqşünas alim Y.E.Bertels əsər haqqında müasirlərindən fərqli olaraq daha yüksək fikirdə olmuş və demişdir: «Bu əsərin bütün müasir ədəbiyyata təsiri çox böyükdür. Bu fars dilində Avropa tipli ilk orijinal romandır» (Berteles E.Y. Oçerki istorii persidskoy literaturı, L – 1928).
XX əsrin ortalarında (1963) romanın keçmiş SSRİ Elmlər Akademiyasının nəşriyyatı tərəfindən buraxılan birinci cildinə yazdığı ön sözdə A.M.Şoytov səyahətnaməni “XX əsrin son rübündə İran varlıgının bir növ ensiklopediyası” (Şoytov A.M. Zain-al-abdin Lexraqai i eqo roman «Dnevnik puteşestvie İbraqimbeka», M-L – 1963) adlandırırdı. Əsərin məzmunu ilə tanış olan oxucu Şoytovun fikirlərinin nə qədər dürüst deyildiyini təsdiq etmiş olar. Etiraf edək ki, səyahətnamənin ilk nəşrindən sonra Azərbaycan tədqiqatçılarının, yazıçılarının nəzər diqqətini cəlb etmiş əsər haqqında müsbət fikirlər söylənilmiş, hətta ondan qədərincə faydalanmışlar. 1911-ci ildə Azərbaycan dilinə tərcümə olunan (Kərbalayi Vəli Mikayılov) əsər sonralar rus, fransız, ingilis dillərinə də çevrilmişdir. C.Məmmədquluzadə başda olmaqla bütün mollanəsrəddinçilər əsəri təqdir etmiş və satirik yaradıcılıqlarında ondan istifadə etmişlər. F.Köçərlidən sonra ədəbiyyatşünas alimlərimizdən M.Cəfər, M.Cəlal, H.Məmmədzadə, M.Mənafi, Ə.Saraclı, N.Rizvan və başqaları roman haqqında maraqlı mülahizələr söyləmiş və rus alimlərinin dediklərini bir daha təsdiq etmişlər. Cəlil Məmmədquluzadə “Həmşəri” adlı satirik əsərində üzünü Qafqaz şəhərlərində işləyən iranlılara tutaraq acı-acı, kinayəli, həm də ironiya ilə belə deyir: “Elə ki, bir-birinizin əlindən yapışdınız, o vədə söz yox ki, yenə mənə kagız yazıb soruşacaqsınız ki, “indi bəs neyləyək?” və o vədə mən sizə bu sözləri yazacağam: “Mən sizə yazacagam ki, ... Arazı hoppanıb keçin tar-mar vətəninizə və “İbrahimbəyin səyahətnaməsi”ni oxuyun, oxuyun, oxuyun!”. Professor Əflatun Saraclı yazır: “...Odur ki, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Q.Şərifov, Ö.Faiq, Salman Mümtaz, və başqa mollanəsrəddinçilər bu formada “Mozalan bəyin səyahətnaməsi” kimi bədii publisist əsərlər yazmağı qət edirlər. Ə.Haqverdiyev “Mozalanbəyin səyahətnaməsi”nin yaranması haqqında yazır: “Bir dəfə cəm olub, “İbrahimbəyin səyahətnaməsi”n­dən söhbət edirdik. Burada “Molla Nəsrəddin” dost­larından Faiq Nemanzadə, S.Mumtaz, Qurbanəli Şərifzadə var idi... Mən dedim:
- Nə olardı, bu kitaba nəzirə bir ... səyahətnaməyi - Molla Nəsrəddin” də olaydı... Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi:
- Gəlin biz “Mozalanı” gəzdirək. Ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək...” (Məmmədov Ə.Y.Azərbaycan bədii nəsri. Bakı – 1983. səh. 26-27 (185).
Tədqiqatlardan məlumdur ki, “İbrahimbəyin səyahətnaməsi” Z.Marağalının yeganə bədii irsidir və bununla o, İran və Azərbaycan ədəbiyyatında ictimai-siyasi, tənqidi romanın bünövrəsini qoymuşdur. Əsər üç bölümdə əhatə edilib. İlk bölümdə öz vətəninin xaricində – Qahirədə yaşayan qəhrəmanın İrana səfəri, şəhər və kəndləri gəzməsi, hər işlə maraq­lanması – dövlət idarələrinə getməsi, gördüyü nöqsanların tənqidi, ikinci bölümdə qəhrəmanın səfərdən qayıtması, Məhbubə adlı gözəl bir qıza olan nakam məhəbbəti, xəstələnməsi və ölməsi, sonuncu bölümdə isə Yusif Əminin öz şagirdinin işini davam etdir-məsi, cənnət və cəhənnəmə səyahəti təsvir olunur. İbrahimbəydə vətən sevgisi çox güclüdür. Harada olmasından, yaşamasından asılı olmayaraq qəlbi İran həsrəti, İran eşqi ilə çırpınır. Maraqlı bir məqama diqqət yetirsək dediklərimizi təsdiq etmiş olarıq. İbrahimbəyin naxoşluğunu yoxlayan həkim onun nəbzini yoxlayır; İran adı çəkiləndə nəbzi bərk vurur; həkim bu nəticəyə gəlir ki, onun məşuqəsi İran ölkəsidir, getdi gördü, qəmə və qüssəyə düçar oldu. Ümumiyyətlə, İbrahimbəyin vətəninə olan dərin və odlu məhəbbəti romanın əsas cövhərini, ruhunu təşkil edir. Bu onun çıxışlarında, doğma torpağının acınacaqlı vəziyyətinin təsvirində, ədalətsiz hakimlərin ifşa və tənqidində özünü parlaqlığı ilə büruzə verir. Romanın qəhrəmanı İrana səyahətinin məqsədini izah edərkən deyir: «Biz İranı canımızdan artıq istəyirik, bura bizim vətənimiz olub, onun ab-havası ilə babalarımız pərvəriş tapıb, bizim əzizlərimiz orada dəfn olunmuşdur. Misirdə sakin zaman İranın intizamsızlığı, Vətən övladının cəhaləti, hakimlərin qəflət və xəyanəti, füqəraya zülm etdikləri haqqında bir çox sözlər eşidirdim. O qədər vətənə aşiq idim ki, yuxarıda saydığım eyibləri vətən haqqında iftira və böhtan bilib inanmaq istəmirdim. Axırda qərar qoydum ki, İrana gəlib vətəni gözüm ilə görüm. Səbirsiz İrana səyahət etmək məqsədilə hərəkət edib, İrana varid oldum, lakin təəssüflər olsun ki, bədbəxtlik əlaməti olaraq İranın sərhəddindən Tehrana kimi hər tərəfə nəzər salıb baxdıqda müddəilərin söylədiklərini bütün-bütünə, bəlkə ziyadəsilə təsdiq etməyə məcbur oluram». (M.Zeynalabdin «Səyahətnameyi – İbrahimbəy», Bakı – 1911, səh. 155-156).
Görkəmli ədəbiyyat tədqiqatçısı F.Qasımzadə yazır: «Mövzusu İran məişətindən götürülən və realist planda yazılan «Səyahətnameyi-İbrahimbəy» romanı Nəsrəddin şah hökumətinə, onun rüşvətxor, zalım hakimlərinə qarşı çevrilmiş siyasi bir pamfletdir. Əsər əvvəldən axıra qədər ifşaçı bir pafosla yazılmışdır». (Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı – 1974, səh. 372 (488).
Sözün həqiqi mənasında əsər öz məzmunu, ideyası, bədii quruluşu və üslüb xüsusiyyətlərinə görə Mirzə Fətəli Axundovun «Kəmalüddövlə məktubları» fəlsəfi traktatına da yaxındır. Onunla səsləşən məqamlara kifayət qədər rast gəlinir, oxşar cəhətləri isə danmaq olmaz. Amma fərqli cəhətlər də diqqətdən yayınmır. Bu fərq birincidə həyatın satirik tənqidində, ikincidə isə onun bədii aspektindədir. Şərq zülmü əleyhinə mübarizə hər iki əsərin leytmotivini təşkil edir və hər iki əsərin mövzusu və süjeti İran həyatından alındığı kimi təbii ki, əsas tənqid hədəfləri də İranın məşrutədən qabaqkı siyasi, ictimai eyibləri, çatışmazlıqlarıdır. Nəsrəddin şahın ədalətsizlikləri hər iki cilddə öz təcəssümünü tapmışdır. Burada Nəsrəddin şahin ədalətsiz hökm və qanunları, cahil və ləyaqətsiz vəzirləri, rüşvətxor, bürokrat hakim və məmurları kəskin ifşa olunmuşdur. Bütün bu oxşar cəhətlərə baxmayaraq M.Axundov öz əsərində islam dininə sarsıdıcı zərbə vurduğu halda, Z.Marağalı dinə əhəmiyyət verir və İrandakı ictimai bəlaların bir səbəbini də dini qaydalara əməl edilməməsində görürdü. Cənubi Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından olan, filoligiya elmləri namizədi Nazim Rizvan yazır: «…vaxtilə Xaqani Şirvani Məkkəyə səfərindən aldığı təəssüratı «Töhfətül-İraqeyn» adlı mənzum səyahətnaməsində, Hacı Zeynalabdin Şirvani gəzdiyi öl-kələrin ictimai-iqtisadi-mədəni şəraitini, görüşlərdən aldığı təəssüratları, həmçinin psixoloji-fəlsəfi düşüncələrini «Riyazüs-səyahə», «Hidayəqüs-səyahə», «Bustanuüs-səyahə» və başqa əsərlərində vermişdir. Zeynalabdin Marağalının daha qüvvətli ictimai məzmuna malik olan «İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bəlası» romanı başdan-başa vətənpərvərlik duyğularından yoğrulmuş Cənubi Azərbaycan və İranın təbii mənəvi mənzərəsini yaratmış qiymətli bir əsərdir». (Nazim Rizvan Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-1920-ci illər), Bakı – 2005, səh. 147 (240).
  Hər halda Cənubi Azərbaycan ədəbiyyatında, əsasən də nəsrində yaranan nümunələr yuxarıda qeyd etdiyimiz kimi rus, Avropa şərqşünaslarının diqqətindən yayınmamış, ayrı-ayrı vaxtlarda bu dövr ədəbiyyatının məlum nəsri barədə fikirlərini söyləmişlər. Professor Həmid Məmmədzadə yazır: «...Mirzə Əbdülrəhim Talıbov sözün həqiqi mənasında bütün həyatını Azərbaycan və İran xalqlarının savadlanmasına, intibahına və hər cür zülmdən azad olunmasına həsr etmişdir. Onun fars dilli realist nəsrinin inkişafındakı xidməti, eləcə də XIX əsrin axırları və XX əsrin əvvəllərində İranda demokratik ideyaların təbliği sahəsindəki səyləri olduqca əhəmiyyətli idi».  (Məmmədzadə H. Mirzə Fətəli Axundov və Şərq, Bakı – «Elm», 1971, səh.244 (368).


Tarix: 13-10-2017, 13:13

Xəbəri paylaş