Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təlim-tərbiyə və məktəbdə Valideyn-Müəllim Assosiasiyalarının rolu


 






 
















Muradova Zəhra Bilal qızı, 
p.ü.e.dok, ARTİ-nin aparıcı elmi işçisi.   
zahra.muradova@hotmail.com
https://orcid.org/ 0000-0002-1779-0980

                         
  



























 



Şahmuradova Gülnarə Vilayət qızı
ARTİ-nin elmi işçisi
 gulnara.shahmuradova@mail.ru
ORCID 0000-0003-1997-0317


Yenilənən, qloballaşan, intellekt, texnologiya əsri yeni nəslin intellektual, çevik təfəkkür və təxəyyülə malik, sivil, milli və ümumbəşəri dəyərlər çərçivəsində yetişməsini tələb edir. Bu vəzifə isə daha çox təlim-tərbiyə və təhsil ocaqlarının üzərinə düşür. Lakin bir həqiqət də var ki, məktəb təkbaşına uğur qazana bilməz. Bu işdə valideyn və ümumilikdə, cəmiyyət məktəbə daha çox dəstək olmalı, onunla əlbir işləməlidir. Valideynlər təhsilin, tərbiyənin və təlimin əsas tərəflərindən biridir.  Məhz bu səbəbdəndir ki, valideyn və müəllimlərin qarşılıqlı əməkdaşlığına dəstək olacaq “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi Azәrbaycan Respublikası Tәhsil Nazirliyi, UNİCEF vә «Ümidli Gәlәcәk» Gәnclәr Tәşkilatının birgә әmәkdaşlığı ilә 2003-cü ildə yaradılmış və 5 pilot mәktәbindә (Bakıda Bakı Avropa Liseyi, Quba şәhәr 2 nömrəli, Şәki şәhәr 10 nömrəli, Qәbәlә rayonu Vәndam kәnd vә Masallı rayonu Köhnә Alvadı orta mәktәbləri) fəaliyyətə başlamışdır.
Məktəblərdə valideyn yığıncaqları təşkil olunur. Valideyn-tədris yığıncaqlarında müəllimlər valideynlərə məktəbin təhsil siyasətini izah edir, valideynlər isə  rəhbərlərə, qəyyumlara və müəllimlərə öz arzularını bildirirlər. Müəllimlərlə birlikdə sinifdəki problemləri, məktəb təhsil problemlərini müzakirə edirlər. Valideyn-müəllim görüşlərinin təşkili ilə müəllimlər və valideynlər arasında qarşılıqlı anlaşma, dostluq, yardımlaşma kimi keyfiyyətlər də təşviq edilə bilər.
“Valideyn-Müəllim Assosiasiyası”nın nümayəndələri məktəbdaxili məsələlərə, problemlərə deyil, eyni zamanda təhsil müəssisəsinin yaxınlığındakı təhlükəli ərazilərə də baxış keçirirlər. Mövcud olan təhlükələr haqqında və təhlükəli ərazilər barədə hüquq-mühafizə orqanaları əməkdaşlarına məlumat verirlər. Həmçinin, hər bir şagirdin ailəsinə verilməsi məqsədi ilə təhlükəli zona xəritəsi hazırlayırlar.

“Valideyn-Müəllim Assosiasiyası”nın iş funksiyasına aşağıdakılar daxildir:
 
- Əlverişli yerli təhsil mühitinin saxlanılması və təhsil tədbirlərinin keçirilməsi üçün valideynlərlə əməkdaşlığın yaradılması;
- Məktəb mühitində asayişin qorunması;
-Təhsildə könüllüluk işi (məsələn, siniflərdə hekayələr oxumaq);
- Valideynlər və müəllimlər arasında qarşılıqlı anlaşmanı təşviq etmək üçün valideynlərin fikirləri və ya xahişləri barədə müəllimləri məlumatlandırmaq;
- Məktəb fəaliyyəti ilə bağlı məktəb siyasəti və ideyaları barədə valideynləri məlumatlandırmaq;
-Valideyn-müəllim yığıncaqlarının keçirilməsi, həmin iclaslarda şura məclisi məmurlarının valideyn müraciətlərini məktəblərə çatdırması;
- “Valideyn-Müəllim Assosiasiyaları” xəbərlərinin dərci;
 - Eyni zamanda valideynlər və müəllimlər üçün təhsil və valideynlik mövzusunda seminarlar keçirmək; mühazirələr, müzakirələr, tədris səfərləri təşkil etmək.

   “Valideyn-Müəllim Assosiasiyaları”nın yaradılması aşağıda qeyd olunan məqsədlərə çatmaq üçün platforma yaradır: 
- şagirdlərin ailələri və məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi; 
- şagirdlərin, müəllimlərin və məktəbin uğurları, nailiyyətləri, inkişafı üçün müsbət münasibətləri təşviq etmək; 
- şagirdlərin inkişafı, təlim uğurlarının artması ilə bağlı məsələləri öyrənmək və müzakirə etmək;
- məktəb rəhbəri ilə birlikdə tədris və təlimin keyfiyyətinin yüksəldilməsinə dəstək vermək;
- şagirdlərdə sosiallaşmanın, sosial məsuliyyətin aşılanmasına, onların ictimai işlərdə iştirakını təmin edən müxtəlif məktəb tədbirlərinin təşkilində və keçirilməsində köməklik etmək.  
      
  “Valideyn- Müəllim Assosiasiyaları”nın funksional vəzifələri aşağıdakılardır:
1. Valideynlərin məktəb fəaliyyətinə cəlb edilməsinə köməklik etmək.
2. Məktəb-valideyn arasında əlavə ünsiyyət vasitəsi kimi çıxış etmək.
3. Rəsmi olaraq tanınmış xeyriyyə təşkilatları ilə birlikdə müxtəlif sosial əhəmiyyətli tədbirlərin təşkilinə təşəbbüs göstərmək və həyata keçirmək.
Qeyd etdiyimiz kimi “Valideyn- Müəllim Assosiasiyaları”nın üzvləri tərəfindən sədr, sədr müavinləri, katib, maliyyə işlərinə cavabdeh olan şəxs və baş məsləhətçi seçilir. Bunların hər birinin Assosiasiyanın uğurlu fəaliyyətində özünəməxsus işi, vəzifələri var. 

Xarici ölkələrdə fəaliyyət gösətərən VMA-lar.
“Valideyn-Müəllim Assosiasiyaları” dünyanın demək olar ki, bütün məktəblərində fəaliyyət göstərir. Amerikanın Miçiqan Təhsil Departamenti valideynlərin məktəblə əməkdaşlığını vacib şərt hesab edir. Departamentin fikrinə görə, valideynlər uşaqların təhsilinə nə qədər tez qoşularsa, təhsilin təsiri, təlimin keyfiyyəti bir o qədər güclü və yüksək olar.  
Departamentin araşdırmaları göstərir ki, uşaqların öyrədilməsi prosesinə valideynlərin cəlb edilməsi aşağıdakılara kömək edir:
• Daha yüksək şəxsi nailiyyət əldə edilir;
• Dərslərə davamiyyətin artırılmasına xidmət edir;
• Motivasiya və özünəhörmət hissini artırır;
• Narkotik və spirt istifadəsini azaldır;
• Aqressiv davranışın təzahürünü aradan qaldırır.
Eyni zamanda, araşdırmada o da qeyd olunur ki, valideynlər övladlarının təhsilində nə qədər çox və müntəzəm iştirak etsələr, onların özünəinam hissinin artmasına, düzgün qərar qəbul etmələrinə köməklik edir. Valideynlərin uşaqlarla fikir mübadiləsi aparması isə onların  nailiyyətlərini bir o qədər artırar. 
Avropa məktəblərində valideynlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Avropada valideynlərlə ünsiyyət, əməkdaşlıq təlim prosesində effektiv öyrənmə üçün ilkin şərtdir. Belə ki, şagirdin ailəsi və onun sosial statusu, rifahı birbaşa məktəbdə baş verən proseslərdə heç də az əhəmiyyət kəsb etmir.
İspaniya, Fransa, Slovakiya, Ukrayna, Finlandiya, Almaniya, Yaponiya kimi ölkələrdə fəaliyyət göstərən VMA-ların məqsədi valideynlərin ümumi maraqlarını təmin etməkdir: 

  • övladım keyfiyyətli təhsil alsın və cəmiyyətdə müəyyən bir mövqe sahibi olsun;
  • övladıma xüsusi qayğı və məhəbbətlə yanaşılsın;
  • təlim-tədris prosesində övladımın gələcəyi ilə bağlı qərarlarda bir valideyn kimi mənimlə hesablaşsınlar, istək və arzularım nəzərə alınsın;
  • övladımın dünyagörüşü formalaşsın, istedadı inkişaf etdirilsin, asudə vaxtı səmərəli təşkil olunsun və s.
Eləcə də “Valideyn-Müəllim Assosiasiyaları” təhsilin inkişafı istiqamətində aşağıdakı fəaliyyətləri təmin edirlər:
- məlumatların nəşri və yayılması: xəbər bülletenləri; illik hesabatlar vermək.
- ailə fəaliyyəti: məktəbdənkənar fəaliyyətlər; 
- maraq qrupları; valideyn qrupları ilə birgə təşkil edilən tədbirlər;
- münasibətlərin qurulması fəaliyyətləri: söhbətlər; təlim kursları; birləşdirilmiş görüşlər və səfərlər.
- könüllü xarakterli fəaliyyətlər: məktəbin fəaliyyətində iştirak; 
- məktəb və ailə arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətlər: valideyn, şagird və müəllimlərin iştirak etdiyi tədbirlər.

“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. 
Heydər Əliyev
Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu sözlər dövlətin, cəmiyyətin həyatında təhsilin, elmin, məktəbin ən vacib amil olduğunu, məktəbin, təhsilin, elmin uğur qazanmasında valideyinlərin və cəmiyyətin xüsusi rolunu, yerini və vəzifələrini bir daha təsdiqləyir. Təhsil insanı və dövləti fiziki güc ilə, silah gücü ilə deyil, mədəniyyətlə, təfəkkürlə, dərin zəka və elm  ilə yüksəldir. 
 
İstifadə olunmuş ədəbiyyat

1.“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası”nın 14-cü ümumi yığıncağı keçirilib. URL: ttps://azertag.az/xeber/Azerbaycan_Valideyn_Muellim_Assosiasiyasinin_14_cu_umumi_yigincagi_kechirilib-1271032

2. Sinif valideyn komitəsinin iş planı (Sinif rəhbəri. 6-ci sinif). URL:blogspot.com › 2017/08 › sinif-valideyn-… (istinad tarixi: 18.11.2019)
3.Sinif valideyn iclasları-onların təşkili. URL: https://www.aztehsil.com › news › 3008-snf-vald... (istinad tarixi: 18.11.2019) 
4.Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə. URL: https://e-qanun.az/framework/10105
5.“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında. URL: https://e-qanun.az/framework/21148
6.School community: URL: https://www.edglossary.org/school-community/
7.School community: URL: https://www.ascd.org/el/articles/creating-a-school-community
8.Talented Students Model (EPTS). Education and Science, 36, 213-229.
9.National Association for Gifted Children. (2011).