Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Əsrlərin böyük şairi və pedaqoqu


Zəhra  MURADOVA,

ARTİ-in aparıcı elmi işçisi, 

pedaqogika üzrə elmlər doktoru

 

 

Bu il 880 yaşını böyük təntənə ilə qeyd etdiyimiz dahi şairimiz Nizami Gəncəvi öz əzəmətli yaradıcılığı ilə dünya klassikləri ilə bir sırada durur. Azərbaycan poeziyasının peyğəmbəri adlandırılan dahi şairin cəmiyyətin bir çox sahələrinə, o cümlədən pedaqoji sahəyə aid qiymətli kəlamları var. Təbii ki, irəli sürdüyü fikirlər onun öz dünyagörüşündən yaranırdı. Nizami Gəncəvi öz əsrinin ən böyük pedaqoqu idi desək, heç də səhv olmaz. O, gənclərə daim oxumağı, öyrənməyi, elmlərin sirlərinə vaqif olmağı, sənət sahibi olmağı nəsihət edirdi. Bu xətt demək olar ki, şairin bütün poemalarından keçir.

 Məlumdur ki, orta əsrlərdə şəxsiyyətin formalaşmasından bəhs edən filosfoların, alimlərin əksəriyyəti irsiyyət amilinə üstünlük verirdilər. Lakin öz müasirlərindən fərqli olaraq  “Xəmsə”də həmin məsələlərlə bağlı bu gün də öz dəyərini itirməyən hikmətli fikir və ideyalar irəli sürmüşdür. Kamil insanın formalaşmasında elmin, təhsilin, biliklərə yiyələnməyin çox böyük rol oynadığını dönə-dönə qeyd edən şairin fikrinə görə insanı heyvanlardan fərqləndirən əsas əlamət onun ağlı, kamalıdır. “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” deyən şair elmi son dərəcə yüksək qiymətləndirir. Yaşadığı dövrün hakim ideologiyasına zidd olsa da dahi Nizami təhsilin dünyəviliyi, qadınların kişilərlə bərabər təhsil almaq hüququ və s. kimi  mütərəqqi pedaqoji ideyalar irəli sürmüşdür. Belə ki, o, təhsilin məzmunundan bəhs edərkən dini biliklərlə yanaşı, dünyəvi biliklərin verilməsinə xidmət edən elmlərin: riyaziyyat, həndəsə, astronomiya, kosmologiya,  təbabət və s. əhəmiyyətini, dünyagörüşünün formalaşmasındakı rolunu gös­tərmişdir. “Kamil insan” obrazı kimi yaratdığı İsgəndərin təlim alması səhnəsində konkret nümunələr əsasında göstərmişdir. İsgəndərin hərtərəfli inkişafı üçün atası onun təlimin yüksək biliyi ilə şöhrət qazanmış Niqumaş adlı alimə tapşırır. O, böyük zəhmət hesabına İsgəndərin bütün elmlərin sirlərinə bələd olmasını, “hər gizli biliyə” çatmasını təmin edir.  İsgəndərin müəllimi ona dərin biliklər mənimsətməklə yanaşı, “ağıla nur”, “ürəyə qüvvət” verən “şahanə tərbiyə, hünər, nəzakət” aşılayır. Həm təlim, həm də tərbiyə işində müəllimin, tərbiyəçinin rolunu yüksək qiymətləndirən şair-pedaqoq, demək olar ki, bütün poemalarında bu məsələyə xüsusi toxunmuşdur. Belə ki, həm Qeysin, həm Bəhramın, həm də İsgəndərin valideynləri öz övladlarının taleyini məhz yüksək savada malik olan alim-müəllimlərə, ustad-tərbiyəçilərə etibar edirlər. Təlim-tərbiyədə müəllim-tərbiyəçinin yüksək savadı, humanizmi, çalışqanlığı və s. kimi keyfiyyətlərini önəmli sayan şair eyni zamanda şagirdin təlimə marağı və istedadı xüsusi qeyd edir. Məsələn, Bəhram Gurun müəllimi onun elmə böyük marağını, istedadını görüb, ona daha dərin biliklər verməyə çalışır: 

 

Gördü şahzadədə ağıl, kəramət, 

Duydu var biliyə onda fərasət.

Gətirdi lövhəni, mili meydana, 

Göyün sirlərini öyrətdi ona. 

 

Müəllim-şagird münasibətləri haqqında şairin fikirləri “İsgəndərnamə” poemasında daha geniş əks olunmuşdur. Burada şair əvvəlcə İsgəndərin öz müəllimi Niqumaşa olan səmimi münasibətini və ehtiramını təsvir edir, bu qarşılıqlı hörmətin səmərəli nəticəsi olaraq onun kamillik zirvəsinə ucalmasını göstərir. Daha sonra “Alimləri Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti”ndə böyük tərbiyəçi konkret nümunə əsasında anlatmağa çalışır ki, şagird, tələbə nə qədər çox savadlı olsa da dikbaşlıq edib, müəlliminin, ustadının üzünə ağ olmamalıdır. Əks-təqdirdə belələrini Hürmüzü inkar edənlərin aqibəti gözləyə bilər.  Dərin biliyi və gözəl nitqi ilə hamıdan üstün olan rumlu filosof Hürmüz bəzi ruhaniləri ifşa etdiyi üçün yetmiş yunan alimi onun əleyhinə çıxmağa, üzünə ağ olmağa, onun bütün söylədikləri həqiqətləri inkar etməyə qərar verir və belə də edirlər. Hürmüz nə qədər çalışsa da sözü bir yerə qoyan “yetmişlər” onu inkar etməkdə, üzünə ağ olmaqda davam edirlər. Axırda Hürmüz qəzəblənib: “Qalın yerinizdə qiyamətədək!”-deyir. Bir anda həmin şəkkaklar yerlərində donub, buza dönürlər. 

“Yeddi gözəl” poemasında şair öyrədir ki, özünü başa düşən və yaxşı tanıyan insana ölüm yoxdur:

 

Kim ki, öz-özünü düşmüşdür başa, 

Ona ölüm yoxdur, o ölməz haşa. 

 

Şair göstərir ki, özünü tanımayan, öz nöqsanını görmək istəməyənlər, bədbəxtdir, belələri dünyaya necə gəliblərsə, eləcə də gedəcəklər, yəni lovğalar şəxsiyyət səviyyəsinə yüksəlməyəcəklər.

Cəsarətlə deyə bilərik ki,  dahi şairin özünün kamil bir şəxsiyyət kimi formalaşmasında və dünya şöhrətli “Xəmsə”ni yaratmasında məhz özünütəhsil və özünütərbiyənin çox böyük rolu olub. Təlim və tərbiyənin şəxsiyyətin hərtərəfli inkişafında böyük rol oynadığını dəfələrlə qeyd etməklə yanaşı, şair biliklərin mənimsənilməsinin və mənəvi keyfiyyətlərin aşılanmasının vasitə, forma və yollarını da göstərmişdir. Şairin fikrincə, həm təlimin, həm də tərbiyənin ən qüdrətli vasitələrindən biri sözdür. Sözü “insanın əzəl sirdaşı”, bu dünyanın “naxşı” hesab edən şair bütün poemalarında onun tərifini, dəyərini verməklə yanaşı, söz demək qaydaları haqqında da öz tövsiyələrini də vermişdir. Məsələn, “Sirlər xəzinəsi” poemasında “Sözün tərifi”nə ayrıca yer verən şair burada göstərir ki, ürəyə can verən, yer üzünə qələmin vasitəsi ilə incilər səpən, kainatın gözünü açan, insanlara danışmağı öyrədən,  duyğularımıza qol-qanad verən, sözdür.  “Xosrov və Şirin” poemasında böyük söz sərrafı: 

Söz ruhdur, can üçün ruh bir dərmandır; 

cantək əzizliyi bəlkə bundandır, - deyərək öyrədir ki, “gərək söz üstündə can” qoyasan, sözü vaxtında və qədərində deyəsən, elə sözlər seçəsən ki, sənə nöqsan tutmasınlar:

 

Az danış, desinlər sözündə güc var,  

Çox sözü dinləyən çox nöqsan tutar. 

Çox söyləmək bəlkə sənə asandır, 

“Çox oldu” desələr böyük nöqsandır. 

 

“Leyli və Məcnun” poemasında şair sözün əhəmiyyətini bir daha qeyd etməklə yanaşı, söz deməyin qaydalarını, “Az danışmağın gözəlliyi”ni öyrədir və xəbərdarlıq edir ki, ən təmiz “incitək” saf olan su artıq içiləndə dərd verdiyi kimi, söz də həddindən çox deyildikdə “xırman otu” kimi dəyərsiz bir şeyə çevrilir, insanlara xeyir əvəzinə zərər yetirir. “Yeddi gözəl” poemasında şair ikinci dəfə “Sözün tərifi”nə xüsusi diqqət yetirir, göstərir ki, “Varlığın anası sözdən gözəl övlad” doğmamışdır. Tanrının yaratdıqlarından sözdən başqa heç bir şey əbədi yaşanmayacaq, insan ölsə də sözü yadigar qalacaq. 

Kamil insanın formalaşmasında elmin, təhsilin, biliklərə yiyələnməyin çox böyük rol oynadığını dönə-dönə qeyd edən şairin fikrinə görə insanı heyvanlardan fərqləndirən əsas əlamət onun ağlı, kamalıdır. Ağlın çırağı isə elmdir, bilikdir: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Bu barədə “Dünyagörüşü və ağıl tərbiyəsi” fəslində geniş söhbət açılır. 

Mütəfəkkir şair başqalarına özünütərbiyə haqqında məsləhətlər verməklə yanaşı, ən çox özünə öyüd-nəsihət vermiş, özünə göstəriş vermək, özünü ruhlandırmaq, öz nöqsanını etiraf etmək, özünü qiymətləndirmək və s. amillərindən istifadə etmişdir.

Böyük  şair-pedaqoqun inamına görə əmək fəaliyyəti təkcə əxlaq tərbiyəsinin deyil, əqli və fiziki tərbiyənin də mühüm amillərindən biridir.  O, işləməyən, zəhmətdən qaçan insanları heyvanlarla müqayisə edir, tənbəlliyi, avara gəzməyi qamçılayır. “Kərpickəsən kişinin dastanı” şeirində bu fikir parlaq şəkildə təzahür edir. Kərpickəsən kişi əməkdən qaçan və işləməyə xor baxan gəncə zəhməti sevməyi, ondan bərk yapışmağı, avara gəzməməyi məsləhət görür və sözünün sonunda deyir:

 

Onunçün əlimi öyrətdim bu sənətə,

Bir gün sənə əl açıb düşməyim 

xəcalətə.

Cavan oğlan sarsıldı qocanın 

bu sözündən,

Orda durmadı getdi, 

yaş axıdıb gözündən.

 

Dahi şair və böyük pedaqoq Nizami Gəncəvi yaradıcılığı sanki bir hikmət dəryasıdır. Bu dəryadan bir damcı götürənlər həyatda çox şey qazanarlar. Onun əsərləri xüsusilə gənclər üçün təhsil, əmək və tərbiyə məktəbidir.