Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası

 Summary

 

Azerbaijan has become a leading economic power in the region. A number of large-scale projects initiated by Azerbaijan and implemented jointly with its partners make an important contribution not only to the development of the region, but also to neighboring regions. These projects include the Baku-Tbilisi-Ceyhan oil pipeline, Baku-Tbilisi-Erzurum gas pipeline, Baku-Tbilisi-Kars railway, put into operation last year, the on­going Southern Gas Corridor project, which will ensure Europe's energy security, includes the construction of the Trans-Anatolian Pipeline (TANAP) and the Trans-Adriatic Pipeline (TAP), the expansion of the South Caucasus Pipeline, as well as the work done by Azerbaijan to implement the North-South International Transport Corridor.

Key words: economic reforms, integration, new modernity, multiculturalism and tolerance.


Xülasə

 

Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.

Açar sözlər: iqtisadi   islahatlar, inteqrasiya,yeni modern, multikulturalizm və tolerant.

Dünya təsərrüfatında enerji daşıyıcıları bazarı mühüm rol oynayır. Bu ondan irəli gəlir ki, enerji daşıyıcılarından (neft, qaz, kömür, yanar şist və s) ayrı-ayrı dövlətlərin milli enerji təhlükəsizliyi proqramında aparıcı yer tutur. Qeyd etmək lazımdır ki, dünya neft məhsulları bazarı və onun inkişafı əsasən artan təlabatdan və bu sahədə ixtisaslaşmış ölkələrin həyata keçirdiyi iqtisadi-siyasi tədbirlərdən daim asılıdır.Yəni enerji resurslarından rasional istifadə indiki şəraitdə bütün ölkələr üçün mühüm iqtisadi diversifikasiya amilidir. “Diversifikasiya” - (latınca - diversificatio dəyişkənlik, müxtəliflik, fəaliyyət) iqtisadi anlamda kapitalın təmərküzləşməsi formalarından biri kimi dəyişkənlik, müxtəliflik təzahüründə obyektlərinin bölünməsi, məhsulun nomenklaturunun genişləndirilməsi, istehsalın bir-biri ilə əlaqəsi olmayan növlərinin eyni zamanda inkişafını səciyyələndirir. Diversifikasiya nəticəsində sahəvi komplekslər müxtəlif istehsal strukturlarına bölünür və mahiyyətcə həm də tipoloji səciyyə daşıyır.

Diversifikasiyanın “konqlomerat diversifikasiya”, mərkəzçi diversifikasiya və s. bu kimi xüsusi növləri də mövcuddur. O, istehsalın diversifikasiyası, məhsul diversifikasiyası, ixracın di­versifikasiyasi, sadəlövh diversifikasiya, in­ves­­tisiyaların di­versifikasiyası və s. bu kimi təsnifatları da özündə birləşdirir. İstehsalın diversifikasiyası eyni zamanda biri-biri ilə bağlı olmayan çoxlu istehsal növlərinin inkişafı, bir müəssisə daxilində istehsal məmulatları çeşidinin genişləndirilməsi, istehsalın səmərəliliyinin artırılması, iqtisadi faydalanma və iflasdan qurtulma məqsədi ilə aparılır. Məhsul diversifikasiyası bu və ya digər məhsulun əhəmiyyətli dərəcədə modifikasiyada istehsalını səciyyələndirir. Neftin diversifikasiya amili ilə tanış olmaq üçün aşağıdakıları nəzərdən keçirək: Dünya təsərrüfatında baş verən bütün dəyişikliklərdə neft amilinin rolu olduqca böyükdür.

Müasir neft sənayesi olduqca beynəlmiləl xarakter almışdır. Hazırkı dövrdə neft məhsulları bazarının iqtisadi əsaslarının tədqiqi ilə bir çox şirkətlər, qurumlar məşğul olur. Onlar gələcəkdə neft hasilatını, emalını, satışını, qiymətini, bu sahəyə qoyula biləcək investisiyanın həcmini, risklik dərəcəsini və s. məlumatları araşdırırlar. Belə qrumlardan biri də baş ofisi Vaşinqtonda yerləşən Energy İnformation Administration təşkilatıdır. Qurumun açıqladığı bəzi şərhlərlə tanış olaq: Dünya üzrə neftə və neft məhsullarına olan tələabatın xüsusi çəkisinin böyük olduğu regionlarla neft istehsalı ilə məşğul olan regionlar coğrafi məkanca bir-birinə uyğun gəlmir (ABŞ və Rusiya daxil olmamaq şərtilə). Neftin əsas istehsalatçıları Yaxın və Orta Şərq ölkələri olsalar da onların idxalçıları əsasən Qərbi Avropa, Yaponiya və ABŞ-dır.

Ümumiyyətlə, neft məhsullarının istehsalı və onun beynəlxalq bazarda reallaşması bir-biri ilə zəncirvari şəkildə əlaqəli olan mürəkkəb bir prosesi əhatə edir axtarış və kəşfiyyat işləri, xam neftin çıxarılması, nəqliyyat prosesi (dəniz və boru yolu ilə), neftin emalı, satışı və s.; Dünya sənayesinin müxtəlif sahələrindən fərqli olaraq neftin ödəmə əmsalı yüksəkdir. Yəni, neft sahəsinə qoyulan hər 1 dolların gələcəkdə 5 dollar gətirmək şansı var; İqtisadiyyatın başqa sahələrindən fərqli olaraq həm neftin istehsalı, həm də onun bazarda reallaşdırılması böyük risklə əlaqədardır. Bu, ilk növbədə böyük kapital qoyuluşu ilə əlaqədardır. Təbii ki, bu işlə yalnız böyük maliyyə resurslarına malik olan iri şirkətlər və qurumlar məşğul ola bilər;

Yanacaq-enerji sərvətlərindən səmərəli istifadə və qlobal yanacaq-enerji kompleksinin inkişafı müasir dünya iqtisadiyyatında mühüm strateji əhəmiyyət daşıyır. Bu sektorda baş verən kataklizmlər, inkişaf meylləri yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetin enerji təhlükəsizliyinin təminatına təsir göstərir.

Məlum olduğu kimi, hazırda respublikamızda xarici investisiyalar ən çox neft sektoruna cəlb olunur. Bu investisiya qoyuluşları da bir sıra beynəlxalq müqavilələr əsasında həyata keçirilir ki, bu müqavilələrin əsasında “Əsrin müqviləsi” dayanır. Bu müqavilə uzaqgörən, çevik siyasətə və iti analitik duyuma malik olan ümummili liderimiz Heydər Əliyev dühasının bəhrəsidir. Belə ki, bu müqavilə çox yüksək keyfiyyətə və rəqabət qabiliyyətinə malik olan Azərbaycan neftinin dünya bazarına çıxarılmasının və Azərbaycanın yeni, mütərrəqi neft strategiyasının əsasını qoydu. Azərbaycanın yeni neft stratyegiyası Xəzərin Azərbaycan sektorunda olan neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ilə xarakterizə olunur. Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdə ölkədə siyasi-iqtisadi vəziyyət çox gərgin idi. Təbii ki, belə bir şərait olan ölkəyə heç bir şirkətin investisiya qoymağa marağı olmazdı. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyev ilk öncə ictimai-siyasi vəziyyəti sabitləşdirdi və atəşkəs elan edilməsinə nail oldu. İqtisadi fəaliyyət üçün ölkədə hərtərəfli imkanlar açıldı. Yalnız bundan sonra ölkəmizə, xüsusən də neft sektoruna xarici investisiya axını başlandı.

“Əsrin müqaviləsi”nin imzalanması ilk növbədə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində reallığa çevrildi. Hamımız yaxşı xatırlayırıq ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq, fenomen şəxsiyyət, mahir siyasətçi, diplomat öz istəyinə nail oldu.

O vaxtdan uğurla həyata keçirilən yeni neft strategiyası indiyədək 27 beynəlxalq neft müqaviləsinin bağlanmasını təmin etmişdir. Görülən müştərək işlər ölkəmizə müasir texnologiyaların gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması, yüksək peşəkarlığa malik milli kadrların hazırlanması, eləcə də digər sahələrin inkişafı, minlərlə yeni iş yerlərinin açılması üçün geniş imkanlar açmışdır.

Hazırda dünyanın 15 ölkəsini təmsil edən 34 neft və qaz şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. O cümlədən, ARDNŞ və onun struktur bölmələri tərəfindən  təsis edilmiş 27 müştərək müəssisə və əməliyyat şirkəti, 7 alyans neft və qaz sənayesinin inkişafında mühüm rol oynayır. Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə qurumlarının da dəfələrlə rəsmən bəyan etdikləri kimi, ölkəmiz hazırda iqtisadi inkişaf sürətinə, adambaşına düşən ümumdaxili məhsul istehsalının həcminə görə dünyanın lider dövlətləri cərgəsinə çıxmış, siyasi cəhətdən dünya birliyində özünəlayiq yerini tuta bilmişdir. Azərbaycanda çoxlu sayda kəskin sosial məsələlər öz həllini tapmış, bir sözlə, ölkəmiz ötən 13 il ərzində böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Azərbaycanın neft sektoru, təbii ki, ölkə iqtisadiyyatı üçün həlledici amildir. “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəyə milyardlarla dollar sərmayə qoyulmuş, yeni iş yerləri açılmış, güclü infrastruktur, kadr potensialı yaradılmışdır. Dövlət Neft Fondunun yaranması və dünyada nümunə kimi qəbul edilən şəffaf fəaliyyəti nəticəsində neftdən əldə olunan gəlirlər çox səmərəli şəkildə qorunub saxlanılır və istifadə edilir.

Müqaviləyə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsindən neftin çıxarılması ilə dünyanın 8 ölkəsi (Azərbaycan, ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı) 12 aparıcı neft şirkətləri məşğul olur.

Artıq bir neçə ildir ki, Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilmişdir. Bunu reallığa çevirən “Şahdəniz” layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda qaz və kondensatın işlənməsindən və Azər­bay­can, Gürcüstan və Türkiyə bazarlarına   planlaşdırılmış qaz ixracından ibarətdir. Bu yataqdan sabit şəkildə hasil edilən qaz Azərbaycan və Gürcüstandakı qaz qəbuletmə məntəqələrinə nəql olunur. 2006-cı ildə ilk qaz Cənubi Qafqaz boru kəməri (CQBK) vasitəsilə BOTAŞ-ın qaz nəqli sisteminə daxil olmağa başlamışdır. Hazırda “Şahdəniz” yatağından gün­də 500 milyon standart kub futdan çox (təxminən 14,2 milyon kubmetr) qaz, üs­təgəl sutkada 30 min barreldən artıq kondensat hasil olunur.

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında”  2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərən­camına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi  hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edir. Yol xəritəsinə əsasən, dövlət investisiyaları katalizator rolunu oynayır, iqtisadi inkişafın lokomotivi isə özəl sektorlardır. Xüsusi olaraq qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında qurublar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki- iqtisadi əsaslandırılma aparılır və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının mü­vafiq fərman və sərəncamları ilə Azərbaycan Res­publikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2018-ci illər ərzində 3 beşillik proqram həyata keçirmişdir.

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Hazırda ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalamışdır. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi - dəstək tədbirini əhatə edir. Hazırda “Made in Azerbaijan” brendi ilə 3 mindən artıq çeşiddə məhsul ixrac edilir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xaricdəki Ticarət Evlərinin sayı artır. Hazırda onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.

Son illərdə Azərbaycan enerji sektorunun mühüm uğurlardan biri də TANAP layihəsinin Avropa sərhədinə çatdırılması olmuşdur. Uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP və TAP layihəsi uğurlu başa çatmışdır.

     

Yaqut Qasımova,

ADPU-nun Şamaxı filialının müəllimi                                                                                                        

sosialve.pedaqojielmler@bk.ru 


Ədəbiyyat siyahısı

1. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika (kitab). Ə.İ.Bayramov. «Azərnəşr» nəşriyyatı. Bakı - 1997.

2. Həsənov R. “İqtisadi siyasət: Metodologiya və praktika” dərs vəsaiti.Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2009,

3. Dünmayalı Vəliyev, Aqil Əsadov “Beynəlxalq iqtisadiyyat”, Bakı 2012.

4. Kərimov Cəlil, Orucov Ayaz, İsrafilov Həsən. Dünya İqtisadiyyatı Bakı 2009.

5.Arif Şəkərəliyev “Dövlətin İqtisadi Siyasəti: Reallıqlar və Perspektivlər”. Bakı “İqtisadUniversiteti” 2009