Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimat mərasimi

 


  Fevralın 21-də XV Avropa Gənclər Olimpiya Festivalına 150 gün qalması münasibəti ilə “Olimpiya Mədəniy­yəti və Təhsil Proqramı”nın təqdimat mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər. Mərasimə fəxri qonaq qismində Avropa və Asiyanın 10 Olimpiya Komitəsindən nümayəndələr də qatılıb.
Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə proqramın yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Avropa Gənclər Olimpiya Fes­tivalının 28 illik tarixində ilk dəfə Azərbaycanda keçirilir. Çingiz Hüseynzadə proqramın uğurlu icrasının Olimpiya mədəniyyəti və təhsilinin təşviqində yeni səhifə açacağına əminliyini bildirib.
Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliy­yəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır. Nazir Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Ceyhun Bayramov deyib ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynayır.
“Olimpiya Mədəniyyəti və Təhsil Proq­ramı”nın həyata keçirilməsinin əhəmiy­yətini diqqətə çatdıran nazir bildirib ki, proqram çərçivəsində seçilmiş məktəblər Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin mədəniy­yəti, tarixi, incəsənəti və idmanını ölkəmizdə təbliğ edəcəklər. Bu məqsədlə Bakı şəhərindən 49 məktəb seçilib, nəzərdə tutulduğu kimi, hər məktəbə bir Avropa ölkəsi təhkim edilib.
Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Azad Rəhimov “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün faydasından danışıb. Nazir proqramın təqdimat mərasiminin festivala 150 gün qalmış keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirərək, bunun ümumi hazırlıq prosesinin uğurla davam etməsindən xəbər verdiyini söyləyib.
Daha sonra “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı”na dair videoçarx nümayiş olunub. Tədbir bədii-musiqili hissə ilə davam edib.
Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində baş tutacaq Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.
  Proqramın uğurlu icrası və məktəblər arasında kommunikasiya işini təmin etmək üçün www.ocep2019.az və @OCEP2019 adlı internet, həmçinin sosial media səhifələri yaradılıb.