Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllimin pedaqoji fəaliyyətində psixoloji xüsusiyyətlər

 
Eleonora HƏSƏNOVA,
Azərbaycan Milli Konservatoriyası
tərkibində İncəsənət
Gimnaziyasının biologiya müəllimi, psixoloq

Tarix boyu cəmiyyətin inkişafında müəllimin rolu və əhəmiyyətli əvəzedilməz olmuşdur. Müasir dövrdə müəllimlik anlayışı yeni-yeni keyfiyyətlər hesabına daha da zənginləşmişdir. Müasir cəmiyyətdə müəllim yüksək nəzəri biliklərə, mədəniyyət və mərifətə, pedaqoji etikaya və takta malik yetkin bir şəxsiyyətdir. Müəllim elə mötəbər, elə aqil, elə kamil adamdır ki, hər bir valideyn öz övladlarının tərbiyəsini onlara etibar edir.
Müəllim keçmiş nəslin ən yaxşı həyati təcrübəsini elmi bilikləri və özünün əldə etdiyi elmi nailiyyətləri yeni nəslə verir. Müəllim gənc mütəxəssislərin şəxsiyyətini formalaşdırır, dünyagörüşünün təşəkkül etməsinə və inkişafına şərait yaradır.
Pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir. Pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin psixologiyasından danışarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq.
Pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə bilərik:
- Pedaqoji fəaliyyətin motivləri - insan yetişdirməklə əlaqədar ictimai tələbat;
- Pedaqoji fəaliyyətin məqsədi - cəmiyyət üzvlərinin tərbiyəsi;
- Pedaqoji fəaliyyətin predmeti - insan;
- Müəyyən iş və əməliy­yatların məcmuundan ibarət olan fəaliyyətin özü - ayrı-ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar;
- Pedaqoji fəaliyyətin vasitələri - məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları;
- Pedaqoji fəaliyyətin şəraiti - cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması;
- Pedaqoji fəaliyyətin nəticəsi - şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması.
Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir.
Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini əhatə edir. Pedaqoji ünsiyyət - birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir:
—        Cəmiyyətin sosial sifarişindən doğan ümumi ilkin məqsədlər;
—        Təlim fənninin spesifikliyindən irəli gələn konstruktiv məqsədlər;
—        Sinfin konkret tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.
Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır.
Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir. Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.
Psixoloji ədəbiyyatda belə keyfiyyətlər aşağıdakı kimi xarakterizə olunur:
—        Hər bir müəllim öz fənninə dərindən yiyələnməli;
—        İdrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli;
—        Ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmalı;
—        Şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubi və s. ilə xarakterizə olunur.
Təcrübələr göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şa­girdlər arasında olduqca səmərəli təmas yaranır və müəllimlər şagirdlərin sevimlisinə çevrilirlər.
Müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı təsir dörd əsas psixoloji prinsipə ayrılır:
1. Pedaqoji qarşılıqlı təsirin dioloqlaşdırılması, yeni dioloq səviyyəsində həyata keçirilməsi.
Ənənəvi monoloqlaşdırılmış, yəni monoloq səviy­yəsində həyata keçirilən pedaqoji qarşılıqlı təsir zamanı müəllimlə şagird arasında həm şəxsiyyətlərarası qarşılıqlı münasibətlər planında, həm rollu sosial qarşılıqlı təsir planında, həm də informasiya mübadiləsi planında qarşılıqlı təsirdə bərabərhüquqluluq pozulur və müəllim dominant rolda çıxış edir. Belə ki, o, informasiya mənbəyi hesab edilir, o, şagirdlərə sual verir, o, şagirdlərin cavablarına nəzarət edir və onları qiymətləndirir.
Müəllimlər üçün heç bir məhdudiyyət yoxdur və onlar ən böyük şəxsiyyətlərdir, şagirdlər üçün şəxsiyyət etalonudur. Monoloq səviyyəsində qurulan pedaqoji qarşılıqlı təsir prosesində müəllimdən şagird şəxsiyyətini qismən başa düşmək və qəbul etmək tələb olunur ki, bu da ona diktator mövqeyində çıxış etməyə imkan verir. Pedaqoji qarşılıqlı təsirin dialoqlaşdırılması isə müəllim qarşısında öz mövqeyini dəyişdirmək tələbi qoyur və o, şagirdlərlə bərabərhüquqlu mövqedə durur. Bu öz növbəsində onlar arasında əməkdaşlıq yaranmasına gətirib çıxarır. Bu gün müəllimlərlə şagirdlər arasında əməkdaşlığın yaranması, onun apardığı təlim-tərbiyə işini optimallaşdırmağa şərait yarada bilər.
2. Pedaqoji qarşılıqlı təsirin problemləşdirilməsi.
Ənənəvi problemsizləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı müəllim şagirdlərə müəyyən biliklər verir, sonuncu isə onları mənimsəyir, bir növ biliklər müəllimin beynindən şagirdlərin beyninə axır. Bu zaman şagirdlərin müstəqilliyi heçə endirilir və onlardan hazır biliklərə yiyələnmək tələb olunur. Tərbiyə işi də elə qurulur ki, şagirdlər yalnız müəllimin qoyduğu qaydalara əməl etməli olur. Hətta müəllimin qoyduğu qaydalara əməl etməyənlər tərbiyəsiz hesab edilirlər.
Deməli, müəllim tələb edən, şagird isə icra edən rolunda çıxış edir. Problemləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı isə təlim və tərbiyə prosesində müəllimin və şagirdlərin rolları və funksiyaları dəyişir. Müəllim şagirdin şəxsiyyətinin inkişafı üçün şərait yaradır, ona təlim işində müstəqillik verir, fəalığını stimullaşdırır, müstəqil əqli iş aparmaq imkanı verir.
3. Pedaqoji qarşılıqlı təsirin personallaşdırılması.
Qeyri - personallaşdırılmış pedaqoji qarşılıqlı təsir - rollar arasında mövcud olan qarşılıqlı təsirdir. Ənənəvi qeyri - personallaşdırılmış pedaqoji qarşılıqlı təsir zamanı müəllim tərbiyə edən rolunda, şagird isə tərbiyə olunan rolunda çıxış edir. Bu rolların çərçivəsinə uyğun gəlməyənlər rədd edilir, yəni hər iki tərəf rol gözləmələrindən kənara çıxa bilmir. Bu yolların üzərində bir tərəfdən ağır yük qoyur, digər tərəfdən isə şəxsiyyət-şəxsiyyət münasibətləri kənarda qalır, rollar arasında qarşılıqlı münasibətlər ön plana çəkilir. Rolların icraçılarının davranışı onların icra etdiyi rolların mövqeyi ilkə determinasiya olunur. Pedaqoji qarşılıqlı təsirin personallaşdırılması isə vəziyyəti kökündən dəyişir. Bu ilk növbədə həm müəllimdən, həm də şagirdlərdən onların icra etdiyi rol maskasından azad olmaq imkanı verir və şəxsiyyətlər arasında azad qarşılıqlı münasibətlər ön plana çəkilir.
4. Pedaqoji qarşılıqlı təsirin fərdiləşdirilməsi.
Qeyri - fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir şa­girdin fərdiliyinə yönəlmiş qarşılıqlı təsir deyildir. Bu şagirdin fərdiliyini, yəni onun maraqlarının və qabiliyyətlərinin özünəməxsusluğunu nəzərə almayan frontal qarşılıqlılıq təsiri ön plana çəkir. Fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir isə əksinə, bir şagirdin ümumi və xüsusi qabiliyyətlərini üzə çıxarmağa yönəlir, təlim və tərbiyə metodikasını seçərkən şagirdlərin fərdi, yaş xüsusiyyətlərini, qabiliyyətləri və meylləri nəzərə alır.
Müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq və vərdişləri əsasən dörd qrupa bölürlər:
1) Məlumatverici bacarıq və vərdişlər:
- Elmi materialları didaktik yolla işləməklə tədris materialı şəklinə salmağı bacarmaq;
- Əsas didaktik vahidləri (anlayış, bacarıq və inam) ayırmaq, onların təşəkkülü və inkişafı yollarını işləyib hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;
- Müvafiq məktəb fənninə dair xarakterik metodlar sistemini təkcə tətbiq etməklə kifayətlənməmək, eyni zamanda onları inkişaf etdirmək;
- Proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək; - şagirdlərin anlayacağı, məntiqi, aydın, qısa və ifadəli şəkildə danışmaq;
- Əks əlaqəni təmin etmək; - şagirdlərin muzeyə, təbiətə, istehsalata ekskursiyalarını təşkil etmək, onları kənd təsərrüfatı əməyi ilə tanış etmək, məşğələləri tədris emalatxanalarında və tədris-təcrübə sahəsində aparmaq.
2) Səfərbəredici bacarıq və vərdişlər:
- Şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa öyrətmək; onları öz iş yerini hazırlamağa, kitabla, alətlərlə işləməyə alışdırmaq;
- Şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək bacarığı aşılamaq;
- Kollektivin inkişafına rəhbərlik etmək, şagirdlərin kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi bacarmaq; işləri dəqiq planlaşdırmaq, ona nəzarət etmək və obyektiv olaraq qiymətləndirmək.
3) İnkişafetdirici bacarıq və vərdişlər:
- Tədris prosesində müşahidə metodundan və müxtəlif məktəb təcrübələrindən istifadə etmək;
- Bütün tədris metodlarını yaş fiziologiyası, psixologiya, pedaqogika və məktəb gigiyenasının müasir nailiyyət və məlumatları əsasında tətbiq etmək;
- Təlim və fikri iş sisteminin formalaşması prosesində şagirdlərin əqli fəaliyyətini idarə etmək;
- Təlim prosesində şagirdlərdən müstəqil təfəkkür tələb edən problem situasiya yaratmaq;
- Şagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi, müqayisə və müstəqil əqlinəticə, fəal idrak fəaliy­yəti tələb edən suallar vermək.
4) İstiqamətləndirici bacarıq və vərdişlər:
- Elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti təşəkkül etdirmək;
- Şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar əməyə və cəmiyyətin tələblərinə, öz şəxsi istiqamət və imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;
- Şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəffəqiyyətlə həyata keçirməsinə imkan verir.


Tarix: 17-07-2020, 16:24

Xəbəri paylaş